Him-cimlə
"danışan" Romeo ilə Cülyetta
Tamaşa boyunca həm əsərin müəllifinin dəsti-xəttinin,
təhkiyəsinin, həm quruluşçu rejissorun əsərə
yanaşma üslubunun, həm də aktyor heyətinin
personajlarını canlandırmaq bacarıqlarının
aydın görünüb-duyulduğu bir tərz, hər
hansı teatr üçün təbii ki, ən məqbul tərzdir.
Ən qəmli sevgi hekayələrindən biri. Romeo ilə
Cülyettanın sevgi hekayəsi... Azərbaycan
səhnəsində bu əsərə növbəti müraciət
Dövlət Pantomim Teatrında oldu. Pantomimçilər
V.Sekspirin ölməz "Romeo və
Cülyetta"sını him-cim dilində
"danışdırdılar" - əsl sevgi sözsuz
olur, axı (ya da belə deyək: sözə yox, əmələ,
addıma, işə inanır əsl sevgi).
Həyat, məhəbbət və
ölüm
Tamaşanın dekorasiyası da, aktyorların əlbisələri
də minimalistik tərzdədir - kamera səhnəsində
orta əsrlərə aid hər hansı element yoxdur. Amma bu elementlər həm də
vardır - aktyorların bir tərəfi qırmızı, digər
tərəfi mavi libaslarında, qədim lay divar butaforunda
Montekki-Kapuletti zamanlarının ab-havası, ən qəmli məhəbbət
dastanının vətəni kimi əbədiləşən
İtaliyanın qədim Verona şəhəri canlanır, bu
dastanı dahiyanə qələmə alan ingilis dramaturqu Vilyam
Sekspirin qəhrəmanlarına münasibəti duyulur və hətta
Sekspirin həm də teatr xadimi olduğu da sezilir. Və
bütün bunlar minimalistik, xəfif baxımlılıqda və
duyumluluqda...
Quruluşçu rejissor Ceyhun Dadaşov tamaşanı əsərin
süjet zəncirində əsaslı yerdəyişmələr,
ciddi əlavələr etmədən, Sekspirin təfəkkür
və təhkiyəsinə istinadlanaraq qurub və teatrın
yeni səhnə əsərinin janrını plastik portret kimi
təyin edib.
Amma əlbəttə ki, yeni "Romeo və
Cülyetta" özünəməxsus yanaşmasız
ötüşməyib. Əvvəla,
tamaşanı "Roceo və Mulyetta" adlandırmaqla
yaradıcı heyət faciəvi sonluğu həm bir qədər
yüngülləşdirib (daha doğrusu, buna
çalışıb, çünki belə bir hekayəti
olduğu kimi tamaşaya qoyub, hüznlü təsirini azaltmaq mümkün
deyil), həm də iki sevgilinin, gənc ər-arvadın
adlarını bir-birilə çulğalaşdırıb.
Rejissor tamaşasının adını "Roceo və
Mulyetta" qoymaqla, afişada V. Sekspirlə
həmmüəlliflik iddiası ilə - ədibin
adının altından öz adını yazıb
üstündən xətt çəkməklə əsərə
ironik aspekt verməyə cəhd etsə də, bu yalnız cəhd
olaraq qalıb: dramatiklik solo ifasını sonadək ifa etdi,
iki dəfə baxdığım tamaşanın teatrallar tərəfindən
tam bir səssizliklə izlənilməsi də bunu təsdiqlədi.
