Kinomuzun "Don Kixot"u
Kinorejissor
Cahangir Mehdiyevin yaradıcılığı üzərində
gəzişmə
Papaqsız cəmiyyətin
papaqçısı
Milli mental dəyərlərimizdən danışarkən,
ilk olaraq yada düşən atribut "PAPAQ"dı;
babalarımızın namus, qeyrət simvolu,
atalarımızın ləyaqət rəmzi olan Papaq. Minillərdən gəlib
keçən, müxtəlif dövrlərdə transformasiyaya
uğrayan, dövrün tələblərinə uyğun
olaraq dəyişən, yeniləşən, amma heç vaxt
başları tərk etməyən papaq...
Papaqdan danışarkən isə, ilk yada düşən
"Evlənmək istəyirəm" filmimizdi; xalq
arasında elə "Papaq" filmi kimi tanınıb.
Rejissor Cahangir Mehdiyevin bu filmi ekranlara çıxan kimi
ümumxalq sevgisini qazandı. Hərçənd bəzən qeyd
edirlər ki, o vaxt toplumun əli çatan audiovizual materiallar az idi, ona görə tanınmaq da asan idi. Amma elə deyil. Məgər həmin
illərdə çəkilən bütün filmlər eyni dərəcədə
xalqın ruhuna yol tapa bilirdi? Əlbəttə
ki, yox. Elə "Azərbaycanfilm"in statistikasına
baxsaq, həmin dövrlərdə çəkilmiş onlarla bədii
film adı görərik ki, heç adlarını belə
xatırlamağa çətinlik çəkirik və yaxud
içindən bir-iki xırda fraqmenti zorla xatırlayırıq.
Hal-hazırda bu filmlərin əksəriyyəti Youtube
kanalında yüklənib. Bəzən məqsədli
onları izləyirəm və düşünürəm ki,
həqiqətən də, xalqın gözü tərəzidi.
Bu filmlərə böyük vəsaitlərin sərf
olunmasına, aktual problemlərə toxunmasına, sevimli aktyorlarımızın
iştirakına baxmayaraq, son nəticədə ərsəyə
gələn material ruhsuz bədəni xatırladır. Çünki filmin arxasındakı rejissor yalnız
rus və Avropa filmlərini imitasiya eləməklə məşğul
olub, toplumun kollektiv təhtəlşüurunun dərin
qatlarına toxuna bilməyib. Ona görə də,
xalqın sevgisini qazana bilməyiblər, televiziyada bir-iki dəfə
göstərib, atıblar kinofondun anbarına...
Lakin "Evlənmək istəyirəm" filminin taleyi
uğurlu oldu.
Rejissor mövzu seçiminə Əbdürrəhim
bəy Haqverdiyevin materialları ilə başlayıb, ssenarini
İsi Məlikzadə və Sabir Əhmədli ilə işləyib,
bəstəkar kimi Cahangir Cahangirovu seçib. Diqqət
etsək, görərik ki, adıçəkilən sənətkarların
hamısı milli-mənəvi dəyərlərimizə,
mental ənənələrimizə daha çox
bağlılıqları ilə tanınıb...
Bizim kino
Bu sənətkarların köməyi ilə Cahangir
Mehdiyev çiyninə çox böyük bir yük
götürmüş oldu. Sözün həqiqi mənasında,
Azərbaycan kinosu yaratmaq - özünün fərqli
mövzu arealı, fərqli yanaşma tərzi, fərqli kino
dili olan və eyni zamanda bütün bu fərqlilikləri hansısa
xarici kinoları imitasiya eləməklə yox, məhz milli-mənəvi
dəyərlərimizə, milli sənətimizə söykənməklə
həyata keçirmək...
Əlbəttə ki, yerli tamaşaçıların
görmədiyi, hansısa xarici filmlərin üslub və
priyomlarını imitasiya eləmək nə qədər
asandır. Lakin məhz bu işdə sən həmin yolla gedə
bilməzsən. Hər xırda detalı
yenidən kəşf eləməlisən, doğurmalısan,
yaratmalısan. Təbii ki, hər rejissor
özünü bu cür əziyyətə salmır.
