Nizami Gəncəvinin
türk divanının
taleyi
Nizami Gəncəvinin Türk Divanının dünya kitabxanalarında mövcud
olduğunu hələ
XX əsrin ortalarında
Səid Nəfisi, Əbdürrəhman Tahircanov,
Rüstəm Əliyev,
Azadə Rüstəmova
kimi görkəmli şərqşünas alimlər
təsdiq etmişlər.
Nizami Gəncəvinin öncə
özünün türkcə
Divanını Şirvanşah
Axsitana göndərməsi,
lakin Şirvanşahın
Divanı dəyərləndirmək
əvəzinə, Nizamiyə
"Leyli və Məcnun" əsərini
farsca yazmasını sifariş etməsi və dahi şairimizin
türkcə şeirlərinin
qiymətləndirilməməsi səbəbindən çox
məyus olması elm aləminə hələ
XX əsrdən məlum
olan bir faktdır. 1983-cü ildə
Sankt-Peterburq Şərqşünaslıq
Universitetinin professoru,
Şərq əlyazmaları
üzrə məşhur
mütəxəssis-alim Əbdürrəhman
Tahircanov "Nizami Divanının əlyazmalarının
"Nizami" və
"Nizam" təxəllüsləri ilə yazan digər şairlərin şeirləri ilə eyni bir siyahıya
daxil edildiyini" göstərir və yazırdı ki: "Bu siyahının
üzü Nizaminin yurdundan uzaqlarda, təbii olaraq türk poeziyasının maraq doğurmadığı
Hindistanda yenidən köçürülmüşdür. Nizaminin öz yurdunda yazılmış və güman ki, türk poeziyasını ehtiva edən məcmuələr Azərbaycanın
şəhərlərində məhv olmuş, fatehlər tərəfindən
dağıdılmışdır" (Taqirdjanov A.A. Nekotorıe soobrajeniə o törkskix stixax Nizami Qəndjevi.
Materialı Nauçnoy
konferenüii posvəhennoy
probleme "Nizami i mirovaə literatura". - Baku, 17 ənvarğ,
1983, str.26-30).
XXI əsrin əvvəllərində
Nizami Gəncəvinin
Türk "Divanı"nın
əlyazma nüsxəsinin
Misirin Xədiviyyə
kitabxanasında Fəxrtac
Şəms Vaizi tərəfindən surətinin
əldə edilməsindən
sonra problemin araşdırılması genişləndirilmişdir.
İranda Sədyar Vəzifə-Eloğlu, Hüseyn
Şərqi Soytürk,
Barat Zəncani, Hüseyn
Məhəmmədzadə Sədiq,
Amerikada Bağban Kərimi kimi alimlər tərəfindən
başlanan tədqiqatları
Bakıda da davam etdirən Nizami Xudiyev, Azadə Rüstəmova, Əlyar Səfərli, İsa Həbibbəyli,
Vaqif Arzumanlı, Pərviz Kazımi, Sənan İbrahimli və başqa görkəmli elm adamlarının
zəhmətini xüsusi
qeyd etmək lazımdır.
İndiyədək Azərbaycan Respublikasında
fəaliyyət göstərən
nizamişünas alimlər,
o cümlədən biz özümüz
də Nizami Gəncəvinin türk Divanının yalnız Sədyar Vəzifə-Eloğlu
tərəfindən transliterasiya
olunmuş variantı əsasında fikir söyləməli olmuşduq.
Əlyazma nüsxəsinin
əlimizdə olmaması
səbəbindən, bir
sıra sözlərin
və söz birləşmələrinin düzgün
oxunmaması, şeiriyyətin
pozulması halları
bizə dürüst qənaətə gəlməyə
imkan verməmiş və Divan üzərində
səmərəli araşdırmalar
aparmaq mümkün olmamışdır.
2023-cü
ilin dekabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
təşəbbüsü ilə Nizami Gəncəvi Divanının
Xədiviyyə nüsxəsinin
surəti Bakıya gətirilmiş və müvafiq qurumlar tərəfindən baxılmaq
üçün Azərbaycan
Milli Elmlər Akademiyasına
göndərilmişdir. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli
Nizami Gəncəvi Divanının əlyazma nüsxəsini münasibət
bildirmək üçün
bir neçə tədqiqatçı alimə,
o cümlədən mənə
də təqdim etmişdir.
Məlumat üçün deyim
ki, 1991-ci ildə "Azərbaycanda
nizamişünaslığın təşəkkülü və
inkişafı (XX əsrin
40-cı illəri)" mövzusunda
namizədlik dissertasiyası
müdafiə etmişəm.
Nizami Gəncəvinin
həyatı və yaradıcılığına həsr
olunmuş 5 kitabın
və 200-ə yaxın
məqalənin müəllifiyəm.
Hazırda "Klassik Şərq ədəbiyyatında
"Xəmsə" mövzusu,
strukturu, üslubu və poetikası (XIV əsr)" mövzusunda doktorluq işini tamamlamışam. Nizami Gəncəvinin həyatı
və yaradıcılığına
həsr edilmiş elmi məqalələrlə
həm ölkəmizdə
və həm də xaricdə çıxışlar etmişəm.