Əsərin proloqunda xor
tamaşaçıları bir azdan səhnədə həyat,
məhəbbət və ölümlə üz-üzə
qalacaqları barədə xəbərdar edir, dəqiqi, həyatın
əsas "yelkənləri" olan məhəbbətlə
ölümün personajları haralara aparacağını
bildirir. Pantomim teatrının tamaşasında bu
bildiriş Veronanın iki əsilzadə nəsli Montekkilərlə
Kapilettilərin bir-birinə acıqlı-qıcıqlı,
Romeo Montekki ilə Cülyetta Kapulettinin Kapulettilərin
sarayındakı maskarad ziyafətində ilk görüşlərindən
ölənədək bir-birlərinə hörmət, rəğbət,
məhəbbət, ehtiras saçan baxışlarında,
duruşlarında, qıvrılmalarında, Həyatla
Ölüm mücəssəmələrinin
qarşıdurmalarında, Veronaya hücum çəkən
qarğaların qarıldaşmasında səssiz-sözsuz
cizgilənir. Tamaşada yeganə səs
hüququ musiqiyə verilib. Əsas musiqi
parçası olaraq Franko Dzeffirellinin 1968-ci ildə çəkdiyi
"Romeo və Cülyetta" ekran əsərinin musiqisi
seçilib. Əvəzolunmaz Nino Rotanın Yudjin Uolterin
"Gənclik nə deməkdir" adlı nəzm əsərinə
F.Dzeffirellinin 1960-ci ildə Londonun "Old Vik" teatrında
qoyduğu "Romeo və Cülyetta" tamaşası
üçün yazdığı, sonra isə eyniadlı filmin
saundtrekinə çevrilmiş həmin təkrarsız, solmaz,
sanki mövzu ilə birlikdə yaranmiş ladlar bizim Pantomim
Teatrının tamaşasında rok musiqisi ilə növbələşir.
Və biri digərinə mane olmur.
Personajlar və aktyorlar
Ağ
libaslı Rahib Lorenso və ya Həyat və qara libaslı
Ölüm (Bəhruz Vaqifoğlu) kabusundan (Xeyirlə Şər
kimi də nəzərdən keçirilə bilər), bir də
onun buyruq qullarından savayı, tamaşada personajların
hamısı eyni qiyafədədir, amma bu zahiri eynilik
onların hər birinin simasının, xarakterinin, səciyyəsinin
açılmasına qətiyyən mane olmur - Montekkilər də
dəqiq təqdim edilir, Kapulettilər də. Bu
məqamda personajların canlandırılması
üçün dəqiq seçilmiş aktyorların
ifalarını qeyd etmək yerinə düşər.
Romeo rolunda çıxış edən Oqtay Kazımov,
Cülyetta obrazını canlandıran Aydan Həsənova, Dayə
rolunu ifa edən Nargilə Qəribova, Rahib (Həyat)
obrazını təqdim edən Elnur İsmayılov, Merkussio
cildinə girən Hilal Dəmir Sekspir dramaturgiyasının qəhrəmanlarının
yeni oxunuşunda, xüsusilə, ifadəli yanaşma ilə yadda
qaldılar. Göründüyü kimi, bu sıralamada təcrübəli
pantomimçilər də var (Nargilə Qəribova və Elnur
İsmayılov), bu sənətdə ilk addımlarını
atanlar da (Aydan Həsənova və Oqtay Kazımov), başqa
teatrdan dəvət edilən də (Gənc
Tamaşaçılar Teatrının aktyoru, Vətən
müharibəsi iştirakçısı Hilal Dəmir). Birinci təqdir qeydimi elə sıralamadakı sonuncu
aktyordan başlamaq istəyirəm. Hilal Dəmirin
simasında Merkussio yeni layiqli ifaçısını
qazandı. Onun Merkussiosunun dəlisovluğu
həm italyansayağıdır, həm azərbaycanlısayağı.
Tən-bərabər olmaqla. Və
bu çox vacib aspektdir; bu və ya digər obrazda aktyorun
üzvi, təbii, səmimi görünməsi, dönüb
"o" olması, "ona" çevrilməsi şəxsi
koloritini əridib yox etməsi anlamına gəlməməlidir.
Süjetə görə Merkussio Verona şahzadəsinin
qohumudur. Romeo ilə illərin dostudur.
Xasiyyətcə özündən razı,
acıdil və tez özündən çıxandır.
Obrazın səciyyəsində Merkussionu "komediyalardakı
təlxək obrazlarından daha nəfis, faciəvi təlxək,
Şekspirin ilk faciə əsərinin karnaval, komediya xassəli
tərkib hissəsi, əsas qəhrəmanın məzəli
dostu ampluasının reallaşması" kimi nəzərdən
keçirən və "buna görə də
gülüş və zarafatın düşməni,
öldürücü dərəcədə ciddi olan Tibalt
(Nurlan Rüstəmov) tərəfindən öldürülməsini,
beləliklə, pyesin karnaval xəttinin qırılmasını
təbii sayan" filoloq L.Pinski ilə tamamilə razıyam. Merkussio-Tibalt qarşıdurması digər səhnələr
kimi, tamaşaçının hiss-həyəcanına hakim kəsilən
səviyyədə qurulması ilə seçildi.
