Yeni əsrin şeirləri... Suallar poeziyası!
Bu günlərdə "Qobustan" dərgisinin
Poeziya əlavəsi - Türk şairi Furkan
Çalışqanın "Mezzo Morte" adlı şeir
kitabı işıq üzü görüb. Kitab "Qanun" nəşriyyatında
çapdan çıxıb. Şeirləri Azərbaycan dilinə
istedadlı şairə
Aysel Xanlarqızı tərcümə edib.
Furkan Çalışqan 1983-cü ildə
Ankarada anadan olub. İstanbul Universiteti
İnşaat Mühəndisliyi
fakültəsinin məzunudur.
Hazırda həmin fakültədə
doktorantura təhsilini
davam etdirir. Müxtəlif ədəbi jurnallarda
şeirləri və məqalələri dərc
olunub. Dostları
ilə birlikdə
"Şeir Versus"
jurnalını nəşr
etdirir. 2019-cu ildən Türkiyənin nüfuzlu nəşriyyatı
olan "Ketebe" Yayım Evinin baş redaktorudur. Şeirləri ispan, alban, alman və ərəb
dillərinə tərcümə
olunub.
Kitabları: "Qəbahətlər
qanunu" (2009), "Müdafiə
Sənəti" (2013), "Türkiyə saatı"
(2017), "Uzaqların Hücumu"
(2018), "Mümkün olmayanın
pozulması - Müasir
dövrdə poeziya"
(2019).
"Qobustan"ın poeziya əlavəsi kimi çap olunan "Mezzo Morte" kitabına Ön sözü dərginin baş redaktoru Pərvin yazıb. Ön sözü "Ədəbiyyat
qəzeti" oxucularına
təqdim edirik.
Çağdaş türk poeziyasının qeyri-adi, orijinal nümayəndələrindən biri olan Furkan
Çalışqanın şeirlərini
ardıcıl oxuyanda fərqli duyğu və düşüncələr
bir-birini əvəz edir. İlk baxışdan
son dərəcə səmimi,
hətta etiraf kimi açıq görünən poetik nümunələrin bir çoxunun alt qatında sirr var. Furkan bəyin şeirləri Azərbaycan oxucusuna ilk dəfə təqdim olunduğu üçün
onlar haqqında bir az ətraflı söz açmağı özümə
borc bildim.
Azərbaycan ədəbi-mədəni
cameəsində 55 ildir
ki, sevilərək oxunan "Qobustan" sənət dərgisinin
2024-cü il üçün ilk sayını
Türkiyə ədəbiyyatı,
mədəniyyəti, incəsənətinə
həsr etdik. Bu dəfə dərginin
poeziya əlavəsi olaraq Furkan Çalışqanın
şeirlərini də
oxucularımıza təqdim
edirik. Ümumiyyətlə, dərgini çapa
hazırladıqca iki qardaş xalqın mədəniyyətinin, ədəbiyyatının,
tarixinin, dilinin yaxınlığına, eyniliyinə
bir daha əmin olduq. Və elə Furkan bəyin də şeirləri ümumtürk
ədəbiyyatının, ələlxüsus, poeziyasının
yetişdiyi, gəlib çatdığı məqam
kimi qavranır.
Bu lirik parçaları
qədim və zəngin türk poeziyasının ardı kimi də anlamaq
olur, dünya, xüsusən, Avropa
modernist şeirindən gələn
ənənələrin təcəssümü
kimi də... Həmçinin bu əsərlər
poeziyanı hər zaman düşündürən,
şeirin diqqət mərkəzində olan problemləri, ağrıları
ifadə etməklə
yanaşı, müəllifin
öz bioqrafiyası, taleyinin, yaşantılarının
şərhi təsiri
bağışlayır. Və bu şeirlər, ilk növbədə, intellektual,
duyğulu, düşünən
bir insanın, şairin oxucusu ilə dərdləşməsi,
bölüşməsi hesab
edilə bilər.
Sanki Furkan bəy
şəxsi yaşantılarını
real həyat yox, şeir kimi qəbul edir, sadəcə, düşüncəsini
bölüşür və
bu, poeziya olur. Eyni zamanda bu poetik
nümunələrdə dünya
mədəniyyətinə, ədəbiyyatına, tarixinə
bələd şairin
intellektual "göndərmələri",
müasir terminlə desək - "link"ləri
maraq doğurur.
Şeirləri ümumiləşdirsək, onları
bir tezis altında birləşdirməyə
çalışsaq, ilk ağıla
gələn - suallar poeziyası - ifadəsidir. Axı, həqiqətən, şair
daim narahat olan, həm özünün, həm də dünyanın suallarına cavab axtaran insandır.
Sabah çoxmu uzaqdır?
***
Necə gedə bilərəm məndən sənə?
***
Kim demişdir ki, yoxdur şairlərin
peşə xəstəliyi?
***
Hər zaman işə yaramazmı ilk öyrəndiyin
dua?
Ayrı-ayrı şeirlərdən seçdiyim
bu tipli sualların sayını dəqiq bilmirəm. Çünki mənə görə, şeirlərdə
birbaşa verilməyən,
sonunda sual işarəsi qoyulmayan sorular da az
deyil. Şairin niyyəti bunların cavabını tapmaq deyil, oxucunu bu haqda düşündürməkdi:
Faydalı sonları
bilmirəm,
Nə də karyera hesablarını.
Artıq nə
günəşi yaradan
şəhərləri,
Nə də ki, dünyanı.
Sən dəqiq
hesabdın,
Mən qalıq,
kəsir...
Axıska, hanı
1946-cı il?