Qeyd etməliyəm ki, Nizami Gəncəvi Divanının
Xədiviyyə nüsxəsinin
əlyazması ilə
əyani şəkildə
yaxından tanış
olduqdan və əlyazmadakı şeirləri
dönə-dönə təhlil
etdikdən sonra, Divanda mövcud olan şeirlər haqqında öz elmi mövqeyimi tam müəyyənləşdirə bilmişəm. 1981-ci ildən,
yəni ömrümün
40 ildən artıq bir müddətində sorağında olduğum bu əlyazmanın surətini əldə etməkdə vasitəçi
olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və AMEA-nın rəhbərliyinə dərin
minnətdarlığımı bildirirəm.
XV əsrdə Əlişir Nəvainin Nizami Gəncəvi haqqında söylədiyi fikirlər
arasında belə bir beyt vardır:
Nizamiy olsa Barda birla
Qanja,
Kadam Rum axliqa xam kilsa
ranja.
(Navai Alişir. Xamsa. Şamsiev.
Taşkent, 1960, c.331).
(Nizami Bərdə və Gəncəni aldı,
Çəkib zəhmət Rum əhlinə
(tərəf) qədəm
qoydu).
Bir halda ki, Nizami Gəncəvi "Xəmsə"sinə
birinci olaraq Hindistanda Əmir Xosrov Dəhləvi cavab yazmışdır, niyə Nəvai yuxarıdakı beytdə Nizaminin Rum əhlinə tərəf qədəm qoymasından danışır?
Deməli, söhbət
Nizaminin fars dilində yazdığı
"Xəmsə"sindən yox, türkcə yazdığı Divan şeirlərindən
gedir. Məsələ
burasındadır ki, Nizami
özü də Divanını bir çox şəhərlərə,
saraylara göndərdiyini
açıq şəkildə
yazmışdır və
təbii olaraq, şair Divanını yaxın Rum ellərinə
də göndərmişdir.
Bu haqda ilk poeması olan "Məxzənül-əsrar"
("Sirlər xəzinəsi")
əsərində yazmışdır:
Elmsiz bayraq ucaldan hər sözün -
Mənim
sözüm olsa belə, üstündən
qələm çək.
Əgər mən söz bağını təzələməsəydim,
Onları
şəhərbəşəhər yollamazdım.
Bu türfəm sözün ayağını bağladı,
Bütün ətraf (ölkələr)
mənim əlimin altındadır.
Deməli,
onun öz sözlərindən belə
məlum olur ki, Nizami Gəncəvi "Sirlər xəzinəsi"
əsərini yazana qədər artıq onun Divan şeirləri, qəsidə və qəzəlləri ətraf
regionlarda yayılmışdır.
Şairin Divanının
sonrakı taleyi haqqında dəqiq məlumat əldə etmək üçün bir çox məsələlərə aydınlıq
gətirilməsi vacibdir.
İlk növbədə, Nizami Gəncəviyə məxsus
türkcə Divanın
Qaramanlı Nizami adı ilə nəşr olunmasının
əsas səbəblərini
araşdırmaq lazım
gəlir. XVI əsrin məşhur türk təzkirəçisi Qəstəmonlu
Lətifi "Təzkirətüş-şüəra"sında
orta əsrlərdə
Osmanlı ədəbiyyatının
ümumi mənzərəsini
təsvir edərkən
bir qrup şairlər haqqında belə yazırdı ki,
"...qafiyə, rədif
nədir bilmədən
hər misranı bir ustad şairin
Divanından alar və
hər mənanı bir irfan sahibindən
çalarlar. İki misraya qadir olanlar
və cəmi beş beyt yazanlar
"Pənc Gənc"ə
- "Xəmsə"yə cavab verməyə qəsd edib, "Xəmsə" sahibi ilə, yəni Nizami ilə pəncə-pəncəyə gələrlər.
5-6 qəzəl yazıb,
özlərini zamanın
Həssanı, dövranın
Səlmanı təsəvvür
edərlər"... Mənaları
oğurlayıb Divan sahibi
olarlar və bu gedişlə nə Şeyx Camiyə, nə də Nizaminin özünə belə qayil olub baş
əyməzlər" (Latifi.
Tezkiretüş-şüara ve Tabsiratün-nuzama (Tenkitli metin), Hazırlayan: Dr.Ridvan
Canım, Ankara, T.C., Kültür
ve Turizm Bakanlığı, 2018, 579 sayfa,
s. 60). Müəllif bu
haqda bir məşhur ərəb misalı da çəkir:
Yiyəsində qalmayan (bir şey) oğurlanar.
Təəssüf ki, Nizami Gəncəvinin
ana dilində yazdığı
şeirləri də zamanın bu acı sınağına tuş gəlmiş və şirin Azərbaycan türkcəsində
dillənən, Nizami Gəncəviyə məxsus
olduğu aşkar bilinən bir çox nəfis nümunələr bəzən
bilərəkdən, bəzən
də bilməyərəkdən
Konyalı, yaxud Qaramanlı Nizamiyə aid hesab olunmuşdur.
