"Dağların
və çöllərin
nəğmələri" sonsuzdur
Çağdaş qazax şairi Uluğbek Esdauleti azərbaycanca
oxuyarkən
Qazaxıstanın xalq şairi, ictimai xadim Uluğbek
Esdauletin anadan olmasının 70 illiyi ərəfəsində
Azərbaycan dilində poetik məcmuəsi -
"Dağların və çöllərin nəğmələri"
adlı kitabı nəşr edilmişdir. Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü
ilə işıq üzü görən toplunun redaktoru və kiçik şərhlərin müəllifi
şair-tərcüməçi Elxan Zal Qaraxanlıdır.
Yeri gəlmişkən, Uluğbek ədəbiyyatımızın
ağsaqqalı Anar müəllimin də yaxın dostu və sirdaşıdır,
onu bütün türkdilli ədəbiyyatların
böyük ustadı
adlandırır. Mənim
də tanıdığım,
təqdir elədiyim, Almatıda Oljasla birgə qonağı olduğum (eyni zamanda Elxan Zalla)
çağdaş qazax
ədibi intellekti və səviyyəsi ilə həmişə seçilib. O, təkcə
Qazaxıstan Yazıçılar
İttifaqının deyil,
eyni zamanda TÜRKSOY-un yaratdığı Türk Dünyası Yazarlar Birliyinin də sədridir. Bir söz adamı
kimi qardaş xalqın ən müasir, ünlü ismidir. Heç təsadüfi deyil ki, onun yazdığı
nəğmələrindən biri Beynəlxalq antinüvə hərəkatının
himninə çevrilmiş,
"Zamanai" adlı
mahnısı dillər
əzbəri olmuşdur.
Elə Elxan Zalın və İbrahim İlyaslının
birbaşa orijinaldan tərcümə etdikləri
"Dağların və
çöllərin nəğmələri"
kitabına da Ön sözü Oljas Suleymenov qələmə almışdır.
Adətən, keçmişdə sabiq SSR-nin tərkibində
yaşayan türkdilli
xalqların ədəbiyyatından
seçmə nümunələr
rus dilindən çevrilirdi. Bu zaman mətn tamam başqalaşır, bəzən özgə bir məzmun kəsb edir, əcaib mənzərə
yaradırdı. Demək
çətindir, bəlkə
də bu, qəsdən edilmiş ruslaşma siyasətinin nəticəsi idi. Həm Elxan Zalın, həm də İbrahim İlyaslının doğma
qazaxcadan elədikləri
çevirmələr müqayisədə
dəqiqdir, demək olar, orijinal mətnlərlə eyniyyət
təşkil edir.
Görkəmli qazax şairi
Uluğbek Esdauleti bu yubiley günlərində
Azərbaycan torpağına
təşrif gətirib.
Hazırda Bakıda qonaqdır. O, eyni zamanda Azərbaycan türkcəsində çıxmış
kitabının sevincini
yaşayır.
Ağacəfər Həsən
Ədəbiyyat qəzeti
2024.- 25 may, ¹19.- S.11.