Lakin Cahangir Mehdiyev, qeyd elədiyim kimi, bu ağır
yükün altına girdi və zəhməti də bəhrə
verdi. Bir həmlə ilə
Azərbaycan xalqının kino yaddaşında
özünün fərqli və əvəzolunmaz yerini tuta
bildi.
Lakin bu asan idimi? - Yox. Bura qədər rejissor kiçik də
olsa, özünəməxsus bir yaradıcılıq yolu
keçmişdi. Və bu uğurun ilk
parıltılarını, məncə, məhz həmin gənclik
işlərində axtarmaq lazımdı.
Diplom işi
Cahangir Mehdiyevin müəllimi, məşhur Georgi Daneliya
olub ki, zənnimcə, gənc rejissorun milli mental dəyərlərə
yönəlməyində rolu çoxdu.
Ən qəribəsi
odur ki, Moskvada təhsil alan Cahangir Mehdiyevin
1979-cu ildə çəkdiyi diplom işi olan
qısametrajlı bədii film də elə "Diplom
işi" adlanır.
Filmin ssenarisi bir hekayənin motivləri əsasında
yazılıb.
Şəhərdən kəndə qayıdan tələbə
heykəltaraş diplom işi düzəldir. Model kimi də, qonşuluqdakı qızlardan birini
istifadə edir. Lakin heykəl hazır
olandan sonra, ona bəyan edirlər ki, o, bu qızla evlənməlidir,
yoxsa, bu namus məsələsinə görə ağır cəza
alacaq (Bu maraqlı filmin tam məzmununu yazmaq istəmirəm,
istəyənlər Youtube kanalında açıq yayımda
izləyə bilərlər).
Filmin proloqu artıq rejissorun yanaşma tərzinin istiqaməti
bilinir. Film hansısa lirik melodiya ilə yox, hansısa
müasir bəstəkarın simfonik fraqmentiylə yox, məhz
qara zurna və nağara sədalarıyla başlanır.
Hadisələrə start verilib, dramatik görüntülər
təqdim edilir. Lakin hələ heç bir
dialoq, informasiya yoxdur, danışılası hadisənin
tragikomizmi isə, ilk kadrlarla birlikdə, məhz qara zurna sədaları
ilə nağara ritmlərinin bir-birini əvəz eləməsi
vasitəsilə çatdırılır. Hadisənin proloqunu, sanki musiqi və ritmlər
danışır. Arada istifadə olunan dəmyə
muğam zümzüməsi isə musiqi qatına xüsusi bir
duz qatır.
Beləliklə, rejissor milli mental əhval-ruhiyyəni əldə
etməkçün məhz klassik ədəbiyyatımızdan,
milli musiqimizdən, öz ritmlərimizdən və xarakterik
vizual bədii priyomlardan istifadə etməklə, özünəməxsus
və fərqli kino dili yaratmağa çalışır. Sevgiylə
dolu şirin və duzlu kino dili. Bəli, bəzi
rejissorlarımızdakı kimi, öz xalqına nifrətlə,
acı sarkazmla, hər cür neqativlə dolu kino dili yox, məhz
sevgi ilə dolu ironik, duzlu şirin bir kino dili. Əsl kino dili.
Qeyd edim ki, milli musiqi və milli ritmlərimiz sonrakı
işlərdə də Cahangir Mehdiyevin sevə-sevə istifadə
etdiyi uğurlu priyomlardandır. Onun kino dilində
musiqinin xüsusi rolu var. Ən əsası isə budur ki,
rejissor hələ tələbəlik illərindən əsl
kinonun, belə demək olarsa, damarını tuta bilib. Bəli, bir çoxları kimi, həmin vaxt dəbdə
olan italyan neorealizminin imitatoruna çevrilmədi,
kopyalanmış psixoloji səhnələr yaradıb,
aktyorlarımızı da rus aktyorlarını təqlid eləməyə
məcbur eləmədi. Və ən əsas
da, "kino dili" deyilən məfhumu, sadəcə, gözəl
kadrlara, dramatik aktyor oyununa və simfonik musiqi müşayiətinə
sığışdırmadı. Onun kino
dili kompozisiya baxımından çoxplanlı kadrlara, mozaik
xarakterlərin iri planlarla təqdimatına və ən əsas
da, hadisələrin həm dramatizmini, həm də yumorunu
sözlə yox, məhz görüntüylə
çatdırmağa yönəlib. Təbii ki, rejissor
söz və dialoq faktorundan imtina eləmir. Lakin
onun əsərlərində söz yalnız köməkçi
funksiya daşıyır. Emosional təsir isə, əsasən,
epizodların kompozisiyası, quruluşu və əlavə olunan
musiqinin müşayiəti vasitəsilə əldə edilir. Yəni rejissor daha çox görüntü və səslə
danışır, sözlə yox.
