Türkün cəmiyyəti, hürriyyəti... Və
cümhuriyyəti
Türkiyə Cümhuriyyətinin
yüz yaşının müxtəlif səviyyələrdə
təntənəli şəkildə qeyd olund ünlərdə
onun hər cəhətdən şərəfli tarixinin bəzi
məqamlarının müzakirəyə
çıxarılması, əlbəttə, heç nəyin
müzakirəsiz qəbul olunmadığı bugünkü
dünya üçün tamamilə təbii idi. Həmin məqamlardan
biri budur ki, çökməkdə olan Osmanlı
imperiyasının dağıntıları üzərində
qurulmuş Cümhuriyyət ümumən türklərin,
xüsusən, Türkiyə türklərinin milli dövlətçilik
ideallarına, maraqlarına, ehtiyaclarına nə dərəcədə
uyğun idi?..
Hərdən
belə bir mülahizə ilə qarşılaşırıq
ki, Atatürk inqilablarının məhsulu olaraq təşəkkül
tapmış Cümhuriyyət, əsasən, yaxud
bütünlüklə Avropa təmayüllü, kosmopolit bir
hadisə olduğuna görə istər Türkiyə
türklərinin, istərsə də, ümumən türklərin
dövlətçilik ənənələri, təcrübəsi
ilə əlaqədən uzaq, ümumbəşəri səciyyə
daşıyırdı, Asiyanın dərinliklərindən
Avropanın içərilərinə qədər gəlib
çıxmış, farsları, ərəbləri yenərək
özlərinin qabaqcıl (passionar) kütləsi ilə
avropalılıq iddiasına düşmüş türklərə
bu bir mükafat idi ki, nəhayət, XX əsrin əvvəllərində
mahiyyətini belə anlamadıqları cümhuriyyətə
qovuşdular... Nəinki cümhuriyyət
(respublika) idarə-üsulunu, hətta Atatürk
inqilablarını (atatürkçülüyü!) Türkiyədən (və türklükdən)
ayırmaq kimi bir mövqeyə dayanan, təxminən, bu
cür əsassız mülahizələr yalnız Osmanlı
dövlətinin deyil, bütövlükdə Türk
dünyasının tarixini təkzib etməkdədir.
Türk
tarixinin təfərrüatlarına vardıqca, hər kəs
az və ya çox dərəcədə hiss edə bilər
ki, Atatürk inqilabları XIX əsrin sonu, XX əsrin əvvəlləri
üçün səciyyəvi olan "müasir dünya
quruculuğu" hərəkatının tələblərinə
cavab verməklə yanaşı, türk məkanında gedən
müasirləşmə (modernizasiya) hərəkatının
üzvi tərkib hissəsidir.
Türkiyə
Cümhuriyyəti Osmanlı imperiyasının o baxımdan,
bilavasitə davamıdır ki, birincisi, məhz həmin
imperiyanın "mərkəzi"ndə (Kiçik Asiya
yarımadasında) yaranmışdır; ikincisi, imperiyanın
demoqrafik, sosial, iqtisadi (nə qədər acınacaqlı bir
irs qalsa da), mənəvi-mədəni potensialına əsaslanmışdır;
üçüncüsü, XIX əsrin ortalarından
başlayaraq hakimiyyətdə, dövlət idarəçiliyində,
mənəvi-ideoloji həyatda müəyyən reformalar
keçirilmişdir. Nə qədər paradoksal
görünsə də, Osmanlı imperiyasının I
Dünya müharibəsindəki məğlubiyyəti
Cümhuriyyət quruculuğuna hazırlığın (deməli,
imperiya ilə cümhuriyyət arasındakı bilavasitə
varisliyin!) daha bir əlaməti olaraq təqdim edilə bilər.
