Qısa hekayələr
Sarı ovqat
...Payız kəndin üstündən keçib
sapsarı məktublar
göndərdi adamlara.
Məktubların içində
iç-içə bir
əlçim külək,
bir ovuc yağış, bir çimdik qüssə, bir az xatirə,
bir qatar durna və bir
də... sapsarı yarpağın üstündə
solğun xətlə
alt-alta yazılmış
sətirlər vardı...
Telli arvad məktubu açan kimi külək havalandı, durnalar uçdu, yağış başladı...
Qarı qorxa-qorxa məktubun içindəkiləri
oxudu, rəngi qaçdı, ömür
boğçasını açıb
o ki var ağladı. Sonra ürəyi
soyusun deyə, yupyumru göz yaşlarını ovcuna yığıb qoynuna tökdü. Handan-hana ayağa durub üstünün qaramatını
çırpdı, həyətə
çıxdı. Titrək
barmaqlarıyla damcılar
süzülən nar ağacından üç
qıpqırmızı nar
dərib ətəyinin
küncündə evə
gətirdi. Narları pəncərənin ağzına
qoyub Payızın könlünü almaq istədi. Alınmadı...
Payızın göndərdiyi
məktubda alt-alta bu sözlər yazılmışdı:
Bu gecə qapının cəftəsini bağlama!
Bu gecə qapının cəftəsini bağlama!!
Bu gecə qapının cəftəsini bağlama!!!
II hissə
...Qapının cəftəsini
bağlamadı Telli arvad. Ev-eşiyə əl gəzdirib yerə xalı döşədi. Qab-qacağı
üst-üstə çinlədi
ki, sabah qara xəbər kəndi ev-ev gəzib-dolaşanda qonşular əl-ayağa düşməsin. Qara gün üçün təqaüdündən oğurlayıb
daldaladığı pulları
sonuncu dəfə sayıb göz qabağındakı boş
qəndqabına qoydu
ki, hər kəs görsün. Beş il qabaq dükançı Səlimdən aldığı
kəfəni, pambıq
dəsmalı, öz barmaqları ilə didib oxşaya-oxşaya hazırladığı pambıq
döşəyi, lazım
olan hər şeyi üst-üstə
yığıb hazır
saxladı.
Sonra yuyunub-darandı, qüsullandı,
qapının cəftəsini
açıq qoyub son yuxusunu görmək üçün sonuncu dəfə uzanıb yatdı...
III hissə
...Səhər xoruzlar səs-səsə verib banlayanda Telli arvad diksinib oyandı. Olanlara mat qaldı. Barmaqları titrəyə-titrəyə stolun
üstündəki lampanı
yandırıb dünənki
məktubu höccələyə-höccələyə
yuxarıdan-aşağı, aşağıdan-yuxarı təkrar-təkrar
gözdən keçirdi.
Telli arvad gözünə yox, həm də qulağına inanmaq üçün məktubdakıları
ucadan oxudu:
Məktubda yazılmışdı: Bağışlayın, məktub
ünvanına düzgün
çatdırılmayıb. Sizə çatacaq məktubu oxuyun.
Qapının cəftəsini bağlayın!
Evinizi isti saxlayın!
Adınız uzunömürlülər siyahısındadı, özünüzə
yaxşı baxın!!!
IV hissə
...Telli arvad bu
dəfə dünənkindən
betər ağladı.
Öz halına yox ha, o ünvandakının
halına. "Görən,
onun da adı Tellidi? Görən, o da mənim kimi?.."
Sualına kimsə cavab vermədi. Telli arvad yuxarı baxıb, "Biz kimik ki, hər şey Onun əlindədir", -
pıçıldadı. Təskinlik
tapıb, ayağa qalxdı. Tələsik pulu qoynundan çıxardı , "ehtiyacbank"da
- torbadakı düyünün
içində gizlətdi,
qab-qacağı öz
yerinə düzdü,
xalçanı büküb
küncə itələdi.
Həyətə çıxıb ölümdən
qayıdan adam kimi doyunca, uzun-uzadı
dünyaya baxdı! Dodağının ucunda
"Adam da bu gözəllikdə
dünyanı qoyuf ölərmi", - dedi.
