Bizim Mahmud müəllim
Sənətşünas Mahmud Allahverdiyevin
xatirəsinə
Bir müəllim, bir alim, bir ustad haqqında
yazmaq istəyirəm.
Onun adı Mahmud, soyadı Allahverdiyevdir. Onun haqqında keçmiş zamanda yaza bilmədim. Çünki o, onu sevən tələbələri
üçün, teatrşünaslıq
elmi üçün həmişə var. Bir alimi,
bir müəllimi tanımaq üçün,
ya onun əsərləri
ilə tanış olmaq, ya da onun
tələbəsi olmaq
gərəkdir. Şükürlər
olsun ki, onun tələbəsi olmaq səadəti mənə və daha neçə-neçə
teatrşünasa nəsib
oldu. Müəllimimin
əsərləri ilə
isə, hələ tələbəlik illərindən
tanış idim.
Mahmud müəllim ciddi alim, tələbkar və eynu zamanda qayğıkeş
bir müəllim idi. Onun tələbələrinə
göstərdiyi diqqət
və qayğı, ancaq doğma insanın diqqət və qayğısı ilə müqayisə oluna bilərdi. O, tələbələrini, xüsusən,
gələcəyinə inandığı
tələbələrinə diqqətlə yanaşardı.
Bu onun münasibət
və davranışlarında
özünü büruzə
verərdi. Sevdiyi tələbələr ilə
ünsiyyətdən xüsusi
zövq alardı.
Mahmud müəllim qayğı
ilə yanaşdığı
tələbələrinə nümunə olmağı
da, onlarla dost olmağı
da bacarırdı. Bizim
əziz müəllimimizin
tələbələrinə qarşı sevgi və qayğısı da
var idi, sərt fikir və tənbehi
də. Müəllimimizin
sevgisi də, tənbehi də doğma adamın sevgisi və tənbehi kimi idi. Onun inandığı
tələbələrinə olan sevgisi və
inamı sonsuz, tənbehi və tənqidi isə, ani və çox tez unudulan olurdu.
O, tələbələrinə acıqlandığı anlarda
belə, heç vaxt qəlblərini qırmazdı. Biz tələbələr
də heç vaxt ondan inciməzdik.
Mahmud müəllim pedaqoq kimi nə qədər
qayğıkeş və
mehriban idisə, teatrşünas alim kimi bir o qədər qəti və sərt idi. O, bütün bunları tələbələrinə də
öyrədə bildi.
O, tələbələrinə teatrşünaslıq elminin
incəliklərini, resenziya
yazmaq qaydalarını
öyrətməklə yanaşı,
heç bir halda kompromisə getməməyi və güzəşt etməməyi
də öyrətdi.
O, özü də bilmədən, doğru və dürüst davranışı, məqalələri
və kitabları ilə tələbələrinə
nümunə olmağı
bacarırdı. O, hər
hansı bir tamaşa haqqında resenziya yazanda, düzünü düz, əyrini əyri yazırdı. Resenziyalarında
nə əsər müəllifinin, nə rejissorun, nə də aktyorun şan-şöhrəti onu
mənfi fikrindən döndərə bilməzdi.
O, resenziyasında tamaşanın
müsbət məziyyətlərindən
yazandan sonra, əsaslandırdığı qənaətlərlə,
gəldiyi nəticələrlə
tənqidi fikirlərini
qeyd edirdi. O, yaradıcı kollektivin tamaşa üzərində
çəkdiyi əziyyəti
heç vaxt boşa çıxarmazdı.
Tamaşanı tənqidetmə
mərhələlərini həm
dərslərində, həm
yazdığı məqalələrdə
bizə - tələbələrinə
nümunə kimi göstərərək, öyrətdi.
Onun özünəməxsus, xüsusi
dərskeçmə metodu
var idi. O, kefinin duru vaxtında dərsi xüsusi ləzzətlə keçər,
cəmiyyətin inkişafında
teatrın rolunu xüsusi qeyd edər və dərs boyu gözlərini sevimli tələbələrindən çəkməzdi.