Hələ Atatürk inqilabları başlayana qədər
Türkiyənin orta əsrlər imperializminə məxsus
siyasi- coğrafi "miras"dan (ərəb ölkələrindən,
Balkanlardan) imtina eləməsi (yaxud beynəlxalq təzyiqlə
buna məcbur edilməsi) onun cümhuriyyətçilik yoluna
düşməsinin ən mühüm faktıdır. Əlbəttə, Osmanlı sarayı (xilafət) belə
bir təzyiqi son dövrlərdə öz üzərində
yalnız xaricdən deyil, daxildən də hiss etsə də,
onunla barışmaq istəmirdi. Və ənənəvi
imperiya prinsiplərinə görə, istəmək də istəməzdi.
Hətta sarayın millətçi rəhbərliyində
belə həmin iddialar başqa şəkildə olsa da, təzahür
etməyə başlamışdı. Hərbi
nazir Ənvər paşa millətçilərin romantik xəyalları
ilə silahlanaraq Türk-Turan dövləti qurmaq fikrinə
düşmüşdü.
Məlum olduğu kimi, yeni Türkiyənin dünyaya gəlməsi
yeni Rusiyanın yaranması ilə təxminən eyni dövrdə
baş vermişdi. Müstəmləkələrindən
(onlara iqtisadi, mədəni-texnoloji inkişaf üçün
nə qədər qüvvə sərf etmiş olsa da) tamamilə
imtina edən Türkiyədən fərqli olaraq Rusiya vaxtilə
zəbt etdiyi ərazilərdən (xüsusilə, türk
torpaqlarından) qətiyyən əl götürmədi.
Ancaq Türkiyə kimi, Rusiya da o dövrün dəbdə
olan siyasi prinsiplərini rəhbər tutaraq tarix səhnəsinə
cümhuriyyət (respublika) olaraq çıxmağı elan
etmişdi. Və təsadüfi deyildi ki,
keçən əsrin 30-cu illərində Rusiya ilə
Türkiyənin arasındakı "dostluq, qardaşlıq
münasibətləri"nə tamamilə təbii olaraq xələl
gəldikdə, Atatürk Rusiyanı xəfif bir ifadə ilə
imperiya adlandırmaqdan özünü saxlaya bilməmişdi.
Və o da təbii idi ki, Sovetlər Birliyinin
dünya xəritəsindən silindiyi 1990-cı illərin əvvəllərində
Türkiyə Cümhuriyyətinə özünün
yetmiş illiyini böyük təntənələrlə qeyd
edərək, postsovet məkanında müstəqillik
qazanmış qardaş dövlətlərlə hər
cür diplomatiyanın fövqündə olan son dərəcə
səmimi münasibətlərə meydan açırdı.
Əslində
Rusiya cümhuriyyət olmaq istəyirdisə, öz imperialist
maraqlarından imtina edib, elə əvvəldən -
imperiyanın dağılmağa məruz qaldığı XX əsrin
əvvəllərindən, nə qədər ağır olsa
da, milli hüdudları daxilinə çəkilməli, digər
slavyan xalqları ilə yanaşı, milli dövlət
quruculuğu probleminin həlli ilə məşğul
olmalı idi. Ancaq bu cür normal yoldan imtina edib "sosialist
imperializmi", "yeni dünya quruculuğu" liderliyi
iddialarına qapıldığından, on illərlə
özünün bəşər tarixində əlahiddə
roluna əmin olduğundan, son illərdə isə
iddialarının yanlış, bundan sonrakı inkişaf
imkanlarının məhdudluğundan elə laübalı vəziyyətə
düşmüşdür ki, çıxış yolu tapmaq
üçün hər hansı tarixi təcrübəyə əsaslanmaq
iqtidarında deyil.
