Ərəfə
Deyirsən, bu yaşın nədi marağı?
Deyimmi?
- Özünün öz ilməyi var.
Həyatdan dördəlli bərk
yapışmağı,
Yapışıb qopanda kövrəlməyi
var.
Hələ də dan üzü şirin görünür,
Hələ də nəyəsə isinişirsən.
Hələ də yol üstə işıq sürünür,
Hardansa, harasa yola düşürsən.
Gülürsən qaçanda can ağrısından,
Ta nə var yetmişin
ərəfəsində?
Ağıl bir şey kəsmir heç anrısından,
Çaşırsan gümanın qərib səsində.
Həkimlər hökmündən gələn
qədəri
Təpərin yandırmaq-yaxmaq istəyir.
Ayağı yer alan
zalım kədəri
On-on böyrü üstə
yıxmaq istəyir.
Axırda adama nə qalır,
axı?
- Rəhmətə tuş gələn saf ad gözəldi.
...Deyirsən, necədi ahıllıq çağı?
Deyimmi?
- Hər zaman həyat gözəldi!
Şeir əvvəlkitək
oxunmur daha
Vaxtın
yedəyində zövqün
fərzidi,
Olub-keçənlərə əsrin ərzidi,
Hər nədi xilqətin həyat tərzidi -
Şeir
duyğulara toxunmur daha,
Şeir əvvəlkitək oxunmur
daha.
O köhnə hay-haray, şənlik necoldu?
Cavabı düz çıxan tənlik necoldu?
Hanı mənəviyyat, mənlik
necoldu,
Getdi şeirləşən o qürur
daha, -
Şeir əvvəlkitək oxunmur
daha.
Biz görən şairlər
azalıb getdi,
Gedənlər taledən köz alıb getdi.
Həvəs ürəklərdə sozalıb getdi -
Gəlmir
göy üzündən
qəlbə nur daha,
Şeir əvvəlkitək oxunmur
daha.
Hardadı Piranlar, hanı
Ozanlar?
Dünyanı bürüdü yolu azanlar.
Qardaş,
çoxalsa da şeir
yazanlar -
Coşmur
ilham seli, axmır gur daha,
Şeir əvvəlkitək oxunmur
daha.
Dost, siyah şaçlara nə tez dən
düşür?
Bu, zaman hökmüdü,
ya qəsdən düşür?
Həvəskar yazanlar həvəsdən
düşür -
Qocalar ümiddən gen durur daha,
Şeir əvvəlkitək oxunmur
daha.
Hanı əski tamlar,
yox olub niyə?
Bini-bərəkəti çəkilib göyə.
Yaxşılar yaxşıya yön
olmur deyə -
İrəli yerimir köhnə
sur daha,
Şeir əvvəlkitək oxunmur
daha.
Nəyinə gərəkdi şeir acların?
Nəyinə gərəkdi hər söz tacların?
Ünvanı dəyişir ehtiyacların
-
Ətalət dil açıb,
deyir: - dur daha,
Şeir əvvəlkitək oxunmur
daha.
Tamarzı halını bolda
dəyişdi,
Yolçu neyləsin ki, yol da dəyişdi.
Çöl o çöl deyil ki?! - kol da dəyişdi, -
Bənövşə bükülmür,
qoxunmur daha,
Şeir əvvəlkitək oxunmur
daha.
Hərə at oynadır öz
yığnağında,
Oğulsan, yalanın döz yığnağında.
İzdiham olardı söz
yığnağında -
Söz sözün köksünə
sığınmır daha,
Şeir əvvəlkitək oxunmur
daha.
Sözü əldən alır
əl şairləri,
Gülləni gül bilir gül şairləri.
Elindən olduqca el şairləri,
Haqqın
saatını dala qur daha,
Şeir əvvəlkitək oxunmur
daha.
Qardaşım, ömrünü şeir
eləmə,
Kədəri sovurub, dərdi ələmə.
Boşuna
taledən uğur diləmə -
Haqqı
olan şair ad ummur daha,
Şeir əvvəlkitək oxunmur
daha.
Əhvallar pərişan, ürəklər
qırıq,
Yoxdu o təmanna,
o ərk, o qılıq.
Qorxulu deyilsən sən də, ayrılıq,
Daha bizimləsən, yaxın dur daha,
Şeir əvvəlkitək oxunmur
daha.
Düşmür əvvəlkitək söz
dildən-dilə,
Özünü az incit, az- bilə-bilə.
Yazırsan- özünçün yaz, elə-belə,
Sonra için-için yalvar Allaha,
Şeir əvvəlkitək oxunmur
daha.
Yazağzı
Bu vaxtlar ilk bahar gözəlliyinin
Vətən torpağına sərilməyi
var.
Yatan duyğuların, ölən
həvəsin
Yazağzı yenidən dirilməyi var.
Urvatı
olacaq tökülən
tərin,
Hesabı mütləqdi çəkilənlərin.
Eşq ilə torpağa əkilənlərin
Axırda eşq ilə dərilməyi var.
Alası
dərsim var irfanlarımdan,
Xurafat xofunu qovanlarımdan.
Hərəsi bir qaya cavanlarımdan
Basılmaz qalamın hörülməyi
var.
Var oldum bir haqqın
inadı üstə,
Uymadım xəyalın qanadı üstə.
Azad Qarabağın son adı üstə
Mübarək işlərin görülməyi
var.
Bura məskənidi eşqi ucanın,
Yenilməz sərkərin, müdrik xocanın.
Qadasın aldığım Azərbaycanın
Hələ "Turan!" - deyib gərilməyi
var.
Mənəm
Gələn, heyy, varmı xəbərin? -
Yolum uzun, dərdi-dərin.
Köhnə-kürüş gəmilərin
Yan aldığı ada
mənəm.
