Bəzən həqiqətin
yolu elmi mübahisədən keçir
Yaxşı yadımdadır, İraq-türkman şairi Faruk Köprülü ilk dəfə Azərbaycana gələndə, Yazıçılar
Birliyinin mətbuat katibi Xəyal Rzanın "Günlərdən
şeir" layihəsi
əsasında Milli Kitabxananın təşkil
etdiyi "Açıq
hava oxu zalı"nda onunla görüş keçirildi.
Yaddaqalan
görüşdə Faruk
Köprülü ölkəmizi
görmədən Azərbaycana
həsr etdiyi "Kərkükdən Bakıya
şahin uçurtdum"
kitabından maraqla qarşılanan parçalar
oxudu. Görüşdən
sonra ədəbi
proses və ədəbiyyatımızdan
söz düşmüşdü.
Gözləmədiyim halda,
Dr.Faruk Köprülü
dedi ki, Nəsimidən sonra Şah İsmayıl Xətaini çıxmaqla,
poeziyada bir boşluq yaranıb. Mən etiraz edəndə o, "Əgər
başqa birisi varsa, göstərin",
- deyərək mənimlə
mübahisəyə girişdi.
Deyim ki, bu savadsızlıq əlaməti idi, günah işləmiş
olardım. 1994-cü ildə Bağdadda Füzulinin 500 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransda Dr.Faruk Köprülü çox
maraqlı elmi məruzə ilə çıxış etdi.
Məruzəsi ərəbcə çıxan "Füzuli
Bağdadi - 500" məqalələr
toplusu"nda (Bağdad,
1995) çap olundu.
Bəs onun qızğın mübahisəyə girişməsini
nə ilə izah etmək olardı? -
Sadəcə olaraq
məlumatsızlıqla.
Mən Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun hazırladığı
möhtəşəm "Azərbaycan ədəbiyyatı
tarixi" (Bakı,
"Elm", III cild, 2009) əsərinin
xülasəsini akademik
Bəkir Nəbiyevin xahişi ilə, təmənnasız ingilis
dilinə tərcümə
etdiyimdən (səh.720-733) Nəsimidən sonra Azərbaycan və
İraq-türkman ədəbiyyatını
zənginləşdirən şairlər haqqında kifayət qədər məlumatım vardı (o
fikirdəyəm ki, qazancım daha çox olub). Odur ki, Qasım
Ənvar, Bədr Şirvani, Əşrəf
Marağai, Cahanşah
Həqiqi, Kişvəri,
Həbibi, Ənsari, Hamidi, Xəlili, Bəsiri, Süruri, Həqiri, Şəmsi Bağdadi, Zehni Bağdadi, Zayel Bağdadi, Elmi Bağdadi kimi şairlərin adını
çəkəndə Faruk
Köprülü susdu.
Doğrudur, Əta Tərzibaşı
"İraqda türkman
ədəbiyyatının başlanğıcına
dair araşdırmalar"
adlı məqaləsində
yazır ki, 1410-1469-cu
illər arasında İraqın şimalına
qədər uzanan Qaraqoyunlu dövlətinin hakimiyyəti zamanı Türkman ədəbiyyatının
vüsət aldığını
göstərmək olar. Lakin tədqiqatçı
yalnız Cahanşah Həqiqinin adını çəkməklə kifayətlənir.
Dr.Farukla
baş verən hadisəyə bənzər
hadisə 30 oktyabr
2023-cü il tarixdə Bakıda keçirilən "İraq türkmanları
və türk dünyası: tarixi yaddaşın bərpası
Beynəlxalq elmi-praktik
konfransda baş verdi. Konfransın açılışında
"Azərbaycan və
İraq türkmanları arasında
ədəbi-mədəni, elmi
əlaqələrin tarixi"
mövzusunda məruzə
edəndən sonra, uzun illərdən bəri görmək arzusunda olduğum (konfransa 40-dan artıq iraqlı soydaşımız
dəvət olunmuşdu)
belə bir günü görməyin
sevincindənmi, həyəcanındanmı,
bilmirəm, qan təzyiqim çox artdı və məni evimə apardılar. Təəssüf edirəm ki, "İraq türkmanlarında və Azərbaycanda milli kimlik məsələsi"
(Səlcuq Bacalan),
"Böyük türkmanlardan
İraq türkmanlarına doğru
etnogenez prosesi" (Əfzələddin Əsgər),
"İraqda türkman
qurumları" (Faruk
Abdullah), "İraq türkman mətbuatının qısa
tarixi" (Şəmsəddin
Kuzəçi), "İraq türkman mətbuatının
aparıcı nümayəndələri"
(Gülzar Bayatlı),
"Azərbaycan-İraq türkman
ədəbi əlaqələrinin
mediada işıqlandırılması"
(Rəşad Məcid)
kimi çox maraqlı məruzələri
dinləməkdən məhrum
oldum.