Türkiyə
Cümhuriyyətini quran türk cəmiyyəti, onun hürriyyət
istəkləri bütün XIX əsr boyu çox ciddi
axtarışlar yolu keçsə də, istər cəmiyyətin,
istər hürriyyətin, istərsə də, cümhuriyyətin
tarixi türklərdə çox dərin "tarixəqədərki"
köklərə malikdir. Qədim türk cəmiyyətinin
strukturu, qədim türk dövlət idarəçiliyi
sistemi və qədim türklərin vətənpərvərliyi
barədə mövcud mənbələr kifayət qədər
geniş məlumat verməkdədir. Həmin
məlumatlara görə, qədim dövrlərdən etibarən,
türk cəmiyyəti hüdudsuz coğrafiyaları əhatə
edən dövlətlər quraraq yüzillər boyu, sadəcə,
diktator hakimiyyətinin deyil, çoxspektrli
"özünüidarə" texnologiyalarının sayəsində
yaşatmışdır. İstər
"Oğuz kağan" (e.ə. I
minilliyin sonları) eposunda, istərsə də, bütün
II minillik boyu - həm şifahi, həm də yazılı
şəkildə təzahür edən oğuznamələrdə
türklərin hürr-ictimai idarəçilik mədəniyyəti
təqdim (və tərənnüm) olunur. Odur
ki, bu qədər zəngin bir demokratik dövlət idarəçiliyi
təcrübəsinə (və miqyasına!) malik bir cəmiyyətin
ona yad olan hansısa "modernist" təsisatlara ehtiyac
duyacağını və bunun üçün neçə
minillik tarixindən, ənənələrindən imtina edəcəyini
düşünmək mənasızdır. Həm də
ona görə ki, türklər orta əsrlərin sonu, yeni
dövrün əvvəllərindən başlayaraq siyasi təsir
dairələrində olan həm Asiya, həm Afrika, həm də
Avropa xalqlarına ən müasir idarəçiliyi tətbiq
edirdilər.
Osmanlı imperiyası, məlum olduğu kimi, XIX əsrin
ortalarından etibarən "imperiya" adını tamamilə
şərti olaraq daşıyırdı. XVII-XVIII əsrlərdən
sürətlə güclənən, XIX əsrdə artıq
öz müstəmləkələri ilə Osmanlını
uzaqdan (və get-gedə həm də yaxından!) əhatəyə
almış həqiqi imperiyalar Böyük Britaniya (İngiltərə),
Fransa, Rusiya onun tarixi taleyini həll etməkdə idilər.
Almaniya ilə əməkdaşlıq da onu xilas
etmək iqtidarında deyildi. İstanbul
sarayının ətalətli həyatı yalnız adı
qalmış imperiyanı yeni dövrün çevik imperialist
qüvvələrinin təkcə maddi yox, eyni zamanda mənəvi-ideoloji
borclusuna çevirmişdi. Və bu "borc"dan
Osmanlını təslim olmaq, parçalanmaq, nəhayət,
siyasi səhnədən bütünlüklə
çıxarılmaq "xilas edə" bilərdi...
"Türkiyənin paylaşılması haqqında yüz
layihə" müəllifləri Türkiyənin
(Osmanlının) imperialistlər arasında necə
bölüşdürüləcəyinin ən optimal
yolları"nı axtaranda çox mühüm bir cəhəti
nəzərə almamışdılar ki, o da türklərin
cəmiyyət, hürriyyət (və cümhuriyyət!) barədə
artıq milli xarakterə çevrilmiş təsəvvürləri
idi.
Atatürkün (və Türkiyə Cümhuriyyəti
tarixinin!) ən böyük bilicilərindən Prof. Dr.
