Ağ nar
Hərbi hissəyə çatanda bərk
acmışdım. "Qarnımın qurultusunu tək mənmi
eşidirəm, yoxsa, sağım-solum ürəyində bu səsə
gülürmü?" - düşünürdüm.
Sonra xatırladım ki, elə
sağım-solumla birgə yola çıxmışıq.
Səhər 9-da Qubada
çağırışçılarla bir yerdə
toplaşmış, oradan Biləcəriyə, sonra Qala kəndinə
gəlmişdik. Hərbi hissəyə nahar bitənə
çatmışdıq.
Bu günə qədər əsgərlik xatirələrimdən
çox, əsgərlikdən əvvəl mənə
danışılan uydurmalar yadımdadır. Çoxunun yalan olduğu bu
söhbətlərin qəhrəmanları "zabitin
başına təpik qaldıranlar", "hərbi hissə
komandirinin qızı ilə eşq yaşayanlar",
"kürəyində stul sındıranlar", "hərbi
hissə üçün darıxanlar" idi. Bir də belə
söhbətlər vardı (bunu doğma xala oğlum
danışmışdı):
Bir dəfə
yeməklərin hazırlandığı yerə keçəndə
görüb ki, əsgərin biri püre hazırlayır;
girib qazana, ayaqyalın kartofu tapdalayır, alnında tər
puçurladıqca da silib tökür qazanın içinə...
Bunaoxşar yemək söhbətləri o qədər
çox idi ki, əsgər getməmişdən qabaq ən
böyük çətinliyimin aclıq olacağını
düşünmüşdüm. Hərbi hissəyə
gəldiyim gün isə tam tərsini gördüm. Elə
dadlı balıq qızartmışdılar, gəl, görəsən!
Qıpqırmızı balıq, yanında zeytun
yağında noxud, badımcan qovurmasıqarışıq
salat, yumşaq çörək... Porsiya da iki adamlıq...
Elə ilk gündən narahatlığım uçub
getdi.
Yeməkdən
sonra bizi forma üçün anbara apardılar (bu, əsgərlik
hekayəsi deyil):
Atamın təkidi ilə köhnə,
"ağzını ayırmış" ayaqqabı, rəngi
əvvəllər qara, hadisəni danışdığım
günlərdə sarı olan şalvar geyinmişdim. Bircə
köynəyimi özüm seçmişdim. Son kursda aldığım, bənövşəyi,
üstünə də "Hermes" yazılmış
köynəyim.
Atam niyə
belə təkid etmişdi, onu da izah edim: əsgərlikdə əynindəki
formanı çıxarıb atırsan, o paltarlar zibilliyə
də gedə bilər, yer silmək üçün də
istifadə oluna bilər, naməlum səbəblərdən
geri də qayıda bilər. Ona görə
minimum xərclə yaşamağa vərdiş etmiş ailənin
üzvü kimi mən də köhnə-külə geyinib gəlmişdim.
Öz geyimimi tullayanda "Hermes" köynəyimin
arxasınca həsrətlə baxdım. Son tələbə
təqaüdümlə almışdım, çox
yaraşdığını düşünürdüm.
Köynəklə ayrılıqdan sonra bizi
karantinə göndərdilər. Karantində
ilk gördüyüm zabit Osmanov soyadlı gizir oldu. O Osmanov ki, sonralar üzüm sirkəsi içib
intihar edəcəkdi. Daha sonra
bölükdə də bizim üstümüzdə o idi.
Osmanov həm sıra xəttini, həm dönmə
hərəkətlərini məşq etdirdi, andiçməyə
qədər bizi "adam elədi". Döymədi,
söymədi, mənasız yerə cəzalandırmadı,
amma bizi iyirmi günün içində vətəndaşdan əsgərə
çevirdi.
Osmanov hərbi hissənin yerləşdiyi şəhərcikdə
qalırdı.
Ailəsi də burada idi, ona görə də
yoldaş giziri təkcə növbədə olduğu günlərdə
yox, yay-qış, hər gün görürdük.
İstirahət günlərinin, az qala,
hamısında içkili olurdu. Xidmətin ilk
saatlarında da rəngi qırmızıya
çalırdı.
Hərbi
xidmətin altıncı ayında Osmanovun evinin yerini, onun və
bütün zabitlərin həyətlərindəki ağ nar ağaclarını yaxşıca əzbərləmişdik,
dəfələrlə girib oğurluq eləmişdik. Gün növbətçisi olan əsgər həm
də nar oğrusu növbəsində olurdu.
Günlərin birində növbədə mən idim. Gecənin bir
aləmi üz tutdum nar bağlarına. Osmanovun
hasarından tullananda ehtiyatsız davrandığımı
anladım. Səhv etmişdim, bağda
kiminsə olub-olmadığına diqqət etmədən
hasardan aşmışdım. Həyətdə
Osmanovun yoldaşı Flora dayanmışdı. O telefonla
danışırdı, telefonda kiminləsə yox, eləcə
telefonla.
Süni zəka proqramlarından birində
qızğın söhbətdə idi. Hətta
söhbət elə qızışmışdı ki,
dörd addımlığında dursam da, məni görmədi.
