Dünyanı xilas etməyə çalışan şair

 

Onun şeirləri nəsillər arasında bir sevgi bağıdır. Bircə şeirini oxuyan kəs o sevgiyə yoluxur, şeirin enerjisi, dalğası oxucunu yerlə göyün arasındakı sevgi qatında saxlayır. Bu sirri onu seçilmişlərdən edən Tanrıdan savayı bir kimsə aça bilməz.

Getdim, gözlərimdə bir dəvə kini,

Getdim, qollarımda küçə davası.

Bahar ağaclardan çəkilən kimi

Çəkildi başımdan gənclik havası.

 İlk dəfə bu misraların sehrinə düşmüşdüm. Onda yeniyetmə idim, gənclik hələ qarşıda idi. Amma mən bu şeirə dəli kimi vurulmuşdum. Şeirin cazibəsi məndə bir başqa anlamlar daşıyırdı. İndi gənclik arxada qalıb mən bu şeiri indiki yaşımda oxuyanda şeir ruhumda bir zəlzələ yaradır. Azərbaycan poeziyasının zirvələrindən olan Vaqif Bayatlı Odərin mistik aurasına düşdünsə, ordan çıxmaq müşkül işdir. Kitabı açırsan Sevgi sənə qucaq açır, dünyanın bütün bəd əməlləri, pislikləri bu kitabın o üzündə qalır, sanki bir işıq selində üzürsən, üzürsən, üzürsən... Yoldan ötən hər kəsi bağrına basmaq istəyirsən, insanlar nur topasına dönür, dünya bu işıqda durulur, saflaşır.

Göy üzünə

bir yerdə açdığımız

pəncərədi sevgi.

Tülü heyva gülü,

tülü milli-milli.

 Pəncərəsində çırpınan ulduzları

açıb içəri buraxdığımız

otaqdı sevgi -

döşəməsi məxmər bulud,

tavanı göy üzü,

tavanı ulduz gölü,

ulduz dənizi.

Sahildə yan-yana

dayanıb baxdığımız,

sonunu ürəyimizdə ,

xəyalımızda da

tapa bilmədiyimiz

dənizdi sevgi.

Dünyanın hər yerində insanlar eyni dildə sevir. Şair isə bu ali hissi sözə çevirəndir. Vaqif Bayatlının poeziyasında sevgi beləcə sözlərdə şəkillənir. Onun şeirlərindəki kompozisiya modeli sevgi kimi çılğındır, dəyişkəndir, ritm estetik baxımdan havalıdır. Emosional vibrasiyalar poetik diskursa təkan verir. Bu şeirlərdə çiçək, ağac, külək sevgi dilində bir-biriylə ünsiyyət qurur. Vaqif Bayatlının poetik mətnləri sevgi duaları kimi oxunur. O, Sözün keçmişindən xəbərdar olduğu qədər gələcəyini görür. Sözün gücü onun görünməzliyindədir, o hər insana görünmür. Vaqif Bayatlı sözün hardan gəlib hara getdiyini, dolanbaclarını, kökünü, şaxələrini görür. Sözün sevincini , kədərini , hətta yuxusunu da görməyi bacarır. Sözün yuxusunda göy üzü ağappaq vərəqdi, şair o "vərəqlərə" xətt salır...

var, var bu dünyada

bir sərçə balasının

bir dam üstündəki

göyündən böyük?!

 Şairlik həm sərçə balasının gözüylə göy üzünə baxa bilmək deməkdir.

Vaqif Bayatlı Odər ilə ilk tanışlığımızı xatırlayıram. 1997-ci il idi. Azərbaycan radiosu ilə əməkdaşlıq edirdim. Böyük şairlər cərgəsində adı həmişə xatırlanan, unudulmaz Eldar Baxış haqqında bir esse yazmışdım. Nədənsə yazını çapa verməyə tələsmirdim, hər gün nələrsə əlavə edir, cümlələri cilalayırdım. Bir gün yazını götürüb Tərcümə Mərkəzinə yollandım. Yazı haqqında Vaqif Bayatlının fikrini öyrənmək istəyirdim. O vaxt Vaqif bəy "Xəzər" dərgisinin baş redaktoru idi. İkinci mərtəbəyə qalxdım, onu soruşdum, dedilər, Vaqif müəllim hələ gəlməyib. İçimdə bir həyəcan vardı: "görəsən, yazımı bəyənəcəkmi?" Eşitmişdim ki, ona yazı bəyəndirmək müşkül işdir. Nəhayət, Vaqif bəy dəhlizin o başında göründü, əynində plaş vardı, şarfı boynuna dolamışdı. Çevik addımlarla otağına doğru addımladı. Yaxınlaşıb salamlaşdım. Təbii ki, məni tanımırdı, dedim ki, jurnalistəm, radio ilə əməkdaşlıq edirəm, Eldar Baxış haqqında yazı yazmışam, istəyirəm, siz bir baxasınız. Gülümsədi, "keçək otağa, görək, yazmısan", - dedi.

