İstedad səviyyəsi

 

Görkəmli yazıçı Vidadi Babanlı ən yeni dövr Azərbaycan ədəbiyyatının klassiklərindən biridir. Və ilk növbədə, dünyanın müxtəlif dillərinə tərcümə edilmiş "Vicdan susanda" romanının müəllifi kimi məşhurdur. Ancaq 50-ci illərdən - "Gəlin" povestindən başlayan nəsr yaradıcılığı Vidadi Babanlının nasirlik istedadının imkanlarını bu qədər genişliyi ilə ortaya çıxarmasaydı, yəqin ki, o, şeir yazmaqda davam edəcək, ədəbiyyat tarixinə də məhz şair kimi düşəcəkdi.

Mən bu günlərdə onun "Seçimli şeirlər"ini bir də (və daha diqqətlə!) oxuya- oxuya gəlib çıxdım "Avtoportret" şeirinə:

Yoxdur bir kimsədən giley-güzarı,

Yazıb-yaratmaqdır dərdi, azarı.

Gördü ki, kasıbdı şeir bazarı,

Sınadı qələmi romanlarda o.

Və aydın görünür ki, 90-cı illərin ortalarında - şair kimi olmasa da, nasir kimi kifayət qədər məşhurlaşdığı bir dövrdə Vidadi Babanlı taleyindən, nəinki narazıdır, həm də bu narazılıqda çox dərin bir paradoksallıq var: bir tərəfdən, "kimsədən giley-güzarı yoxdur", digər tərəfdən, "nə dostdan yarıdı, nə bir yoldaşdan"... Üçüncü bir paradoks da ondan ibarətdir ki, ümidini kəsmir, taleyin ona yazdığı tərcümeyi-halı ona görə qəbul edir ki:

Adı Vidadidi, soyu Babanlı,

Hər zülmə-zillətə tablı-tavanlı.

Mahalı Qazaxdı, kəndi Muğanlı,

Yaşayır neçə min ünvanlarda o.

"Əgər Vidadi Babanlı özünü bütünlüklə, yaxud daha çox şeirə həsr etsəydi, nəsrdəki qədər uğur qazana bilərdimi?" sualına cavab vermək, ona görə çətindir ki, qarşımızda heç bir mübahisə doğurmayan zəngin bir yaradıcılıq reallığı var. Və bu reallıq sübut edir ki, müəllif hansısa ovqatın təsiri altında "gördü ki, kasıbdı şeir bazarı, sınadı qələmi romanlarda o" desə də, nəsr onun həyatına "bazar münasibətləri"nin yox, yaradıcılıq taleyinin diktəsi ilə gəlmişdir.

Şairin "Seçimli şeirlər"ini (eləcə də müxtəlif illərdə nəşr olunmuş bir neçə şeir kitabını) vərəqləyən hər kəs aydın görə bilər ki, Vidadi Babanlı poeziya ilə ardıcıl məşğul olmuş, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən bu ardıcıllıq özünü daha məhsuldar şəkildə göstərməklə, təxminən on-on beş il davam etmişdir. Və maraqlısı da odur ki, həmin illərdə Vidadi Babanlının qələmi şeirdə olduğu kimi, ədəbiyyatın digər sahələrində - nəsrdə, dramaturgiyada, publisistikada dəyərli əsərlər yaratmışdır.

Mövzularına gəldikdə, inamla demək olar ki, kifayət qədər rəngarəng olmaqla yanaşı, hər rəngin özündə də çoxlu çalarlar vardır. Məsələn, müəllif "Seçimli şeirlər"də, əsasən, üç ənənəvi mövzunu qabardır: 1) ictimai-siyasi lirika, 2) təbiət lirikası və 3) məhəbbət lirikası. Bunlarla birlikdə xeyli şeirlərini də "könül nisgilləri" adı altında təqdim edir ki, daha çox fərdi-subyektiv yaşantıların məhsuludur. Bu barədə irəlidə bəhs edəcəyik, ancaq bərı başdan deyək ki, həmin fərdi-subyektiv yaşantılar bu və ya digər dərəcədə ictimai məzmun-mündərəcə qazandıqda, "könül nisgilləri" sənət faktına çevrilir, qazanmadıqda isə elə fərdi- subyektiv "nisgil" olaraq qalır.