Sadıq K.Tural "Atatürk. Yüzilə
damğasını vuran öndər" kitabında (Ankara -
2015, 2018 və 2022) Osmanlı imperiyasından Türkiyə
Cümhuriyyətinə keçid (və bu inqilabi prosesdə
Atatürkün siyasi dühasının rolu!) dərindən
şərh olunmuşdur. Çökməkdə olan
dövlətin daxili problemlərinə bütün təfərrüatı
ilə bələdliyi heç bir şübhə
doğurmayan, məramı yalnız millətin iradəsinə
dayanaraq onun milli dövlətçiliyini bərqərar etməkdən
ibarət Liderin o illərdəki düşüncələri,
mübarizələri və ümumən millət - Türkiyə
cəmiyyəti miqyasında qazanılmış uğurlar
kitabda "Böyük nitq"dən gətirilmiş
sitatlarla, əgər belə demək mümkünsə, riyazi
dəqiqliklə formulə edilir. Düşdüyü
böhrandan dövləti bu və ya başqa bir itki ilə
qurtarmaq üçün irəli sürülən
üç təklifin (1) ingilis himayəsi, 2) amerikan
mandası və 3) bəzi bölgələrin Osmanlı tərkibindən
çıxaraq başlarına çarə qılmaları)
heç birini uyğun görməyən Lider deyir:
"Əfəndilər, mən bu qərarların
heç birində fayda görmədim. Çünki
bu qərarların dayandığı bütün dəlillər
və məntiqlər çürükdür, təməlsizdir.
Gerçəkdə içində olduğumuz o
tarixdə Osmanlı dövlətinin təməlləri
çökmüş, ömrü tamamlanmışdı.
Osmanlı məmləkətləri tamamən
parçalanmışdı. Ortada bir ovuc
türkün barındığı bir ata yurdu
qalmışdı. Son məsələ
bunun da bölünməsinin qarşısını almağa
çalışmaqdan ibarətdir. Osmanlı
dövləti, onun istiqlalı, padşah, xəlifə,
hökumət - bunların hamısı mənası
qalmamış bir sıra boş sözlərdən ibarətdi".
Prof. Dr.
Sadıq K.Tural yeni Türkiyənin qurucusunun necə bir qərar
vermiş olduğunu "Böyük nitq"in dili ilə bir
daha xatırladır:
"Əfəndilər, bu durum qarşısında tək
bircə qərar vardı, o da milli hakimiyyətə dayanan,
qeydsiz, şərtsiz, bağımsız bir Türk dövləti
qurmaq!"
Bu
sözlər Atatürkün (və Türkiyə Cümhuriyyətinin)
dərin (və genişmiqyaslı) türklüyünə
şübhə etmək kimi "qərib" xülyalara
düşənlərə, yaxud qəsdən belə bir
şübhə toxumu səpmək istəyənlərə ən
tutarlı cavabdır... Atatürk Qərbdən
hər hansı himayə (manda) xahiş etmək barədə
düşünməmiş, yalnız mənsub olduğu
etnosun, xalqın, cəmiyyətin iradəsinə,
imkanlarına, enerjisinə əsaslanmışdır. Bununla belə, böyük strateq əmin idi ki, mənən,
ruhən əzilmiş, əhvalı pərişan hala
salınmış xalqı hazırlıqsız, birdən-birə
düşmən qarşısına çıxarmaq onu daha da
əzilmiş, daha da pərişan hala salmaqdan başqa bir nəticə
verməyəcək. Odur ki, deyir:
"Türk ata yurduna və türkün istiqlalına təcavüz
edənlər kimlər olursa-olsun, onlara bütün millətlə
bir yerdə silaha qarşı çıxmaq və onlarla
çarpışmaq gərəkirdi. Bu önəmli qərarın
bütün gərək və zərurətlərini elə
ilk gündən açıq göstərib ifadə eləmək,
əlbəttə, faydalı olmazdı.
Uyqulamanı bir sıra hissələrə bölmək,
olaylardan və olayların axışından yararlanaraq millətin
duyğu və düşüncələrini hazırlamaq və
addım-addım irəliləyərək hədəfə
çatmağa çalışmaq gərəkirdi".
