Xeyrəddin Qocanın
gülüşü
“Gəlin, mümkün qədər qısa yazaq, onsuz da həyatda söz əlindən tərpənmək
olmur”
Y.Lents
Ürəkdən
gülmək istəyirsinizsə...
Yazıçı Xeyrəddin Qoca əlinə qələm alandan bəri cəmiyyətdəki çatışmazlıqları,
nöqsanları, eybəcərlikləri,
bir sözlə, bütün naqislikləri
tənqid atəşinə
tutur, satirik-yumoristik dillə oxucularına bir-birindən maraqlı əsərlər təqdim
edir. Dəyərli kitabların, pyeslərin,
yüzlərlə satiranın
müəllifi olan ədib ömrü boyu haqsızlıqlarla, ədalətsizliklərlə mübarizə
aparmışdır. Bu
yolda onun özünün də başına qəribə
əhvalatlar gəlmişdir.
Bu əhvalatlarla bağlı yazıçının
mənalı, gülüş
doğuran hazırcavablığı
da, onun atmacaları
da, bəzən bilərəkdən,
bəzən bilməyərəkdən
etdiyi hərəkətlər
də - satiraya, yumora, tənqidə xidmət edir.
Xeyrəddin Qoca nəyə isə etirazını bildirir, kimə isə istehza edir, kimlərəsə öz yerini göstərir. Beləliklə, sözün əsl
mənasında, nələrə,
kimlərə isə gülür. Qəribə (əslində, qəribə
görünür) dialoqlar,
atmacalar, istehzalar bəzən mənalı bir hekayəni əvəz edir.
"Xeyrəddin Qocanın gülüşü"nün əlyazması ilə tanış olan Xalq şairi
Nəriman Həsənzadə
yazır: "Hörmətli
qələm dostumun həcmcə kiçik yazılarını oxuduqca,
gözlərim önündə
həyatın istisini,
soyuğunu görmüş
bir insan canlanır. O birinci növbədə müsahibindən
yüksəkdə durmağı
bacaran hazırcavabdı.
Müdrikdi. Buradakı fəlsəfi ümumiləşdirmələr
sadədən mürəkkəbə,
mürəkkəbdən sadəyə
meyillidi. Çünki müəllif bilir ki, onun oxucuları
da müxtəlifdi - hər
kəsin özünəməxsus
dərketmə qabiliyyəti
olur. Buradakı pritçalar, atmacalar, lətifələr, kiçik
hekayələr, məişət
söhbətləri, düzünə
tuşlanmış eyhamlar,
satirik müraciətlər,
ismarıclar, bir sözlə, bütün ədəbi janrlara bənzəyən bu yazılar Xeyrəddin Qocanın daim ədəbi axtarışlarda
olduğunu və həyatın, cəmiyyətin
müəyyən məqamlarında
mənalar axtardığını,
eləcə də mənəvi paklığını
göstərən nümunələrdi.
Müəllif hamı və hər kəslə danışdıqca, əslində,
öz düşüncələrini
çatdırır, beləliklə,
teatr işçilərinin
dili ilə desək, personajların birinə çevrilir. Cəmiyyətdə yaşayıb, cəmiyyətdən
kənarda qalmır.
O, həyatı, insanları
sevir, qəlbindəki
işığı paylamaq
istəyir və paylayır da".
Təsadüfi deyil ki, Türkiyədə yayınlanan
"Bu dünyadan məktublar..."
kitabı ilə tanış olan ədəbiyyatşünas Camal
Anadol X.Qocanı "Azərbaycanın Əziz Nesini", türkiyəli
qələm sahibi İrfan Ülkü "Azərbaycanın Zoşşenkosu"
adlandırmış, “Hürriyyət”
qəzetinin müxbiri
Dursun Özdən isə onu Nəsrəddin
Xocaya bənzətmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor Nizami Cəfərov
yazır ki, "Xeyrəddin Qocanın əsərlərində Əziz
Nesindən, Cəlil Məmmədquluzadədən, Mirzə
Ələkbər Sabir,
Əbdürrəhim bəy
Haqverdiyevdən də
nə isə var. Lakin bu hekayələrin,
lətifələrin, zarafatların
müəllifi məhz,
onun özüdür
- Xeyrəddin Qocadır".
