Pavel
Krenyov çağdaş rus nəsrinin tanınmış
simalarındandır. O, Sankt-Peterburqda Suvorov Hərbi məktəbini,
sonra universitetin jurnalistika fakültəsini bitirib, mətbuat
orqanlarında, Rusiya Federasiyası Prezidentinin Aparatında
çalışıb, Prezidentin Arxangelsk vilayətindəki səlahiyyətli
nümayəndəsi olub. Əsərləri sanballı
dövri nəşrlərdə dərc olunub, xarici dillərə
tərcümə edilib. 14 nəsr toplusunun müəllifi, bir
çox ədəbi mükafatların laureatıdır.
Şahanə ov
Hekayə
Yeger
Melentyev içəndə çox mehribanlaşır, hamı
da bundan istifadə eləyir. Elə şeylər söz verir
ki... Üstəlik, ondan ötrü ən pisi budur ki, səhəri
gün verdiyi vədləri xatırlayır. Əlbəttə,
ov vaxtı, Allah eləməsin, qəti dilinə vurmur,
özüylə termos dolu çaydan başqa da içki
götürmür. Amma sadə və namuslu adamdı, həmişə
əvvəlki gün verdiyi "şahanə ov" vədini
yadına salıb əməlli-başlı əzab çəkir.
Yeger o "acı" dərdi tez-tez çəkməli olur.
Bunun da bir neçə səbəbi var. O səbəblərdən
ikisi sanballıdı. Birincisi: Melentyev onun həvəskarıdı.
İkincisi: ən varlı ovçuluq təsərrüfatlarından
birinin (ən varlısı olmasa da) yegeridi, bazasına baş
çəkmək istəyənlərin sayı-hesabı
yoxdu. Bu da, əlbəttə ki, ovdan qabaq və sonra məclis
qurulmasını, söz-söhbət, başqa şeylər tələb
eləyir...
Bax, yenə
başlandı. Yeger yenicə hamamdan qayıtmışdı,
qıpqırmızı qızarmış, az qala,
bayılmışdı, alnında tər damcıları
görünürdü, elə oğluyla süfrə
arxasına keçmək istəyirdi ki, peyda oldular!
Yaxınlaşan maşının işığı gözlərini
qamaşdırdı, artırmanın altında zəncirlə
bağlanmış Amur dərhal özünü ora-bura
çırpa-çırpa hürdü.
- Kaftar gəlir!
Ailəlikcə yemək yeməyə də imkan vermirlər...
- Melentyevin arvadı Tatyana ovçuların bu cür
vaxtsız gəlişlərinə artıq vərdiş eləsə
də, stulda qurcalandı.
- Sənlik
deyil, aranı qatma, işimiz belədi... - yeger adəti üzrə,
etinasızlıqla, daha çox da əmin-amanlıq
üçün etirazını bildirdi, mıxdan yeger
kokardlı hərbi papağını götürüb hələ
yaş olan, saçı geri daranmış başına qoydu.
Bazanın
qabağında artıq alaqapıya lap
yaxınlaşmış qara rəngli "Volqa"
maşını dayanmışdı.
"Kimdisə,
sanballı adamdı, bəlkə, rəhbərlikdi", -
Melentyev beynində götür-qoy elədi, hər ehtimala
qarşı qəddini dikəltdi, papağını düzəltdi,
əllərini cibinə qoydu; amma kürkünün
qabağını bağlamadı, beləcə, ətəkləri
yellənə-yellənə, oyaq və ciddi görkəmlə,
qaydalara uyğun yaxınlaşdı.
Maşında
üç nəfər vardı. Birinci, həqiqətən, rəhbərliyin
nümayəndəsi - baş yeger, Melentyevin əsas rəisi,
gombul, daim xoşxasiyyət olan, çox
danışmağı sevən Tarasov sıçrayıb
çıxdı. Qollarını açdı, az qala,
maşının içindən onu qucaqlamağa
çalışıb qışqırdı:
-
Aleksa-andr Trofimıç! Ən yaxşı yegerə salam!
