Armud ağacının kölgəsində

 

Xalq şairi Rəsul Rza ilə bağlı xatirələr.

 

Bura şair Şəkər Aslanın ata ocağıdır. Uşaqlığı bu yerlərdə, Lənkəranın gözəl, yaraşıqlı yaşayış məntəqələrindən olan Boladi kəndində - Seyidoba məhəlləsində keçib. İndi o günlər arxada, göz işlədikcə uzanan barlı-bərəkətli tarlalarda, kəndin yamaclarında yaz dumanı kimi əriyib.

Vaxt tapan kimi yolum bu yerlərə düşür. Aradan illər keçsə də, heç nə yaddan çıxmayıb.

Kəndin üzərinə parlaq, qızılı zolaq çəkilmişdi. Xatirələr baş alıb gedir. Başımızın üstündən bir dəstə quş qanad açıb. Qəribədir, onlardan bir neçəsi üzbəüz ağaca qonur. Neçə illər əvvəl olduğu kimi. Onda Şəkər müəllim sağ idi. Ciddi, lakin qayğılı sifətinə özü də hiss etmədən anlaşılmaz işıltılar yayılmışdı. Görünür, düşüncələrinə, fikirlərinə hakim kəsilən kövrək, həzin xatirələr baş qaldırmışdı.

- Yadıma Rəsul Rza düşdü, - dedi.- Sən oturan yerdə sevimli şairimiz əyləşmişdi. 1963-cü il idi. Mən onda Bakının dənizkənarı parkındakı şahmat klubunda işləyirdim. Bu dövrdə Xalq şairi Rəsul Rza, şairlərdən Əli Kərim, Xəlil Rza, Səyavuş Sərxanlı, Azad Talışoğlu vaxtaşırı iş yerimə gəlirdilər. Şahmat klubu, sanki poeziya mərkəzinə çevrilmişdi. Oxuduğum şeirlər böyük şairin xoşuna gəlirdi. Bir dəfə necə olubsa, Rəsul müəllim "Leninçi" (indiki "Lənkəran") qəzetindən qanunsuz kənarlaşdırıldığımı eşitmiş və çox təəssüflənmişdi. Səbəbini məndən öyrənmək istəyəndə dedim ki, təsərrüfatlardan birindən publisistik yazı hazırlamışdım. Yazıda həmin təsərrüfatın timsalında digər yerlərdə də əməkçilərin istirahət və məişət şəraitinə fikir verilmədiyini qeyd etmişdim.

Söhbətimə bir qədər ara verdim. Rəsul müəllimin yanında sıxılırdım. Lakin o mənə ürək-dirək verdi, hadisəni olduğu kimi öyrənmək istəyirdi. Dedim ki, yazı "Kommunist" qəzetinin "Son poçt" rubrikasına düşmüşdü. Odur ki, partiya komitəsinin bürosunda müzakirə olundu, yazımın sosializm cəmiyyətinin prinsiplərinə cavab vermədiyi əsas götürüldü; bu da işdən çıxarılmağıma səbəb oldu.

Rəsul Rza bunu eşidəndə üzünü mənə tutdu, dedi ki, səhər Lənkərana çıxıram, görüşüm var, bələdçilik edərsən. Sən demə, Rəsul Rza qəzetin redaktoru Tofiq Həsənovla bir yerdə oxuyubmuş. Axşamtərəfi bizi redaksiyanın qabağında qarşıladılar. Tofiq Həsənov Rəsul Rzanın şəkər xəstəliyindən əziyyət çəkdiyini yaxşı bildiyindən, elə oradaca soruşdu:

- Rəsul müəllim, şəkər xəstəliyi sizə əziyyət vermir ki?

Rəsul Rza cavabında:

- Ay Tofiq müəllim, Şəkər mənim yanımda olandan sonra, şəkər xəstəliyi mənə nə edə bilər?! Buna görə də, hara gedirəmsə, Şəkərsiz getmirəm...

Sonra onlar Lənkəran Rayon Partiya Komitəsində oldular. Birinci katiblə nə danışdılar, bir-birlərinə nə dedilər - bilmədim. Amma oradan gələndən sonra Rəsul Rza da, qəzetin redaktoru da məni təbrik etdilər. Qəzetdən iki il ayrılıqdan sonra yenidən jurnalistlik fəaliyyətimi davam etdirdim. Budur, böyük şairin böyüklüyü. Əgər o, olmasaydı, bəlkə də mətbuatdan kənar qalardım.

