Taxta əl
Anamın kənddə yaşadığı illər
idi. Bir qızı və qız nəvəsiylə
qalırdı. Getdim dəyməyə.
Gördüm stulda oturub, əlinin altında da
bir əl var.
- Bu nədi,
ay arvad, üç əlli olmusan, nədi?!
- Allah
çinlilərin atasına rəhmət eləsin, bala, bilirsən
nə karıma gəlir?!
-
Uşaqdı bəyəm, buyurub-eləyirsən o yan-bu yana?!
- Vallah,
uşaqdan da üzüyoladı.
- Qoy
oturmuşuq, sən Allah!
- Ay bala,
bir də görürəm, kürəyim qaşınır,
tuturam biləyindən, boynumun ardından - köynəyimin
altından salıram, sürüşüb gedir düz
qaşınan yerin üstünə, heç o yan-bu yana da tərpənmir.
-
Uşaqlara niyə demirsən, kürəyini
qaşısınlar?
- Bala,
camış camışdı ki, özünü
suya-palçığa batırıb-bulayandan sonra gün
qızdırır dərisini, başlayır
böyür-başı qaşınmağa. Girib
həyətə ya dama sürtünür, ya da
ağac-uğaca. İnsan da
yaşlaşandan sonra, hərəkət eləmir axı, qan bədəninin
hər yerinə yayılsın. Odur ki, həkim
deyiləm, mənim aləmimdə qan işləməyən
yerlər başlayır qaşınmağa. Bu əlin elədiyini uşaqlar eləyə bilməz,
oğul.
- Ay ana,
bu sərtdi, dərini cızar, qanadar?
- Nə
danışırsan, bala?! Vallah, ət barmaqdan bu taxta barmaq
adama can yandırandı. Bilirsən, uşaqları
çağırıram, gəlirlər, day dilimin
çüyü çıxır, əlini aşağı
sürüşdür, yuxarı sürüşdür,
sağ yana, sol yana... qaşınan yeri tapa
bilmirlər. Candərdi, - qaşıyın, -
deyirəm. Nə mən rahat oluram, nə də
onlar razı. Sonra da gedib yarım saat
barmaqlarını yuyurlar. Üstəlik
spirtləyirlər də. Qocayam axı, iyrənirlər.
Bu yandan da öskürək tutur məni. Güclə özümə gəlirəm. Amma
bu taxta əl elə həssasdı, elə dil biləndi, lap
adamın ürəyindən tikan çıxardır. Biləyindən yapışan kimi gedib barmaqları
oturur düz qaşınan yerin üstündə. Ləzzətlə
qaşıyıram, nə bu inciyir, nə də mən narahat
oluram...
Onda rəhmətlik anamın sözləri mənə qəribə
gəlmişdi.
- Oyunun
olsun, arvad, - deyə başımı dala atıb
gülmüşdüm.
Bu
yaxınlarda, hansı ki, anam da 10 il idi
dünyadan köçmüşdü, mən də anamın
yaşına yaxınlaşırdım, kürəyim bərk
qaşındı. Nə illah elədim, əlim
çatmadı. Boynumun dalından xətkeşi
saldım - o yana sürtdüm, bu yana
sürtdüm, iti ucu dərimə necə yeridisə,
cızzağım çıxdı. Axırda
durub kürəyimi dirədim divarın tilinə, camış
kimi sağa-sola sürtüb, rahat oldum. Birdən
anam yadıma düşdü. Elə həmin
günü taxta əlin birini də mən aldım Sədərək
bazarından. Balaca nəvəm Zeynəb əlimi dolu
görüb, qaçıb girdi otağıma:
- Mənə
nə almısan, ay baba?
- Bu dəfə
özümə almışam.
-
Özünə nə almısan?
- Əl almışam.
- Əə-əl?!
Ver baxım.
Alıb,
o yan-bu yanına baxandan sonra sıxdı sinəsinə:
-
Özünə nə yaxşı əl almısan, baba, qoy
aparım oynadım?!
- Bala, o qədər
oyuncağın var, get onlarla oyna,
özüm oynadacam.
- Bıy,
ay kişi, uşaqsan?!
- Hərdən
oluram, bala!
Zeynəb
qaçıb getdi:
- Şəmşəm,
- qardaşına deyirdi, - babam oyuncaq alıb özünə!
- Həəə...
- Şəmşəm də yüyürüb gəldi.