Teatrı, rejissorları
və aktyorları çox sevərdi. Müəllimimiz Mirzə Fətəli Axundovu, Cəfər Cabbarlını
və vaxtı ilə teatrşünaslıq
elmi üçün çox işlər görmüş Cəfər
Cəfərovu çox
sevərdi. İndi o illəri
xatırlayıb kövrəlməmək
mümkünsüzdür. O, bizə - tələbələrinə,
teatrlara, məşqlərə
və tamaşalara baxmağı və tənqidi mülahizələr
aparmağı öyrətdi.
O, bizə teatr tənqidçisi kimi düşünməyi, baxdığımız
tamaşaların əvvəl
mütləq müsbət,
sonra mənfi tərəflərini araşdırmağı
öyrətdi. Mahmud müəllim
bizə oxuduğumuz əsərləri anlamağı
və anlatmağı
öyrətdi.
Mahmud müəllim kefinin xoş vaxtlarında araşdırdığı və
ya araşdırmaq istədiyi mövzuları,
öz tay-tuşu kimi, biz - tələbələri
ilə müzakirə
edərdi. Bizim üçün o vaxt qəliz olan məsələ və suallara müəllimimiz elə özü də cavab verərdi.
Meydan tamaşaları, qaravəlli,
kos-kosa və sair haqqında biz ilk dəfə ondan eşitdik. Mahmud müəllim
gələcəkdə xalq
teatrı və meydan tamaşalarına daha diqqətlə yanaşmağı tələbələrinə
tövsiyə edirdi. Bizim üçün isə, xalq teatrı və meydan tamaşaları ilə olan ilk tanışlıq əziz
müəllimimiz Mahmud Allahverdiyevin
"Azərbaycan Xalq teatrı tarixi" əsərindən başlayırdı.
Biz müəllimimizdən tamaşaya
qərəzsiz qiymət
verməyi öyrəndik.
Yuxarıda qeyd etdik ki, müəllimimizin
teatra olan sevgisi sonsuz idi. O, bizə teatra olan sonsuz
sevgisini aşıladı.
Bizim əziz müəllimimiz xarakter etibarı ilə çılğın
adam idi. Tikanlı bir söz, çəpəki
bir baxış, səviyyəsiz bir məqalə, qərəzli
bir resenziya, təmənnalı bir veriliş onu dərhal özündən
çıxara bilərdi.
Belə vaxtlarda biz onu tanıya bilməzdik. Bizimlə dərsin mövzusunu danışsa da, fikri onu narahat edən
məsələdə qalırdı.
Bir qədər keçmiş
müəllimimiz sakitləşər
və onu özündən çıxaran
məsələ haqqında
bizə danışaraq,
dəyərli məsləhətlərini
verərdi. Müəllimimiz
bizə, resenziya yazarkən, hər bir tamaşa kollektiv əməyin məhsulu olduğu üçün, ona çox böyük ehtiyatla yanaşmağı
məsləhət görərdi.
O, tövsiyə edərdi
ki, tamaşa haqqında
məqalə yazan tənqidçi gərək
tamaşanın hazırlanmasında
və meydana çıxmasında əməyi
olan heç kəsi yaddan çıxarmasın. O, bizə
pisin yaxşı, yaxşının pis tərəfini görməyi,
qiymətləndirməyi və
yazmağı, aktyorlara
xüsusi diqqət və qayğı ilə yanaşmağı
məsləhət görərdi.
Deyərdi ki, aktyorlar körpə uşaq kimidirlər. Onları incitmək, sənətlərinə
diqqətsiz yanaşmaq
olmaz. Bu, bəlkə də onun özünün
cavanlığında aktyor
olmağından irəli
gəlirdi. O, bəzən
mühazirələrində bu və ya
digər keçmiş
klassik aktyorların hansısa obrazda hərəkət, mimika və ifa tərzlərini
göstərəndə, bizim
gözlərimiz qarşısında
keçmişin dahi aktyorları canlanırdı.
