Turan havalı zaman şairi

 

Akif Azalp poeziyasından söz gedəndə, istər-istəməz yada düşən ilk nümunə şairin eyniadlı kitabında yer almış məşhur "Turan havası" (1982) adlı şeiri olur. Yazıldığı tarixdən yarım əsrə yaxın bir vaxt keçməsinə baxmayaraq, bu şeir, nəinki öz aktuallığını itirməyib, uzun əsrlərin Turan idealının artıq siyasi gerçəkliyə üz tutduğu indiki zamanda, özünün yeni baharını yaşayır. Siyasi gerçəkik deyəndə biz, hər şeydən öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki (14 fevral 2024-cü il) möhtəşəm tarixi nitqinin aşağıdakı sözlərini nəzərdə tuturuq: "...Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox".

Bəli, Akif Azalpın "Hüseyn Cavid təvəllüdünün 100 illiyində Əli bəy Turanın (Hüseynzadənin) ruhuna ehtiramla" yazılmış "Turan havası" şeiri, hər şeydən öncə, məhz bu sözügedən birliyin, eynən bu günlərin dərin həsrətini əks etdirirdi və məhz bu baxımdan, bu gözəl şeiri gənc Turan sevdalısının ilk vizit kartı kimi dəyərləndirmək daha doğru olardı:

 

Ağca-ağca buludların o üzündən

Uca-uca zirvələri cingildədib,

Süzülərək içindəki göy üzündən

Qoca-qoca çinarları dingildədib,

 

Oynadır özgə dünyanın

allı-yaşıllı sevdası,

içimdə Turan havası,

dışımda Turan havası!

 

Bəzi çalarları, xüsusən, sətirlərinin Ön və son qafiyələri ilə türklüyün ilk şifahi və yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un poetik deyim tərzini xatırladan bu nümunədə vurğulanan rənglərin (ağ, göy, al, yaşıl) həqiqi şair fəhminin öngörücü xisləti sayəsində çağdaş və müstəqil türkdilli ölkələrin dövlət bayraqlarındakı rəng simvolları ilə kəsişməsi də əsla təsadüfi deyildir. Belə ki, Akif Azalp hardasa qırx misralıq bu bənzərsiz poetik yaşantıya qədim və çağdaş türkçülüyün əsas rəmzi-məcazi atributlarını (at, qala, oxuyan qurd, qızıl alma və s.), eləcə də Turan uğrunda çarpışan qılınc sahiblərindən (Alp Ər Tonqa, Maday xan) tutmuş, yaradıcılığında və fəaliyyətində Turan idealını yaşadan qələm sahiblərinə qədər, bir çox tarixi şəxsiyyətlərin adlarını uğurla həkk etməyə nail ola bilmişdir:

 

Arxasınca Qaspıralı arslanların,

Göyalpların, Cavidlərin, Toğanların,

Akpınarın heyrətinə heyrət qoşan

Buğraların, Çokayların, Çolpanların,

 

Yürüdükcə könül deyir:

Bizdən bu hava qalası,

Türkümdə Turan havası,

marşımda Turan havası!

 

Şeirin sonuncu bəndində böyük tarixi simalar sırasında Akpınar adının çəkilməsinin öz səbəbi var. "Turan havası" şeiri çağdaş dövrün böyük türkçüsü, eyni zamanda İsmayıl bəy Qaspıralı haqqında sanballı tədqiqatlar müəllifi, ustad Yavuz Akpınarın hələ sovet dönəmində, 1982-ci ildə Azərbaycana və Özbəkistana ilk səfərinin və Daşkənddə öz gənc məsləkdaşı Akif Azalpla görüşünün maraqlı tarixçəsini əks etdirir.

Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1974-cü ildə hələ tələbə ikən ADU-nun filologiya fakültəsindən dövlət xətti ilə Daşkənd Dövlət Universitetinin Özbək dili və ədəbiyyatı fakültəsinə göndərilən və uzun illər qardaş Özbəkistanda yaşayıb-yaradan iki filoloqdan biri kimi Akif Azalpın türk birliyi ideyasına vurğunluğu təbii idi. Odur ki, Turan obrazı və Turan idealı istedadlı şairin özbək və Azərbaycan dillərində çap olunmuş "Sabahın işığı" (Daşkənd, "Akademiya" 2000) və "Turan havası" (Bakı, "Vətən", 2006) adlı ilk kitablarındakı ilk şeirlərindən ("Yurdum Turan, aulum Nursu" - 1974, yaxud "Turana vurulan günümdən bəri, Kipriyimdə donmuş iki damla yaş" - 1980) tutmuş, gənc bəstəkar Yaqut Almazın musiqisində, Azərbaycan və Özbəkistan xalq artisti Gülyanaq Məmmədovanın ifasında səslənən son nəğmələrinə ("Türkiyə Turan diyor, Turan Ərdoğan diyor" - 2023, yaxud "Turan şadəsinin bir cüt mərcanı, Özbəkistan ilə Azərbaycan" - 2023) qədər, onlarla diqqətəlayiq örnəklərin və yüzlərlə təsirli misraların sırasından qırmızı xətlə keçir.