Öncə baxıb görək,
Qaramanlı Nizami kimdir? Bu şair haqqında ilk dəfə
XVI əsrdə Səhi
bəyin "Həft behişt" təzkirəsində
məlumat verilmişdir.
(Heşt-behişt (inceleme-transkripsiyonlu
metin-sözlük) hazırlayan:
Harun Akar, T.C. Qaziosmanpaşa
Universitesi, Tokat, 2010,
451sayfa, s.146).
Bu məlumatdan sonra, Qəstəmonlu Lətifinin
"Təzkirətüş-şüəra"sında,
ardınca Aşıq
Çələbi, Katib
Çələbi və
başqaları tərəfindən
qısa qeydlərlə
Konyalı, yaxud Qaramanlı Nizami təxəllüslü şairdən
bəhs etmişlər.
Öncə onu qeyd edim ki, XV əsrdə yaşadığına
baxmayaraq, elm aləminə
özünün nə
adı, nə doğum, nə də ölüm tarixi məlum olmayan yeganə şairdir. Guya qəbir daşının
yazısı pozulduğuna
görə müəyyənləşdirmək
mümkün olmamışdır.
Həmçinin Qaramanlı
Nizaminin atasının
adı ilə bağlı ziddiyyətli fikirlər vardır. Türk təzkirəçiləri
onun atasının adını "Molla Vəliyüddin" olaraq
qeydə aldıqları
halda, XVI əsr təzkirəçisi və
şairi Qəribi Təbrizi "Təzkirey-məcalisi-şüərayi-Rum"
əsərində çox
gənc - "17 yaşında
ölən Konyalı,
Qaramanlı Nizami Çələbinin atasının
adının "Qazi Əbul-leys"
olduğunu göstərmişdir.
("Divani-Qəribi vo
tezkireyi-mecalisi-şüərayi-Rum", be təshih-e
doktor Hüseyn Məhəmmədzadə Sədiq,
Tehran, h.1382, s. 202).
Bütün orta əsr təzkirələri Qaramanlı
Nizaminin çox gənc, hətta on səkkiz yaşına çatmamış, xəstələnib
öldüyünü və
həmin Divandakı şeirləri 14-18 yaş
arasında yazdığını
göstərirlər. Hətta
ilkin təzkirəçilərdən
Aşıq Çələbi
"onun 14 yaşında
öldüyünü, bığ-saqqalının
belə çıxmadığını
və onun erkən ölümündən
çox təsirləndiyini"
göstərir (Aşıq
Çələbi. Məşairüş-şüəra,
hazırlayan, d-r. Filiz
Kılıç, Ankara, 2018, s. 376).
Həmçinin onun çox gənc ikən belə mükəmməl
şeirlər yazması
elə təzkirəçilərin
özündə və
sonradan bir sıra alimlərdə şəkk-şübhə doğurmuşdur.
Məşhur ingilis şərqşünası
Elis Gibb özünün 7 cildlik
"Osmanlı ədəbiyyatı
tarixi" əsərinin
II cildinin "Kiçik,
lirik-mistik şairlər"
adlandırdığı bölümündə
Lətifi təzkirəsinə
istinad edərək, Konyalı Nizamidən bəhs etmiş, iki qəzəlini ingilis dilinə tərcümə edərək
öz əsərində
nümunə vermişdir.
E.Gibb 18 yaşında ölən bir gəncin belə mükəmməl
şeirlər yazmasına
təəccüb və
heyrətini gizlətməmiş
və yazmışdır:
"Konyalı Nizami çox gənc ölməsəydi, Osmanlı
ədəbiyyatı tarixində
görkəmli bir mövqe tutacaqdı. 14-18 yaş arasında qısa ömründə yazdığı qəzəllər
nəinki onun öz sələflərinin
hər birindən, hətta ən məşhurların əsərlərindən
belə üstündür"
(Gibb, Elias John Wilkinson, A history of Ottoman poetry by. 1857-1901; Browne,
Edward Granville, 1862-1926, II, London, Luzac, p.371).
Əlbəttə, Elis Gibb haradan biləydi
ki, tərcümə etdiyi
nəfis qəzəllər
böyük Azərbaycan
şairi Nizami Gəncəvinin qələmindən
çıxmışdır.
Türk
alimi Haluk İpəktən (1926-1992) İstanbul Universiteti Türkiyat Araştırmaları İnstitutunun
(Türkiyat Enstitüsü)
kitabxanaçılıq fakültəsində
(1955-1959) təhsil alarkən,
"Qaramanlı Nizami,
həyatı, ədəbi
şəxsiyyəti və
Divan`ın edisyon kritiği" adlı Məzuniyet Tezi (Diplom işi) hazırlamış və
belə bir məlumat vermişdir:
"Qaramanlı Nizami
(ö.tahminən
880/1475) Konyadan təhsil
üçün İrana
gedib, yenə Konyaya dönmüş, Qaraman bəyi İbrahim bəyə (ölümü.868/1464) qulluq etmişdir". O, Qaramanlı haqqında
1955-ci ildən başlayaraq,
3 dəfə müxtəlif
illərdə kitab şəklində
nəşr etdiyi araşdırmalarında da eyni
məlumatları vermişdir.