"Avtoportret" şeirində də, gördüyümüz kimi, Vidadi Babanlı hansı mövzuya müraciət edirsə-etsin, orada onun tərcümeyi-halı, ya bütövlükdə, ya da əsas cizgiləri ilə əks olunur. Və o zaman ki şair hər bir yaradıcı adamın fəxr edə, mövzu mənbəyi kimi geniş istifadə eləyə biləcəyi bu zəngin tərcümeyi-hala kənardan (hətta daha doğru olar, deyək, yüksəkdən!) baxır, başqa sözlə, həyat hadisəsinə analitik, fəlsəfi-estetik yanaşır, onda mövzu öz həllini tapmış olur, əks halda isə, avtoportret şairin yalnız özünə aid "avtofoto"dan çox da fərqlənmir.

Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Vidadi Babanlı bütöv bir silsilə şeirlər yazdı ki, bu gün onları o məsum illərin poetik salnaməsi saymaq üçün hər cür əsas vardır. Həmin şeirlərin birində şair "la ilahə illəllah!" ("Allahdan başqa allah yoxdur!) deyərək, yəni sovet ideologiyasının allahsızlığından imtina edib, Allaha pənah gətirərək Uca Yaradanın özünə müraciət edir:

Açılır nisgillə hər səhərimiz,

Bir şaqraq gülüşə yox təhərimiz,

Çıxıb ovsanatdan bar-bəhərimiz,

Xainlər feilindən xəcildi millət,

Əzildi, sarsıldı, kiçildi millət.

Budurmu ədalət, ey ulu Allah!

La ilahə illəllah!

"Ədalət", "insan haqları" kimi o zaman çox dəbdə olan anlayışların həqiqətdə heç nə ifadə etmədiyini, "kişilik", "şərəf" və "ləyaqət"in tamam unudulduğunu cəsarətlə deyən şairin "Kişilik haqqında söz"ü də həmin ideya- estetik məramın davamı idi.

Şair üçün tərcümeyi-halı qədər dilləndirici, yaradıcılığa təhrikedici, düşündürücü çox az şey ola bilər ki, onun da uvertürası anadır. Anasını körpə ikən itirmiş Vidadi Babanlı hələ gənc yaşlarında (ilk mətbu şeirində) yazırdı ki, "anam-mehribanım vətənim oldu".

Ancaq illər keçir, vaxt tapıb anasının məzarına baş çəkən şair hər cür "sosiallıq"dan uzaq, tamamilə başqa hisslər keçirir:

Müdam, üz-üzədir qarla, yağışla,

Daim qamçılayır külək də onu.

Bağışla, mümkünsə, ana, bağışla,

Cibi boş, dərdi çox şair oğlunu.

Şeirlərindəki hissiyyatlar ideya-məzmunca nə qədər fərqli olsa da, hər ikisi səmimidir: bir halda, dünyanı vaxtsız tərk etmiş ana, o biri halda, onu əvəz edən ana vətən tərənnüm olunur. Və burada yaşın da öz hökmü var, gənclik adamı həmişə cəmiyyətə, ictimai aləmə çəkir, ahıllıq isə onu ailəyə qaytarır; gəncin romantikası üfüqlərdə uçur, ahıllığın reallığı isə yerdə gəzir.

Səmimilik Vidadi Babanlı şeirləri üçün fərdi-poetik göstərici olmaqdan daha çox, etnoqrafik-psixoloji əlamətdir. Soruşsan, o özü də bilməz ki, bu əlamət onun ruhuna hansı fövqəladə mənbələrdən gəlir:

Ömr elədim bu dünyada neçə il,

Nə qazandım, nə itirdim, bilmirəm.

Bağban oldum sənət bağça-bağında,

Nə becərdim, nə bitirdim, bilmirəm.

Vidadi Babanlı poeziyasındakı səmimiyyətin bir sübutu şairin qocalıqdan yazması, özü də çox (və təfərrüatlı!) yazmasıdır:

Bir vaxtlar sayılan şəxsiyyət idi,

Başda əyləşərdi məclislərdə o.

Sözü düz, əhdi düz, xoşniyyət idi,

Həm kənddə əzizdi, həm şəhərdə o.

Adi həmsöhbətə həsrətdi indi,

Unudub zövqünü toyun-büsatın.

Oz evi də ona hicrətdi indi,

Cəfası nə çoxmuş namərd həyatın?!