Floranın proqrama heyran olduğunu gözlərindən,
intonasiyasından, mimikasından başa düşmək
olurdu. O, "ağzının suyunu axıdır",
proqramın səsi ilə xumarlanırdı. Sonralar
bu söhbəti yada salanda Floranın proqram üçün bəzəndiyini,
proqrama cilvə satdığını xatırlayırdım.
Floranın
danışdığı söhbətlərin heç bir mənası
yox idi: bir sualı "Sevgi nədir?" idisə, ardınca
"Merkuridən torpaq almaq olarmı?" soruşurdu. Gah "Göz yaşını ən tez nə
qurudar?" kimi suallar verirdi, gah da "İçməli su
ehtiyatı nə zaman bitəcək?" soruşurdu. Proqram da səbirlə dinləyir, hər suala
uzun-uzadı cavab verirdi.
Əvvəl
qorxudan, sonra çaşqınlıqdan donub
qalmışdım, bir az da yerimdə tərpənmədən
gözləyirdim ki, Flora üzünü çevirib getsin, mən
də qayıdım. Floranın getmək fikri
yox idi, başqa çıxış yolum olmadığı
üçün çevrildim. Hasara
dırmaşdım, tullananda "Adəm, Adəm!" -
deyə qışqırıq səsi
eşitdim. Hər halda məni
görmüşdü.
O gecə
nar yemədik.
Növbəti
gecələrin birində özümü Osmanovun
bağına yol alan yerdə tutdum. Bu dəfə məni ora aparan nar həvəsi yox,
Floranın davranışları idi.
Flora bu dəfə də həyətdə idi. Yenə bəzənmişdi.
Amma telefon əlində deyildi. Qutuları üst-üstə yığmış,
telefonu onların üstünə qoymuş, özü də
yerdə diz çökmüşdü.
O,
telefona, daha doğrusu, süni zəka proqramına sitayiş
edirdi. Tez-tez səsi titrəyir, yalvarış,
hıçqırıq səsləri artırdı. Proqram isə heç dəyişməmişdi.
Eyni templə bütün suallara cavab verməkdə
idi.
Floranın suallarının məzmunu əvvəlki kimi
dağınıq deyildi. O yalnız konkret suallar verirdi: "Dəyərli olan nədir?
Dəyərli olan kimdir? Varlıq
nədir? Fədakarlıq nədir? İmtina nədir?" və sairə. Əvvəlki dağınıq fikirli Flora məni
görməmişdisə, budəfəki "həbs olunmuş"
Flora heç hiss etməzdi. Elə də
oldu.
Hasardan içəri tullanıb xeyli nar
yığdım, qayıdanda Floranın sualını
eşitdim. "Övlad nəyə gərəkdir?"
Bölüyə daxil olanda hamının nar gətirib-gətirməyəcəyim
barədə mərcə girdiyini gördüm. Xüsusən,
keçəndəfəki "fərasətsizliyim"dən
sonra əlidolu gələcəyimə ümidləri
azalmışdı.
Narı yeyib yatağa uzandıq.
Kazarmadakı səssizliyi ayaqyolundan gələn damcı
səsi pozurdu.
Bu altı ayda nə illah eləmişdiksə, o
suyu bağlaya bilən olmamışdı. Yuxuya gedənə
qədər hər damcı mismar kimi beynimizə
sancılırdı. Əsgərlikdə məni əqrəb
sancıb, paltarıma bit düşüb, xəstələnmişəm,
doxsan altı kilodan altmış beş
kiloya kimi arıqlamışam, günlərlə yuxusuz
qalmışam, amma heç biri məni o su damcısı qədər
yormayıb. Bəlkə, Flora və
davranışlarını o günlərdə beynimdə
dolaşdırmamağımın səbəbi də bu
damcılar idi.
Gündüzlər baş qarışır, axşam
sıra düzülüşündən sonra da əsgərlərlə
hər cür mənasız söhbətlər gedir, gecələr
də damcı imkan vermirdi ki, özümlə baş-başa
qalım.
Bir neçə gün də keçdi, artıq nar
mövsümünün son dəmləri idi və biz əsgərlər
bu kral meyvəsinə ac idik. Yenə mən getdim -
bu dəfə öz istəyimlə.
Osmanovun bağına çatanda dayandım.
Özümə söz vermişdim ki, Flora bağda
olmasa, heç içəri girməyəcəyəm,
başqa həyətə keçəcəyəm. Çünki gəlişimin
səbəbi bəlli idi: Flora.
O, yenə
bağda idi; mən də özümü xəlvət
bağa saldım. Amma Flora tək deyildi. Telefon da yox idi. Yanında on dörd-on beş yaşında bir qız vardı.
Qızın gözlərindən yuxu
tökülürdü, uzun saçları
dağılmışdı, ayağında ayaqqabı yox idi,
qısa şort və kimano geyinmişdi. Qızı,
sanki yataqdan götürüb həyətə qoymuşdular.
Flora isə yenə öz kefində idi - bəzənmişdi.