Qazi paşa türk millətini istiqlala bir ordunu
döyüşə aparacaqmış kimi hazırladı. Və
qazanılmış ilk böyük qələbə günlərində
- Böyük Millət Məclisindəki 1 noyabr 1922-ci il
tarixli açılış nitqində demişdi:
"Əfəndilər! Bu dünyayi-bəşəriyyətdə əsgəri
yüz milyonu mütəcaviz nüfuzdan mürəkkəb bir
türk milləti-əziməsi vardır. Bu millətin saheyi-ərzindəki
vüsəti nisbətində saheyi-tarixdə də bir dərinliyi
vardır".
Bu möhtəşəm mülahizənin mahiyyətinə
varan Prof. Dr. Sadıq K.Tural haqlı olaraq yazır:
"İngilis, fransız, italyan,
yunan ittifaqının İstanbuldakı atəş idarə
komandanlığına, İstanbul mətbuatı və tacirlərinin
heysiyyətsiz təmsilçilərinə rəğmən,
Anadoludakı Milli Mücadiləni imanlı və heysiyyətli
hesab edənləri yönləndirib bir milli zəfər
qazanan Mustafa Kamal Atatürkün yuxarıdakı iki cümləsi
bağımsızlığımızın da, mədəni
həyat sahəmizin də üfüqləri
olmalıdır".
Əlbəttə, Atatürkün siyasi şəxsiyyəti
onun hərbi şəxsiyyətinin bilavasitə
davamıdır. Ancaq orası da var ki, onun hərbi şəxsiyyəti
Osmanlı ordu idarəçiliyinin, siyasi şəxsiyyəti
isə Cümhuriyyət quruculuğunun təsiri ilə
yetişmişdir. Və Osmanlı dövləti xalqa xəyanət
etmiş sarayın yox, məhz bu cür hərbçilərin,
milli mücahidlərin, ziyalıların... şəxsində
Cümhuriyyətə gəlib çıxır, - deyə bilərik.
Prof. Dr.
Sadıq K.Tural davam edir:
"Atatürkümüzün "ən böyük əsərim"
dediyi Cümhuriyyət nədir? Səltənətin,
padşahlığın ziddi... Sultan, padşah isə
"zillullahi-fil aləm", yəni "Allahın yer
üzündəki kölgəsi" olduğu yalanına
inanılan və xalqını "qullar"ı olaraq
görən bir ailənin təmsilçisi... Məmləkət
də, insanlar da onun malı...
...Cumhur -
bənzərləriylə bir arada yaşamaqdan, ortaq acı və
sevinclərin yaratdığı ortaq keçmiş naminə
ortaq gələcək üçün ortaq duyğu və
düşüncələrdə bütünləşmək
tərəfdarı olanların topluluğu... Hər cür
camaatçılıq təmayülünü və hissini
uzaqlaşdıraraq anlamlı bir cumhur olmaq,
cümhurlaşmağı anlama gətirmək..."
Prof. Dr.
Sadıq K.Tural sonrakı çıxışlarının
birində "cumhur" anlayışına bir daha
qayıtmışdır:
"Cumhur"
kəlməsinin anlamı "çoxluq", "əhali",
"xalq" və s. deyil. "Cumhur" bəzi özəllikləri
ilə önə çıxan, fəaliyyəti məlum cəmiyyət
anlamı ərəbcə bir termindir... 1923-də
Atatürkün verdiyi tərif belədir: "Cümhuriyyət
düşüncə sərbəstliyi tərəfdarıdır.
Səmimi və haqlı olmaq şərti ilə
hər bir fikrə hörmət edərik. Hər
görüş bizə sayğıdəyərdir. Yalnız
qarşıçıxanlarımızın insaflı
olması gərəkir".
Bir daha cəmiyyət,
hürriyyət və Cümhuriyyət münasibətlərinin
gerçəkliyə uyğun tənasübünə gəlib
çıxırıq... XX əsrin türk (və
Türkiyə) cəmiyyəti o qədər dindar bir cəmiyyət
idi ki, özünü "türk" yox, "müsəlman"
adlandıracaq qədər tənəzzülə
uğramışdı. Və bunu nəzərə alan Qazi Paşa belə bir güzəştə
ehtiyac duymuşdu ki, biz "müsəlman vətənpərvərliyi"
tərəfdarıyıq".