Haluk İpəktənin
ölümündən sonra
2020-ci ildə Ankarada həmin Divanı yenidən nəşr etmişlər.
Diqqətlə oxuduqda məlum
olur ki, Divanı hazırlayan Haluk İpəktən heç
özü də tədqiqatçıların əsassız,
qaynaq göstərmədən
yazdıqları təxmini
fərziyyələrinə inanmamışdır. Məsələn,
giriş hissədə
şairin doğum tarixi haqqında heç bir mənbə, fakt olmadığını göstərərək
yazır: "Haydar
Ali Diriöz, kaynak göstermeden Nizami'nin
İbrahim Bey'in Sultan Murad II ile yaptığı sülhdən (1444/848) yedi
sekiz yıl önce doğulduğunu söylemiştir (Haydar Ali
Diriöz (1946)" ( Haluk İpekten: Bax: Karamanlı Nizami. Divan, Hazırlayan: Haluk İpekten, Ankara, 2020.
s.3).
Bununla belə, Haluk İpəktən Divanın
müqəddiməsində özü də fərziyyə xarakterli fikirlər irəli sürərək belə yazmışdır: "Şairin
belə gənc yaşda vəfat etməsi bir çox insanların qəlbində ona qarşı məhəbbət,
mərhəmət hissləri
yaratdı. Hətta təzkirəçi yazarlar
da bunun təsiri altında olmuş və "heyf və yüz min heyf" kimi hüzn ifadə edən sözlərlə
şairin yaşını
on dörd yaşa salmış, hətta saqqalı-bığı belə
çıxmadan dünyasını
dəyişdiyini söyləmişlər"
(Haluk İpəktən...,
s.10). Onun fikrincə, təzkirə müəlliflərinin
bu şəkildə həmfikir olmasının
səbəbi Lətifinin
öz təzkirəsində
onun "on dörd yaşında...fevt" olduğunu söyləməsidir
və davam edir ki, "Şəqayiqi-Nu'maniyə"nin
müəllifi yazır
ki, o, "on səkkiz yaşına
çatanda və hələ elmin təkmil pilləsində ikən" vəfat etmişdir. Gelibolulu Əli və Aşıq Çələbi
də onun on səkkiz yaşında dünyasını dəyişdiyini
deyirlər" (Haluk İpəktən... s.11). Nəhayət,
Haluk İpəktən
özü davam edir: "Doğrudan da, on dörd-on səkkiz yaşında dünyasını
dəyişən bir şəxsin İrana gedib o dövrün quldur, təhlükə və çətinliklərlə
dolu yollarında təhsil alması, ərəb və fars dillərindən başqa "mötəbər
elmləri" öyrənib
vətənə qayıtması
üçün və
o yaşda olan bir uşağın "bu qədər saf mənəviyyata"
sahib olması üçün
"möcüzəni" tapıb, qələmə
almaq kifayət qədər çətin
işdir" (Haluk İpəktən... s.11).
Təəccüblü haldır ki, Haluk İpəktən müqəddimədə Nizami
Gəncəvinin sevimli
həyat yoldaşı
Afaqın ölümünə
yazdığı mərsiyə-qəzəldən
bir beyt gətirərək, yazmışdır:
"O yaşda bir uşağın bu cür piranə qəribə şeirləri
yazması xeyli zor bir işdir"
(Haluk. s.11). Təəssüf
ki, alim şeirin hüznlü
məzmununu olduğu kimi duymamış və ərəb-fars lüğətlərində Afəq-Ofoq
sözünün yazılış
qaydasının eyni olduğunu və bir mənasının da qız adı olduğunu bilməmişdir.
Qeyd etmək lazımdır ki,
indiyə qədər
hələ də bu mərsiyə-qəzəlin
məzmununa diqqət etməyən və Afaqın adını
"Üfüq" kimi
oxuyanlar vardır. Fikrimizcə, həmin qəzəl Nizami Gəncəviyə məxsusdur.
Haluk İpəktənin
ölümündən sonra
Divanı Qaramanlı Nizami adı ilə nəşr edən alimlər qrupu, eləcə də Nizami Gəncəvi Divanı adı ilə nəşr edən tədqiqatçılar bu
aşkar görünən
məsələyə diqqət
yetirməmiş, yaxud
həqiqətin üstündən
qeyri-peşəkarcasına keçmişlər.
Bundan əlavə, Qaramanlı Nizaminin Qaraman hökmdarı İbrahim bəyə
qəsidə yazması
da qeyri-ciddi bir iddiadır. Çünki
İbrahim bəy 1464-cü ildə ölərkən,
Qaramanlı Nizaminin, hətta çox hesablasaq, cəmi 7-8 yaşı olmuşdur. Bu yaşda uşağın Divanda yer alan
qəsidələri yazması
ağılasığmazdır.