Hələ bunun anrısı
var,
O yanın da Tanrısı
var.
Harda Yurdun ağrısı var -
"Of" yanında nida mənəm.
Nə qəşəngdi hisin, adam,
Nə titrəkdi səsin, adam!
Buyur, gəl-keç, isin, adam -
Sən axtaran oda mənəm.
Yoxam - sözümdən çıxdımsa,
Dözmə, dözümdən çıxdımsa,
Əgər özümdən çıxdımsa,
Aralı dur, qada mənəm.
...Adamlardı köküm-tağım,
Adamlardı solum-sağım.
Ancaq yaxşı tanıdığım
bir adam var: O da mənəm.
Bizim bizdən ayrı
kimimiz var ki?!
Adamlar sərsəri, adamlar sərxoş,
Canımız ağrılı, ruhumuz
naxoş.
Dünya
izdihamlı, dünya boramboş -
Bizim bizdən
ayrı kimimiz var ki?!
Zalım
bizimkilər haqqa vardılar,
İndi rahatdılar, bəxtiyardılar.
Hamının könlündə sınıq
taxtı var,
Bizim bizdən
ayrı kimimiz var ki?!
Arifsən, aqilsən, gəlmə
bilməzdən,
Bu incə bağları kim salar
gözdən?
Çıxıb hara gedək bir-birimizdən,
Bizim bizdən
ayrı kimimiz var ki?!
O qədər dolaq ki, boşalıb, barı,
İsladaq yaddaşı saran qubarı.
Qoy görək, bu yığval hara aparır, -
Bizim bizdən
ayrı kimimiz var ki?!
Qorxuram hər şeyin yolu kəsilər,
Qorxuram Allaha pənah üzülər.
Nifrətə dönməsin umu-küsülər,
Bizim bizdən
ayrı kimimiz var ki?!
Onsuz da uçuxdu könlün qalası,
Kimdi bizə
layiq haqqı bulası?
Qayıt,
təzələnək, zalım
balası,
Bizim bizdən
ayrı kimimiz var ki?!
Öldürəcək
İtirmişəm əzəlimi,
İgidimi, gözəlimi.
Öz əlimlə öz əlimi
özüm kəsdim,
bulanıbdı -
Qanam, məni
öldürəcək.
Doğrunu danmaqmı olar?
Düzgahı yonmaqmı olar?
Belə
də yanmaqmı olar?-
Ya Rəbb! Tüstüm bulanıbdı -
İnam məni öldürəcək.
"Olmaz"ın odunu gördüm,
"Olar"ın badını
gördüm...
Dünyanın dadını gördüm,
Gördüm-küsdüm: bulanıbdı
O tam məni öldürəcək.
Saldılar tora, yıxıldım,
Dözmədim dara, yıxıldım.
Gör, gedib hara yıxıldım? -
Yenə
üstüm bulanıbdı
-
Anam məni
öldürəcək.
...Qaraca daşdan boylanan,
Ruhu göylərdə hoylanan
Adam məni öldürəcək!..
***
Umacaqlar
bizdən qaçır,
Çatammırıq, ha gedirik.
Könlümüzdən savab keçir,
Niyə
günaha gedirik?
Özün nur saç, Rəbbim, önə,
Varmalıya varaq yenə.
Ayrı
səmtə, ayrı yönə -
Amana-aha gedirik.
Ölmürük ha, ölmək üçün,
Gedəsiyik, gəlmək üçün.
Bilməlini bilmək üçün
Bəlli sabaha gedirik.
Yar olduq Onnan ötəri,
Var olduq SONnan ötəri...
Allahdan yol gəlib bəri -
Üzü Allaha gedirik.
Allahın kölgəsi
Nizamında nə tərif var, nə şər
var,
Düşüncəyə hər nə gəlib düşər -
var.
İnam
varsa, iman varsa, bəşər var, -
Allah haqdı, bəndə
onun kölgəsi.
Düz əməldə qazanc da var, pay da var,
Gerçək olan ibadətdə fayda var.
Tövrat, İncil, Quran nədi? - Qaydalar,
-
Allah haqdı, din də
onun kölgəsi.
Haqqın
sirri göy üzündə yeddi qat,
Yalnız Odu vaqif olan
adbaad.
Əgər MƏNdən başlayırsa
bu həyat, -
Allah haqdı, mən
də onun kölgəsi.
Məni öldürən şeirlər
Gecələr bivaxt durub yazı yazanda uşaqların anası hər dəfə canıyananlıqla "şeir
yazmaq səni öldürəcək" - deyir...
Onsuz da hər şey fanidi,
Hər şey ötəri, anidi.
Dəymə, sevdiyim canidi
Məni öldürən şeirlər.
O tərəflər ün öldürür,
Bu tərəflər ön
öldürür.
Hər gecə bir gün
öldürür
Məni öldürən şeirlər.
Gərginliklər məndən doymur,
Sən deyəni
onlar duymur.
Hələ ki, yatmağa qoymur
Məni öldürən şeirlər.
Gah dağ çəkir, gah dağılır,
Gah da bir sözdə boğulur.
Neynim ki, belə doğulur
Məni öldürən şeirlər.
Zamanımı bölüb gedir,
Ağrısını bilib gedir.
Yatan kimi ölüb gedir
Məni öldürən şeirlər.
Şimşək kimi çaxmayıblar,
Leysan kimi axmayıblar!..
Hələ gəlib çıxmayıblar
Məni öldürən şeirlər.
...Yaddaşlarda qalacaqlar,
Haqqı varsa, alacaqlar.
Özləri sağ qalacaqlar
Məni öldürən şeirlər.
Rəfail İncəyurd
Ədəbiyyat qəzeti 2024.- 25 may, №19.- S.18.