Amma
Melentyevi qucaqlayıb tələm-tələsik, coşqun tərzdə
pıçıldadı:
- Xilas elə,
Trofimıç, müfəttiş yoxlamasıdı...
Yüksək səviyyəli ov təşkil eləmək
lazımdı!
Təcrübəli
yegerin uzun-uzadı izaha ehtiyacı yoxdu: necə lazımdı,
o cür olacaq. Melentyev gülümsündü, sonrakı göstərişləri
gözləməyə başladı.
Maşın
bir qədər də uğuldayıb susdu. Arğaz,
fındıqburun, başında tüklü papaq, əynində
gödəkçə olan sürücü kabinədən
çıxdı, başının ötəri hərəkətiylə
yegerə salam verdi, yanlarını basa-basa yük yerinə
sarı getdi. "Ən azı, trest müdiridi", - Melentyev
beynindən keçirdi.
Sonra
axırıncı, üçüncü sərnişin də
endi. Əlli yaşlarında, ucaboy kişiydi, əynində xəz
gödəkçə, ayaqlarında keçə çəkmə
vardı. O, yegerə yaxınlaşdı, səmimiyyətlə
gülümsündü, əl verib özünü təqdim
elədi:
- Yuri Nikolayeviç.
- Sonra sanki köhnə, sınaqdan çıxmış dost
kimi bir də gülümsünüb əlavə elədi, -
Alekseyev.
"Bunların
hansı yoxlayır?" - Melentyev əvvəlcə heç nə
başa düşmədi. Amma sonra Yuri Nikolayeviç
"trest müdiri"nə dostyana, sakit tərzdə dedi:
- Vitya, mənim
şey-şüyümü də isti yerə aparmağı
unutma, yaxşı?
O da
yük yerinin yanında əl-ayağa düşdü,
çiyin çantalarını, tüfəngləri,
torbaları çıxarmağa başladı. Melentyevsə
başçının kim olduğunu dərk elədi.
Tarasov da əl-ayağa
düşmüşdü. O, bazanı yaxşı
qızdırdığına, döşəməni
süpürdüyünə, soyuducunu saz saxladığına
görə, Trofimıçı ucadan tərifləyirdi.
- Biz də
indi o gözəlçələri ora qoyarıq ki, isinməsinlər!
Tarasov
butulkaları soyuducunun buzluğuna qoydu. Sonra Yuri
Nikolayeviçin çarpayısını sobaya yaxın
çəkib yatağını özü açdı.
Düzdü, o, etiraz elədi, amma baş yeger
işgüzarcasına dilləndi:
- Siz hələ
yerli şəraitlə tanış deyilsiniz.
Sonra məclis
başladı.
Meşə
səfərinin bu müqəddəs, mütləq, xoş
atributunu bütün ovçular sevirlər; tozlu, insanı
bezdirən şəhərin geridə qaldığı, yeni
ov ehtirasının, saf meşəylə və təbiətlə
görüşünsə irəlidə olduğu məqam
kimi sevindirməz axı?!
Qayda
üzrə yegeri süfrənin başında, hörmətli
yerdə oturtdular, ilk sağlığı da onun şərəfinə
içdilər. Qayda belədi. Tarasov qalxdı, qədəh olan
əlini çiyni bərabərinə qaldırdı, dirsəkdən
qusarsayağı bükdü, qısa nitqində Melentyevi
"hər cür ovu təşkil eləmək iqtidarında
olan", həm də "sadəcə ünsiyyət
saxlamaqdan zövq duyduğu" insan kimi xarakterizə elədi.
Sonra bir
daha yegerin, onun canının, rifahının, arvadı
"Tanya xala"nın, uşaqlarının
sağlığına içdilər. Melentyev kövrəldi,
həmişəki kimi, xoşxasiyyət oldu. Gözləri
alışıb-yanır, tər alnından çay kimi
axırdı. Ünvanına deyilən sağlıq xoşuna
gəlirdi, amma birtəhər ciddiyyətini saxlayır, hər
dəfə qədəhini qaldıranda yana əyilir, boş əlini
yelləyirdi:
-
Yaxşı da...