Üstəlik, istedadlı şairin sözügedən mövzudakı şeirlərinin böyük əksəriyyəti öz poetik deyim tərzinin orijinallığı və bənzərsiz bədii-üslubi cazibəsi ilə seçilir. Məsələn, götürək elə vur-tut, səkkiz misralıq "Oljas Süleymenov" (1979) şeirini:

 

Bəs deyilmiş kimi dillərdə dastan,

"Kız ku!" şiddətitək şux təranələr!

Bəs deyilmiş, sanki Dəşti-qıpçaqdan

Aləmə səsə salan şah türkanələr!

 

Nurun saçan kimi mümtaz "Az i Ya",

Açıldı tarixin ən sərt düyünü!

İndi Sizə baxıb qoy, görsün dünya, -

Asiyanın necə böyüklüyünü!!!

 

İstər bütün türk dünyasının fəxri kimi, istər çağdaş dövrün böyük şairi kimi, Oljas Süleymenova Şərq və Qərb şeirində ithaf olunmuş nümunələrin sayı-hesabı yoxdur. Ancaq bunu da səmimi və mərdanə etiraf etmək lazım gəlir ki, həmin nümunələr arasında bir şair və mütəfəkkir kimi Oljas Süleymenov portretinin əsas cizgilərini Akif Azalp şeirində olduğu qədər yığcam və sərrast ifadə edən ikinci bir örnəyi tapmaq çox çətindir.

Ən başlıcası isə, ondan ibarətdir ki, vətənpərvər şair yaradıcılığında Azərbaycançılıq ideologiyası və Turançılıq məfkurəsi bir müstəviyə gətirildiyi və bir-birini tamamladığı üçün Azərbaycan və Turan obrazları Akif Azalpın Vətən düşüncəsinin qoşa qanadını təşkil edir. Buna əmin olmaq üçün şairin məşhur "Azərbaycan" (1981) balladasının aşağıdakı misralarına dərindən diqqət yetirmək kifayətdir.

 

..."Vətən!" - dedim, nazlı-nazlı güldü Turan

Əsrlərin uğultusu arasından.

Sən Turandan qalan şansan, Azərbaycan!

Dünya bir yan, sən bir yansan, Azərbaycan!

 

Hər bir şair yaradıcılığında olduğu kimi, Akif Azalp lirikasında da sevgi şeirlərinin özünəməxsus yeri və çəkisi var. Amma bu son dərəcə ənənəvi mövzuda belə, şair hər şeydən əvvəl, öz üslubunun bənzərsizliyini və obrazlarının yeniliyini asanlıqla nəzərə çarpdıra bilir. Bu baxımdan, Akif Azalpın ilk qələm təcrübələrindən olan "Gəlsən, özün gəlmə!" (1979) şeiri ciddi maraq doğurur. Budur həmin nümunənin ilk və son sətirləri:

 

Gəlsən, özün gəlmə!

Mənə yaddaşımın yadını gətir,

Bir də dodağımın dadını gətir!

 

...Onlar da sənintək düşəndən uzaq

Yovuşmaz oldular heç kimə heç vaxt.

Gəlsələr, səninlə gələrlər, ancaq!

Gəlsən, özün gəlmə!..

 

Təqdirəlayiq tərəfi ondadır ki, şair həm məzmun, həm forma baxımından ənənə daxilindəki bu orijinallığı və yeni poetik ifadə tərzini sevgi mövzusundakı son şeirlərinə qədər qoruyub saxlamağı bacarır. Məhz bu mənada və bu cəhətdən Akif Azalpın "Bir bayatıya son söz yerinə" (2017) adlı şeiri, nəinki onun yaradıcılığının, bütövlükdə çağdaş Azərbaycan lirikasının gözəl nümunələrindən biridir:

 

Bir sütül oğlanın lal baxışından

Ay üzündə qalan o izlər haqqı!

Göydən müjdə alan bir bakirənin

Bətninə əkilən o sözlər haqqı!

Dünyanı yaradan sevgidir ancaq,

Dünyanı yaşatsa, o yaşadacaq!

 

Sürünə-sürünə bir kam yolunda

Qançır-qançır olan o dizlər haqqı!

Ümidin sonundan bir qaraltıya

Baxa-baxa dolan o gözlər haqqı!

Dünyanı yaşadan sevgidir ancaq,

Dünyaya nə qalsa, ondan qalacaq!