Sonra toyuqlara dən vermək üçün
qısqıvraq yerişlə
hinə tərəf getdi...
V hissə
...Lütfən, hər yazılana inanmayın!
Sevginin şəkli
Qırx
ilin rəssamı ömründə ilk dəfə
qəribə sifariş
aldı. Müştəri
ondan sevginin şəklini istəyirdi.
Rəssam saatlarla fikirləşdi, günlərlə
düşündü, rəngdən-rəngə
düşdü, əlindən
gələni etdi. Vaxt-vədə yetişəndə
tablonu ehtiyatla büküb sahibinə göndərdi.
Sifarişçi bağlamanı aldı.
Həyəcanla, barmaqları
titrəyə-titrəyə açdı və heyrətdən donub qaldı. Fırça toxunmamış ağ kətan sevginin şəkli idi...
Təbəssüm
Həyat
onu sıxdıqca üzündəki təbəssüm
bir az da artırdı. Dərdləri
çoxaldıqca qəhqəhələri
bir az da şəffaflaşırdı, ac-yalavac qaldıqca bir az da səxavətlənirdi,
ətrafındakılar bacardığı
pisliyi ona etdikcə, mərhəməti
bir az da qol-budaq atırdı. İnsanın mələyə
çevrilməsi Tanrını
təəccübləndirdi. Dünya yaranandan bu, şeytanın ilk məğlubiyyəti idi...
Uçan dünya
Ovcundakı dünya qəfildən
titrədi. Uşaq yumruğunu qulağına
yaxınlaşdırdı.
Ovcundakı vızıldayıb dedi:
- Bilirsən, mən kiməm?
- Kimsən? - uşaq sadəlövhcəsinə soruşdu.
- Mən dünyanın özüyəm.
Uşağı maraq bürüdü.
Dünyanı görmək
üçün ovcunu
açdı. Qırmızı
xallı qara parabüzən havaya qalxdı.
Uşaq
uçan dünyanın
arxasınca baxıb ağladı...
Son
Hər dəfə bu nöqtəyə gəlib
çatanda qəribə
hisslər keçirirdi.
Sonra nə olacaq, sonranın sonrası necə olacaq? Bir düyün sualın əlində mağmın
qalırdı.
Bir dəfə nədənsə
qəribə hiss-zad keçirmədi. Sondan sonsuzluğa keçdi. Sən demə, son o qədər də qorxulu deyilmiş.
Həqiqətlə yalan haqqında ən gerçək nağıl
Biri vardı, biri yoxdu. Bu dünyada Həqiqət, Yalan, bir də adamlar
vardı. Bir dəfə
Yalan gözləri parıldaya-parıldaya hamını
inandırdı ki, Həqiqət
elə mənəm. Həqiqət bunu eşidəndə utandığından
qulağına kimi qızardı. Adamlar onu Yalan bilib
dar ağacından asdı...
İki şəkil
Bazarın küncünə sığınmış
qarı həmişəki
yerində oturub köhnə parçaya bükülmüş şəkli
çox ehtiyatla, ədəb-ərkanla açıb
əntiq mal kimi piştaxtanın üstünə
qoydu. Şəkildəki
qızın təbəssümü
bir anda ətrafı işıqlandırdı.
Qarının da kefi açıldı. Bütün
gün ötüb-keçənlər
şəkildəki qıza,
qarı da adamlara baxdı.
Belə-belə, çox günlər
keçdi. Hamı şəkli görüb ayaq saxladı, gülümsədi və keçib getdi... Bir axşam qarı şəkli qoltuğuna vurub bazardan çıxdı. Başa
düşdü ki, özü
qocaldığı kimi
şəkli də keçmişdə qalıb,
day heç kimə gərək deyil. Sadəcə, buna inanmağı
gəlmirdi...
Səs
Qırx
yaş hara, sevgi hara? Utandı, özü də bərk utandı sevgisindən. Düşündü ki, qırx
yaş peyğəmbər
yaşıdı. Onu
da bilirdi ki, daha Yer üzünə peyğəmbər gəlməyəcək.