- Nə
yaxşı, həqiqəti söyləyirəm! -
Sağlıq deyən Tarasov qızğın tərzdə
deyirdi.
Yuri
Nikolayeviçsə asta, amma qəti səslə əlavə
eləyirdi:
- Bu, kənardan
da görünür, Aleksandr Trofimoviç.
Sürücü
Vitya söhbətə qarışmır, ancaq cidd-cəhdlə
gövşəyir, başını tərpədir, get-gedə
içkidən qızarırdı.
- Bəs,
oğlun Vanka hanı? - Baş yeger soruşdu. - Yalan nə
deyim, yeri görünür.
-
Neynirsiniz axı... - Melentyev uzada-uzada, həm də sir-sifətini
qırışdırıb gülümsəyə-gülümsəyə
dilləndi: oğlu Vankanı yadlarına salmaları xoşuna
gəlmişdi.
-Vanka
kimdi ki? Nəyə lazımdı? - Yuri Nikolayeviç sakit tərzdə
Tarasovdan soruşdu.
Baş
yeger çaşdı, amma gözlərini oynada-oynada tələm-tələsik
pıçıldadı:
- O, sabah
lazım olacaq, sabah!
Yuri
Nikolayeviç alt dodağını bir qədər uzatdı,
Tarasova nəyisə dərk eləməyən
adamsayağı nəzər saldı.
- Yenə
də, nəyə lazımdı?
Tarasov
şıltaqcasına öskürdü, çaşdı,
sanki Alekseyevə "hə də, qanmazam, dərhal dərk eləmədim"
demək istəyirdi, sonra da yeni sağlıq üçün
qalxdı.
Melentyev
incimədi: burda məsələ ciddidi, müfəttiş
yoxlaması gedir, Vanka vacib söhbətə mane ola,
ağzından artıq-əskik söz qaçıra bilər...
Söz-söhbət,
ovçu əhvalatları, lətifələr baş alıb
getdi. Saysız-hesabsız cürbəcür hadisələr
bilən baş yeger hamını qabaqlamışdı. Yuri
Nikolayeviç onu maraqla dinləyir, yaxındakı qabdan
düşünüb-daşınmadan kişmiş
götürüb ağzına qoyur, arabir diksinir, gözlənilmədən
qəhqəhə çəkirdi. Sürücü Vitya
söhbəti dinləmirdi, Alekseyev sözarası onun sabah
gümrah olmağının vacibliyini qeyd eləyəndən
sonra yatağına uzanmışdı.
-
Qonşu sahədə adamyeyən canavarlar peyda olublar, - Tarasov
qızışdı. Sosvensk gölündə iki kişini
parçalayıblar.
- Necə?!
- Yuri Nikolayeviç içini çəkdi.
- Gecə
balıq tutmaq, yayınbalığı ovlamaq
üçün qalıblar, bəxtləri gətirməyib,
tikələri belə ələ gəlməyib.
"Gör
nə goplayır!" - Melentyev Tarasovla bağlı beynindən
keçirdi. Sosvensk yaxın idi axı, elə bir şey
olsaydı, xəbər tutardı. Amma belə uydurmalara fikir
vermirdi. "Qoy goplasın, gopsuz ovun nə ləzzəti!"
Kefi də kökəlmişdi.
- Bu il ov
necədi? - Yuri Nikolayeviç qəfildən yegerdən
soruşdu.
Tarasov
qulaqlarını şəklədi.
-
Keçənilkindən pis deyil, yaxşıdı. Qaban da var,
sığın da, tetra quşları da çoxalıb.
- Deyirəm
də, ən yaxşı bazadı, - baş yeger sözə
qarışıb yegerə göz vurdu. - Bəs, yuvanda
salamatlıqdı?