Cülyettanın
dayəsini canlandıran Nargilə Qəribova varlı və əsilli-nəsilli
ailələrin ən məhrəm üzvlərindən (dayə
məhz ailə üzvünə çevrilir, çünki
uşağın fiziki valideynlərindən sonra onun
qayğısına ən çox qalan şəxsdir, ikinci
valideyndir) biri olan Dayə rolunda özünəməxsus ifadə
"açarlarından" növbəti dəfə
ustalıqla istifadə etdi. Doğma
övladından məhrum olan Dayə Cülyettaya çox
bağlıdır, necə deyərlər, canı bu
qızdadır. Cülyetta da dayəsini
çox istəyir və həyatında baş verən
bütün yenilikləri, sirlərinin hamısını ilk
olaraq onunla bölüşür. Dayə
Cülyettanın Romeo ilə qovuşmasından ötrü əlindən
gələni edir. Lakin günlərin bir
günü Cülyettanın təhlükəsizliyi naminə
onun valideynlərinin tövsiyəsi ilə Parislə evlənməli
olduğunu qəbul edəndə Cülyetta dayəsindən
soyuyur, sirr dağarcığı kimi Rahib Lorensoya üz tutur.
Burda da bir məntiq var, şübhəsiz - Lorenso-Həyat
Romeonun mənəvi atasıdır, Cülyetta isə Romeonun
xanımıdır və deməli, Lorenso həm də
Cülyettanın mənəvi atasına çevrilir. Şekspir Romeonu o dövr və o məkana xas
stereotip cizgilərlə təsvir edib - həssas, duyğusal,
romantik. Romeo Montekkinin sayəsində Romeo
adı əks cinsə vurğun, nisgilli aşiq mənasının
sinonimi kimi qavranılır. Oqtay
Kazımovun Romeosu zahiri əlamətləri və məzmun
keyfiyyətləri baxımından orijinal personajla tam unison səsləşir,
gənc aktyor Romeonun orta əsrlərin cəngavərlərinə
xas davranış, təfəkkür, tərz
detallarını inandırıcı şəkildə
oynayır. Eyni sözləri Cülyetta rolunun
ifaçısı Aydan Həsənova barəsində də
demək olar: gənc qız Cülyetta, sadəcə, gözəl
olmaqdan daha çox, son dərəcə məlahətli və
dərrakəlidir və gənc aktrisa Cülyettanın zahiri zərifliyinin
arxasında möhkəm iradə gücünün
olmasını dəqiq çatdıra bildi. Rahib
Lorensoya pyesdə ikinci dərəcəli personaj yeri ayrılsa
da, o, ən həlledici obrazdır. Məhz
Lorenso Montekki ilə Kapulettilərin illərlə davam edən
düşmənçiliyindən çəkinməyərək,
hamıdan gizlin gəncləri evləndirir. Müdrik və uzaqgörən Rahib anlayır ki,
yalnız məhəbbət çoxdankı ədavəti
aradan qaldırmaq iqtidarına malikdir. Heç
kimdən asılı olmayan maneə üzündən sonda
baş verən faciə hər halda Montekkilərlə
Kapulettiləri, nəinki barışdırır, hətta iki
tanınmış ailə arasında qohumluq
mehribanlığı yaranır. Lorenso
filosofdur, nəsnələrin dialektik mahiyyəti barədə
özünün düşüncələri var. Bundan
başqa, o, təbiətşünasdır. Lorenso özünün ideya və düşüncələrində
kilsə ehkamlarına istinad etmir, insanlar arasında məhəbbət
və xeyirxahlıq təməlinə inamı tərənnüm
edir. Və illərdən bəri Pantomim Teatrının
səhnəsində canlandırdığı ən müxtəlif
səciyyəli obrazlarında müəllifin ideyasını,
rejissorun seçimini, tamaşaçının inamını
doğruldan Elnur İsmayılov bu dəfə də yüksək
sənət nümayiş etdirdi - Lorensonu həm konkret
personaj, həm də ümumiləşmiş xeyirxahlıq,
uzaqgörənlik obrazı kimi, son dərəcə səliqə
və ustalıqla təqdim etdi. Aktyorlar haqqında bu qədər
təqdir müşahidələri varsa, təbii ki, bu,
quruluşçu rejissorun aktyorla işləmək
bacarığının göstəricisidir - Ceyhun Dadaşov
klassika ilə davranmağın nə demək olduğunu
anlayan az sayda rejissorlarımızdan biri
kimi haqqında yaratdığı təsəvvürü
dağıtmadı.