Nümunə
Məhz
bu məqam, məncə, bugünkü gənclər
üçün böyük nümunə ola
bilər. Axı hal-hazırda çəkilən
əksər filmlərimiz yalnız adamların oturub söhbət
eləməsi və gəzişməsi üzərində
qurulub. Sanki "televiziya filmi" ilə
sırf "bədii film" arasındakı fərq itib.
Bütün informasiya da, yalnız dialoq və qəşəng
natura kadrları vasitəsilə verilir. Elə
bil ki, filmin ssenaristi var, operatoru var, aktyoru var, amma bunların
içində rejissoru tapa bilmirsən.
Bir
maraqlı kadr kompozisiyası tapanda, az qala,
əsgərlik şorbasının içində ət tikəsi
tapmış kimi sevinirik.
Lakin
Cahangir Mehdiyevin 27 yaşında çəkdiyi "Diplom
işi"ndə bircə dənə də kadr yoxdu ki,
özünün kompozisiyası və simvolikası olmaya... Hətta iki nəfərin oturub söhbət elədiyi
epizodlarda belə o qədər vizual atributlar, detallar var ki,
dialoqun məzmununu daha da gücləndirib, təsir
gücünü artırır.
Əlbəttə, bəzi skeptiklər məhz
bütün bu priyomları gürcü kinosunun təsiri
adlandıra bilər. Olsun. Burda nə var ki?
Yaradıcılığın ilkin mərhələsi
bəhrələnməklə başlayır. Əsas odur ki, sonradan öz spesifik
yaradıcılıq yolunu tapa biləsən. Cahangir Mehdiyev növbəti tammetrajlı filmlərində
bunu sübut elədi, heç kimə bənzəməyən
öz kinomuzun bədii dilini tapa bildi (Hər halda, bu mənim
fikrimdi, kimlərsə razılaşmaya bilər).
"Vah"
Moskvada təhsilini
bitirib Bakıya qayıdandan sonra Cahangir Mehdiyevin ilk işi
"Azərbaycanfilm"in Eksperimental
Yaradıcılıq Birliyində 1980-ci ildə çəkdiyi
"Vah" adlı qısametrajlı film oldu.
Burda da özünəməxsus yumoristik süjet və fərqli
bədii priyomlarla təqdim olunan kino dili diqqət çəkir.
Yenə kənd
həyatı və bu dəfə qoşanağara ilə
başlayan kadrlar... Çiynində yapıncı,
damağında qəlyan olan ağsaqqal eşşəyin
belində başqa kəndə qonaq gedir...
Süjetdə müasir kəndimizdə köhnə
düşüncə ilə yeni təfəkkür tərzinin
toqquşması təqdim edilir. Amma bu toqquşma
acı nifrətlə, kəskin sarkazmla, neqativ emosiya ilə tənqid
edilmir. Yenə arada sevgi faktoru ön plana
çıxır. Rejissor köhnəliyi
sevgiylə, qayğıyla tənqid edir. Spesifik
yumor isə həm süjetin özündə, həm də
hadisələrin rejissor tərəfindən təqdimatında
ön plana çıxır.
Kənddəki
yeni evlənmiş gənc öz xanımına çox əziyyət
verməməkçün, həmişə bulaqdan səhənglə
evə su gətirir və buna görə də kənddəki
yaşlı kişilərin qınağına məruz
qalır. Axı bu, kişi işi deyil. Ayıbdı.
Lakin sonra məlum olur ki, kəndin kişilərinin
çoxu gecələr gizlincə evlərinə bulaqdan su
daşıyırlar, çünki arvadları çox işləyir,
onlara kömək eləyirlər.
Çox maraqlı, məzəli novelladır və
rejissor da bu hekayəti maraqlı kino dili ilə təqdim etməyi
bacarıb.