-
Hansı yuva? - Melentyev təəccüb dolu nəzərlərini
Tarasova dikdi.
-Yadındadı,
dekabrda danışırdın?
- Bəyəm,
qaban ovlamağa gəlməmisiniz? Yadımdadı, belə bir
söhbət olmuşdu.
- Nə
qaban, Trofimıç? Qocalıqdan ağlın
zayıllayıb! - Tarasov qəhqəhə çəkdi. -
Üç nəfərlə onu ağzıbirə sala bilmərik,
soyuqda da oturub gözləmək olmaz. Sən bizi yuvaya apar,
yuvaya!
Yuri
Nikolayeviç də gülümsündü:
- Hə də,
onun üçün gəlmişik.
Melentyev
izin məsələsini açıb-ağartmadı,
yaxşı çıxmazdı.
-
Yaxşı, eləyərik, - bir qədər tərəddüddən
sonra qətiyyətlə dilləndi. - Yüksək səviyyəli
ov olacaq.
Son
sağlığı Yuri Nikolayeviç dedi:
-
Ümidsiz tədbirimizin uğurlu olmasının
sağlığına!
Tarasov qəhqəhə
çəkdi, içdilər.
...Baş
yeger səndələyən Melentyevi daxmasınacan
ötürdü. Artırmada bir də soruşdu:
- Nə
dilini sürüyürsən, Trofimıç. Ayı
yatmır?
-
Yatır, yoxlamışam. Buğlana-buğlana yatır.
- Bəs,
onda niyə narahatsan?
- Başa
düşürsən, payızda o yerlərdə ana ayı
balalarıyla dolaşırdı. Bəlkə, o da yuxuya
gedib?..
Tarasov
dirsəyilə yegeri itələyib qəhqəhə çəkdi:
- Bunun bizə
nə dəxli var? İndi sənin izlərin üzündən
geri dönək? Niyə belə eləyirsən, qoca?!. - Sonra
Melentyevə yaxınlaşıb kəsif nəfəsini onun
üzünə verdi. - Başa düşürsən,
Trofimıç, bu kişi mənə çox lazımdı.
Böyük hökm sahibidi. Qızılqum sanatoriyasına lap
ucuz qiymətə putyovka söz verib...
- Axı
müfəttişlik dedin, mən də başa düşmədim...
- Sənin
üçün nə fərqi var, Aleksandr Trofimoviç? -
Tarasov ağzından artıq söz
qaçırdığını anlayıb
bığını qaldırdı, pıçıltıyla
dilləndi. - Sənədləri var, hər şey qanunidi.
Borclu qalmaram, özün bilirsən axı...
Tarasov gedəndən
sonra yeger dayanıb səmaya səpələnmiş ulduzlara
baxa-baxa siqaret çəkdi.
Amur
daxmasının yanında quyruğunu bulayır, sahibinə
yalmanırdı.
Səhəri
gün hava həddən artıq xoş idi. Evdən hələ
soyuq, bir qədər yasəməni rəngə çalan
toranlıq çəkilməmiş, gündoğan tərəfdə
üfüqə nazik işıq zolaqları düşəndə
çıxdılar. Əvvəlcə xizəklərlə
çölü keçdilər. Şaxtanın dondurduğu
qar ayaqlarının altında çoşqa kimi nazik,
yumşaq səslə xırıldayırdı. Səhər
meyxoşluğundan qəlblərinə çökmüş
dözülməz ağırlıq şəhərətrafının
saf havasının təsiriylə yavaş-yavaş çəkilib
gedir, yerini gümrahlıq, tezliklə başlayacaq ov
intizarı tuturdu. Meşəyə yaxınlaşıb
kiçik təpənin üstünə qalxanda
gündoğanda səmanı girdə Günəşin iti kənarı
doğradı, qıpqırmızı, göz
qamaşdıran kənarı Yer üzərini və meşəni
bənövşəyi rəngə boyadı,
çölü işıqlı və kölgəli hissələrə
ayırdı. Meşənin dərinliyinə doğru dünənki
çovğunun, demək olar, toxunmadığı
cığır uzanırdı. Ovçular xizəklərini
açıb bərkimiş qara çırpdılar,
çiyinlərindən asıb yollarına piyada davam elədilər.