Mahmud müəllim dərslərində
K.S.Stanislavski, V.Meyerhold, B.Brext və digərlərin təlimlərinin müsbət
və mənfi tərəflərini bizimlə
müzakirə edərdi.
O, milli teatrşünaslıq elmində xalq teatrının, meydan tamaşalarının ilk sistemli
araşdırıcısı kimi adını tarixə yazmış ilk tədqiqatçı oldu.
"Azərbaycan Xalq teatrı tarixi" adlı qiymətli bir əsər müəllimimizin elmi təfəkkürünün və
Azərbaycanı qarış-qarış
gəzərək topladığı
folklor nümunələrinin
nəticəsi idi. O, Azərbaycanı qarış-qarış
gəzərək, meydan
tamaşaları ilə
bağlı xeyli
material toplaya bilmişdi.
Söz yox ki, görkəmli tədqiqatçılar
Əli Sultanlı, Məmmədhüseyn Təhmasib,
Həmid Araslı, Mirəli Seyidov və başqaları müəyyən qədər
meydan tamaşaları
və xalq teatrı haqqında araşdırmalar aparmış
və tədqiqatlarını
çap etdirmişdilər.
Amma bizim Mahmud müəllim
milli teatrşünaslıq tarixində ilk dəfə
olaraq, tarixi mənbələr əsasında
xalq teatrı və meydan tamaşaları haqqında
məlumatları toplu
halında çap etdirməyə və bu mövzunu müdafiə edib, elmlər namizədi elmi dərəcəsini almağa müvəffəq
oldu. O, ilk dəfə
olaraq, Ozanlar, Varsaqlar, Dədə Qorqud, Hoqqa, Kilimarası, Xalq komediyaları və faciə haqqında əsaslı tədqiqatlar
apardı. Ondan sonra neçə-neçə
tədqiqatçı bu
mövzulardan yazıb,
çap etdirsə də, Mahmud müəllim
bu sahədə birinci oldu.
Bizim
Mahmud müəllim elmi
araşdırmalarında ardıcıllığı
sevən insan idi. O, qaravəlli tamaşalarını toplayıb
tədqiq etsə də, sonradan yenidən bu mövzuya qayıdaraq daha ətraflı tədqiqini vermişdi. O vaxtlar biz tələbələr
təbii ki, bütün
bunların fərqində
deyildik. Lakin illər keçəndən sonra
biz onun əsərlərinin
sanbalını anlaya bildik. Onun tədqiqat
xarakterli əsərlərinin
hər biri, hələ uzun müddət teatrşünaslıq
elmi ilə məşğul olanların
yoluna işıq saçacağına əminik.
Müəllimimizin tədqiqat
əsərləri xalqın
qədim adət və ənənələri
ilə bağlı idi. O, yuxarıda adını çəkdiyimiz
"Azərbaycan Xalq teatrı tarixi" əsərində yazırdı:
"...əcdadlarımızın həyat
anlayışı, əqidəsi,
təsəvvür və
təxəyyülünün məhsulu olan mövsüm və mərasim tamaşalarında
xeyirlə şər anlayışı təzadlı
obrazlar kimi dərk edilirdi... Bizim ölkənin qədim sakinləri ovçuluqdan keçib başqa əmək növlərinə yiyələndikdən
sonra, yeni həyat anlayışına müvafiq
obrazlar silsiləsi müəyyən etmiş
və hər bir fəsli obrazlar kimi fərdiləşdirmişlər".
Mahmud müəllim tədqiqat əsərində xalq tamaşalarını qədim
Yunanıstanın xalq
tamaşaları ilə
müqayisə edib, hətta milli teatr ənənələrinə daha
artıq önəm verirdi. O, elmi araşdırmalarında, mütləq
mənada, özündən
əvvəlki elmi tədqiqatlara əsaslanaraq,
daha irəli getmiş və mövzunun dərin qatlarını araşdırmışdır.