Həmin
qəsidə Nizami Gəncəvi Divanının
əlyazmasının Xədiviyyə
nüsxəsində yoxdur.
Lakin Haluk İpəktənin
nəşrində bir
qəsidədə iki
ayrı-ayrı üslublu
şairin şeirlərinin
bir-birinə qarışdığının
şahidi oluruk. Bizə görə, qəsidənin əvvəli
Nizami Gəncəviyə
məxsusdur, çünki
şeirdə şairin
öz təxəllüsünü
iki yerdə qeyd etməsi məqbul hesab olunmurdu. Sonradan yazılan beytlər isə pərakəndə
şəkildə uzadılır.
Bu faktın özü
onu göstərir ki, əlyazmaların üzü
köçürülərkən, katib tərəfindən Nizami təxəllüslü
daha başqa bir şairin şeirləri bir-birinə
qarışmışdır. Yaxud yenicə şairliyə başlayan Qaramanlı Nizami özü Nizami Gəncəvinin şeirlərinin
üzünü köçürmüş
və ona nəzirə yazmaqla, ardını davam etdirmişdir.
Nizami Qaramanlının İbrahim bəyin
oğlu Pir Əhmədə qəsidələr
yazması da inandırıcı
deyildir və bu iddia heç
bir tarixi mənbəyə və sübuta söykənmir. Çünki onun Qaramanlı Nizamini himayə etməsi haqqında dəqiq məlumat, tarixi fakt və sübut
belə yoxdur. Bir sözlə, Qaramanlı Nizami haqqında əsas məlumatlar rəvayət şəklindədir,
hətta yuxarıda göstərdiyimiz kimi, onun nə dəqiq
adı və nə də doğulduğu tarix belə məlum deyildir. Araşdırmalar göstərir ki, Nizami təxəllüsü ilə
yazan bu istedadlı şairin cəmi 30-35 şeiri mövcud olmuşdur və erkən dünyasını dəyişdiyinə
görə yaradıcılığı
da yarımçıq qalmış
və məşhurlaşa
bilməmişdir. Katiblər
isə Qaramanlı Nizami haqqında məlumatsız olduqlarından
onun şeirlərini Nizami Gəncəvinin Divanına daxil etmişlər.
Onu da deyim ki, Cənubi Azərbaycan alimi Sədyar Vəzifə-Eloğlu
Nizami Gəncəvinin
bu Divanını ilk dəfə üzə çıxarandan sonra Türkiyə alimləri nədənsə onun hər nəşr olunan kitabında və kataloqlarda, hətta ensiklopediyalarda Konyalı-Qaramanlı Nizaminin
yaşını süni
şəkildə 8-10 il artırmağa
başlamışlar. Anadolu Universitetinin 2019-cu ildə
buraxdığı kataloqda
yaşı heç bir mənbə olmadan 30-35 yaş arası göstərilmişdir.
Halbuki İslam ensiklopediyasının
əvvəlki XX əsrdəki
nəşrində 14 yaş
qeydə alınmışdır.
XXI əsrdən başlayaraq
Divanın nəşrində
və Vikipediyalarda isə heç bir mənbə, yazılı təzkirə və
qəbir daşına
istinad göstərilmədən
bu rəqəm 35 yaşa çatdırılır.
Heç şübhəsiz,
bu süni şişirtmələrlə oxucuları
və elmi ictimaiyyəti Qaramanlı Nizami adı ilə çap olunan Divandakı bütün şeirlərin
ona aid olmasına inandırmaq istəmişlər.
Nizami Gəncəvi Divanının
Xədiviyyə kitabxanasında
saxlanan əlyazma nüsxəsinin surəti ilə tanış olduqdan sonra artıq qətiyyətlə
söz deməyə imkan vardır. Nizami Gəncəvinin Türk Divanının Xədiviyyə əlyazma nüsxəsində 5 türkcə
qəsidə, 1 mədhiyyə,
17 farsca qəzəl,
120 türkcə qəzəl,
5 farsca rübai və 3 farsca dübeyti sıralanmışdır.
Bunlardan 15-20 türkcə
qəzəlin Nizamiyə
aid olması şübhəli
görünsə də,
qalan şeirlərin Nizami Gəncəviyə məxsus olması fikrindəyik.
Xədiviyyə nüsxəsində yer
alan Peyğəmbərə
həsr olunmuş Nət məzmunlu 1-ci qəsidə yarımçıqdır.
