Dağlarda qalan mahnı

 

Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin ad gününə

 

Xalq yazıçısı Elçin atası, unudulmaz İlyas Əfəndiyev haqqında qələmə aldığı bir xatirəsində böyük sənətkarla yaxın münasibətindən böyük qürur duyan, el-oba arasında "havalı", məcnunanə gəzib-dolaşan bir şuşalının obrazını yaradıb. Vaxt-bivaxt öz pünhan dünyasına qapanan, ona göstərilən azacıq şəfqət duyğusundan hədsiz dərəcədə xoşbəxt, məmnun qalan həmin şuşalı kişi böyük sənətkara müraciətinin axırında hər dəfə son hərfləri xeyli uzada-uzada "İlyass" - deyərmiş.

Adın bu cür ifadəsində xüsusi bir doğmalıq, könüldaşlıq, ərk havası var.

Hər dəfə əziz Şuşa, Kəlbəcər, Laçın, Xankəndi barədə düşünəndə, nədənsə, şuşalı məcnunanənin o ərkli "İlyass" -xitabı da qulaqlarımda səslənib. Çünki o xitabda, səslənişdə adamın ruhuna, qəlbinin dərinliklərinə işləyən bir səmimiyyət, izaholunmaz doğmalıq havası var. Daha çox Zamanda, ömrün unudulmazlığında, o gözəlim dağlarda, yaylalarda doyumsuz bir havanın, nəfəs genişliyinin əks-sədası var. O gözəl yerlərin dağlardan havalanan mahnı səsi var. Şuşa koloriti, Şuşa sevdası, bağlılığı var. Böyük sənətkarımız İlyas Əfəndiyev dağlarda qalan, qayaların hafizəsinə yazılan o mübhəm mahnıların yaddaşa yansıtdığı hekayətlərin sətiraltı mənalarını, kodlarını öz yaradıcılığında əbədiləşdirən ustad idi. Külli-Qarabağ sevdalısıydı. Külli-Qarabağ mövzusu onun yaradıcılığından dönə-dönə keçirdi. Qəlbini o yerlərdə qoyub gəlmişdi. Ruhən o yerlərin havasında yaşayırdı. Ona görə bütün yaşamı boyunca yeriyən, hərəkətdə olan, azadlıq duyğularına səfərbər edən abidə-insan ömrü yaşadı. Qov kimi kövrək, nəğmə kimi həzin, duyğulu qəlbində ömr etdi dağlarda qoyub gəldiyi mahnıların xatirələri. O mahnılar bahar nəfəsli, yaz ətirlidi. Çünki özü gözəl bir yaz səhərində - 26 may günündə dünyaya göz açmışdı. Bir çox rəsmi sənədlərdə yazılan 13 may günü yenə baharın, yazın havasına hesablanmışdı.

İlyas Əfəndiyevin ədəbiyyatımıza (eyni zamanda mədəniyyət tariximizə) mənsub olduğu ( çox qədim) xalqın qan yaddaşından, milli düşüncəsindən gəldi. Onun yaradıcılığı ilk növbədə, millətin özü olaraq qalmasına, özünə qayıdışına (bu kontekstdə, güclü olmasına) xidmət işidi. Bahar nəfəslidi. Həmişəyaşardı - öz böyük xatirəsi, adı kimi...

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti 2024.- 25 may, №19.- S.9.