Durub pəncərənin önündə hər gün

Bir qoca boylanır ötüb-keçənə.

Gözlər yol yorğunu, baxışlar küskün,

Çökəlib ovurdlar, titrəyir çənə.

Əlbəttə, bu şeirdə də subyektivizmin elementləri yox deyil, ancaq bütövlükdə səmimiyyətin fərdi-subyektiv yox, məhz ictimai-obyektiv tərəfi aparıcıdır.

Qocalığın bir əlaməti də kövrəklikdir, ancaq burada da şair öz intim dünyasının hüdudlarını aşıb hisslərinə, duyğularına sosial məzmun verə bilmişdir:

Yaş ötüb, dərd artıb, ürək yumşalıb,

Gah olur, nagahan kövrəlirəm mən.

Hər tərəfdə daşqın, tufan, zəlzələ,

Çalxalanır cahan, kövrəlirəm mən.

Hərdən mənə elə gəlir ki, Vidadi Babanlı özündən çox deyir, öz taleyini, tərcümeyi-halını müzakirəyə çox çıxarır və bunu onun poetik yaradıcılığının çatışmayan cəhəti kimi göstərmək istəyirəm. Ancaq "Halalın olsun!" kimi şeirlərini oxuyanda isə düşünürəm ki, həmin "özünütəhlil" cəhdləri bu qədər çox olmasaydı, bu cür qiymətli misralar da meydana gəlməzdi:

 ...Haqsızlıq canını salsa da oda,

Susmaz vicdanını vermə sən, bada.

Elə bir xatirə qoy ki, dünyada,

Desinlər, Vidadi, halalın olsun!

Vidadi Babanlının təbiət şeirləri bütün hissiyyatlılığı, emosionallığı ilə təbiətdən (naturadan!) gəlir. Və bu şeirlər bir də ona görə ürəyəyatımlıdır ki, zəngin etnoqrafik çalarları var:

Dostum, səfər etsən bizim ellərə,

May ayı, yal-yamac güllənəndə gəl.

Gözlə, tamam yatsın çayların köpü,

Sular həzin-həzin dillənəndə gəl.

...Çürütdün ömrünü, daha bəsdi sən,

Etmə öz-özünə nahaq qəsdi sən.

Qor altında bişmiş kömbə istəsən,

Ocaq bala-bala küllənəndə gəl.

Belə şeirlərində şairin incə zarafatları, sadəcə, yerinə düşməklə qalmır, həm də hansısa intim həqiqətləri sözarası (və son dərəcə estetik bir məharətlə!) yaddaşa köçürür:

Babanlı acıdır məhrəm qulluğun,

Çəkib həsrətini çünki bolluğun.

Üzünü gor görsün bu yoxsulluğun,

Sən allah, cibimiz pullananda gəl.

Vidadi Babanlının müxtəlif illərdə qələmə alınmış "Dağ yolları", "Yaylaq gecəsi", "Səhrada", "Mənzərə", "Bilgəhdə bir gecə", "Payız", "Göygöl həsrəti", "Qış gəzintisi" və s. şeirləri göstərir ki, şair təbiətdən aldığı zövqü elə "sənəd"ləşdirə bilir ki, yalnız özü üçün maraqlı olmasın, həm də mövzuya marağı olan hər kəsi cəlb etsin. Və bu cür münbit ədəbi-estetik situasiya bəzən şairə imkan (sui-imkan!) verir ki, gözəl təbiət təsvirləri içərisində öz subyektiv maraqlarını, yaxud ictimai-siyasi aprobasiyadan keçməmiş iddialarını irəli sürsün... "Darıxırıq" şeiri bu qəbildəndir... Əvvəl söhbət insan təbiətindən başlayır, özü də ironiya ilə ...Sonra əsl təbiətə keçir...

Sonra isə yenidən şairin (və ədəbiyyatın!) nitqində insan təbiəti hər cür təbiətin önünə keçir:

Vidadi Babanlı matdı bu işə,

Haramlıq hər yerdə keçib vərdişə.

Bilmirəm, nə deyim belə gərdişə,

Vicdanı düz üçün darıxırıq biz.

