Yoxluqla
kəsişən sözlər
2016-cı ildə 93 yaşında vəfat edən
İv Bonfua fransız şeirinin ən görkəmli
ustadlarından biridir. O eyni zamanda Şekspirin fransız dilinə
ciddi tərcüməçisi kimi böyük şöhrət
qazanıb.
"Hamlet"lə bağlı Stefani Reslerin
suallarına cavabı son dərəcə orijinaldır.
Stefani Resler: Siz "Hamlet"i beş dəfə -
daha dəqiqi, 1957-ci il tərcüməsini dörd dəfə
nəzərdən keçirmisiniz; 2006-cı ildə mənə
dediniz ki, mətni yalnız yeni nəşr məqsədi ilə
redaktə etmisiniz. Lakin edilən dəyişikliklərin
miqyasını və xarakterini görəndə bunun yeganə
səbəb olduğuna inanmaq çətindir. Bəlkə bu
gün bu ardıcıl çevrilmələri bir şəkildə
başqa cür izah edirsiniz?
İv Bonfua: Mən şeirlərimi ayrıca kitab kimi
çap etdirdikdən sonra düzəlişlər etmirəm,
çünki məlum nəşrlə həmin külliyyat həmişəlik
həyatımın müəyyən bir dövrünə,
davamlı yazı işinə sığışır; mənim
bədii mətnlərim həyatımın düzəlişin
yasaq olduğu bir dövrüdür. Bu gün də davam edən
bu işin mahiyyətini böyük ölçüdə
müəyyən edən keçmişin əsl mahiyyətini
təhrif etməmək üçün onlara toxunmağı
özümə qadağan edirəm. Yalnız bir dəfə
artıq çap olunmuş şeirlərimə düzəlişlər
etdim və tezliklə peşman oldum. Və əgər bir dəfə
çap etdirdiyim şeir kitabları təkrar nəşrə
hazırlayarkən və ya daha böyük cildlərə
daxil edilərkən iş stolumda yenidən peyda olsa, onlarda bir
kəlmə də dəyişməyəcəyimi əvvəlcədən
bilirəm. (P.S. Bizim təcrübədə bu düzəlişlərin
acı təcrübəsini artıq bilirik - C.Y.) Amma poetik
yaradıcılıqla bağlı olmayan başqa əsərlərə
gəlincə, mən, əksinə, belə bir qənaətə
gəlirəm ki, hansısa problemlə bağlı fikirlərimi,
onun həllinə cəhdləri əks etdirən əvvəlki
nəşrlərin mətnlərinə yenidən baxmaq olar. Təbiətdə
qeyri-kamil nə varsa, onları gücün çatınca
yaxşılaşdırmaq olar; oçerklərimin hər dəfə
təkrar nəşri zamanı bunu əsirgəmədim: mən
qəsdən ayrı-ayrı yerlərdə nəşr olunan mətnlərdən
ayrı-ayrı toplular tərtib edirəm ki, nəyisə
düzəltmək, hətta başqa səhifələri
tamamilə yenidən yazmaq imkanım olsun. Tərcümələrlə
də eyni şeyi edirəm. Onlar yenidən çap olunanda
fürsətdən istifadə edib, mətni yenidən oxuyub tənqidi
qiymət verirəm, onu təkmilləşdirməyə
çalışıram və bu, təkcə "Hamlet"ə
deyil, istənilən tərcümələrimə aiddir.
Beş Hamlet, sizin dediyiniz kimi, yalnız ona görə
mövcuddur ki, bu tərcümə beş dəfə təkrar
nəşr olunub. Və əgər bu beş tərcümə
sizə - tamamilə haqlı olaraq, mənim fikrimcə, beş
fərqli versiya kimi göründüsə, bunun səbəbi
aydındır: Hamlet qeyri-adi mürəkkəb bir pyesdir və
bunu mətnin bir çox yerində, hər dəfə, zaman
keçdikcə kəşf edirəm.
Qədim mətnləri fərqləndirən məna
çoxluğu bizi bu dünya gerçəkliyindən bir
anlığa ayırıb onu daha dərindən fəhm etməyimizə
təkan verir.
Bonfua hesab edir ki, "poeziya hər bir insanın əvvəl-axır
üzləşdiyi ekzistensial problemlərin mərkəzində
dayanır: o, zamanın axışını bilavasitə
duymağa və bizim mövcudluğumuzun sonunu daha dərindən
kəsdirməyə təkan verir, beləliklə də, bizi əsas
həyat dəyərlərini anlamağa daha da
yaxınlaşdırır". Tədqiqatçıların
fikrincə, Bonfua ötən əsri ideologiyaların
ekspansiyası kimi - öz-özünü çəpərləyən
dil formullarının mütləqləşdirilməsi kimi
görür. Poeziya, sözün ən geniş mənasında,
bu təcridliyi dağıdır və buna görə də
dini, yaxud digər ideoloji sistemlərə qarşı durur.
İv Bonfua
De natura rerum //
Şeylərin təbiəti haqqında
Lucretius bunu bilirdi:
Sandığı açmağa dəyər,
İçəridə görəcəksən
qıvrılır
qar burulğanı.
Və bəzən iki qar dənəciyi
Üz-üzə çırpılıb birləşir,
Ya da biri digərindən üz döndərib
Ayağı sürüşüncə,
səssiz ölümə düşür.
Niyə birdən-birə işıq yandırır
Bəzi sözlərin birləşməsi ?
Əgər onlardan biri yalnız gecədirsə,
Digəri, sadəcə, yuxudur?
Bu iki kölgə haradan gəldi?
Yanımdan keçib güldü, -
Onlardan biri niyə bükülüdür?
Qırmızı yun şalda?
Damcı
İndicə ovcuma qonan
Bu qar dənəciyini
əbədiləşdirmək istədim
bax, elə bu anda,
sahilsiz və sərhədsiz məqamda
həyatımı,
keçmişimi və indi
yaşadığım hər şeyi dəyişdirsin,
ancaq...
bu sözləri deyincə,
ondan yalnız bircə damcı su qaldı,
o da uçub gedəcək
qar toranı içində...
Səs
Sözünüzü köz kimi ağzımda
daşıdım mən,
Kölgələr küləyin körüklədiyi
oddan belə betərdir.
Bu amansız döyüşdə əlimdə nə
qaldı ki?!
nə bir məşum ulduz, nə elə bir
aldanış.
Bu od-alov içində ömrüm beləcə
keçdi,
Yalnız onun dalğalı qıvrımlarını
duydum
bu yetim pəncərələr
yalnız gecə düşüncə görünəcək,
gözlərim kor olacaq...
Mən, sadəcə, yoxluqla kəsişən sözlərəm,
Ölümlə çarpazlaşan sözlərəm,
Bütün qüsurlarımı silib-süpürən
yoxluq.
Bilirsiniz, bu dünyada söz olmaq
ümumən olmamaqdır
və bu ölümcül bir təkan,
boş bir tərif
nəğməsi...
Orijinaldan tərcümə:
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti 2024.- 18 may, ¹18.- S.13.