 

Akif Azalpın Azərbaycan poeziyasına gətirdiyi yeniliklərdən biri də çağdaş Olimpiya ideallarının və idman dəyərlərinin bədii tərənnümü ilə bağlıdır. Bu mövzunun qədim yunan şairi Pindarın "Olimpiya nəğmələri"ndən çağdaş Olimpiya hərəkatının banisi Pyer de Kubertenin "İdman odası"na qədər dünya şeirində müəyyən ənənələri olsa da, milli şeirimizin üfüqlərində ilk dəfə məhz Akif Azalpın qələmi ilə öz əksini tapmışdır. "Olimp" poeması başda olmaqla, müxtəlif illərdə yazılan yüzlərlə örnəklər, əsasən, Milli Olimpiya və idman dəyərlərimizə həsr olunmuşdur. Amma onların arasında dünyamiqyaslı hadisələri əks etdirən və şairin özünəməxsus poetik tapıntılarını üzə çıxaran nümunələr də az deyildir. Məsələn, məşhur futbolçu Dieqo Maradonanın 1986-cı ildə Argentinaya çempionluq gətirən qalmaqallı "qol"u əli ilə vurması, sonradan bunu etiraf etməsi, "Allahın əli" ibarəsi və s. hamıya yaxşı məlumdur. Ancaq, baxın, Akif Azalp "Maradona nidası" şeirinin sonunda əfsanəvi ulduzun öz dilindən bu faktı necə mənalandırır:

 

...Amma nə olsa da, şükür, Xudaya,

Ondan bəri dilim doymur duaya:

Ecazkar əlini bircə anlığa

Borc verdiyin üçün Argentinaya!

 

Bütün yaradıcılığı boyu Azərbaycanın mürəkkəb tarixi taleyi, Qarabağ müharibələrinin acıları və qəhrəmanlıq səhifələri, Böyük Qələbəmizin mətanət və rəşadət salnaməsi Akif Azalpın müxtəlif illərdə yaranmış bir sıra poemaları ("Türkmənçay", "Nuhçıxan", "Kaman", "Qaçqın", "44:0") və dram əsərlərinin ("Mələklərin eşqi", "Cənnət çiçəyi"), eləcə də, çoxsaylı şeirlərinin əsas mövzuları olmuşdur və şair bu sahədə ciddi bədii uğurlara imza atmışdır. Heç də təsadüfi deyildir ki, onun məşhur "Şəhid öygüsü" şeiri 2020-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən vətənpərvərlik müsabiqəsində birinci yerə layiq görülmüşdür.

Akif Azalp çoxşaxəli yaradıcılığında onun bədii tərcüməçilik fəaliyyəti xüsusi yer tutur. Qısalıq naminə təkcə onun türk dillərindən etdiyi tərcümələri alası olsaq, onlar dörd kitabda ("Özbək xalq şeirindən seçmələr", "Krım-tatar xalq şeirindən seçmələr", "Siraciddin Səyyid. Vaxt heykəli" və "Akif Azalp. Turan havası"), eləcə də, bir sıra qəzet və jurnallarda yayımlanıb. Belə ki, Azərbaycan oxucuları bir çox özbək şairlərinin yaradıcılığı ilə, həmçinin özbək, uyğur, türkmən, tatar, krım-tatar, şor xalq mahnılarından örnəklərlə ilk dəfə Akif Azalpın orijinaldan edilən gözəl və təbii tərcümələrində tanış olublar.

Akif Azalp yaradıcılığının ikinci qanadını onun elmi fəaliyyəti təmsil edir. Əfsus ki, məqaləmizin həcmi və vəzifəsi bu haqda ətraflı dayanmağa imkan vermir. Bununla belə, burada ayrıca vurğulamaq lazım gəlir ki, Akif Azalp "türkdilli poeziyada tuyuğ janrının poetikası və tarixi" (1983), "Bədii ideal və tarixi həqiqət" (1997) kimi genişçaplı, nəzəri tədqiqatlarla yanaşı, türk xalqları ədəbiyyatına dair problematik məqalələrin və sanballı elmi məruzələrin müəllifidir.

Akif Azalp yaradıcılığı böyük özbək tənqidçisi, Özbəkistan Qəhrəmanı, prof. Azad Şərəfiddinovdan tutmuş, Azərbaycan Xalq şairi Fikrət Qocaya qədər, hər iki ölkənin bir çox ədəbiyyat və elm xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Onları burada sadalamağa ehtiyac yoxdur, necə deyərlər, görünən dağa nə bələdçi!

Biz yalnız 70 yaşı tamam olan əziz şairimizi ürəkdən təbrik edərək və ona yaradıcılıq uğurları diləyərək, sözümüzü türk dünyasının böyük siması və Özbəkistan Xalq şairi Rauf Pərfi Öztürkün "Azalp hadisəsi" məqaləsindən bir fikri ilə bitirmək istəyirik: "Akif Azalp Türk dünyasını, Türküstanı, doğma Sözü dərindən dərk edən böyük şairdir. Mən fəxr edirəm ki, Akif Azalp Əlişir Nəvai, Zahiriddin Məhəmməd Babur, Məhəmməd Füzuli, Hüseyn Cavid, Əbdülhəmid Çolpan kimi nəhənglərin müqəddəs dilində yazıb-yaradır, öz könlünü tərənnüm edir" ("Sənət qəzeti", 15 fevral 2006-cı il, s.22).

 

 

Nizaməddin Şəmsizadə

Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor

 

Yaşar Qasımbəyli

Filologiya elmləri doktoru, İsmayıl Şıxlı mükafatı laureate

 

Ədəbiyyat qəzeti 2024.- 25 may, №19.- S.20-21.