Burada şair də (poeziya da!) eksperimentallıq edir... Doğrudanmı, bizim zövq almağa adət etdiyimiz təbiətdə onun fövqünə yüksəlmiş "insan təbiəti" arasında hansısa genetik əlaqə qalmışdırmı ki, biz onları eyni bir məxrəcdə birləşdirib Vidadi Babanlının təkcə şeirində yox, dünyanın çoxlu dillərinə tərcümə olunmuş nəsrində ("Vicdan susanda" romanında!) axtaraq?.. Əlbəttə, cəmiyyətə nisbətən təbiət daha harmonik, daha nümunəvidir. Və bu baxımdan cəmiyyətə təbiət qədər hörmətlə yanaşmaq özünü doğrultmazdı.

Vidadi Babanlı tərcümeyi-halının (təbiətinin!) bütün təbəddülatlarına, keşməkeşlərinə baxmayaraq həmişə sevib - gəncliyində də, ahıllığında da...

Xalq aşıq poeziyasının ritminə, intonasiyasına bu cür bələdlik, onun texniki imkanlarından bu cür ağayana istifadə, əlbəttə, dədə-babalar kimi sevmək, yaxud qanda qaynayan yeniyetməlik, gənclik eşqini dədə-babaların "dili" ilə etiraf etmək anlamına gəlirdi. "Dağlar qızı", Muğan gözəli", "Sevindi", "Gətirdin" və s. şeirlər göstərir ki, Vidadi Babanlı məhəbbət mövzusunda da ürəkdən yazmağı bacarmışdır.

Şair xüsusilə, o baxımdan qoşma ustasıdır ki, aşıq şeirinin bu populyar janrının geniş imkanlarından sui-istifadə edib gəlişigözəl ifadələr işlətmir, əksinə, qoşmada rəngarəng mövzulara müraciət eləməklə onun imkanlarını genişləndirir. Və Vidadi Babanlı ictimai mətləblərin ifadəsində də, lirik-aşiqanə həsb-hallarda da, tənqidi-satirik münasibətində də qoşmanın şirin, düz nöqtəyə vuran, aydın dilində özünəməxsus sənətkarlıqla, zərif üslub-intonasiya xalları vura-vura danışır. Bəzən janrın ən çətin "pərdə"sinə - ustadnaməyə keçib məharətini burada da göstərir:

Asırıq, kəsirik bu dünyanı biz,

Min qara yaxırıq, dünya neyləsin?!

Başımız çəkəni qaxınc eləyib

Başına qaxırıq, dünya neyləsin?!

...Babanlı düz deyər, haqqı itirməz,

Tanrı taqsırsıza xətər yetirməz.

His-pası silinməz, qalay götürməz,

Biz qəlbi paxırıq, dünya neyləsin?!

Doğrudur, burada aşıq poeziyasından gələn notlar kifayət qədər güclüdür, ancaq heç kəs deyə bilməz ki, buradakı hər misraya zəmanəmizin xarakteri, ruhu az və ya çox dərəcədə hopmayıb. Və elə ustadnamənin bir janr olaraq əsas xüsusiyyəti də odur ki, bir tərəfdən, konkret dövrü səciyyələndirir, o biri tərəfdən, ümumən, həyatın mənəvi-ruhi mənzərəsini verməyə cəhd göstərir.

"Vidadi Babanlı poeziyasının ən üstün cəhəti nədir?" sualına mən belə cavab verərdim: dərk edilmiş, bütün tərəfləri ilə uzun (və təbəddülatlı!) ömrün təcrübəsindən, sınaqlarından keçirilmiş, məsuliyyətli nikbinlik, həyat eşqi... Və bu dünya ilə müdrik, məhrəm, vicdanlı bir zarafat:

 Mənim xəzan vurmuş eşq gülşənimə

Xoş gəlib, əzizim, səfa gətirdin.

Lütf edib nazlıca qədəmlərinlə

əstə bir könülə şəfa gətirdin.

...Ahıl Babanlıyam, fənadı halım,

Söylənir dillərdə çox qalmaqalım.

Bilmirəm, başıma nə çarə qılım,

Mağılca canımı xofa gətirdin.

Bu şeir iyirmi il bundan əvvəl qələmə alınıb, ancaq heç bir şübhəm yoxdur ki, böyük şair (və insan!) hal-hazırda da bu şeirdəki ilhamla, ruhla, eşqlə yaşayır...

 

Nizami CƏFƏROV

Ədəbiyyat qəzeti. 2024.- 18 may, №18.- S.8-9.