Heç kəsin şeiriylə dəyişik düşməyən şeirlər müəllifi - Qoca Xalid!

 

May ayının 25-də "şeirlərindən kövşən iyi gələn" tanınmış şair-tərcüməçi Qoca Xalidin (Namizəd Xalidoğlu) 70 yaşı tamam olur.

 

Qeyd edək ki, bu ad, bu imza Azərbaycan və rus oxucusuna yaxşı tanışdır. Qoca Xalid həm istedadlı şair, həm də mahir tərcüməçi kimi öz imzasını Azərbaycan və rus ədəbiyyatı tarixinə yazmış sənətkarlarımızdandır. O həm öz şeirləri, həm də məşhur rus şairləri - Yesenin, Tütçev, Fet, Vısotski, Rubtsov, Kuznetsov, Sokolov, Peredreyev, Kazantsev və başqa görkəmli sənətkarlardan etdiyi tərcümələri ilə məşhurdur. Vaxtilə Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alan Qoca Xalid Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü, Rusiya xalqlarının VII Artiadasının və Beynəlxalq N.Rubtsov mükafatlarının laureatıdır.

Şəki Tibb Kollecində şairin 70 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Görüşdə şairin qələm dostları, kollecin müəllim və tələbə heyəti iştirak edirdi. "Qoca Xalid. Rus poeziyası. Seçmə şeirlər" kitabı poeziyasevərlərə şair-tərcüməçinin yubiley hədiyyəsi və yaradıcılıq hesabatı kimi təqdim olundu.

Tədbiri Şəki Tibb Kollecinin direktoru Elmira Hacıyeva açaraq qonaqları salamladı, yubilyarı yubiley yaşı münasibətilə ürəkdən təbrik etdi. Şairə daha böyük uğurlar və cansağlığı arzulayaraq, hədiyyə və gül dəstəsi təqdim etdi.

Daha sonra kollecin kitabxana müdiri İradə Səmədova yubilyarın ömür və yaradıcılıq yolu barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, tədqiqatçı-alim İlham Abbasovun dost səmimiyyəti ilə qələmə alınmış "Böyük şairlərin rəqibi" adlı geniş Ön sözlə tanışlıq oxucuya bütün standart və qəlibləri öz daxili azadlığı hesabına uçurub-dağıdan azadfikirli kənd şairi haqqında bitkin məlumat əldə etmək imkanı verir.

Qoca Xalidi əsərlərini tərcümə etdiyi görkəmli rus şairi Vladimir Vısotski ilə doğmalaşdıran cəhətləri İ.Abbasov belə xarakterizə edir: "...Q.Xalidi V.Vısotski ilə doğmalaşdıran hər iki şairin yazı (və düşüncə) tərzi üçün səciyyəvi olan baməzəlik, çoxbilmişlik, yaxşı mənada, "lotuluq" - ümumiləşdirilmiş şəkildə götürsək, "şəkililik", ("dəhnəlilik") sindromudur".

Bundan sonra mərasimin təşkilatçıları da çox güman ki, standartları, sözün yaxşı mənasında, pozdular: şairin elə bu özgür cəhətini, daxili azadlıq xüsusiyyətlərini dəyərləndirərək, çıxış üçün sözü ilk olaraq yubilyarın özünə verdilər.

 

"Boyu balacadır sətrinə görə,

Bununçün kimsəyə bir işi düşməz.

Mənim şeirlərim ətrinə görə

Heç kəsin şeiriylə dəyişik düşməz,

Kövşən iyi gəlir şeirlərimdən..."

 

- deyə bütün mənalı ömrünü doğulub boya-başa çatdığı dogma Kiçik Dəhnəyə bağlamış, "Bu su Dəhnədən gəlir..." deyərək, "Dəhnənin suyunu qurumağa qoymamağı" qarşısına məqsəd qoyan şairin səmimi çıxışı poeziyasevərləri ovsunladı. Bu könül söhbəti əsnasında bir daha şahid olduq ki:

 

Şairin şəklini şəhərdə - qəzet,

Kənddəsə - arxlardan axan su çəkir.

 

Özü də elə gözəl çəkir ki!..

 

Şairin könül verdiyi, heç vaxt arxa çevirmədiyi kənddə onu olduğu kimi qəbul edib dəyərləndirənlər nə qədərdir?! Bax, buna görə, "ən gözəl hissləri" qələm dostumuzu "təkləyəndə", gücü ancaq özünə çatır, ərki könül çırpıntılarına yetir: odur ki, "şeirlə boğaram həyəcanımı", - deyir. Bir də axı, şəhərdən kənd görünməsə də, şəhər mühiti, "elitar ədəbi səhnə" kənddən elə aydın, elə aşkar görünür ki...

 

Dostlar da cürbəcür işə qoşulub,

Köçdülər, köçəri quşa qoşulub.