Göylər titrədi, yaxından,
çox yaxından ilahi bir səs
gəldi:
- Sevmək elə peyğəmbərlikdi...
...Yol...
Buğdadan zəhləsi gedirdi.
Ona elə gəlirdi
ki, insan bir ovuc buğdanın günahına batıb. Nə illah eləyirsə,
o günahdan yaxa qurtara bilmir ki, bilmir.
Zəmilərdəki sünbülə
də birtəhər baxırdı. Dəniz kimi dalğalanan zəmi ona ölümü
və gözəlliyi
xatırladırdı.
Heç
dəyirmanı da xoşlamırdı.
Dünya kimi əlinə keçəni
əzirdi, sındırırdı,
üyüdürdü...
Ələyi heç sevmirdi.
Ələk öz gözündən yalnız
xırdaları keçirirdi.
Elə bu fikirlərlə ötüb keçirdi ki,
burnuna yenicə bişmiş çörəyin
ətri dəydi. Qoxunu axtara-axtara gəlib təndir üstə çıxdı...
Gözlə məni...
Bacarsan,
gözlə məni -
dəli küləklər
qara buludları başımızın üstündən
qovanacan.
Bacarsan,
gözlə məni -ağ yağış yağıb ruhumuzu yuyanacan.
Bacarsan,
gözlə məni -
ilk görüş yerini
unudanacan, bacarsan, gözlə məni -
"ayrılıq bitdi"
deyənəcən...
Bacarmasan,
gözləmə məni.
Gəldiyimiz yolun ipini kəs. Qoy bizdən canı qurtarsın o yolun. Yolunu təzədən
başla, gözün
qorxmasın, hər yağan qar olmur ki... O yolda daş-kəsək ayağını
kəsməyəcək, o yolda
vaxtsız-vədəsiz küləklər
əsməyəcək. O yolda
hər şey ürəyincə olacaq. Ancaq həyatında xəfif bir külək kimi nəsə, nəsə çatışmayacaq...
Bacarmasan,
gözlə məni...
Dəniz və ürək
- Sən bilirsən, dəniz nəyə oxşayır?
- Nəyə?
- Ürəyə.
- Niyə?
- Bütün gün çırpınır.
- Amma eşitmişəm ki, dənizin
ürəyi olmur.
- Doğrudan?
- Vallah. Amma göylərin ürəyi var. Göy guruldayanda, şimşək
çaxanda bilirsən,
nə olur?
- Nə olur?
- Göylərin bağrı
çatlayır, od tutub
yanır. Bizim dilnən desək, göylər infarkt keçirir. O çatdan ağ qan tökülür.
Biz ona yağış
deyirik.
- Deyirsən, yəni dənizin də ürəyi olur? İnanmıram...
- Öz işindi. Ürəyi yoxdursa, bəs bütün gün niyə çırpınır? Heç
özünə bu sualı vermisən?
- Yox.
- Çırpınır. Gör
içində nə qədər canlı var. Hər canlı bir ürəkdi, hər döyüntü bir çırpıntıdı.
- Dediklərin ağlabatan olsa da, ürək məsələsində bir
az şübhəliyəm.
Əgər dənizin
ürəyi varsa, gərək kardioqramını
çıxarsınlar.
- Bax da...
Səma çiçəyi
Ona heç kim, heç vaxt çiçək bağışlamamışdı.
Bircə dəfə dünyaya gələsən,
bir çiçəklə
adını anmayalar. Fikirləşdikcə ağlı
başından çıxırdı.
İllər keçdikcə dünyadan,
adamlardan, elə özündən də bezirdi. Bir axşam bostandan qopardığı
günəbaxanı qoltuğuna
vurub həyətdəki
kötüyün üstündə
oturub yerini rahatladı. Günəbaxanı
dizlərinin üstünə
qoyub bir xeyli çırtladı.
Bir anlıq əlini saxladı. Hər yan səssiz idi. Arabir cırcıramaların
gülüşməsi, bir
də su içən ağacların
qurultusu eşidilirdi. Başını qaldırıb
göylərə baxdı.
Bu gecə səma başdan-başa qırmızı
çiçək açmışdı.
Gördüyü gözəllik
onu həyəcanlandırdı.