Azacıq sükutdan sonra Şəkər müəllim sözünə davam etdi:

 

- Rəsul müəllimin üstümdə zəhməti çoxdur. Həmişə də yaradıcılığımla maraqlanırdı. "Leninçi"də işlədiyim vaxtlarda Lənkərana yolu düşəndə məni arayıb-axtarardı. Avqust günlərindən birində Boladiyə gəldi. Armud ağacının altında əyləşmişdik. Dəniz tərəfdən xəfif meh əsirdi. Quşlar səs-səsə verərək o tərəf-bu tərəfdə qanad açmışdılar. Onlardan biri ölməz şairi salamlayırmış kimi cəh-cəh vururdu. Rəsul müəllim armud dilimlərindən götürüb iştaha ilə yeyirdi.

- Şəkər, - dedi, - dadına söz yoxdur. Çoxdandır ki, beləsinə rast gəlmirdim.

- Buna lətənz armudu deyirlər, - dedim. - Bizim tərəflərdə meyvələrin şahı sayılır, digər meyvələrdən öz ətri, incəliyi, dadı ilə fərqlənir.

- Deyirəm, axı! - Rəsul müəllim armuddan yeyə-yeyə dilləndi.

- Atamdan yadigardır, - dedim. - Müharibədən qayıtmadı. Yaltada əsgərlik etmişdi. Hər il atamın döyüşdüyü yerlərə istirahətə getməyi özümə mənəvi borc bilirəm.

- Hə, bilirəm, - Rəsul müəllim gülümsündü. - Qəbri nurla dolsun. Bu barədə şeirini də oxumuşam...

Şəkər müəllim sözünə davam edərək dedi:

- Rəsul Rza məni dinləyə-dinləyə Boladini gəzmək fikrinə düşmüşdü. Odur ki, gəzə-gəzə gəlib kənd çayxanasına üz tutduq. Çayçı Qüdrət bizi görən kimi əl-ayağa düşdü. Çayxanadakılar Rəsul Rzanın gəlişindən bərk sevinirdilər. Şeir həvəskarı Əbdül kişi söhbətə qoşuldu:

- Möhtərəm Rəsul müəllim, - dedi. - Poeziya həvəskarıyam, kitablarını oxumuşam, şeirlərin çox xoşuma gəlir, çayxanamıza gəlişinizi eşidəndə qaça-qaça gəldim.

- Rəsul müəllim, dedim, - Əbdül kişi kəndimizdə, bəlkə də Lənkəranda ən çox çay içəndir.

- Şəkər düz deyir, - Əbdül zarafata keçdi, - həqiqətən, çay çox içirəm, çayla qışda isinirəm, yayda yanğımı söndürürəm.

Kənd camaatı ilə görüş Rəsul Rzada xoş ovqat yaratmışdı, əhval-ruhiyyəsi də yaxşılaşmışdı.

Boladinin Seyidoba məhəlləsindən üzüyuxarı Zövlə kəndi, ondan bir qədər sağda Azərbaycanın ən iri çayçılıq təsərrüfatı yerləşirdi. Respublikada istehsal olunan çayın 10 faizi bu təsərrüfatda - "Komsomolun 50 illiyi" sovxozunda becərilirdi. Sovxozun direktoru, Əməkdar kənd təsərrüfatı işçisi Səadət Tağıyev Şəkər Aslanla bir məktəbdə oxumuşdu. Məktəb illərindən aralarında möhkəm dostluq yaranmışdı.

Bir qədər aralıda, Separadi çay plantasiyalarının yaxınlığında maşını saxladıq. Qızlar əlvan kəpənəklər kimi sahələrə səpələnmişdilər. Sovxozun direktoru bizi gülə-gülə qarşıladı, raport verirmiş kimi:

- Bu gün qələbə qazanmışıq, - sevinclə dilləndi.

Rəsul Rza onu təbrik etdi. Mən də bu təbrikə qoşuldum.

Qızların sevinci aşıb-daşırdı. Dilli-dilavər bir qız dilini dinc saxlamadı.

Şair, yarın necədir? Nigar xanımı deyirik.

Salamı var, bəs siz necəsiniz, qızlar?

- Biz lap yaxşıyıq, - qızlar yerbəyerdən dilləndilər - Axı, raport vermişik!..

