Qar
Gözlərinin mavi limanında
yaz zamanı yağır qar...
Nizar
Semester yekunlaşanda bəzi tələbələr ailəsinin
yanına yollanırdı. Şəhərdə
qalmağın mənasız olduğunu düşünüb
üz tutdum rayona. Yaxşı
yadımdadır, imtahanımın biri düşdü
qışın lap tərs vaxtına. O gün
ağıllı adam başını
çölə çıxarmazdı...
Zəngli saatın səsinə yuxudan ayılıb
gözlərimi ovuşdura-ovuşdura telefona baxdım. Altıya on dəqiqə
işləyirdi. Dünən gecə
yağan və get-gedə güclənən qar ovqatımı
yaman korladı.
Pəncərədən qarda xizək kimi
sürüşən maşınlara tamaşa edərək dərindən
köks ötürdüm. Doğrusu, artıq nəyin
dərdini çəkəcəyimi belə
yadırğamışdım. Zəngli
saatı söndürüb hazırlaşdım. Tezbazar
Vüsalı yığdım:
- Salam,
Vüsal, yollar buz bağlamamış tərpənək, bəlkə?
- Qaqa,
narahat olma, mənlikdü. Özüm çıxmayacam,
qardaşım Camal ağ
"Şevrolet"lə götürəcək sizi.
- Təkcə
qardaşın çıxacaq bu boyda rayondan?
- Nə
bilmişdün bə, belə havada yola çıxmazlar, ta
söz vermişəm sizə. Kişinin sözü bir olar... Beş-on dəyqəyə gəl, "Kruq"a.
Könülsüz-könülsüz bir-iki tikə
çörək yedim. Atam maşını işə saldı.
Elə təzəcə yola düşmüşdük, Camal zəng
vurdu:
- Gecikmə
ha, maşında qız uşaqları var, tələsginən.
-
Yoldayam...
Dilucu
"yoldayam" desəm də, görünür, bir az gecikəcəkdim. Necə tələsərdim,
axı? Rayonun mərkəzindən də
xeyli aralıda yaşayırdım. Maşınımızın
da ki, maşallah, başı bir tərəfə, g.tü bir tərəfə
axırdı.
"Bircə qızların gəlməyi
çatışmırdı," - deyə öz-özümə
fikirləşdim. Sözün düzü, Fatiməyə
görə nigaran idim. Ayrılmışdıq.
Onu bir də görmək, şübhəsiz,
ürəyimcə olmayacaqdı. Qəlbimdə eyni təlatümlər,
eyni hisslər keçirmək qorxusu vardı...
Atam güc-bəla, məni "Kruq"a
çatdırdı. Maşından düşdüm, ancaq
taksiyə minməyə cürət eləmirdim. Bəlkə, təsadüfən onun da bu gün
imtahanı vardı? Bəlkə, elə bu
taksidə əyləşmişdi?!
Doğrudan, qorxurdum. Necə qorxmayaydım?
O an təhtəlşürum mənimlə
məzələnir, yaşadığımız yaxşı
günləri yadıma salırdı... Fəqət,
çarə yox idi. Ya o taksiyə minəcək,
ya da imtahandan kəsiləcəkdim. Çar-naçar,
qabaqda əyləşdim. İçəri
qaranlıq idi. Arxa oturacaqda əyləşən
qızları görmürdüm.
Şüşəsilənlər
şillə kimi şüşəyə çırpılan
qar dənəciklərini ram etməkdə çətinlik
çəkirdi. Taksi sürüşə-sürüşə
yol alır, iz-cığır görünmürdü. Məşhur
karfagenli sərkərdə Hannibalın sözünü
xatırladım: "Bir yol bağlıdırsa, digərindən
keçməlisiniz, o da yoxdursa, üçüncü yolu siz
açmalısınız..."
Qanımın qara vaxtı gözünə
döndüyüm Camal mənasız-mənasız söhbət
edirdi. Guya
güclü qar yağması təbiətin yox, hökumətin
işiymiş...
Bir azdan nisbətən hava açıldı. Camal
soruşdu ki, "İnstitutda oxuyursan?" - "Bəli",
- dedim.
-
Neçənci kurssan?
- 3.
- İxtisasun nədi?
-
Filologiya...
- Tarix
müəllimi olacaqsan?
- Yox, Azərbaycan
dili və ədəbiyyatı müəllimi...
-
"Filologiya"nın içində
tarix müəllimliyi getmir ki?
Özümü
eşitməməzliyə vurdum, xeyri olmadı, sualı yenidən
təkrarladı, "Yox" - dedim.
- Mən
orta məktəbi "iki"ylə bitirmişəm, amma
Allahtərəfi, tarixi yaxşı bilmişəm. Kaş tarix müəllimliyini oxuyardın. Onda
direktor ola bilərdin, - Camal dərindən
ah çəkdi...
- Qismət
belə imiş.
O, yol
uzunu danışdı, mənimsə, fikrim tamam başqa yerdəydi.
Bərk darıxırdım. Görəsən, Fatimə də taksidə idimi?
Görəsən, bu üç-dörd ayda
heç yadına düşmüşəm?
Götür-qoy edə-edə, iki saatlıq yolun haradan gəlib-hara
getdiyini hiss eləmədim. Universitet binasına
çatanda Camal dönə-dönə bizə
tapşırdı ki, yubanmayaq.
Maşından düşməmiş, cəsarətimi
toplayıb qızlara gözucu nəzər yetirdim. O, maşında yox idi. Bu dəm
özümü tük kimi yüngül hiss elədim.
İmtahana
on beş dəqiqə qalmışdı. Fürsətdən istifadə edib siqaret çəkdikdən
sonra içəri daxil oldum.
İmtahandan çıxanda Camal universitetin önündə
məni gözləyirdi. Gecikdiyimə görə gileyləndi.
Daha qar da kəsmişdi.
Maşında yer olmadı, bu dəfə arxada oturdum. İndi
ovqatım təlx deyildi. Üstəlik,
öndə - Camalın yanında əyləşmədiyim
üçün də başımı xarab edə bilməyəcəkdi.
Solumda sarışın, mavi gözlü,
uzunsaçlı, gözəl bir qız əyləşmişdi. Deyəsən,
bayaq onu imtahan zalında gördüm.
Fəqət, mən göz işlədikcə uzanan yola
zillənmişdim. Yol səliqəylə təmizlənir, duz və qum səpilirdi. Evə
çatar-çatmaz, içəcəyim limonlu çay
haqqında düşünürdüm.
Bir qədər
sonra gözləmədiyim bir şey baş verdi.
Yanımdakı qız ehmalca başını
çiynimə qoydu. Düzü, əvvəl bir az dilxor oldum. Lakin tədricən
narahatlığımdan əsər-əlamət qalmadı.
Sanki belə də olmalı imiş.
Yolboyu nə o çiynimdən başını
götürdü, nə də mən onu kənara itələdim.
Deyəsən,
elə ikimiz də bu anı gözləyirdik...
İlkin Öz
Ədəbiyyat qəzeti 2024.- 25 may, ¹19.- S.26.