Mən isə doqqazda daşa qoşulub,

İlişib qalmışam kənddə-kəsəkdə...

 

"Əli qaşında" "göyərmiş daşlara" baxaraq, "adına duz salınmaq" ağrısını küləklərə söyləyən şairin həmin gün adına duz salmaq istəyənlərin sayı-hesabı yoxuydu... Çünki özü kimi sözü də, hiss və duyğuları da özgür, səmimi, mərd, dəli-doludu Qoca Xalidin.

Şairin özü kimi taleyini Dəhnəyə bağlayan dostu - uzun illər kənd məktəbində dil-ədəbiyyat müəllimi işləmiş yazıçı-ədəbiyyatşünas Yəhya Abbasova söz veriləndə, o, Qoca Xalidin - bu sadədən-sadə görünüşlü kənd-kəsək şairinin, rus klassik və müasir poeziyasının mahir tərcüməçisinin oxucuya o qədər də tanış olmayan, bugünəcən könül saxlancında sevib-əzizlədiyi gizlinlərini səxavətlə açıqladı. Sən demə, Qoca Xalidin heç özünə də bəlli deyilmiş, qol-qola girib getdiyi arzular, ümidlər onu hansı səmtə aparır. Bildiyi yalnız budur ki, çıxdığı yolun cığırı da özünə məxsusdur, izi də... Sonrasını kim bilir ki?!..

 

Arzuyla, ümidlə girib qol-qola,

Baxmayıb yağışa, qara, gedirəm.

...Mən çoxdan çıxmışam getdiyim yola! -

Di, gəl ki bilmirəm, - hara gedirəm.

 

Şairin çıxdığı intəhasız poeziya yoluna nəzər salmaq missiyası bu dəfə şair-tədqiqatçılar Qiymət Məhərrəmlinin, Ramiz Orsərin boynuna düşdü. Duyğular dilə gəldi, arzular pöhrələndi şairə tərəf:

 

"Nə qədər mağmınam, nə qədər qərib!

Soyuq qarşıladı bu şəhər məni...

 

- deyə şəhər mühitinin biganəliyindən üşənən şair ürəyi kövrək notlara köklənir. Şəhərin vecinə almadığı "şeirlərindən kövşən iyi gələn" "sadə" kənd şairinin umacağı elə də çox deyil. Sadəcə, diqqət... Sadəcə, sevgi... Sadəcə, anlaşılmaq duyğusu...

Bu arzu, bu istəklə üz tutduğu ağaclardan belə gileyi var şairin:

 

Hər gün dilə tutdum neçə palıdı, -

Gah cavan, gah da ki qoca palıdı.

Ağac da saymadı Qoca Xalidi;

Soyuq qarşıladı bu şəhər məni.

 

Elə bu soyuq qarşılanmalar oldu, bəlkə də şairi əbədilik öz Kiçik Dəhnəsində minbir zillətlə, "dərdə, möhnətə qatlaşa-qatlaşa qurduğu koma"ya bağlayan..."

Məhz bu fədakarlığına, yurda, torpağa bağlılığına, sevgi və sədaqətinə görə qələm dostlarını təqdir edən natiqlər, ona bundan sonrakı tərcüməçilik fəaliyyətində və şeir yaradıcılığı sahəsində daha böyük uğurlar arzuladılar.

Bədii qiraət ustası Bəhiyyə Nağıyeva şairin şeirlərini özünəməxsus sənətkarlıqla səsləndirdi. Şairlərdən Musa Həşimov, Gülarə İnci, tədbirin layihə rəhbəri, yazıçı Pərvanə Məmmədova çıxış edərək, Qoca Xalidin ömür və yaradıcılıq yolundan, bənzərsiz poeziyasını şərtləndirən cəhətlərdən söz açdılar. Şairin ailəsi adından qızı Təbrizə Zəkəriyyə söz aldı; Qoca Xalid kimi ünlü bir şairin, tərcüməçi və publisistin qızı olduğundan hər zaman qürur duyduğunu bildirdi, yubiley mərasimini təşkil edib keçirdiklərinə görə təşkilatçılara, tədbirin belə yüksək səviyyədə alınmasına görə şairin qələm dostlarına və tələbələrə sonsuz minnətdarlığını bildirdi.

Seçmə şeirlərini, tərcümələrindən nümunələr səsləndirən şair, oxucuların suallarını cavablandırdı.

Yubiley tədbiri milli geyimli gələcək tibb bacılarının ifasında bir-birindən gözəl rəqslərlə yekunlaşdı. Tədbir iştirakçıları bu gözəl poeziya bayramından unudulmaz duyğularla ayrıldılar.

 

Qiymət Məhərrəmli

Filologiya üzrə fəlsəfə doktoru, şair

 

Ədəbiyyat qəzeti 2024.- 25 may, №19.- S.27.