Boş qəlbinə haradansa bir ovuc
sevinc doldu. Gülümsədi. Hiss etdi
ki, çiyninə nəsə
qondu. Qorxa-qorxa qanrılıb baxdı. Səma çiçəyindən
biri saplağından üzülüb onun çiyninə qonmuşdu.
O an, o an anladı ki, dünyadakı
bütün qadınlara
çiçək bağışlanılır.
Mütləq bağışlanılır.
Kiminə torpaqdan, kiminə səmadan dərilmiş çiçək...
Yük atı
Elə bil gözünü qan örtmüşdü.
Meşədə doğradığı
odunları bir ucdan ata yükləyirdi.
Qoca yabı arabir dönüb tərs-tərs sahibinə
baxsa da, xeyri olmadı. Sahibinin əlacı olsaydı, meşəni bütövlükdə
bu zavallı heyvanın belinə yükləyərdi.
Qoca yabı tamah dişi uzandıqca-uzanan sahibinin əmrinə itaət edib yerindən qımıldandı.
Eh, ayğır vaxtlarında
bu yükü yük saymazdı. İndi
kindirini qocalıq kəsmişdi, yüklərin
hamısı ona ağırlıq edirdi.
Bu yol onları dərəyəcən aparırdı,
sonra qaratikanlı yoxuş başlayırdı.
Sahibi buğda yeyib fınxıran at kimi onu hey dəhmərləyirdi.
Canını dişinə
tutub dərəyəcən
endi, yoxuşu qalxanda dirəndi. Şallaq zərbələri
od kimi bədənini yandırsa da, xeyri olmadı. Elə bil dörd ayağı
yerə yapışıb,
torpağa kök atdı.
Axırda
sahibi söyə-söyə
atın yükünü
boşaltdı.
Çər dəymiş! Gərək
çoxdan rədd eləyəydim səni. Məni yarı yolda qoymağına bax!!! - deyib ata bir-iki karlı
təpik ilişdirdi.
At yenə tərpənmədi.
Bu, sahibini təəccübləndirdi.
Bir-iki addım irəli yeridi. At başını yerəcən
sallamışdı. Elə
bil nəfəs almırdı. Sahibi şallağı qaldıranda
at böyrü üstə
yerə sərildi...
Sonralar bu əhvalatı kəndin çayxanasında
domino oynaya-oynya baytara
danışanda, mal doxturu
əl saxlayıb kədərlə dilləndi:
- Atın ürəyi partlayanda belə ölür. Gərək qədərindən artıq
yükləməyəsən. Bu, insanlara da aiddir...
Ovcundakı
güzgü
Ovcundakı qabara güzəranının
güzgüsü kimi
baxırdı. Qabarlar
böyüyəndə, düyünlənəndə
güzəranı bir
balaca yaxşılaşır,
qabarlar soluxanda həyatı da soluxurdu.
Hərdən ovcundakı güzgüdən
özünə suallar
verirdi: Ey, dəmbələngöz, bəsdi
qaçdın, bəsdi
yüyürdün. Ömrün
bitib, amma eyni nöqtədə fırlanırsan. Ovcundakı
qabar itsə, nə olacaq? Bu sualı verəndə dili-dodağı əsirdi,
karıxırdı, üşüyürdü.
Ovcundakı güzgüdə
günəş gülümsəmir,
dünya çiçəkləmir,
quşlar civildəşmirdi.
Ovcundakı güzgüdə
ağ buludlar su daşıyırdı gözlərinə.
Ovcundakı güzgü ona
ümidli heç nə vəd etmir, yalandan aldatmır, gözünü
yolda qoymurdu. Bircə gecələr daşa dönmüş əllərini başının
altına qoyanda, ovcundakı qabarlar ürək kimi döyünür, mələklər
qabarlı əllərinə
sığal çəkir,
o da dünyanın ən
şirin yuxusunu görürdü.
Səhərlərsə əlindəki qabarlar zəng çalıb onu oyadır, ovcunun güzgüsündə yeni gün
başlayırdı...
Təranə Vahid
Ədəbiyyat qəzeti.- 2024.-
1 noyabr, ¹42.- S.25.