Qəsidənin əvvəlindən
salınmış 12 beyt
burada yer alır. Amma Türkiyədə
Qaramanlı adı ilə nəşr olunan 2016-cı il nüsxəsində
və 2021-ci ildə İranda tapılan yeni Şeyx Nizami Divanı nüsxəsində
isə həmin qəsidə 60 beytdən ibarətdir və bu haqda Divanın
Nizami Gəncəviyə
məxsus olduğunu müəyyən edən Sədyar Vəzifə-Eloğlu
məlumat verərək,
Tehranda qəsidəni
tam şəkildə dərc
etmişdir. Əlimizdəki
Xədiviyyə nüsxəsində
qəsidə yarımçıq
olduğu üçün
son məqtə beyti burada yoxdur. Amma bütöv şəkildə
olduğu nüsxələrin
sonluğunda Nizami öz təxəllüsünü
vermişdir. Qəsidənin
sonunda Nizami üzünü Allaha tutur:
Əfv
et Nizaminin kərəmindən
xətaların,
Şahdən əta çu adət urur, bəndədən xəta...
Bu beytlərin Nizami Gəncəviyə məxsus
olduğuna şübhə
ola bilməz. Çünki
bütün "Xəmsə"
boyu Allaha müraciətlərində işlətdiyi
və mənasını
əzbər bildiyimiz beytlərdir. Sadəcə,
"Xəmsə"də fars dilində, burada isə türk dilindədir.
Əlyazmada yer alan ikinci:
Vəsfində ol cəmalın
zikr etdügini bu dil,
Hər kim eşitsə aydır: lillahə dürri qail.
(Mənim dilim sənin cəmalını
elə vəsf edir ki, eşidən deyər,
bu dürr sözlər Allahın hədiyəsidir)
- mətlə`li qəsidə
məzmunca iki hissədən ibarətdir.
1-ci hissə vəsf,
2-ci hissə dövrün
şahına ünvanlanmış
mədhdir.
Məsələ burasındadır ki, Nizami Gəncəvinin gənclik dövründə
yazdığı bu qəsidədə adını
çəkdiyi - Sultan Əbül-Fəzayil
Pir Əhmədin - kim olduğu indiyədək müəyənləşdirilməmişdir.
XII əsrin yazılı mənbələri sübut
edir ki, yuxarıda bəhs olunan ləqəbin sahibi Xaqani Şirvani olmuşdur. Məlumdur ki, Şirvanşah Məniçöhr
Xaqaniyə "Sultanüş-şüəra"
titulunu verdikdən sonra, o, Şirvanşah Məniçöhrün ən
yaxın adamı kimi çox böyük nüfuz sahibi idi və
Şərqin bir çox şairləri ona "Sultan Əbül-Fəzail"
deyə müraciət
edirdilər. Belə
ki, Xaqaninin özündən
yaşlı müasiri
və dostu, Qəznəvilər sarayının
filosof şairi, əxilərə göstərdiyi
lütf ilə məşhur olan Məsud bin Sə`d bin
Salman Xaqaniyə həsr
etdiyi "Əbul-Fəzailin
mədhi" adlı qəsidəsində ona həmin məşhur ləqəblə müraciət
edərək yazmışdır:
Əbül-Fəzail ki, əsil bir seyiddir,
Şir cəsarəti var və
fil bədənlidir.
İşlər, bəzmlər görüb.
Kamlar sürüb, rəmzlər
(döyüşlər) edib.
Qürurla dolanır və
tacı tanıyır,
Onun dilindən çətin
ki, şahın ürəyi
şad ola.
Nizami Gəncəvi özü Türk Divanında filosof Salmanı belə xatırlayır:
Mən ol Nizamiyəm ki, kəmalında vəsfinin,
Hüsni-nizami-lütf ilə Səlmana irmişəm.
Təəssüf ki, Türkiyə alimləri
burada "lütf"
sözünü "nəzm"
sözü kimi oxumaqla, yenə də çaşqınlıq
yaradırlar. Adı çəkilən şairin
XIV əsrdə yaşadığını
sübut etməyə
çalışırlar.
Xaqaninin
başqa bir müasiri, Bəlxin məşhur şair və alimi Rəşidəddin
Vətvat (1080-1178) Şirvanşah
sarayı ilə sıx əlaqədə olmuşdur. O, Şirvanşah
Məniçöhrə 10-a yaxın şeir ithaf etmiş və Xaqani Şirvani ilə yaxın dost olmuşdur. Rəşidəddin Vətvat
"Əfzələddin Xaqaniyə
sitayiş" adlı
29 beytlik qəsidəsində
Xaqaniyə "Əbül-Fəzail"
adı ilə müraciət etmiş və onu elmin
günəşi və
dinin əfzəli adlandırmış, hətta
məşhur şiniyyə
qəsidəsinə işarə
etmiş, həmçinin
ona "dilini qorumağı" tövsiyə
etmişdir: "Əbül-Fəzail
Fəzlin günəşi,
dinin əfzəlidir.