O, az qala, böyük bir elmi şöbənin, böyük bir elmi idarənin görməli olduğu bir işi təkbaşına
etmişdi. Biz bütün
bunları çox sonralar anladıq. Onun yazdığı hər bir əsər
mükəmməl tədqiqat
əsəri hesab olunmalıdır.
Mahmud müəllimin yazdığı
hər bir tədqiqat əsəri, o cümlədən, "Teatr
tənqidi və müasirlik" əsəri
də sanballı və mükəmməl araşdırma sayılmalıdır.
Bu əsəri teatrşünaslıq
elmi ilə məşğul olanlara tövsiyə də adlandırmaq olar. Müəllimimiz bu əsərində teatrşünaslara
belə bir məsləhət verir:
"Teatr tənqidi və müasirlik problemi ilə biz, teatrşünasların diqqətini
bir daha teatr tənqidinin daxili strukturuna, yüksək professionallıq
duyumuna yönəltmək
istəmişik".
Bu əsərində müəllimimiz
ilk dəfə olaraq, dramda hərəkətin növləri və onun vəhdəti, teatr tənqidinin predmeti, tamaşaların fərqi ətrafında araşdırmalar aparır.
Bu mövzular rus ədəbiyyatında araşdırılsa
da, Azərbaycanda ilk dəfə
Mahmud Allahverdiyev tərəfindən
tədqi olunmuşdur.
Bu əsər teatrşünaslıq
elmi üçün tapıntıdır, desək,
heç də səhv etmərik. Müəllimimiz dram əsəri
haqqında aşağıdakıları
yazırdı:
"Dramda bizi bitkin
və dinamik bir kompozisiya daxilində birləşdirilmiş
hadisələrin, sözün
və fikrin hərəkəti, bu hərəkət növlərinin
vəhdəti və inkişaf məsələləri
düşündürür".
Bütün bunlar yüksək
elmi təfəkkürün,
ətraflı və mükəmməl araşdırmanın
nəticəsi hesab olunmalıdır. Dram əsərinin
daxili düzüm xətti, strukturu haqqında müəllimimiz
dəqiq fikirlər əldə edə bilmişdi. O, hissə-hissə,
ardıcıl olaraq araşdırılan mövzunun
dərin qatlarına enərək, mükəmməl
nəticələrə gəlib
çıxmışdı.
Mahmud müəllim teatrşünaslara
necə yazmağı
tövsiyə edərdi:
"Teatr tənqidçisi özünün prinsipial tənqidi mövqeyinə əsaslanaraq, səhnəyə
gətirilmiş bədii
həqiqətin həyatı
mahiyyətini, obrazlı
fikir dünyasını,
onun ideya və idealını dürüst müəyyənləşdirməlidir...
O, aktyorun yaratdığı
obraza, bütövlükdə
rejissorun tamaşasına
cəmiyyətin ictimai,
siyasi tələbləri
baxımından yanaşmalı,
konkret xarakteri canlı, nəzəri münasibətlə şərh
etməli, hər hansı bir tamaşanın müasir teatrın yüksəlişinə
və ya onun zəifləməsinə
göstərdiyi təsiri
elmi meyarlarla nəzərdən keçirməli
və kollektivin, tamaşaçıların diqqətini
ona cəlb etməlidir".
O, tələbələrindən kiminsə
yazısı KİV-də
çap olunanda, uşaq kimi sevinir, özünə yer tapa bilmirdi. Tələbələri ilə
qürur duyurdu.
Mahmud müəllim milli dramaturgiyanın
ümumi vəziyyəti
ilə bağlı çox böyük narahatlıq keçirirdi.
Alim haqlı olaraq yazırdı: "Müasir
dramaturqlarımız nəinki
zamanla ayaqlaşmalı,
hətta onu qabaqlamalıdır..."
Bizim əziz müəllimimizin
fikirləri bu gün də müasirdir. Müəllimimiz
belə hesab edirdi ki, sənətdə
novatorluq mütləqdir
və bu novatorluq zəngin irsə söykənməlidir.