Flora uşağı "Eden", - deyə
çağıranda onun öz qızı olduğunu bildim. Neçə
ay əvvəl Osmanovla adlar haqqında danışanda
qızına Eden adı qoyduğunu demişdi.
Flora asta
səslə:
- Eden,
bunu mən yox, O istəyir, - dedi.
- Mama, gecədir,
yuxunu qarışdırmısan, gecə-gecə məni buna
görə çağırmısan?
- Hə,
buna görə çağırmışam. Dedim axı, mən
yox, O çağırıb.
- Of-f, dəli
olacam! Özün kimi məni də dəli edəcəksən,
mama. Girək içəri, o, yox, bir bu
biri, - qız başını buladı.
İçəri
keçmək istəyəndə Flora yenə qızın
qolundan tutdu:
- Sənə
deyirəm, bu, hökmdür, mənim iradəmlə olan
şey deyil. Onun yanına çatmaq istəyiriksə, yeganə
yol budur, - danışdıqca səsinin tonu tez-tez dəyişirdi.
- Nə,
mama, nədir yol?
- O səni
istəyir, qızım, mənim gözəl balamı...
Eden
anasına yazığı gəlirmiş kimi baxdı:
- Vallah,
mama, daha bəsdir. Sabah papaya da deyəcəyəm,
sən xəstəxanalıqsan, səni həkimə aparmaq
lazımdı.
- Sabah
yoxdu, qızım. O bu gün deyib, günəş
çıxana qədər deyib, Günəş doğanda sən
də yenidən doğulacaqsan, mən də...
- Mama,
ilin-günün bu vaxtı, belə gic-gic söhbətləri
hardan tapırsan, bilmirəm, burax qolumu, gedirəm, papanı
oyadım.
Eden
içəri keçmək istəyəndə anası
qolundan bir az da bərk yapışdı. Özünə tərəf çəkdi,
qucaqladı və hönkürtü ilə ağlamağa
başladı.
Flora ağladıqca Eden sakitləşdi. O da anasını
qucaqladı, sonra birlikdə pilləkənə
yaxınlaşıb çöməldilər.
Flora:
-
Bağışla, qızım, bağışla! - dedi, - Səni incitmək istəmirdim.
Bağışla məni!
Eden yenə:
-
Keçək içəri, mama. Sabah hər şeyi
danışarıq, - dedi.
Flora razılaşanda artıq hasardan aşıb kazarmaya
tərəf üz qoymuşdum.
Bu dəfə hasardan tullananda ağacdan
qopardığım nar əzilmişdi. Kazarmaya
çatanda şalvarımın qıpqırmızı
olduğunu gördüm, narın suyu axmışdı.
Qəribəsi
bu idi ki, bu dəfə də meyvəni həmişə ağ nar dərdiyim ağacdan
qoparmışdım. "Yəqin, necəsə
qarışdırmışam", - düşündüm.
Şalvarımı çıxarıb ayaqyoluna girdim. Kranın
altına tutdum, qırmızı ləkəni nə qədər
yumağa çalışsam da, ləkə azalmadı, hətta
mənə elə gəldi ki, qırmızı ləkə
getdikcə böyüyür və elə bil, kimsə
şalvarımın üstünə dayanmadan
qırmızı boya tökür.
Şalvarımı heç cür təmizləyə
bilmədiyimi görüb onu kranın altına qoydum və
yerimə uzandım.
Bu gecə ilk dəfə idi damcı səsi yox idi. Şalvarım
kazarmanı xilas eləmişdi. Səssizlik
isə bir neçə dəqiqə sürdü.
Hərbi hissədə heç vaxt eşitmədiyim səs
gəlirdi. Qoyun mələyirdi.
Qoyun elə
mələyirdi, elə mələyirdi... Fasiləsiz,
boğazını yırtaraq.
Qoyun hava işıqlanana qədər susmadı.
Hava işıqlananda hərbi hissənin həyətini
çığır-bağır bürüdü.
Hamı çölə qaçdı. Mən də
ayaqyolundan yaş şalvarımı əynimə keçirib
bayıra cumdum. Hamı eyni istiqamətə gedirdi - şəhərciyə...
Gəldik, gəldik, gəlməz olaydıq. Bəlkə də, mən
dünən getməz olaydım...
Osmanovun həyətinə çatanda o dəhşətli
mənzərəni gördüm.
Eden yerdə uzanmışdı. Ayaqları
gömgöy göyərmişdi. Dizindən
aşağı hərbi forma atmışdılar.
Əlləri yana
açılmışdı, saçları hələ də
dağınıq, gözləri isə açıq idi...
Boğazı
kəsilmişdi...
Ağacların arasında hələ də var qüvvəsi
ilə mələyən qoyun dayanmışdı.
Qoyundan
bir az aralıda gözləri
alışıb-yanan, üzündən məmnuniyyət
yağan Flora dizlərini yerə atmışdı. Ağacdan salladığı telefona baxır,
telefondan cavab gözləyirdi.
O bir əlində
tutduğu bıçağın qanını o biri əlindəki
köynəyə silirdi.
Köynəyin üstünə "Hermes"
yazılmışdı.
Adəm
Ədəbiyyat qəzeti 2024.-
25 may, №19.- S.5.