Üzü "Papaq"a
Bu iki filmdən sonra artıq Cahangir Mehdiyev tammetrajlı
film çəkməyə hazır olduğunu göstərdi
və 1982-ci ildə "Evlənmək istəyirəm" filmi
üzərində işə başladı.
Seçilən mövzu və yanaşma tərzi yenə
də rejissorun öz milli mental təfəkkürümüzə,
öz qədim mədəniyyətimizə nə qədər
sevgi bəslədiyini göstərmiş oldu.
Film sevgi hekayəti kimi təqdim olunsa da, əslində
Papaq haqqındadı. Daha dəqiq desək, papağımızın
başımızdan yerə düşməyi haqqında və
ya şlyapalarla papağımızın mübarizəsi
haqqında... Zahirən dost, sirdaş, həmdəm kimi
görünən, amma səndən istifadə eləyib, istənilən
vaxt xəyanət eləməyə hazır olan şlyapalar
(şlyapalılar)...
Hərçənd şlyapanın yanında, öz
papağımız da var. Lakin bu artıq tam bizim papaq deyil,
şlyapanın nökəri olan, onun bir tayına çevrilən
papaqdı. Zahirən papaq olsa da, mahiyyət etibarilə elə
şlyapadır.
Filmin
simvolik baş qəhrəmanı da Papaqçı yox, məhz
PAPAQdı...
Papaqla şlyapanın mübarizəsi, sanki simvolik olaraq,
Qərbin Şərqə münasibətini ön plana
çıxarır. Dost kimi görünmək, üzdə dəstək
olmaq, öz məqsədləri üçün istifadə eləmək
və sonda çox rahat şəkildə, heç bir vicdan əzabı
da çəkmədən xəyanət eləmək. Vəssalam. Çox sadə.
Amma burda çox incə bir məqam ön plana
çıxır. Əgər bu mesaj indi verilsəydi, adi
görünərdi. Son iyirmi ilə biz də,
elə bütün Şərq aləmi də Qərbin hər
sahədə riyakar, istismarçı siyasətindən əziyyət
çəkdiyinə görə, indi bu fikirlər artıq
hamımız üçün aydın görünür,
şübhə doğurmur. Ona görə
də məhz indi Şərqin əksər xalqlarında
özünəqayıdış prosesi güclənməkdədir.
Cahangir Mehdiyev isə bu mesajı səksəninci illərin
əvvəllərində verib. Həmin vaxtlar "dəmir
pərdə" yavaş-yavaş götürülmək
üzrəydi və Qərbin mədəniyyət və
istehlak məhsulları ölkəmizə daha böyük
sürətlə axmağa başlayırdı. Qərb qarşısında sitayiş də yüksələn
xətlə inkişaf edirdi. Artıq Qərb musiqiləri,
Qərb kinoları telekanallarımızda (həm yerli, həm Moskva
kanallarında) getdikcə çoxalırdı, audio-videokasetlər
artırdı, Qərb müəlliflərinin ədəbi əsərləri
daha çox tərcümə edilib yayılırdı.
Və "dəmir pərdə" qalxdıqca
hamının üzünü Qərbə tutduğu bir vaxtda,
Cahangir Mehdiyev bizə köhnə papaqdan danışır. Daha
doğrusu, papağı başdan salmağın təhlükəsindən.
Amma yenə də nifrətlə, acı sarkazmla, neqativ
saçmaqla yox, sevgiylə, qayğıyla, mərhəmətlə...
Baş qəhrəman da əvvəl üzünü o tərəfə
tutur, inanır, etibar eləyir, lakin sonda "rədd olsun,
Avropanın bütün madamları" deyir və öz
"Leyli"sinə sığınır.
Yəqin ki, həmin dövrün "müasir, avanqard,
modernist sənətkarları" üçün bu
yanaşma çox köhnə, lazımsız, hətta
ziyanlı kimi görünüb. Axı hansı
dövrdə yaşayırıq?! Millət Modern Tokinqə,
Toto Kutunyoya qulaq asır, ağır rok dinləyir, Kann
festivalından gələn filmlərlə maraqlanır, Qərb
ədəbiyyatını oxuyur, amma bu film bizi təzədən
zurna-balaban səsinə, şıdırğı tərəkəmə
rəqslərinə, başa keçirdilən qoyun dərisinə
tərəf çəkir.