- Baba,
budu sənin oyuncağın?
- Hə,
bala.
- Uşaq
olmusan?!
- Hərdən
oluram, bala.
- Olanda
bizi də çağırarsan, baxaq, görək necə
uşaq olursan!
Oturub dincəldiyim yerdə birdən kürəyim
qaşınmağa başladı.
- Ay
uşaqlar, gəlin, uşaq olmuşam!
Şəmşəmlə Zeynəb qaçıb gəldi.
-
Baxın, - tutdum taxta əlin biləyindən, köynəyimin
boynundan saldım kürəyimə. - Qaşıdım ha. Rahat oldum nədi, ləzzət aldım, demirsənmi?!
-
Qaşınman kəsdi, baba?! - Şəmşəm
soruşdu.
- Bala, bu əl
elə həssasdı, elə dil biləndi, bir dəfə də
olsa məni incitməyib!
- Qocalar
belə uşaq olur, baba?! - Zeynəb soruşdu.
- Bəli.
- Elə
bilirdik balaca uşaq olacaqsan, - Şəmşəm dedi.
- Üzdə
böyük olmağıma baxmayın, içimdə balacayam,
bala.
- Ha...
ha... ha... - Gülə-gülə çıxıb getdilər
babanı yamsılamağa.
Ruhun
şad olsun, ana!
Allah sizin də atanıza rəhmət eləsin, ay
çinlilər.
Var-dövlətin
sehri
2010-da bizi - ölkənin bir qrup naşirini İranın
Məşhəd şəhərinə Beynəlxalq tədbirə
göndərmişdilər. Bir həftəydi, on
gün idi, indi yadıma sala bilmirəm, ürəyimiz istəyən
yeməkləri yeyir, kefimiz istəyən hoteldə
qalırdıq. Axşamlar da oturub, ötəndən-keçəndən
danışırdıq. Söz gəlib
çıxdı var-dövlət hərisliyinin üstünə.
Yaşımı əsas götürüb, mənə
"buyur" dedilər.
- Şamaxı zəlzələsində ata-anası
gözlərinin qabağında uçqun altında
qalmış gənc Qanı, dörd bacısını da
götürüb Kürdəmirə gəlir. Tacir imiş,
qızıl alveri eləyirmiş. Onda
Kür üstündə yerləşən Pirəköcə
kəndinin şimalında, mən də
görmüşdüm, Qaratəpə vardı. Onun ətrafında həftəbazarı
olarmış. Qanı kişi də
ticarət adamıydı deyə, bazara yaxın olmağı məsləhət
bilir, köçüb gəlir Pirəcə kəndinin
qonşuluğunda yerləşən Qocalı kəndinə. Bacılarını ərə verib, özü də
evlənir. Üç oğlu, iki
qızı dünyaya gəlir. Qanı kişinin
oğlunun biri - Çərkəz kişi
mənim ana babam idi.
Vaxt
yetirir Qanı kişi düşür
yorğan-döşəyə. Anam Gilas
danışırdı ki, atam baxır ki, kişi
can verir, amma gözü qalıb evin tavanında. Bir neçə gündən sonra rəhmətə
gedir. Aparıb dəfn eləyib qayıdan
oğlu Çərkəz, nərdivanı qoyub,
çıxır evin damına. 5
çaynik qızıl-zinət əşyaları tapır.
Dönüb olur kəndin ən varlı adamlarından biri...
Başqa
bir dostumuz sözü mənim ağzımdan aldı:
- Mənim
də babam tacir olub. Atam danışırdı ki, kişi var-dövlətinin sirrini
açmadı bizə, vəsiyyətsiz də ölüb
getdi.
1941-45 müharibəsinin ağır vaxtıydı,
dolanışıq gündən-günə çətinləşirdi. Mən də
evin yeganə başı papaqlısıydım, gündüz
bazarda fırlanır, beş-üç manat qazancım da
çay-çörəyə güclə
çatırdı. Axı atam
sağlığı qarnı dolusu yeməsək də, ac da
qalmırdıq. Anam da, görürdüm
fikir eləyir. Son dövr atamdan gileylənməyə
başlamışdım. Bir gecə yuxuma
girdi. Qoz ağacının dibində
durmuşdu. Qoltuğunda mücrü.
Bərk hirslənmişdi:
- A bala, məndən
nə istəyirsən?!
- Ay dədə,
axı dolana bilmirik!