O, yer əhlinin fəxri və səma əhlinin tacıdır. Xaqani dövrün Məsihi və zamanın Kəlimidir. Ömrü Xızır kimi əbədi olsun, Yəhya ismətlidir. Ədəb onun məktəbində əbcəd
öyrənən uşaq,
ağıl onun məclisində dəryadan
bir damladır" və sair. Bu qəsidənin əvəzində
Xaqani də Rəşidəddin Vətvata
cavab yazmış, onlar arasında uzun sürən dostluq münasibəti olmuş, hətta bir qitəsində Xaqani onu həcv
də etmişdir. Azərbaycan ədəbiyyatşünaslığında
ilk dəfə professor Qafar
Kəndli-Herisçi "Xaqani
Şirvaninin həyatı
və mühiti" (Bakı, 1988) kitabında Xaqani ilə Rəşidəddin
arasında olan dostluq münasibətlərinə
geniş yer ayırmış və Xaqaninin "Əbül-Fəzail"
ləqəbinin məşhur
olmasını təsdiq
etmişdir. O, Rəşidəddin
Vətvatın Əbül-Fəzailə,
yəni Xaqaniyə ithaf etdiyi məşhur
bir beytini öz araşdırmasında
qeyd etmişdir. Həmçinin XX əsrdə
İran alimi Əli Əkbər Dehxoda məşhur "Lüğətnamə"sində
də Rəşidəddin
Vətvata istinad edərək bunu təsdiq etmiş və yazmışdır:
"Əbül-Fəzail - Xaqaninin ləqəbidir.
"Əfzələddin Əbul-fəzail
filosofların ağıl
dəryası və küfrgahın din fəzasıdır"
- R.Vətvat" (Dehxoda. Lüğətnamə.
https://lamtakam.com/dictionaries/dehkhoda/260342/).
Onu da qeyd edim ki, Xaqaniyə
bu ləqəbin verilməsi təsadüfi
deyildir. Həmin dövrün böyük filosof şairi, elm və biliklərin sahibi, əxilərin özlərinə pir, mürşid adlandırdıqları
Dərbənd Şeyxi
Vəliəddin Əbül-Fəzail
Əhməd Simgərin
Xaqani haqqında yazdığı aşağıdakı
beytlər Xaqaninin bu təxəllüslə
tanınmasına səbəb
olmuşdur:
Gərçi hamı məni
ağıl xəzinəsi
kimi tanıyırdı,
Xaqani məni aciz qoydu.
Pak ruhun surətini görürəm,
İnsanlıq və şəxsiyyəti
tanıyan.
Əfzələddin söz mülkünün əmiridir,
Gizli rəmzlərin şərhçisidir.
Xaqaniyə verilən bu qiymət çox böyük rezonans doğurmuşdur və dövrün filosofları
onu "Fəzilətlərin
sahibi - Əbül-Fəzail
-Xaqanidir" deyə çağırmışlar. Bundan
sonra Xaqani də öz növbəsində Əhməd
Simgərə uzun bir qəsidə həsr etmişdir. Beləcə, Xaqani öz dövrünün əxi filosofları arasında "Əbül-Fəzail
Pir Əhməd" ləqəbi ilə məşhur olmuşdur. Bunu yaxın dostu və kiçik
müasiri Nizami Gəncəvi çox yaxşı bilirdi. Odur ki, öz qəsidəsində Xaqaniyə
elə həmin adla "Əbül-Fəzail
Pir Əhməd" deyə müraciət edir. Nizami Gəncəvi
bu qəsidədə Xaqaninin bütün xarakterini, hətta zahiri görünüşünü,
zəif düşdüyünü,
şəmayil kimi rənginin şəffaf olduğunu söyləyir.
Həmin dövrdə
artıq Xaqani iki ildən artıq idi ki, vətəni Şirvandan didərgin düşmüşdü.
Baş verən bütün hadisələri
müfəssəl qələmə
alan və Xaqaninin Gəncə comərdlərindən xüsusi
dəstək aldığını
göstərən Qafar
Kəndli yazırdı
ki, "Xaqani 1159-cu ildə
Gəncədə olarkən,
ağır qızdırma
xəstəliyi keçirir
və dörd ay xəstə yataraq, ölümdən qayıdır.
Bütün Gəncə
əhalisi onun qulluğunda dayanmışdı.
Ona qulluq edən gənc şairlərdən
biri də Nizami Gəncəvi idi" (Qafar Kəndli-Herisçi. Xaqani
Şirvani. Həyatı,
dövrü və mühiti. Bakı, Elm,
1988, s.297). Görünür, qəsidə həmin dövrdə yazılmışdır
və bu qəsidədə bir çox üstüörtülü
mətləblər vardır.
Nizami Gəncəvi Türk Divanında iki yerdə Gəncənin adını çəkmişdir.
Təəssüf ki, Divanı
nəşr edən bütün tərtibçilər
nədənsə bu məsələdə təhrifə
yol vermişlər. Xədiviyyə əlyazma nüsxəsində aydın
şəkildə: "Gördü
Gəncə" ifadəsi
yazılmışdır. Amma tərtibçilər süni
şəkildə mətndən
"Gəncə" adını
silmiş və "Gördügüncə" sözü
ilə əvəzləmişlər
ki, bu da mətnşünaslıqda
yolverilməz xətadır.