Möhtərəm oxucular!
Sizə təqdim edilən bu miniatür hekayələrdə X.Qocanın
deyimlərinin bəlkə
də, mində biri toplanmışdır. Bu gülüş "payı"nda
yazıçının ayrı-ayrı
əsərlərindən fikirlər
də verilmişdir.
Onlar da yüksək mənalar kəsb edir.
Xeyrəddin Qocanın miniatürlərini
çap etdik ki, onun səmimiyyətini
bir daha hiss edəsiniz. Görəcəksiniz, satira, yumor,
gülüş çox
yerdə sizinlə olacaq. Məsəl var, deyərlər: "Bir dəfə ürəkdən gülmək
yeddi gün dəniz sahilində istirahətə bərabərdir"
Oooo?
Tanınmış şairlərdən biri X.Qocaya "Yaş üstə yaş gəlsə də..." adlı bir şeir həsr
edir. Yeddi bənddən ibarət həmin şeirin son misralarının hamısı
belə bitir: "Xeyrəddin Qocadır
o!"
O sənət yollarında ürək
sirdaşımızdır,
Gözəl əsərlər yazan
qələm
yoldaşımızdır.
Kamil sənətkarımız, cavan
qardaşımızdır,
Xəyalilə, fikrilə göylərdən
ucadır o,
Xeyrəddin Qocadır o.
Xeyrəddin müəllimin yaxın
dostlarından biri hər gün ona zəng vurub
soruşur:
- "Xeyrəddin Qocadır,
oooo?"
Həmin
dostu axır zamanlar telefonda sadəcə olaraq soruşur:
- Oooo?
X.Qoca da
dəstəyi götürüb
cavab verir:
- O!
"Şikayətnamə"
X.Qoca qəzetlərin birində
silsilə məqalələr
yazırdı və məqalələrinin birində
qeyd edirdi ki, bəs, fəxri
adlar, mükafatlar düzgün verilmir, "dünənki uşağa"
orden, medal verilir, uzun illərin sənətkarları "yaddan
çıxır" və
sair və ilaxir.
Bir neçə
gündən sonra Xeyrəddin müəllimə
Prezidentin fərdi təqaüdünün verilməsi
haqqında Sərəncam
qəzetlərdə dərc
olunur. Dost-tanışları
zəng vurub, onu təbrik edirlər. Cib telefonuna isə belə bir mesaj
gəlir: "Şikayətnamə"nin xeyri oldu, deyəsən. Təbrik edirəm".
X.Qoca bütün təbriklərdən
daha çox bu təbriki bəyənir...
Nəşr haqqı dərdi
Xeyrəddin müəllim nəşriyyatın
direktoruna zəng vuraraq deyir:
- Kitabımın bütün
materialları hazırdır,
siz tərtibçi olmağa razısınız,
yoxsa başqa adam axtarım?
Direktor:
- Başqasını axtarmağa
ehtiyac yoxdur, elə özüm tərtibçi olaram.
X.Qoca:
- Bilirsiniz, sizin tərtibçi olmağınızla
başqasının tərtibçi
olması arasında nə fərq var?
- Yox, bilmirəm...
- Tərtibçi siz olsanız, kitabın nəşr haqqını verməyəcəyəm. Sərf eləyir,
yoxsa yox?
Bəhanə
Xeyrəddin Qoca millət vəkili idi. Akademik Milli
Dram Teatrının aktyorları
onun "Hərənin
öz payı..." pyesinin tamaşasını
Azərbaycan rayonlarının
birində oynamalı idilər. X.Qoca da aktyorlarla birlikdə
həmin rayona getmişdi. Şəhərin
küçələrində gəzərkən aktyorlardan
kiminsə ad günü olduğu uyduruldu (Aktyorlar yeyib-içmək istəyəndə,
hərdən belə şeylər uydururlar...). "Ad günü"nü necə, harada keçirmək barədə
söhbət gedəndə,
hamı Xeyrəddin müəllimin üzünə
baxdı. Çünki
o millət vəkili idi, deməli, pulu "vardı"...