Qaragözlü, qarabuğdayı bir qız qara hörüklərini arxaya ataraq şirin dilini işə saldı:

- Onda bizə bir şeir de, Rəsul müəllim...

Rəsul Rza "Çay" şeirini özünəməxsus ilhamla oxudu...

Qızlar şeiri alqışlarla qarşıladılar. Söhbət çay stolu arxasında davam edəndə qızlar yaxınlıqdakı bulağın suyundan çay dəmlədilər.

Rəsul müəllim limonlu stəkandan bir neçə qurtum aldıqdan sonra:

- Əladır, - dedi. - Dadına, ətrinə söz ola bilməz.

- Onu bizim qızlar yetişdiriblər, - sovxozun direktoru Səadət Tağıyev sevincini gizlətmədi.

Sən demə, həmin gün Xalq şairi Rəsul Rza üçün ömrünün ən unudulmaz günlərindən biri oldu. Rəsul müəllim elə gümrah görünürdü ki... Elə bil dünyaya təzədən gəlmişdi. Tarla düşərgəsində qələbə bayramını qeyd edən əməkçilər şairdən dönə-dönə şeir istəyirdilər.

Bir tərəfi Ülumçaya, digər tərəfi dağlara sığınmış çay tarlasının bu gün özgə hüsnü vardı. Göz işlədikcə uzanan çay plantasiyaları, bir qədər uzaqda sıralanan qırmızı kərpicli evlər tutqun, yaşıl haşiyəyə bürünmüşdü.

 

***

Lənkəran təkcə tərəvəz, çay, sitrus bitkilərinin vətəni deyil, həm də güllər diyarıdır. Qədimdən bu yerlərdə gülçülüklə məşğul olurlar. Qızılgül, nərgiz, zanbaq, şəbbu, qərənfil, atəşi, sırğayı, çeştəxor, mixəyi, süsən, bədmüşk, gülas, yasəmən, sümbülgülü, ətirşah, novruzgülü, nəlbəki gülü, pəllik gülü kimi çiçəklər küçə və meydanların, həyət-bacaların, bayram və şənliklərin bəzəyinə çevrilib. Bu gözəl diyarda ilin bütün fəsillərində gül-çiçək yetişdirilir.

Qonaqlara, ilk növbədə, Lənkəran çiçəkləri təqdim olunur. Bu güllər içərisində gülasın özünəməxsus yeri vardır.

Lənkəranda yetişdirilən bu gülün yaşı o qədər çox deyil. XIX əsrin ortalarından Lənkəranda yayılmışdır. Ona Kərbəla çiçəyi də deyirlər. Gülü "Fövcül-füsəha" ədəbi məclisinin sədri Mirhaşım Talışlının babası Mirmustafa axund Kərbəla ziyarətindən gətirib.

Mirhaşım müəllim gülasın ləçəklərindən Rəsul Rzaya uzadır.

- Gözəl, xoş ətri var, - Rəsul müəllim bildirir."Xəzər" kafe-restoranı ilə üzbəüz çayxanada, dəmirağacının altında Xalq şairi Rəsul Rzanın başına yığışmış şair və yazıçılardan Şəkər Aslan, Mirhaşım Talışlı, Firudin Ağayev, Vaqif Hüseynov, Xeyrulla Mehdi, İltifat Saleh şairi sorğu-suala tutmuşdular. Rəsul Rza "Rənglər" silsilə şeirlərinin yazılma tarixindən məlumat verdikdən sonra məsləhət gördü ki, "Lənkəran çiçəkləri" haqqında şeir bukleti hazırlansın. Onun çapına kömək göstərəcəyini də bildirdi. Təəssüf ki, kitabı görmək Rəsul Rzaya qismət olmadı. Böyük şairin təklifi ilə çayxanadakı dəmirağacının altında bir dəftər qoyulmuşdu. Yerli şair və yazıçılar, eləcə də qonaqlar Lənkəran çiçəkləri haqqında təəssüratlarını, ürək sözlərini özlərinin dəst-xətti ilə bu dəftərə yazmışdılar. Dəmirağacının altında yazılmış şeir və publisistik yazıları kitab-albom halına saldım ki, qoy yazılanlar itməsin, gələcəyə çıraq tutmaqla yaddaşlarda qalsın.

