Qumruların məhvi
Poema
Proloq
Erkən
adaxlanan qız,
Baxışların nə deyir?
Puç
olmuş arzuların
Gözlərində göynəyir...
Könlün qan ağlayırmı
Düşdüyün əsarətə?
Susdun, boğdun səsini,
Yenildin cəhalətə...
Zərif
biləklərinin
De, gücü nəyə çatar?
Güclənib bərkiməyə
Hələ ehtiyacı var.
Sən də düşündün,
yoxsa,
Qızıl taxt var "O" evdə?
Mücrülər, zərli boxça
Və ağ atlı şəhzadə?
***
Xəyal
qurmaqdan əl çək,
Xəyal
gerçək deyildir.
İnsan
ağılla ancaq
Çətinə sinə gərir.
Bizim bu hekayəmiz
Əslində cəmiyyətə -
Əsil
ibrət dərsidir.
İnsanın taleyinə
Könüllü itaəti, -
Böyük faciəsidir...
***
Tanıyanlar o qızın
Halına
acardılar,
Bu taleyin əlindən,
Qoparıb qaçardılar.
O qızın yaşı kiçik,
Arzuları qönçəydi, -
Hələ böyüməmişdi,
Açılmamış çiçəkdi.
Arzusu qucaq-qucaq,
İndi köksündə dağdı,
-
O, məktəb bitirəcək,
Gələcək quracaqdı.
Deyir, saydığını say,
Bir gör fələk nə sayır.
Vaxt olur ki, yolunu
Doğmaların bağlayır.
Ata: "Oxumaq nədir,
Buna kim verir qərar?
Elçiyə "hə" demişik,
Bu söhbət bitdi, qurtar!"
"Nə yaşım var, ilahi,
Heç
on altı olmayıb,
-
Gözüm ata evindən
Usanmayıb, doymayıb.
Amma nə deyə billəm,
Sözümü eşidən kim?
Yaxşısı budur, susum,
Dərdimi özüm çəkim.
Bəlkə anam düz deyir,
Oxumasam
da olar, -
Ər çörəyi yeyərəm,
Qohum-qardaş şad olar..."
Çələng arzularından
Özünə dünya qurdu, -
Ər evinə yollandı,
Böyüməmiş o qumru...
Dörd
yandan zülm edirdi,
Qayın,
qaynana, baldız,
Hər kəsin öz içində
Dərdini çəkdi yalqız...
Bir il keçdi beləcə,
Bu bir il keçdi necə, -
Kaş
ki bu an, indicə
Kiçik yaşda olaydı,
Çantası çiynindəcə
Məktəbə yollanaydı.
Ancaq geriyə dönmür
yaşanmış il, keçən ay.
Zalım
fələk nə deyir?
Sən öz saydığını
say!
***
Körpəsi oldu onun,
Böyüməmiş qumrunun,
Guya dəyəri artdı
Sayəsində yavrunun.
Çox
keçmədi sevinci
Uçub
ərşə çəkildi,
Dərdin
ağırlığından,
Zərif
beli büküldü...
Xəstə idi yavrusu,
Yerimir, danışmırdı,
Əri ilə özünün
qanları uyuşmurdu.
"Səndə, səndədi
günah,
Cəzanı da özün çək!
Xəstəyə kim baxacaq?
Mənə deyilsiz gərək!
Götür uşağını da,
Atanın
evinə get,
Mənə lazım deyilsiz,
Mənim
evimi tərk et!"
O qumru böyüməmiş
Ata evinə döndü.
Xəstə uşağı ilə
Qara kölgəyə döndü...
Yeriməyən oğlunu,
Kürəyinə çatdı o,
Oxşadıqca boyunu,
Dərdə-qəmə batdı o.
Baxdıqca uşağına
Yazıq
şamtək əridi,
Bütün yaşıdlarından
Uşaq
çox-çox geriydi.
Demək,
bir ömür boyu
Oğluna
baxıb ancaq,
Dərdini dərdə büküb
Yaşlanıb qarıyacaq...
Hər gün qara telinə,
Qar kimi dən ələndi.
Könlü qubar selinə,
İztiraba bələndi.
Düşündü qohum, yada,
Bu dünyaya yükdü o,
İçindəki fəryadı
Lal sükuta bükdü o...
Susdu, susdu o qumru,
Dönüb söyləmədi ki,
Mən deyiləm günahkar!
Məni
bədbəxt eləyən,
Siz oldunuz, adamlar!..
***
Ay mənim məsum quzum,
Dinlə,
sənədir sözüm,
Bilmirdin
amansızdır
Bu həyatın sərt üzü?
Ya vaxtında təhsil al,
Ya da bacarıq öyrən,
Taledən zərbə alsan,
Nə əl aç, nə də dilən.
Dilənmə yad qapıda
Bir loxma çörək üçün, -
Razı
olma adına,
Bəxtinə ləkə düşsün.
Küsüb özü-özündən,
Taleyə
boyun əymə.
Bacar, özünə güvən,
Özgə qapısı döymə!
Bir az dərin düşünüb
Ağılla addım atsan,
Ömrün çətin yolunda
Bataqlığa batmazsan.
Epiloq
...Kiçik yaşlı qızların
Gəlincikdən fərqi nə?
İncitməyin qızları,
Varın
bunun fərqinə!
Dəyməyin arzusuna,
Dayanmayın qəsdinə.
Qaçırıb yuxusunu,
Yeriməyin üstünə.
Bərkiməmiş qanadla
Məsum
ruhlu qumrular,
Yuvasını tərk edib
Görün, hara qondular?
Günəşin qarşısını
Kəsdi
qara buludlar,
Bax, beləcə saralıb
Məhv
oldu neçə bahar...
Soyuq bir qış gecəsi
Və əlacsız intihar...
Gülqədəm Qaraman Mirzəzadə
Ədəbiyyat qəzeti.- 2024.- 1 noyabr, ¹42.- S.29.