Həmin
axşam qonaqların şərəfinə təşkil
olunan ziyafətdə tanımadığım iraqlı
soydaşlarımızdan biri
mənə bir məktub verdi.
Məktubda yazılmışdı:
"Xocam, konfransda sizinlə Nəsimi ilə bağlı bir münaqişə yapacaqdım. Tansionunuz qalxdığına görə alınmadı.
Xocam, Nəsimiyə qədər
heç bir İraq türkman şairi haqqında məlumatımız
yoxdur. Belə şairlər olubmu?
Əgər sizdə belə
bir məlumat varsa, Kərkükə - Aydın Kərkükə
göndərməyinizi xahiş
edirik".
Bu məsələ barədə
Dr. Şəmsəddin Kuzəçi
ilə də söhbətimiz olmuşdu.
Şəmsəddin bəy, hətta
inamla yazır ki, Nəsiminin əsərlərinə diqqət
yetirsək, yaradıcılığının
zənginliyinə əsaslanaraq
deyə bilərik ki, ondan əvvəl
onlarla şair olmuşdur. Lakin onlar kimlərdir,
yaradıcılıqları necədir? Bu məsələ İraq-türkman
elm aləmi üçün
hələ də qaranlıq olaraq qalır.
Hər şeydən
əvvəl, onu deyim ki, Dr.Şəmsəddin
Kuzəçi Nəsimini
yetişdirən mühitin
olduğunu, şairin Azərbaycan dilini və İraq-türkman ləhcəsini hakim ərəb-fars
dilləri səviyyəsinə
qaldırmasının o mühitlə
bağlı olduğunu
göstərməsi diqqətəlayiqdir.
Nəsimi
yaradıcılığına qol-qanad verən, onu öz doğma
dilində əsərlər
yazmağa sövq edən, ona söz sənətinin şəffaf çeşməsindən
su içirən istedadı sayəsində
onu dahi edən həmin mühit 18 şair yetişdirmişdir: Zülfüqar
Şirvani, Bağdadda
Kazimiyyə Cümə
məscidində uyuyan
Nəsirəddin Tusi, Qazi Bürhanəddin, İzzəddin Həsənoğlu,
Nəsiminin müəllimi
Fəzlullah Nəimi,
Mustafa Zərir, Qul Əli, Arif Ərdəbili və başqaları. Bu şairlər ulu öndər Heydər Əliyevin təbirincə
desək, bir bütövün parçalarında
yazıb-yaradıblar. Yəni Güney, Quzey və Türkmanelində -
hərəsi bir mühitdə parlayıb.
Ulu öndər Heydər Əliyevin: "Sonralar tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları
bir bütövün parçalarıdır" tarixi
kəlamı bir kökdən olduğumuzu və dil birliyimizi
bir daha təsdiqləmiş olur
("Qardaşlıq", ¹8, İstanbul,
2000-ci il, s.4).
Heç
şübhəm yoxdur
ki, dil birliyinin
sayəsində AMEA-nın
prezidenti, akademik
İsa Həbibbəyli və
Kərkük Türkman
Mədəniyyət Dərnəyinin
rəhbəri Dr.Şəmsəddin
Kuzəçinin imzaladığı
əməkdaşlıq müqaviləsi
Türkmaneli ədəbiyyatçıları
və alimləri ilə əlaqələrin
möhkəmlənməsində müstəsna rol oynayacaq. Əməkdaşlıq müqaviləsinə əsasən, İraq türkmanları
Azərbaycanda nəşr
edilən humanitar elmlər üzrə kitabları İraqdakı
Azərbaycan səfirliyi
vasitəsilə tezliklə
əldə edəcəklər.
İllərlə arzuladığım əlamətdar tarixi hadisələrin baş verdiyinə sevinirəm.
Qəzənfər Paşayev
Ədəbiyyat qəzeti 2024.- 25 may, ¹19.-
S.4.