(Yəqin
ki, rejissor filmdəki özümüzü bəyənməyən
şlyapalı və onun başına dolanan, dırnaqarası
papaqlı dost obrazlarını yaratmaqla elə həmin
müasirlərinin şərti portretini çəkib.)
Bəli,
Cahangir Mehdiyevin yanaşması səksəninci illərdə
kimlərəsə geridə qalmış, köhnə kimi
görünə bilərdi, amma o vaxt çəkilən və
daha çox "ümumittifaq tamaşaçısı"na
ünvanlanan "müasir təfəkkürlü",
"yeni yanaşmalı" "geniş baxış
bucağına malik" aktual filmlərin hamısı yaddan
çıxıb unudulub, amma "Papaq" hələ də
baxılır, sevilir, aktuallığını nəinki
itirmir, hətta getdikcə daha da aktual olur.
Bədii priyomlar
Filmin
emosional gücünü artıran və ümumiyyətlə
bu audiovizual materialı "əsl kino"ya çevirən məhz
rejissorun bədii priyomları, maraqlı
tapıntılarıdı.
Məhz bu filmdəki bədii priyomlarda artıq rejissorun
kənar təsirlərdən təmizlənmiş öz
spesifik tapıntıları ön plana çıxır, biz əsl
Azərbaycan kinosu görürük.
Əbdürrəhim bəy Haqverdiyevin əsərlərindən
gələn tipajlar və hadisələr də doğmadı,
özümüzünküdü, bizimdi. Papaqçı Şamil də,
Mirzə Səfər də, jandarm Kərbəlayi Zal da,
Hacı Kamiyab da - bir sözlə, gördüyümüz hər
personaj, hətta mütəmadi olaraq qəhrəmanların ətrafında
qaçışan uşaqlar da bizimkidi. Hər cizgisi, hər
sözü, hər hərəkəti ilə...
İlk dəfə bu filmə on üç
yaşımda baxmışdım və nədənsə
özümü də elə o uşaqların içində
təsəvvür eləmişdim. Elə bilmişdim ki,
onların arasında elə mən də olmuşam, bu hadisələri
müşahidə eləmişəm, çünki filmdə
göstərilənlər, sanki bizim məhəllədə -
küçədə baş vermişdi. Sadəcə,
yetmiş il əvvəl...
Filmdə çoxsaylı təsirli səhnələr,
simvolik detallar var ki, unudulmur, uzun müddət yaddaşa həkk
olub qalır.
Divanə tütəkçalanla kor
kamançaçının üzbəüz ifası,
Şamilin dükanı dağıdılandan sonra yerdə
dığırlanan papaqlar, Kərbəlayi Zalın işdən
çıxandan sonra dəmirçinin emalatxanasında
küftə yeməyi, Lal Hüseynin tütək ifasından
sonra hörmətli bəyin gəlib onun başına papaq
qoymağı, divardakı daşın
çıxarılıb vüsal pəncərəsinə
çevrilməyi və bu kimi çoxsaylı rejissor
tapıntıları tamaşaçılarımızın
ürəyinə toxunur, filmi yaddaqalan edirdi (filmdə
Haqverdiyevin əsərlərindən gələn təsirli,
maraqlı detallar da çoxdur ki, bunlara qəsdən toxunmuram,
sırf rejissor tapıntılarına diqqət çəkməyə
çalışıram).
Bu filmdə 31 yaşlı Cahangir Mehdiyevin rejissor dəst-xəttinin
daha da cilalandığını görürük. Həm epizodların daxili
kompozisiyası, həm musiqi həlli, milli ritmlər və rəqslər,
həm səslənən poeziya nümunələri, həm
spesifik yumor, həm də dəqiq nöqtəsinə vuran
dialoqlar o qədər üzvi vəhdətdə
çıxış edir ki, heç biri nə artıq, nə
də əskik görünmür. Filmdə,
ümumiyyətlə artıq heç nə yoxdu. Nə bir kadr, nə bir vizual detal, nə də bir
söz. Hər şey o qədər səlis
işlənib ki, bu musiqili yumoristik sevgi dramı, sanki səliqəylə
toxunmuş xalçaya bənzəyir - bütün
naxışları yerli-yerində olan, artıq-əskik bircə
çaları da olmayan gözəl bir xalça. Hətta filmdəki ikinci dərəcəli süjet
çıxışları da yamaq kimi görünmür,
ümumi kompozisiyanın içində əriyir.