Prof. Dr.
Sadıq K.Tural yazır:
"Ən əski qaynaqlara gedilərək türk
tarixini və türk dilini millətləşmənin və
müasirləşmənin təməli edərək, mədəniyyətin
zənginləşməsinin və milli bütövləşmə
ilə milli demokratiyanın əsaslandırılmasının
müdafiəsi atatürkçülüyün mənimsədiyi
dəyər və prinsiplərdir. Türk dilinə
dayanmayan bir mədəni bənzəşmə də, elm və
sənətə də yayğın və sürdürülə
bilir təfəkkür də mümkün deyildir".
Milli
Mücadilənin necə başladığı Vətəni
xilas etmək təşəbbüslərinin ilk dəfə
hansı mənbədən və ya mənbələrdən
qaynaqlandığına şahidlik verən
aşağıdakı məlumatları da Prof. Dr. Sadıq
K.Tural yada salır:
"Dövlətin
komaya girdiyinin elanı olan Mütarekədən (söhbət
30 oktyabr 1918-ci il tarixli Mondoros müqaviləsindən
gedir ki, bu, Osmanlı dövlətinin təslim aktı idi -
N.C.) sonra sədrəzəm Əhməd İzzət Paşa
10 noyabr günü istefa verdi. Həmin gün
Mustafa Kamal Paşaya İstanbula qayıtmasını, ona
ehtiyac olduğunu bildirən bir teleqraf çəkdi. İldırım orduları ləğv edildiyindən
Mustafa Kamal Paşa 11 noyabr 1918 günü Adanadan qatara mindi.
İstanbula gəldi. O, Heydərpaşadan
bir motorlu qayıqla düşmən donanmasına aid hərbi
gəmilər arasından qarşı sahilə keçdikləri
zaman yavəri Cavad Abbasın eşidə biləcəyi bir səs
tonu ilə "necə gəliblərsə, elə də gedərlər"
demişdi".
Bu əhvalat,
hər şeydən əvvəl, onu göstərir ki, hər
nə qədər ətalətdə, yeni dünyanın gərdişindən
geri qalmaqda, xalqa faktiki olaraq düşmanlıqda qınasaq da,
İstanbul sarayı, görünür, bərk ayaqda Vətənin
təəssübünü çəkmək hissini heç
də tamamilə itirməmişdi; ikincisi, saray, nəticə
etibarilə, kimə müraciət etməli, kimin ətəyindən
yapışmağı da yaxşı bilirdi; nəhayət,
üçüncüsü, saray səhv etməmişdi:
"Mustafa Kamal Paşa siyasi, iqtisadi, əxlaqi, idari zəlzələnin
ölkənin hər yanını bürüdüyü
zamanın altı aylıq bir müddətində İstanbulda
öndə gələnlərin qapısını döyərək
onların ağlındakıları öyrəndi. Hər kəs çarəsizliyə
təslim olmuş, ümidsiz... İngilis sevənlər
ayrı, amerikapərəstlər ayrı... Ziyalı
sayılanların əksəriyyəti manda idarəsinə
razı.
39 yaşındakı Mustafa Kamal Paşa müfəttişlik
adlı örtüləndirici bir vəzifə yazdıraraq
Samsuna çıxıb Milli Mücadiləni
başlatmış oldu".
Türk cəmiyyəti,
hürriyyəti və cümhuriyyəti münasibətləri
ehtivasında mövcud vəziyyəti təhlil etsək (Prof.
