İnqilab
müəllimə Salam və Vida!
Yaxın
günlərdə haqq dünyasına qovuşan İnqilab
İsaqın yorulduğu, usandığı vaxtlarda onun həmsöhbəti,
onun dostu illərdi qoruyub saxladığı kitabları idi.
Kitabları öz balaları kimi sevər, əzizləyərdi.
Şair deyirdi: "Bu kitabların hər birisi mənə candan
əziz sevdiyim dostlarımdan yadigardır və oxumağı
da çox sevirəm". Hərdən darıxanda min bir zəhməti,
əməyi bahasına qurub-yaratdığı və dörd
qız övladı böyüdüb
köçürdüyü bu mənzilin eyvanından ətrafı
seyr etmək də şairin hərgünkü adətlərindən
imiş. Ailəsi deyir ki, İnqilabı ovunduran ətrafdakı
mənzərə ona bir həkimin göstərişi, təbib
məlhəmi idi, sanki. Təbiətin qışı da,
yayı da ona doğma və gözəl
görünürdü.
"Ömrümün
gecəsi də, gündüzü də mənə verilən
Allah payıdır". Həyatını ulu Yaradanına minnətdarlıq
hissi ilə yaşayan şair "qismət Onundur", -
deyirdi. Elə həyətindəki barlı-bəhərli,
güllü-çiçəkli bu bağ-bağat da
şairin ilahi paylarından biridir.
İnqilab
İsaq təkcə öz evinə işığı
düşməklə bəxti gətirən şair deyil, həm
də işığı Azərbaycanımıza düşən
ziyalı bir insan idi.
Bəzən
İnqilab İsaqın yaradıcılığını
özündən dinləmək də insana ayrıca bir poetik
zövq verirdi. Çünki ürəyi ilə, özü ilə
danışanda yaradıcılığının amalı
özünü daha dolğun təzahür etdirirdi.
İnqilab
müəllim deyirdi ki: "Yaradıcılıq işi əkinçi
işidi. Kimin dəni harda sünbül tutursa, harda
torpağı üzünə gülürsə, elə ora
sözün Vətənidi...
...Əslində
mən Gəncədə yox... Gəncənin
yaxınlığında Göygöl rayonuna məxsus
Üçtəpə kəndində yaşayıram. Şəhərdən
qopub bir kəndə sığınmışam. Bu kəndə
gəlişim də tale işidi. Qayalıqda narahat bir
parça torpaq alıb balalarıma yuva qurmaq istədim.
İşim daşa yamandı... Daşla əlləşə-əlləşə
axır ki, torpağı ram etdim, nazını çəkdim,
imtahanından üzüağ çıxdım. Ağac əkdim,
bağ saldım, ev tikdim... İndi çox şükür,
yer üzündə əkdiyim ağaclar, tikdiyim ev var...
Kim
qoydu əlini çiynimə birdən?!
Nə
sağda görünür, nə də solumda.
Dərdi
daşa basan dostlarım kimi,
Əkdiyim
ağaclar durur yolumda...
Bax,
beləcə könlümün qızındığı bir
məkanda - Üçtəpədə yaşayıram.
Tikdiyim evin hər daşının xasiyyətinə bələdəm..."
Müasir
ədəbi tənqidin görkəmli nümayəndələri
İnqilab İsaqın yaradıcılığı
haqqında fikir bildirmiş və onun ədəbi taleyinin əsas
məqamlarını işıqlandırıb:
Nizaməddin
Şəmsizadə (filologiya elmləri doktoru, professor, Əməkdar
elm xadimi): "İnqilab İsaqın şeirlərinin əsas
bədii məziyyəti poetik dəqiqlikdir. O, təbiətdən,
təbii həyatdan uçub qəlbində yuva
bağlamış şairanə fikri, ülvi duyğunu hər
yetən sözə təsəlli etmir".
Vaqif
Yusifli (filologiya elmləri doktoru, professor): "İnqilab
İsaq təbiətlə insan aləmi arasında sırf
harmoniya axtaran şairlərdəndir. Elə bir şeiri yoxdur
ki, o şeirdə təbiətdən bir parça
olmasın".
Rüstəm
Kamal (professor): "İnqilab İsaqın poeziyasında bəlağətli
deklarasiyalar və yüksək nidalar səslənmir, sanki
sualtı axın şeirin üstü ilə gedir, sükutu
intonasiyanın axarı üzə çıxarır".
Südabə
Ağabalayeva (tənqidçi, "Azərbaycan"
jurnalının redaktor müavini): "İnqilab İsaq imzası
bugünkü Azərbaycan şeirini urvatda saxlayan bir ovuc
imzanın arasındadır. Onun şeirləri -
düşüncələri müstəqillik dövrü Azərbaycan
ədəbiyyatının mənzərəsində bu ədəbiyyatın
nəfəsini, ruhunu təyin etməyə kömək edə
biləcək yaradıcılıq nümunələridir".
İnqilab
İsaqın şəxsiyyəti,
yaradıcılığı hər zaman Azərbaycan dövlətinin
diqqət və qayğısında olmuş və müvafiq
dövlət qurumları bu istiqamətdə mühüm,
yaddaqalan fəaliyyətlər həyata keçirmişlər.
2023-cü
ildə Göygöl Rayon İcra Hakimiyyətinin, YAP
Göygöl Rayon Təşkilatının təşəbbüsü
və Gəncə-Daşkəsən Regional Mədəniyyət
İdarəsinin Göygöl rayon Mədəniyyət evinin təşkilatçılığı
ilə İnqilab İsaqın 70 illik yubileyi rayon səviyyəsində
qeyd edilmiş və rayon rəhbərliyinin Fəxri Fərmanı
ilə təltif edilmişdir.
İnqilab
İsaq 2024-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət
naziri Adil Kərimli tərəfindən Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının inkişafındakı xidmətlərinə
görə Fəxri Fərmanla təltif edilmişdir.
O,
AMEA Gəncə Bölməsinə, Nizami Gəncəvi Mərkəzinə
də bağlayan mühüm mənəvi bağlar var idi. Demək
olar ki, çapdan çıxan hər kitabını mərkəzə
hədiyyə edər və zəngin təcrübəsini əməkdaşlarla
bölüşərdi.
İnqilab
müəllimin mənsub olduğu böyük Azərbaycan
xalqının qəlbində, xatirəsində, ədəbiyyatında
əbədi yaşayacağının ən böyük təminatçısı
miras qoyduğu əsərləri, misraları və halal zəhmətlə
yoğrulmuş ömür payıdır...
Ruhunuz
şad olsun, unudulmaz İnqilab İsaq müəllim!
Əlimuxtar Muxtarov
Ədəbiyyat qəzeti 2024.- 25 may, ¹19.- S.31.