Tarasov əməlli-başlı canlanmışdı,
dil-boğaza qoymadan danışırdı.
Təxminən,
qırx dəqiqə sonra dayandılar, xizəklərini yenə
ayaqlarına bərkitdilər, yeger ovçuları ayı
yuvasına doğru apardı.
Melentyev
yuvanı yalnız özünə məlum olan bir əlamətlə
tapdı. Uzaqdan göstərdi ki, bax, o yerə
aşmış şam ağacının altındadı. Amma
heç kəs yuvanı ayırd eləyə bilmədi.
Meşədə hər addımbaşı rast gəlinən
adi qar yığınıydı, yanından ötər,
seçə bilməzdin.
Aralıda
oturdular, siqaret çəkdilər, nəfəslərini dərdilər,
pıçıltıyla danışmağa başladılar.
Yeger kimin harda dayanmalı, necə hərəkət eləməli
olduğu barədə qısaca təlimat verdi. Belə
çıxırdı ki, silahsız sürücü
Vityanın bir vəzifəsi-filanı yox idi. Amma o sevindi, hətta
gülümsünüb dilləndi:
-
Lazım gəlsə, kömək eləyərəm. - Sonra
kürkünə daha bərk-bərk büründü, əllərini
qollarının içinə saldı, keçə çəkməsinin
üstündə oturub rahatlandı.
Melentyevin
oğlu İvan uzun, cavan şam ağaclarından iki
şüvül kəsib yondu, sonra oturub siqaret çəkməyə
başladı.
Yuri
Nikolayeviçsə qəfildən qurcalandı,
yönünü yuvaya sarı çevirdi, Tarasov da əsəbiləşdi.
-
Başla, Trofimıç, vaxtdı axı...
-
Başlayaq deyirsən, başlayaq.
Melentyev
qalxdı, tüfəngini qanırdı, lüləsinə iki
patron qoydu. Hamı onun hərəkətini təkrar elədi.
Ov başladı.
Yeger
ovçuların yerlərini müəyyənləşdirdi:
özü təpəcik altındakı yuvanın lap
yaxınlığında dayandı, o birilər də
üstünü qar basmış şam ağacının hər
iki tərəfində mövqe tutdular - Tarasov Melentyevdən
beş addım aralıda, sonra da Alekseyev dayandılar. İvan
şüvüllərin köməyilə qar
yığınının üstünə çıxıb
seyrək, şəffaf buğ qalxan dəliyə nəzər
saldı.
- Bir
şey görürsən? - Melentyev pıçıltıyla
oğlundan soruşdu.
- Nəsə
qaralır, deyəsən, tükdü.
Ovçular
tüfənglərinin qoruyucusunu şaqqıldadıb, lüləsini
yuxarı qaldırdılar.
- Tərpət!
- Yeger İvana göstərdi.
İvan
şüvülün ucunu yuvaya uzadıb fırlatmağa
başladı. Dərhal da içəridən qəzəbli,
xırıltılı səs gəldi, yuvanın üzərində
qar partlayışı baş verdi. Dümağ tozun
içindən qara, balaca bir topa çıxıb
ovçulara sarı yumbalandı.
- Atəş
açma, balasıdı! - Melentyev qışqırdı.
Dərhal
da atəş açıldı. Yuri Nikolayeviçin
üstünə gələn ayı potası mayallaq
aşıb susdu. İkinci pota özünü dəlikdən
bayıra salıb dərhal qaçmadı, çömbəlib
bir anlığa tərpənmədi, gözlərini
qıydı, sonra dərin qara bata-bata yöndəmsizcəsinə
qaçmağa başladı.
- Atəş
açma! - Melentyev xırıldadı.