Və ən əsas da, bu bədii priyomlar Qərb
kinolarının imitasiyası, təkrarı üzərində
qurulmayıb, rejissorun öz fərdi
tapıntılarıdı. Ən azından, ona
görə də heç bir Qərb filmi bizim milli mentalitetə
həsr olunmayıb, ona görə imitasiya da mümkün
deyil.
Qaçın, qaçın,
Qasım gəlir...
"Evlənmək istəyirəm" filmindən sonra
bir neçə sənədli film çəkən Cahangir
Mehdiyev 1987-ci ildə "Kişi sözü" filmi ilə
tamaşaçıların qarşısına
çıxdı və yenə də böyük uğura
imza atmış oldu.
Film geniş tamaşaçı kütlələrinin qarşısına
çıxan kimi, o saat çoxsaylı sitatlar mənbəyinə
çevrildi, ordakı iti atmacalar dildən-dilə
düşdü.
Ancaq mənimçün bu film, sadəcə, gözəl
süjet və gözəl sözlər mənbəyi deyildi. Hərçənd
gözəl yazıçımız İsa Hüseynovun qələmindən
çıxan ssenari, həqiqətən də, sadəliyi və
səmimiliyi ilə seçilirdi, lakin filmi yüksək bədii
səviyyəyə çatdıran, təbii ki, rejissor işi
və bədii tapıntıları idi.
Bu filmdə Cahangir Mehdiyevin rejissor tapıntıları
artıq başqa müstəviyə - müasir
dövrümüzə nüfuz elədi. Hadisələr
yenə də kənddə cərəyan etsə də, bu,
artıq həmin dövrün müasir kolxoz kəndiydi.
Bu isə rejissorun milli kolorit yaratmaq prosesini xeyli çətinləşdirmiş
olur.
Çünki 80-ci illərin Azərbaycan kəndində natura
görüntüləri, insanların geyimləri, evlərin quruluşu -
bunlar bütün SSRİ üçün tipik olan
görüntülər idi. Bəs onda rejissor
milli ruhu və mental koloriti necə təqdim edə bildi?
Burda Cahangir müəllimin köməyinə yenə də
spesifik musiqi duyumu çatmış oldu. Gözəl musiqilər,
muğam zümzümələri, ritmik rəqslər və ən
əsas da, insanlar arasında mental münasibətləri
ön plana çəkmək - bütün bunlar bu musiqili
sevgi hekayətini maksimum milli koloritdə təqdim eləməyə
imkan verdi.
Sözün "Don Kixot"u
Film ilk baxışdan, sevgi mövzusunda yumoristik müzik
kimi görünür, lakin əslində bu film, adından da
göründüyü kimi söz haqqındadı. Kişi sözü
haqqında... Filmin fəlsəfəsini
axtarmaqçün məhz burdan yola çıxmaq
lazımdı.
Əlbəttə, ilk deyilişdən çox
ağır bir başlanğıc olur. Şəxsən
mən ilk dəfə televiziya elanlarında bu filmin
adını eşidəndə, nədənsə ağır,
dramatik bir material olacağını
düşünürdüm.
Lakin rejissor burda da öz fəlsəfəsini ortaya
qoymuş oldu.
Filmdə köhnə dövrün kişilik ənənələri,
dəmirdən də möhkəm olan kişi
sözü haqqında danışan adam pəhləvan
cüssəli, başıpapaqlı, qoluzorlu, qaşqabaqlı
köhnə kişilərdən deyil.
Arıq,
cılız, çəlimsiz olan bu kepkalı
"KİŞİ" filmin başlanğıcında
nağaraçalan uşaqların "Qaçın,
qaçın Qasım gəlir" sədalarıyla kəndə
daxil olur, öz Solmazının yanına gəlir, əzəmətli
rəqibiylə üz-üzə qalır, filmin böyük
hissəsini də kişilikdən, kişi
sözündən danışa-danışa velosiped
sürür. Hətta baytar diplomu almağına rəğmən,
bir xəstə heyvanı da sağalda bilmir... Bu
ki, böyük mənada, "KİŞİ"dənsə,
köhnə kişilərə gülməli parodiyadır?!