Axıska türklərinin 40-cı illərdə
başlarına gətirilən
müsibət tarixdən
məlumdur. Amma şeir
bunu necə deyə bilər? Yaxud bu, onsuz da dəhşət
olan həqiqəti şeir dilində necə "gizlətmək"
olar?! Məncə,
elə bu cür... Uşaq kimi; elə de, heç kəs anlamasın, ağrımasın,
kədərlənməsin...
Qəribədir ki, bu şeirlərdə
nə şairin, nə də onun lirik qəhrəmanının
yaşını müəyyən
etmək mümkün
olur. "Velosipedin
yanında qaçan uşaq" şeirində
şair elə həmin uşaqdırsa,
"Naringi qabıqları,
yaxud Vaqnerdən qanamalı..."da ürkək
yeniyetmədir. Amma həm
də öz taleyinə və dünyanın gəlişinə-gedişinə
müdrik ədası
ilə tamaşa edən ağsaqqaldır.
Hər kəs
öz ölümünə
boyun əyməlidir,
Yenə də
nəfəsimizi dərsək,
olar,
bu da bir ehtimal.
Ölüm poeziyanın əbədi və əzəli mövzusudur, təbii. Amma onun insan və
həyat üzərində
qələbə olmasını,
insanın sonuca bir faciə qəhrəmanı obrazını
qürurla yaşamaq məcburiyyətini belə
orijinal deyimlə ifadə etmək də şairin üzərinə düşür.
Ümumiyyətlə, bu şeirlərdə
müəllif dünyanın
dərdini öz şəxsi ağrısına
çevirmiş insan kimi görünür.
Yaxud da şair bunları etiraf etdiyi, önə çəkdiyi, qabartdığı
üçün dərd
kimi qavranır... Axı, hansısa ağrıdan qurtulmaq üçün,
ilk növbədə, onu
etiraf etmək, onun varlığını
təsdiq etmək lazımdır. Məhz bu
andan başlanır yaraların sağalması.
Və bu "yaralar" dərinliyinə,
miqyasına, əhatə
dairəsinə görə
fərqləndirilmir:
Xəzərdə bir qocanın məmləkətdir çəliyi.
Bilmirəm, sən
varmısan, sevgilim,
hüzn kataloqlarında...
***
Yaxın Şərq dünyası ağrı-acı.
Kim demişdi ki,
yoxdur
Şairlərin peşə xəstəliyi?!
Eyni şeirdən gətirdiyim
nümunələr dediyim
fikri təsdiq edir, əslində. Xəzər sahilində çəliyinə - deməli,
təkliyinə, qocalığına,
zəifliyinə söykənmiş
ixtiyar bir insanın gətirdiyi hüznlə "Ağrı-acı
içində olan Şərq dünyası"nın ağrısı
yan-yanaşıdır və
şair bunların hər birini öz daxili aləmindən keçirib
oxucusuna anladır. Amma eyni zamanda da dünyanı sarmış
böyük bəlaların
qarşısında sözün-sənətin
gücsüzlüyünü də dərk edir. "Adsız"
şeirində deyildiyi
kimi:
Heç vaxt
qəhrəmanlıq göstərməyəcək
bu şeir.
Və siz ad qoymayacaqsınız
ona.
Vaxtilə gözəl
bir qadınmış
kimi
batır günəş
iztirablı və hər zamankitək!
Əlbəttə,
dünyanı cənginə
almış müharibə
və fəlakətlərin
içərisində sözdən
qəhrəmanlıq ummaq
yersizdir, şair də bunu yaxşı
bilir. Amma
bununla belə şairlə oxucu arasında ən sirli, mübhəm bir dərdləşmə
kimi, şeirin az da olsa,
təsəlli gücünü
kim dana bilər ki? Amma:
Məftillərə ilişən yun köynək kimi sözlər...
Narahatlıq hissidir özgənin bağçasında.
Görünür, bunu bildiyi
üçün şairin
şeirlərində didaktikaya
rast gəlinmir. Ondan ötrü şeir bir maarifləndirmə
aləti, yaxud oxucuya ağılöyrətmə
vasitəsi deyil. Özünü və duyğularını bölüşmə
meydanıdır.
Furkan bəy şairlik istedadına malik olmaqla yanaşı,
həm də redaktor kimi bir
çox uğurlara imza atıb. Türkiyənin çox sevilən və maraqlı kitablar nəşr edən nüfuzlu nəşriyyatlarından
biri olan "Ketebe"nin baş redaktorudur. Ötən il ustad Anarın
doğum günü tədbirləri çərçivəsində
"Ketebe"nin qırmızı
kitabxanasını ziyarət
etmək, orada oxucularla görüşmək
fürsətimiz oldu. Görüş ərəfəsində Anar müəllimin "Ağ liman", "Beşmərtəbəli evin
altıncı mərtəbəsi"
və "Təhminənin
son sirri" bir kitabda yazıçı-tərcüməçi
İmdat Avşarın
çevirisində elə
"Ketebe" yayınlarından
işıq üzü
görmüşdü. Oxuculara
təqdim edilən bu kitabın araya-ərsəyə gəlməsində göstərilən həssaslıq,
diqqət də bütün prosesi izləyən adam kimi gözümdən yayınmamışdı. Hesab
edirəm ki, azad ruhlu şairin
işinə, tutduğu
vəzifəyə bu qədər məsuliyyətlə
yanaşması da ayrıca üstünlükdür.
Furkan Çalışqan həm şair, həm də, sadəcə, bir insan kimi son
dərəcə maraqlı
həmsöhbətdir. Ona
görə mən çox da uzatmadan
onun şeirlərini oxuculara təqdim edirəm.
Pərvin
Ədəbiyyat qəzeti 2024.- 25 may, ¹19.- S.8.