O, yazırdı: "Novatorcasına
yaranan milli əsər
eyni zamanda ümumbəşəri olur".
Mahmud müəllim Cəfər
Cabbarlı dramaturgiyasına
yüksək qiymət
verirdi. Mühazirələrində
daha çox müraciət etdiyi milli dramaturgiyamızın banisi
M.F.Axundzadə və C.Cabbarlı idi. "C.Cabbarlı
və müasirlik"
əsərində Mahmud müəllim
yazırdı: "Cəfər
Cabbarlı bir dramaturq, rejissor, teatrşünas kimi fəaliyyətini günü-gündən
genişləndirirdi. Səhnədə
böyük müvəffəqiyyətlə
oynanılan Cabbarlı
pyesləri teatrın ümumi mədəniyyətinin
inkişaf etdirilməsinə,
metod, üslub, milli
forma məsələlərinin həllinə, Azərbaycan
aktyorunun realizm ruhunda tərbiyəsinə
xidmət edirdi. Əsri qabaqlayan bu sənətkarın fikir dünyası çox zəngindir və tükənməzdir.
Hər bir nəsil orda bədii təfəkkürünü
məşğul edən
problem tapa bilər".
Mahmud müəllim tədqiqat əsərində Cəfər
Cabbarlı dramaturgiyasının
bir çox özəlliklərini üzə
çıxara bilib. Müəllimimiz aktyor yaradıcılığının da özəlliklərini kəşf
edib üzə çıxarmağı bacarırdı.
O, Ələsgər Ələkbərova
həsr etdiyi tədqiqat əsərində
yazırdı: "Ciddi
axtarışlar aparmağı
sevən Ələkbərov
həmişə sənətin
dərinliklərinə varan qüvvətli məntiq ifadə etməyə çalışan bir aktyor idi. Buna görə də onda emosiya və
intellekt çox güclü idi. Ələkbərovun yaradıcılığında
bu keyfiyyətlərin
hər ikisi birləşdiyi üçün
o, nəinki tamaşaçıları
inandırar, müəllifin
araşdırmaq istədiyi
bədii, estetik ideala qarşı rəğbət və məhəbbət hissi oyadar, hətta onları vəcdə gətirir, heyrətləndirir,
mənəvi həyatda
təbəddülat yaradırdı".
Müəllimimiz Ələkbərovu 1946-1962-ci il yaradıcılığını son və məhsuldar, eyni zamanda böyük
nailiyyətlər dövrü
hesab edərək, aktyoru "canlı duyğular və canlı xarakterlər rəssamı" adlandırırdı.
Mahmud müəllim Mirzəağa
Əliyev yaradıcılığını
da tədqiq etmişdir.
Müəllimimiz M.Əliyev haqqında
yazırdı: "Aktyor
obrazın psixologiyasını,
həyat və məişət fəlsəfəsinin
mahiyyətini gülünc
edən mənalı bir xarakter yaratmağa
müvəffəq olmuşdur".
Bizim
Mahmud müəllim yazdığı
və tədqiq etdiyi hər bir mövzunun mahiyyətini açaraq, zamanın tələbləri
baxımından ona obyektiv qiymət verməyə nail ola bilirdi.
Onun elmi araşdırmaları və
yazdığı qiymətli
kitablar hələ neçə-neçə illər
teatrşünaslar üçün
gərəkli mənbə
rolunu oynayacaq. Onun nə özü,
nə də əsərləri yaddaşlardan
silinməyəcək. Tələbələri
isə, onu heç vaxt unuda bilməyəcəklər.
Çünki əziz
müəllimimizin haqqı
hər zaman onların
boynundadır. Mahmud Allahverdiyevin
ruhu şad olsun!
Çingiz
ƏLƏSGƏRLİ
Ədəbiyyat qəzeti.- 2024.- 1 noyabr, №42.- S.28-29.