Ayı
potası özünü əvvəlkinə çatdıra
bilmədi. Güllə onu birincinin iki
addımlığında yaxaladı.
-
Yaxşı ov gedir! - Tarasov sevinclə ciyildədi.
Qəfildən
yuvanın dərinliyindən elə nərə qopdu ki,
şiddətindən şam ağaclarının üstündəki
qar yerə töküldü. Dikin yuxarısında deyil, yan tərəfində
iri, caynaqlı pəncə, sonra qırmızı cəhəngli
yekə baş göründü, nəhəng, boz rəngli
bir gövdə qarı və kökləri kənara atıb
iri addımlarla meşəyə şığıdı.
Ana
ayıya atəş açan olmadı. Yeger Tarasov və Yuri
Nikolayeviçin dayandığı tərəfə
boylanıb onları görmədi. O, patronları lülədən
çıxarıb elə qarın üstündəcə
oturdu. İvan enib atasına yaxınlaşdı, dilləndi:
- Anaya bax
bir...
O, titrəyən
əlini siqaret çıxarmaq üçün cibinə
saldı.
Baş
yeger və Alekseyev ağacların arxasından
çıxıb dərhal ayı potalarına doğru getdilər.
İkisini də qarın içindən götürüb silkələdilər.
-
Balacadılar, - Tarasov qiymət verdi, - hələ əməlli-başlı
kökəlməyiblər. - Sonra da güldü.
Ayı
potaları əllərində yegerə və İvana
yaxınlaşdılar, şikarlarını yerə
atdılar.
- Hə,
Trofimıç! - Tarasov qəhqəhə çəkdi. - Eh,
indi qanı "qanla" qeyd eləmək yaxşı olar.
Vitya hanı, yemək-içməyimizi gətirsin, görək!
Baş
yegerin kefi kök idi. Yegersə qımıldanmır, gözlərini
bir nöqtədən çəkmirdi.
Sonra
Melentyev tüfəngə söykənib
hıqqıldaya-hıqqıldaya qalxdı, ayı
potalarının üstündən adladı, Yuri
Nikolayeviçə yaxınlaşıb gözlərinin
içinə baxdı:
- Siz... sənin
balaların var?
- Əlbəttə,
hamı kimi, mənim də övladlarım var, - Yuri
Alekseyeviç sakitcə cavab verdi, sonra yumruğunu
ağzına tutub öskürdü.
-
Onları bura gətirəydin də. Gətirərsən?
- Nə
danışırsan? Niyə?
- Sən
bunları vurduğun kimi, biz də sənin balalarını...
- Nə
dediyini bilirsən!.. - Yuri Nikolayeviç bir addım geri
çəkildi, rəngi qaçdı. - Bu nə müqayisədi
belə?
- Sən
neylədiyini bilmirsən, ay yaramaz! - Melentyev Alekseyevə
yaxınlaşıb tüfəngin lüləsini onun sinəsinə
döyəclədi. - Elə bilirsən, vəzifən varsa...
hər şey eləyə bilərsən? - Tarasov
özünü yegerlə Yuri Nikolayeviçin arasına
saldı, amma Melentyev onu kənara itələdi, Alekseyevin
qolundan yapışıb yuvaya sarı dartdı. - Bu dəliyə gir, məlun! Sənin
başına oyun açacağam!
İvan və
Tarasov özlərini yetirib yegeri Alekseyevdən araladılar,
qarın üstündə oturtdular. İvan atasının başından
papağını götürdü, bir ovuc qarı alnına
qoydu. Yeger sakitləşdi, daha dartınmadı, amma dilləndi:
- Onsuz da
müfəttişliyə məlumat verəcəyəm.
Geri
qayıdanda Tarasov və Yuri Nikolayeviç xeyli arxada
qalmışdılar. Alekseyev baş yegeri danlayırdı:
- Sən
məni hara gətirmisən? Bu, dəlidi ki... Adamların
üstünə cumur... Hər şeyi başa
düşürəm, amma hər şeyin də həddi-hüdudu
var axı... Birdən doğrudan da, müfəttişliyə
məlumat verər...