Əhvalatın ədəbi və teatr
tarixi
Qələmə alınma və dərc edilmə tarixləri
1591-1596-cı illəri əhatə edən V.Şekspirin faciəsinin
orijinaldakı adı "Heyrətamiz və çox təsirli
Romeo və Cülyetta faciəsi" kimi qeyd edilən bu əhvalat
1500-cü illərdən bəri ədiblərin və teatr
rejissorlarının nəzər-diqqətində olmaqla bir
çox interpretasiyalarda təqdim edilib. Əlbəttə ki, ədəbiyyat
tarixində birinciliyi Sekspirin əlindən alan
hələ ki olmayıb. Məhəbbət əhvalatının,
sadəcə, qəmli deyil, faciəvi sonluğunu yeganə
olaraq Lope de Veqa oxucularına mütaliə etməyi rəva
görməyib; ispansayağı təhkiyəsində xoşbəxt
sonluğa üstünlük verib. Əhvalat
bugünədək variasiyalar sarıdan korluq çəkmir.
İllərin düşməni olan zadəgan ailələrin
övladlarının sevgi tarixçəsinə aid tarixi
faktlar əldə edilməsə də, süjetin əsasındakı
tarixi fon və həyat motivləri
veronalı aşiqlərin real şəxslər olmasına aid
qənaətləri əsaslandırır. Faciənin
antik analoqu qədim Roma şairi Ovidinin
"Metamorfozalar"ında nəql etdiyi Piramla Fisbanın
sevgi hekayəsidir. Hesab olunur ki,
Şekspirin əsaslandığı süjet Artur Brukun 1562-ci
ildə nəşr edilən "Romeo və Cülyettanın
faciəli hekayəsi" poemasından qaynaqlanıb. Bruk isə, öz növbəsində, italyan ədib
Matteo Bandellonun 1554-cü ildə oxuculara ərməğan edilən
"Dörd novella kitabı"ndakı hekayətə
istinadlanıb. Bandello "Romeo və Cülyetta"
novellasını Luidji da Portonun 1524-cü ilə aid edilən
"Sinyor Bartolomeo della Skalanın
dövründə Veronada iki nəcib aşiqin və
onların kədərli ölümünün yeni
tapılmış hekayəsi" əsərindən
ilhamlanaraq yazıb. Da Portonu bu əhvalatı qələmə
almağa çox güman ki, İtaliyada bədbəxt
aşiqlər haqqında yayılmış hekayələr və
şəxsi həyatından doğan məqamlar sövq edib.
Şekspirin "Romeo və Cülyetta"sı 1595-ci
ildən bəri teatr səhnələrindən
düşmür. Və yəqin ki, heç zaman
düşməyəcək. Faciənin ilk
tamaşaları İngiltərədə son dərəcə
populyar olub və 1642-ci ildə puritan parlamentinin
qadağasına qədər böyük uğurla
oynanılıb. 1660-cı ildə Romeo ilə
Cülyetta səhnədəki həyatlarına
qayıdıblar, həm də çox böyük müvəffəqiyyət
qazanan interpretasiyalarla. Azərbaycanda da
teatr sənəti təşəkkül tapandan bəri
teatrlarımız V. Şekspirin "Romeo və
Cülyetta"sına vaxtaşırı müraciət edib və
etməkdədir.
P.S. "Şekspir teatrı nadir əşyalarla dolu
möcüzəli mücrüdür, burda dünya tarixi
zamanın gözəgörünməz ipi ilə hərəkət
edərək gözlərimizin qabağından keçib
gedir, onun planları bu sözün vərdiş edilmiş mənasından
çox uzaqdır. Lakin onun bütün pyesləri yeganə gizli nöqtə
(bu nöqtə hələ heç bir filosofun gözünə
dəyməyib və təyinatını tapmayıb) ətrafında
dövr edir, burda bizim Mənimizin özünəməxsus
adiliyi və iradəmizin cəsarətli azadlığı
tamlığın, bütövlüyün qaçılmaz hərəkəti
ilə qarşılaşır... Şekspirin insanlarından
daha təbii nə ola bilər!" İohann-Volfhanq
Höte.
Samirə
Behbudqızı
Ədəbiyyat qəzeti 2024.- 25 may, №19.- S.28-29.