-
Durğuzun məni qəbirdən, gəlim
hamballığınızı eləyim.
- Kim
dirilib indiyəcən, ay dədə, qəribə söz
danışırsan, vallah!
- Onda məni
niyə qoymursan gor-gah evimdə rahat yatım?!
- Axı
sən kasıb deyildin, niyə bizi bu günə qoyub getdin?!
- Neyləməliydim?!
- Hamı
deyir ki, şəhərdə beş
varlı vardısa, biri də sən idin.
- Nə
olsun, olum da?!
-
Qızıl-gümüşün yerini de, yoxsa acından
qırılacağıq!
Mücrünü
başı üstə qaldırıb qəh-qəhə
çəkdi:
- Budur,
burdadı qızıl-gümüş!
- Nəyinə
lazımdı o?!
-
Başımı qoyuram üstünə, yatıram. Yoxsa indiyəcən
çoxdan xortlamışdım!
-
Kişi, daşı tök ətəyindən...
- Nəəə?!
- Atam çığırıb, əlini yelləyib,
dönüb sürətlə getdi.
Səhər yuxudan peşman oyandım. Bildim ki, ruhunu
incitmişəm. Gedib mollaya pul verib, Quran
oxutdurdum. Bir müddət kişinin
qarasına danışmağı özümə yasaq elədim.
Amma 10 gün keçməmiş yenidən
ehtiyac mənə güc gəldi. Yenidən
başladım danışmağa. Həmin gecə kişi yenidən yuxuma gəldi. Qoz
ağacının dibində durub, qoltuğunda da mücrü,
sanki məni gözləyirdi.
- Məndən
nə istəyirsən, bala?! Niyə qoymursan qəbirdə
rahat yatım?!
-
Acından ölürük axı!
- Yoxam da
mən, gedin dolanın da!
- Bəs
sənin atalıq hissin?!
- On illərlə
canımın əziyyətinə
qızıl-gümüş yığmışam, indi verim,
satıb yeyəsiniz, deyirsən?!
- Ay dədə,
axı sənin indi yeyən ağzın yoxdu!
- Nə
olsun yoxdu, nəfsimə nə deyirsən?! Onu mənsiz yesəniz,
vallah, xortlayaram!
- A kişi, daşı tök ətəyindən...
- Nəəə?!
- O dəfəkindən də bərk
çığırıb, əlini yelləyib, dönüb
yox oldu.
Səhər yenidən peşmanlıq içində
yuxudan oyandım. Getdim mollanın yanına:
-
Hacı, atama nisyə Quran oxuyarsan?!
- Nisyə
Quran olmaz, bala!
- Niyə
olmur, hacı?!
- Gedib dədənə
çatmaz!
- 1
manatım var!
- Allah bərəkət
versin.
Mollanın yanından çıxıb getdim bazara. Axtarıb
dayımı tapdım. Savadlı,
dünyagörmüş adam idi. Başıma gələnləri ona
danışdım.
- Dur gedək
sizə.
Həyətə girib, getdik qoz ağacının dibinə.
- Harda
dayanmışdı atan?
- Bax, bu
ağacın sağ tərəfində. - Yerini göstərdim.
- Get beli gətir,
qaz buranı.
Yalançılar sözü, 1 metr qazdım.
- Ay
dayı, adamı bu dərinlikdə basdırırlar. Burdan o yana...
- Çətin
qazılır, asan?
-
Asandı.
- Bərkə
çıxanacan qaz.
Birdən belin ucu dirəndi. Eşələdim... gecə
atamın qoltuğundakı mücrünü görəndə
bağırdım:
-
Tapdım, dayı, tapdım!
- Pah
atonnan, bu kişi bu var-dövləti kimdən
gizləyirmiş, görəsən?! - Dayım fikirli-fikirli
dedi.
Elə o günü də bazardan yekə bir qoç
alıb, qurban kəsdim. Həm qonum-qonşuya verdik, həm də
özümüz qarın dolusu ət yedik.
Gecə təzəcə gözümü yummuşdum ki,
qəribə bir yuxu gördüm. Atam, mücrünü
qazıb çıxartdığım quyunun yanında
arxası üstə uzanmışdı. Gözləri də
dirənmişdi haqqa...
- Deməli,
atan ölməyibmiş, bala. - Molla əlimdəki onluğu
göydə qapdı...
İlk dəfə o dünyanın varlığına
inandım.
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti 2024.-
25 may, №19.- S.23.