Yazıçı aktyorların bəhanələrini
başa düşdü,
amma özünü bilməməzliyə qoyaraq,
ciddi şəkildə
dilləndi:
- Mənə niyə baxırsınız?
Hamı güldü.
...Əlbəttə, onlar
şəhərin gözəl
bir restoranında
"ad gününü" lazımınca qeyd etdilər. Qonaqlığı
da aydın məsələdir,
X.Qoca verdi...
Mən də sənə
zəng vurardım...
X.Qocanın tanışının yaşadığı binanın
qarşısında traktor
gecə-gündüz torpağı
qazıyırdı ki,
ev tikmək
üçün bünövrə
qoyulsun. O, traktorun səsindən yata bilmədiyindən, gecə
yarısı Xeyrəddin
müəllimə zəng
vurub soruşur ki, traktor səni
yatmağa qoymasaydı,
nə edərdin?
X. Qoca cavab verir:
- Mən də sənə zəng vurardım...
Əmr verilməyib
Xeyrəddin müəllim baş redaktor olanda redaksiyanın bir əməkdaşını işdən
azad etmək istəyir, lakin bilmir ki, bunu
səs-küysüz necə
etsin. Axırda mühasibdən soruşur
ki, nə edək?
Mühasib təəccüblənir:
- Siz hələ onu işə götürməmisiniz, axı!
- Necə yəni?
- O qız sadəcə olaraq ərizə yazıb, hələ əmr verməmisiniz.
Elə bil, baş redaktorun
üstündən dağ
götürüldü...
Kolbasa
X.Qoca Türkiyədə
işləyərkən, bir
müddət oranın
yeməklərinə öyrəşə
bilmir. Bir gün Bakıdan
İstanbula gələn
tanışı ona zəng vurub soruşur ki, "gələndə sənə
nə gətirim?"
- Heç nə, iki-üç kiloqram Moskva kolbasası...
Tanışlıq
İstanbulda bir ziyafətdə
Xeyrəddin müəllimi
"Qalatasaray" futbol
komandasının kapitanı
ilə tanış
edirlər. Deyirlər ki, "tanış
ol, kapitandır".
X.Qoca soruşur:
- Hansı gəminin kapitanısınız?
Cavan öldü...
X.Qoca çox yeyənlər haqqında belə deyir: "Bizimkilər toyda o ki var,
yeyib-içirlər, toyun
axırında "təntənəli
surətdə" plov
gəlir. Araq-çaxırı da qatırlar plova,
gecə ürəkləri
partlayır, ölürlər.
Camaat da deyir ki, "filankəs cavan öldü..."
Padşah yeməyi
X.Qoca yay aylarında
pomidor-yumurta qayğanağı
yeməyi çox sevirdi. Tez-tez deyirdi ki,
"pomidor-yumurta qayğanağı
padşah yeməyidir".
Bir dəfə kiçik qızı dözə bilməyib dillənir:
- Ata, padşah pomidor-yumurta qayğanağı yeyir?
X.Qoca:
- Niyə yemir, a bala? Pomidor-yumurta qayğanağı ancaq kasıblar üçündür?
Özüm də oxumuram
X.Qoca kitabının əlyazmalarını
nəşriyyata çap
üçün təqdim
edəndə, direktora
deyir:
- Bu kitabı oxuyacaqlar...
Direktor:
- İndi kitab oxuyan
var?
- Düz deyirsən, vallah! Heç mən özüm də öz kitabımı oxumuram...
Xeyrəddin Qoca
Ədəbiyyat qəzeti 2024.- 25 may, ¹19.- S.22.