Bu səbəbdən beytin
mənası tam təhrif
olunmuşdur:
Hüsni-Leylidir verən Məcnuna
mövladən xəbər,
Nəqşi-dilkeş mərifət əhlinə nəqqaş
andırar.
Afərin
eylər, Nizami, gördü Gəncə hüsnüni,
Surəti-mövzun nəzər əhlinə
sabaş andırar.
Hüsn
- sufi terminidir. Bu termin ilahinin gözəllik və kamilliyini bildirir. Nizami Gəncəvi bu beytlərlə öz sənətinin mövzu və surət baxımından kamillik və gözəlliyinin Gəncə
əhli tərəfindən
bəyənildiyini, ona
"afərinlər" deyildiyini
söyləyir və şeirlərinin söz, sənət biliciləri, nəzər sahibləri tərəfindən qiymətləndirilməyə
layiq olduğunu dilə gətirir. Bu şəkildə müraciətlər
onun "Xəmsə"
yaradıcılığına xas olan ənənəvi
bir haldır. Məsələn, şair
"Sirlər xəzinəsi"nin
sonunda söyləyir:
"Hər köhnə
və təzə nəzərdən, Mənim
nə faydam var, səs-küydən başqa?
Qızğın həngamə
var, heç qızıl
yox, Bazarın zəhməti var, başqa
heç nə yox!".
Xədiviyyə əlyazma nüsxəsini
oxuyarkən, Nizaminin ömür-gün yoldaşı,
çox gənc dünyasını dəyişən
Afaqın ölümünə
həsr etdiyi mərsiyyə-qəzəli, eləcə
də körpə ikən ölən oğlu Yusifə yazdığı bir şeiri və daha neçə-neçə
şeirin Nizami qələminə məxsus
olduğunu faktlarla müəyyən etmişəm.
Bu Divanda Nizami Gəncəvinin gənclik
dövründə və
orta yaşlarda həyatının bir çox məqamları haqqında qiymətli məlumatlar vardır. Həmçinin sənət
baxımından da bu şeirlər orijinal, dil, üslub baxımından bənzərsiz
və xalqımızın
folklorundan alınma ifadələrlə zəngindir.
Aşağıdakı qəzəl Afaqı itirəndən sonra Nizaminin yerə-göyə sığmayan
kədərini, fəryadını
bildirir. Nizami Gəncəvi bu qəzəlində "gül
yanağı" solan, "pərvanə kimi alışıb-yanan", "ömrünün bahar çağını tamam-kəmal
başa vura bilməyən" Afaqına
ağı söyləyir.
Şair "özünün
bunca bilik sahibi olduğu halda, tifil uşaq
kimi Afaqın eşq məktəbini"
oxuya bilməməsini,
qəmin çoxluğundan
"səbr köynəyinin
çak olduğunu",
"qüssəsinə doymadığını",
"ömrünün günəşi"
hesab etdiyi Afaqın qərib öldüyünü ürək
ağrısı ilə
qələmə alır.
Təəssüf ki, indiyədək
Divanı nəşr edən alimlər bu şeirin Nizaminin ömür-gün
yoldaşı Afaqa yazıldığının fərqinə
varmamışlar. Afaq
ölərkən Nizaminin
bədahətən söylədiyi
bu qəzəli dəyərli oxuculara təqdim edirəm:
Olmadı
gül yanağın şəmi-şəbəfruz hənuz,
İrmədi bülbülə, pərvanə
kimi suz hənuz.
Canü
dil Misrini lütf ilə imarət edəgüz,
Olmadan Rumə Həbəş ləşgəri piruz hənuz.
Sən cəfa ilə ğubarım yelə savurdun və mən,
Qorxuram xatirinə qona deyiv toz hənuz.
Möhri-mehrin fələk dildə
tülu etmiş idi,
Olmadın mah fələk
səthinə mərkuz
hənuz.
Ömrünün irmədin əyyami-bəharinə
kəmal,
Hüsnünün mövsimidir, ey
güli-novruz, hənuz.
Bunca elmilə sənin məktəbi-eşqində degil,
Piri-danayi-xirəd, tifli-novamuz hənuz.
Cameyi-səbrimi çak eylədi
məqrazi-qəmin,
Olmadan qəmzələrin suzəni
dilsuz hənuz.
Mali-qaruncə əgər çe ki, qazandı qəmini,
Qüssənə doymadı bu cani-ğəmənduz hənuz.
Şəmsi-ömr oldu, Nizami, Afəq-i mövti-qərib,
Ah kim, irmədi vəslət şəbinə
ruz, hənuz.
Biz burada Nizami Gəncəvi
Divanının Misir Xədiviyyə əlyazma nüsxəsində yer alan şeirlərin yalnız bir neçəsi haqqında məlumat verə bildik. Düşünürəm
ki, əlyazma üzərində
tədqiqatlar bundan sonra da uğurla davam etdiriləcəkdir.
Zəhra Allahverdiyeva
Ədəbiyyat qəzeti.- 2024.- 1 noyabr, ¹42.- S.20-22.