Tarasov
vaysınırdı:
- Hə-ə,
işdən çıxarmaq lazımdı, qudurub...
Yuri
Nikolayeviç bununla razılaşdı.
Sürücü
Vitya lap axırda gəlir, xizəklərə
bağlanmış şikarı sürütləyirdi.
Tatyana
razı olmurdu:
- Bəlkə,
oyatmağa ehtiyac yoxdu? Gün ərzində çox ora-bura
qaçıb, həm də nəsə kefi yoxdu.
Amma
Tarasov onu eşitmək istəmirdi:
- Yegersiz,
həm də ovdan sonra məclis olar? - Sobaya
yaxınlaşdı, yegerin ayağının altını
qıdıqlamağa, silkələməyə başladı.
- Ay ev sahibi, qalx görək, qalx, araq turşuyacaq...
Süfrə
arxasında əyləşən kimi, Tarasov tələm-tələsik
qədəhləri doldurdu, əvvəlcə yegerə, sonra
Yuri Nikolayeviçə, axırda özünə
süzdü. Melentyev tutqun halda, səssiz-səmirsiz
oturmuşdu. "Təşkilatçı və
ilhamverici" kimi şərəfinə deyilən
sağlığı dinməzcə dinlədi, amma çəngəlini
boşqabda gəzdirə-gəzdirə soğan
parçalarını bir yerə yığmağa başladı.
İkinci sağlıqdan sonra sanki yumşaldı, sifəti
açıldı, qızardı, açıq-aydın
müzakirəyə, söhbətə həvəs göstərdi.
Ovçuları süzüb sözə birinci başladı:
- Axı
nəyə görə ailəsini dağıtdınız?
İndi ana ayı tələf olacaq. Yem yoxdu...
Tarasov
sevincək silkindi, başını buladı:
-
Qocalmısan, Trofimıç, yaman qocalmısan! Qorxma, o ana
ayın qayıdıb yenə yatacaq! Səfeh deyil ki, yem
olmadığı bir vaxtda meşədə avaralansın! Məndən
də, səndən də ağıllıdı! Düz demirəm,
Yuri Nikolayeviç? - Alekseyev hey başını tərpədirdi.
- Amma onu əbəs yerə aşırmadın,
Trofimıç! - Tarasov həvəslə əlavə elədi,
amma yegerin ağır baxışlarını sezib, söhbəti
davam etdirmədi, dolu qədəhini götürüb ciddi və
təntənəli tərzdə dilləndi. - Bizim yegerin, onun
səxavətinin və məharətinin şərəfinə!
Sonra
söhbət axarına düşdü, gərginlik və
qanıqaralıq ötüb keçdi. Tarasov qarayaxa tərzdə
Melentyevə təlqin eləyirdi:
- Sən
də müfəttişliyə bir kəlmə demə! Bu
potalar onlara çox lazımdı. Bir şey deyillər, ikisi
bir ayıya dəyməz. Müfəttişlikdə
araşdıracaqlar, sonra da...
Sürücü
Vitya məclisdə deyildi. O, "Volqa"da yatırdı,
Yuri Nikolayeviçdən maşını yola hazırlamaq barədə
göstəriş almışdı.
Məclisin
axırına yaxın yeger ağırlaşmışdı.
O, həlim, mehriban nəzərlərlə qonaqlarını
süzür, elə hey təkrar eləyirdi:
-
Yaxşı uşaqlarsınız, ha... Yenə gəlin, ha...
Sizə şahanə ov təşkil eləyərəm.
Ovçular
getdilər. Melentyev qarşısında boş butulkalar,
çirkli qablar başını əlləri arasına
alıb tək-tənha oturmuşdu...
Yeger
Melentyev içəndə çox mehriban olur.
Tərcümə
etdi: Nəriman ƏBDÜLRƏHMANLI
Ədəbiyyat
qəzeti.- 2024.- 1 noyabr, №42.- S.30-31.