Məfkurə
adamı
Bu xəbəri
eşidəndə inanmadım. Necə inanasan ki, bir neçə
gün öncə bir yerdə oturub çay içə-içə
olub-keçəndən və yaxın gələcəkdən
danışdığın insan indi varlığını əbədi
sükuta təslim edib...
Ramiz
Əskər mənim tələbə yoldaşımdır.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə
eyni vaxtda - 1972-ci ildə daxil olmuşuq. O, orta məktəbi
qızıl medalla bitirdiyi üçün digər abituriyentlərdən
fərqli olaraq cəmi iki imtahan verib, ikisindən də "əla"
qiymət alaraq universitetə daxil olmuşdu. Birinci kursun ilk
günlərindən hər kəsə qeyri-adi görünən
arıq, çəlimsiz, lakin məntiqli və təfəkkürlü
bu oğlanla səmimi münasibətlərimiz
yaranmışdı. Mən tələbə yataqxanasında
yer ala bilməyib məyus olanda Ramiz məni 2-ci Yasamal
küçəsində kirayənişin qaldığı evə
- Məsmə xalanın yarımzirzəmisinə apararaq öz
otağında yer vermişdi... Bir il bir otaqda
qaldığım müddətdə mən ondan çox
şeylər öyrənmişdim. Bunların ən vacibi
yuxusuz və gərəksə ac qalmaq idi ki, oxumaq naminə
iradə nümayiş etdirməliydin. Məndən fərqli
olaraq o, səbirli və dözümlü idi. Elə gecələr
olurdu ki, sabahı əlində kitab açırdı...
Üçüncü kursu əla qiymətlərlə bitirdi.
Dördüncü kursdan Moskva Dövlət Universitetinin
jurnalistika fakültəsində təhsilini davam etdirdi.
Bakıya qayıdanda öncə Radio-Televiziya verilişləri
Komitəsində, sonra isə müxtəlif mətbuat
orqanlarında rəhbər vəzifələrdə
çalışmağa başladı. Ramiz jurnalistikaya azad
fikir, sərbəst düşüncə gətirdi. "Odlar
yurdu" qəzetinə rəhbərliyi dövründə bu
demokratiyanın, yurddaşlıq və vətəndaşlığın
bariz nümunəsini gördüm. Lakin mətbu yazılar onun
mənəvi ehtiyacını tam ödəmək qüdrətində
olmadığı üçün o, publisistikadan elmə
baş vurdu. Azərbaycanda ilk dəfə olaraq Mahmud
Kaşğarinin "Divanü-lüğat-it türk" və
Yusif Balasaqunlunun "Qutadğu biliğ" əsərlərini
araşdırmaya cəlb edərək onlar haqqında namizədlik
və doktorluq dissertasiyaları yazdı.
Türkologiyamızda
Ramizin müstəsna xidmətləri həm də onunla
ölçülür ki, o, tədqiq etdiyi əsərin tərcüməsini,
izah və şərhini də öz üzərinə
götürməkdən çəkinməyib. Türk
xalqlarının vahid kökdən qaynaqlanan, sonradan şaxələnmiş
fərqli dilləri Ramiz Əskər üçün
anlaşılmaz deyildi. Malik olduğu mütərcimlik səriştəsi
ona 50-dən artıq kitabı dilimizə çevirmək
imkanı yaratmışdı.
Rus,
alman, türk, özbək, qazax, türkmən,
qırğız, uyğur, tatar, başqırd, qaqauz dillərindən
tərcümə etdiyi kitablar humanitariyamız, daha dəqiq
söyləsək türkologiyamız üçün olduqca
dəyərli nəşrlərdir.
Azərbaycanın
şöhrət ordenli Əməkdar jurnalisti, filologiya üzrə
elmlər doktoru, professor Ramiz Əskər Orta Asiyadakı
türk dövlətlərinin, o cümlədən Türkiyə
Cümhuriyyətinin ali mükafatlarını, orden və
medallarını almış qürurverici
yurddaşımız, dəyərli ziyalımızdır. Gələcək
nəsillər onun araya-ərsəyə gətirdiyi kitablardan
mənbə və məxəz kimi istifadə edəndə
görkəmli tədqiqatçıya və tərcüməçiyə
dönə-dönə rəhmət oxuyacaqlar...
İçində
böyük bir türk sevdası qaynayan professor Ramiz Əskər
yorulmadan, usanmadan həyatının mənasını bu məsləkə
xidmətdə gördü. O, heç zaman
sağlamlığının qeydinə qalmadı, istirahətin
nə olduğunu bilmədi. Ümumtürk mənafeyinə
xidməti özünün məfkurəsi hesab etdi.
Məkanın
cənnət olsun, məfkurə adamı. Zaman səni bizdən
alıb zamansızlığa, ölməzliyə yola
saldı...
Adil Cəmil
Ədəbiyyat qəzeti 2024.- 25 may, №19.- S.30.