Başına əlüzyuyan tası qoyub, dünya
gözəli olan Dulsineyasına görə əzəmətli
yel dəyirmanlarıyla savaşan və gecə-gündüz
köhnə cəngavərlikdən dəm vuran "DON
KİXOT"u xatırlatmırmı?
Axı Don Kixot da köhnə cəngavərliyə bir
parodiya idi.
Bəli, məncə, Cahangir Mehdiyev bu filmdə bizim
müasir Don Kixotumuzu təqdim edib. Hətta əzəmətli yel dəyirmanı kimi də,
rəqib Niyaz obrazını yaradıb (daha dəqiq desək,
özü oynayıb).
Rejissor,
sanki bizə bəyan eləyir ki, bu səfeh zəmanədə
böyük mənada, kişi
sözündən, kişilikdən danışan adam məhz
elə bu cür olacaq.
Avropanın bəzi ədəbiyyatşünas alimləri
Servantesin "Don Kixot" romanını, hətta ilk postmodern
ədəbiyyat nümunəsi adlandırır. Çünki müəllif
klassik ənənəvi obrazı parodiya edərək, mifi
dağıdır, cəngavər obrazını karikaturaya
çevirir, sanki əzəmətli bir bütü (heykəli)
yüksək pyedestalından salıb, sındırıb
çilik-çilik edir...
Lakin Cahangir Mehdiyev bizim "Don Kixot"umuzu yaradarkən,
bir qədər fərqli hərəkət edir. Atı şahə qalxan,
"bir kişi sözü"nə görə səssiz-səmirsiz
baş kəsən, qan tökən, bığıburma,
başıpapaqlı, beli xəncərli köhnə kişilərin
xələfi olaraq, başı kepkalı, velosipedli, arıq,
cılız "təzə kişi"ni göstərir, yeri gəldi-gəlmədi,
onun dilindən kişiliyə dair difiramblar səsləndirir. Ancaq bütün bunları nifrətlə, qəzəblə,
sarkazmla eləmir. Baş qəhrəmanın
şəxsiyyətini tamaşaçının gözündə
alçaldıb "yaramaz" eləmir.
Başqa
sözlə desək, bütü (heykəli) yüksək
pyedestalından götürsə də, yerə vurub
sındırmır, sadəcə, götürüb hər tərəfdən
baxır, bir az gülümsünür, bir
az ironiya edir, tozunu silir və bütü (heykəli) müasir
yerinə uyğun olan balaca bir pyedestala qoyur.
Necə ki, sonda dünya gözəli olan aptekçi
"Dulsineya"sından imtina edən baş qəhrəman
elə öz səviyyəsinə uyğun, balaca çoban
qızıyla səadətini tapır.
On il əvvəl bir rus aliminin elmi yazısında
Şərq postmodernizmi terminilə rastlaşmışdım.
Araşdırmaçı alim belə bir fikir irəli
sürürdü ki, avropalılardan fərqli olaraq şərqlilər
heç vaxt tam postmodernist ola bilməz,
çünki tam nihilist ruha sahib olub, öz keçmiş
bütlərini sındırıb dağıtmaqçün gərək
sən bu bütlərə nifrət eləyəsən. Şərqlilərdə isə bu nifrət o qədər
çox deyil. Bir çox qədim ənənələr
şərqlilərin inkişafına müəyyən qədər
mane olsalar da, onlarda bu qədimliyə qatı nifrət, qəzəb
hissi yoxdu, əksinə, sevgi var, bu mənəvi dəyərləri,
ənənələri saxlayaraq, inkişaf eləməyə
meyillidirlər.
"Kişi sözü" filmində də Cahangir
Mehdiyev, məncə, məhz bu fəlsəfi yanaşma tərzini
bizə təqdim edir.
Bu filmdə
də, sırf rejissorun özünə məxsus olan
çoxsaylı bədii tapıntılar var ki, hadisənin
daha maraqla izlənilməsinə, tamaşaçının
ürəyinə yol tapmasına dəstək olur...