Yer göstərdi, əyləşdim. Özü kresloda oturub ayağını o birinin üzərinə aşırdı yazını oxumağa başladı. Oxuduqca arabir astadan başını tərpədir, "yaxşıdır" deyirdi. Bu "yaxşıdır" kəlməsinə o qədər sevinirdim ki... Zarafat deyil, Vaqif Bayatlı kimi söz cəngavəri mənim yazım haqqında "yaxşıdır" ifadəsini işlədirdi. Yazını bitirib başını qaldırdı:

- Yaxşı yazmısan, amma həcmi çox azdır, apar bunu, bir az da genişləndir, "Xəzər"də çap edək.

İlk tanışlığımız belə olmuşdu. Amma bilmirəm, üçünsə mən o yazını ikinci dəfə işləmədim sonralar o yazı əsasında radio üçün kiçik bir süjet hazırladım. Sonralar imzam tanınmağa başladı, Vaqif bəyi ara-sıra bulvarda gəzişən görürdüm. Onda artıq məni tanıyırdı ədəbiyyat, poeziya barəsində söhbətlər edirdik. Bəzən mən onun tənhalığına müdaxilə etdiyim üçün narahat olurdum, salamlaşıb ayrılmaq istəyirdim. Amma Vaqif bəyin isti, məhrəm münasibəti buna imkan vermirdi. Bir dəfə yenə bulvar kənarında gəzişirdik, gördüm ki, qol saatını əlində tutub, arabir saata baxır. Soruşdum ki, Vaqif bəy, saatı qolunuza taxmağı xoşlamırsınız, deyəsən...

Dedi, "qoluma saat bağlayanda ürəyim sıxılır, amma vaxtı da bilməliyəm. Ona görə arada baxıram". Vaqif Bayatlı bütün ruhuyla, varlığı ilə vaxta ram olmayan, vaxtın buxovundan azad bir şairdir. Onun bütün şeirləri, sanki vaxtdan kənarda doğulur, bu şeirlər müəyyən bir vaxt üçün deyil, bütün zamanlar üçündür, zamanüstü şeirlərdir.

"Heç vaxt zamana uyğunlaşmaq, bir an da olsa, beynimdən keçməyib. Mənim üçün zaman anlayışı yoxdur. Mən hər an insan düşüncəsinin, zamanın ayaqları dəyməyən torpaqlarda var-gəl etməkdəyəm. Boş vaxtlarımda zamanı özümə uyğunlaşdırıram" ("Ən gülməli ölü" kitabından).

Zamanı özünə uyğunlaşdırmaq hər şairə müyəssər olmur. Vaqif Bayatlı o sirri tapmış şairdir. Çox tez-tez onun bu şeirini xatırlayıram dilucu öz-özümə pıçıldayıram:

 Şükür, İlahi, şükür,

Min ildi, milyon ildi

Bağlayıb yollarımı

Bir-birinin ucuna,

Gəlib çatdım axırı,

Sənin dar ağacına,

Kəndirin dartıldıqca

boynum dincəlir, Allah,

Boynum dincələn görüb

Tez vururlar boynumu,

Çiynim dincəlir, Allah.

 Şükür, şükür, çox şükür,

Sən yenə göy üzündən

yerə enirsən, İlahi.

dünya gözümdə söndükcə

sən görünürsən, İlahi.

 Bu şeirin ifadə etdiyi həqiqətə yetişmək üçün bütöv bir ömür yaşamaq lazım gəlir. Dünyadan uzaqlaşdıqca Tanrıya yaxınlaşır insan. Dünyadan daha çox, Tanrını sevir. Tanrını sevən insanlar çoxaldıqca dünya da xilas olacaq. Amma dünyanın heç bir şairi bu həqiqəti Vaqif Bayatlı qədər mükəmməlcəsinə, poetik ustalıqla ifadə edə bilməyib.

Bizə bu Sevgini bəxş etdiyiniz üçün Sizə minnətdarıq, Ustad!

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti  2024.- 18 may, ¹18.- S.5.