Dr. Sadıq K. Tural da Atatürkün bir strateq olaraq
üstünlüyünü məhz "ümumi vəziyyət"i
görmək, incələmək və ona uyğun qərar qəbul
etmək məharətində görür), əmin olarıq
ki, öz ailə maraqlarına qapılıb təəbələrinə
(və xalqına) yuxarıdan-aşağı baxan saray da,
hakimiyyətsizlikdən istifadə edib həmin təbəələrə
zülm edən inzibati, dini və s. məqamlar da, hərəsi
bir məsləkə qulluq eləyən ziyalılar da ictimai həyatın
dərin qatlarında hürriyyət (və cümhuriyyət)
hisslərindən məhrum deyillər, ancaq "ümumi vəziyyət"
bu barədə düşünmək, ona çatmaq
üçün qərarlar qəbul etmək və bir
neçə səviyyədə səbrlə mübarizə
aparmaq, ən başlıcası isə, həmin mübarizəni
ümummilli bir mücadiləyə çevirmək yalnız
Milli Liderin missiyasıdır:
"Havradan göndərdiyi teleqraflarla İstanbuldakı
fəaliyyətsiz idarəyə, Amasiya tamimi ilə də həm
saray və ətrafına, həm də imperializmə
müharibə elan etmişdir. Havra, Amasiya, Ərzurum, Sivas...
Konqrelərdən sonra Ankara... Bu şəhərlərdə
keçən sürə içində Kamal Paşanın elədiyi
- xalqı öz qədərini təyin etməyə
inandırmaqdır; istiqlalın imandan sayılması, küvvəyyi-Milliyyə
ruhunun yayılması belə qorundu".
Prof. Dr. Sadıq K. Tural göstərir ki,
"tarix olmuş hadisə, insan və vəziyyətlərə
o günün şərtlərilə baxıb dəyərləndirmək
gərəkdir. Milli Mücadilənin qazanılmasından
sonrakı yoxsul yoxsunluqlarla boğuşan və 95 faizi
yazıb- oxumaq bilməyən bu xalqın gerçək
ehtiyacını doğru müəyyən edən Atatürk
bir viziyon sahibiydi... Onun prinsiplərinin, inqilablarının və
ehtiyacını duyurduğu qurumlaşdırmalarının
üç ana xətti var:
1. Türklük ruhunun oyandırılması və
bütünləşdirici gücünün ayağa
qaldırılması...
2. Bağımsızlıq ön şərt
olmaqla cümhuriyyət rejimli bir dövlət qurulub
qorunması...
3. Milli təhsilin həm sistemli, həm də
yayğın imkanlarının da, dünyəvi əsaslı
hüquq qurumlarının da səfərbər edilərək
türk modernliyinin qurulması..."
Əlbəttə, "Atatürkdən sonra
onun prinsipləri, inqilabları nə şəkildə davam
etdirildi? Bunlar Atatürkün nəzərdə tutduğu layihə
gücünə çatdırıldımı? Yeni liderlərin gətirdikləri yeniliklər nə
dərəcədə effektli oldu?" kimi suallara toxunmaq
tamamilə olmasa da, hər halda başqa mövzulardır.
Əsas odur ki, məhz türk cəmiyyətinin müstəqil
dövlət olaraq hürr yaşamaq istəklərindən
doğulduğuna; həmin istəklər
yalnız milli yox, həm də ümumi bəşəri məzmun
daşıdığına və ona milliliklə ümumbəşəriliyi
ən münasib şəkildə öz şəxsiyyətində
birləşdirən Lider - Mustafa Kamal Atatürk rəhbərlik
etdiyinə görə Türkiyə Cümhuriyyəti ümumən
türk, xüsusən, Türkiyə tarixinin üzvi
davamı olaraq yaşayıb inkişaf etməkdədir. Və bu uğurlu inkişafın ən mühüm
(və ən yeni!) əlamətlərindən biri də
Türkiyə Cümhuriyyətinin digər türk cümhuriyyətləri
ilə əlaqələrinin getdikcə daha da güclənməsi,
Türk Dövlətləri Təşkilatının yaranmasıdır.
Nizami Cəfərov
Ədəbiyyat qəzeti 2024.- 25
may, ¹19.- S.2-3.