Epiloq
Sonrakı illərdə məlum
ictimai-siyasi səbəblərdən, kinomuz da durğunluq
dövrünə qədəm qoymuş oldu, lakin Cahangir
Mehdiyev bu çətin dövrlərdə də, əziyyətlə
də olsa, bir neçə maraqlı film ərsəyə gətirə
bildi ki, bunların da hər birində öz fərdi
yanaşma tərzini ortaya qoymuş oldu. Şəxsən,
mənim özümün ən çox marağıma səbəb
olan onun 1991-ci ildə çəkdiyi "Girişmə-öldürər"
filmidi.
Çünki Cahangir Mehdiyev sırf "Hollivud
boyevikləri" üslubunda olan süjeti də maksimum
bizimkiləşdirə bilmişdi. Dörd azərbaycanlı
qumarbazın olduğu gəmi xarici terrorçular tərəfindən
əsir götürülür, gəmi heyəti
neytrallaşdırılır. Yalnız bizim bu dörd qumarbaz
qollarını çırmalayıb gəmidə qəddar
terrorçularla mübarizəyə başlayır. Filmdəki
qara yumor, maraqlı bədii tapıntılar, hadisələrin
müəyyən mənada absurdluğu bizi çox fərqli
bir bədii materialla üz-üzə qoyur. Bir tərəfdən,
Amerika filmlərindən gələn döyüş elementləri,
bir tərəfdən, bizim "milli qumarbazlar"ın
özünəməxsus davranışı...
Film, sanki həmin vaxtlarda milyonların ciddi-ciddi
baxdığı amerikan boyeviklərinə milli azərbaycan
parodiyası və ironiyası idi.
P.S. Cahangir Mehdiyevin sırf Azərbaycan kino dili
yaratmaq cəhdləri əlli il əvvəl
başlamışdı. Böyük uğurlar da əldə
edilmişdi. Lakin əfsuslar olsun ki, sonradan onun
bu cəhdlərini davam etdirib, daha da inkişaf etdirən
olmadı. Son onilliklərdə kinomuz yenə "festival filmləri"
müstəvisinə əyildi, yalnız "onlar"ın
xoşuna gələn kimi çəkmək cəhdləri
daha da gücləndi, yalnız "onların baxış
bucağı" düzgündür, - deyib xeyli filmlər
çəkdik.
İnsafən, o istiqamətdə
uğurlarımız da oldu. Birinci dərəcəli
olmasa da, ikinci-üçüncü dərəcəli
festivallardan mükafatlar qazandıq, filmlərin adları
hallandı. Lakin əfsuslar olsun ki, bütün bu filmlərin əksəriyyəti
geniş tamaşaçı kütləsinin ruhuna toxunmadı.
Elə ona görə də, bu gün kinonun olmamasından
şikayətlənirik. Əgər ikinci-üçüncü
dərəcəli festivallardan mükafatlar gətirmək
inkişaf göstəricisi olsaydı, onda "kinomuz
yoxdur" deyən olmazdı. Deyərdik, kinomuz var, xeyli sayda
da mükafatlarımız var.
Xalqı isə hansısa mənşəyi
bilinməyən xarici mükafatlarla aldatmaq mümkün deyil,
xalq öz ruhunun dərin qatlarına toxunan, onun genetik
kodlarını əks elətdirən, kollektiv təhtəlşüurunun
arxetiplərinə söykənən audiovizual materiallar istəyir.
Xalqın milli-mənəvi dəyərlərinə, milli sənət
nümunələrinə söykənən müasir filmlər
yaratmaq isə o qədər də asan deyil. Məhz bu istiqamətdə,
məncə, Cahangir Mehdiyevin yaradıcılığı daha
dərindən öyrənilməli və nümunə
götürülməlidir. Hər şeyi başqalarına
baxıb öyrənsək, sonda elə başqası
olacağıq. Hərdən özümüzə baxaq,
özümüzdən də öyrənək. Yoxsa, bir
müddət sonra özümüzdən əsər-əlamət
qalmayacaq.
İlqar Fəhmi
Ədəbiyyat qəzeti 2024.- 25 may, ¹19.- S.16-17.