"Gülas nəğmələri" adlanan bu kitabı hazırlamaq mənim qismətimə düşdü, dedim ki, qoy, Rəsul Rzanın ruhu şad olsun.

 ***

1975-ci il oktyabr ayı idi. Azərbaycanda Sovet ədəbiyyatı günlərinin iştirakçıları Lənkərana gəlmişdilər. Belə günlərdən birində Separadi kəndinin çay və sitrus bağlarında olan şair və yazıçılar heyrətlərini gizlədə bilmədilər. Yaşıl ağaclardan süzülən günəş şüaları limonların, feyxoa və naringilərin üzərində qəribə mənzərə yaratmışdı.

- Salam, Rəsul müəllim!

- Salam, qızım! - Xalq şairi Rəsul Rza bir neçə il əvvəl Separadi kəndində olarkən gördüyü qızı tanımışdı, - xoş gördük, işləriniz necədir?

- Yaxşıdır, Rəsul müəllim! Manqamız beşilliyi iki il yarımda yerinə yetirib. Dostunuz Şəkər Aslanın redaktoru olduğu "Leninçi" qəzetinin "Ən yaxşı çayçılıq manqası uğrunda!" prizin qalibi olmuşuq. Qızlar məni manqabaşçısı seçiblər.

- Afərin, qızım! Qələbənizə, hünərinizə min alqış!

Rəsul Rza yeni kitabını manqabaşçısına təqdim etdi:

- Qoy, bu kitab manqanıza hədiyyə olsun!

Həmin gün Rəsul Rza yenidən Boladidə - dostu Şəkər Aslanın ata ocağında oldu. Lənkəranlı şairlərdən Vaqif Hüseynov, İltifat Saleh də ata yadigarı armud ağacının kölgəsində oturmuşdular. Söhbət yenə poeziyadan düşmüşdü.

"Zaman" xəbərlər proqramı gedirdi. Televiziya ekranında gözlənilmədən Azərbaycanın xəritəsi göründü. Xəritənin iki yeri kiçik dairəyə alınmışdı: Bakı və Lənkəran. Zarafat deyildi, kosmonavtlar Kosmosdan subtropiklər diyarına, onun adamlarına hörmət əlaməti olaraq Cənub mirvarisi Lənkəranın adını çəkmişdilər. Kosmonavt Kosmosdan müsahibinə ekrandan görünən neft buruqlarını göstərə-göstərə deyirdi:

- Bir bax, Bakının işıqları görünür...

Ekran yavaş-yavaş dəyişir. Kosmosun fonundan işığa qərq olunmuş bir şəhər görünür. Elə bu an ikinci kosmonavtın səsi eşidilir:

- Bu isə subtropiklər diyarı, gözəl Lənkərandır!

- Görürəm, görürəm, gözəl şəhərdir...

Rəsul Rza, Şəkər Aslan, Vaqif Hüseynov, İltifat Saleh böyük sevinc hissi ilə bir-birlərini təbrik etdilər.

 ***

Bu da 10 oktyabr 2023-cü il - Şəkər Aslanın Xatirə günü. 2025-ci ildə 90 ili olacaq. Şairin ata ocağındayıq. 15 ilə yaxın bir yerdə işləmişik. Tez-tez bu ocaqda görüşərdik.

Fikir və düşüncələrimizə hakim kəsilən ötən günlər dilə gəlib. Kövrək, həzin xatirələr arxada, keçmişdə qalsa da, unudulan deyildi. Nə yaxşı ki, illərdən yadigar qalan lətənz ağacı əvvəlki vüqarını itirməmişdi. Ağacın saralmış yarpaqları arasından görünən, budaqların əl çatmayan yerlərində payız günəşinin zəif şüaları altında par-parıldayan meyvələr diqqət çəkirdi. Sanki sahibini gözləyirdi. İndi nə Şəkər Aslan, nə də Xalq şairi Rəsul Rza vardı.

Ülumçay üzərində buludlar oynaşırdı. Az sonra ətraf silkələndi. Dağlar tərəfdən göz vuran şimşək bir andaca ətrafda əks-səda yaratdı.

Ağac üzərinə tək-tük damcılar düşürdü, damcılana-damcılana lətənzlər üzərindən süzülürdü.

 

Hacı Etibar Əhədov

Ədəbiyyat qəzeti  2024.- 18 may, ¹18.- S.2-3.