Tatar xalqının simvolu - 26 yaşlı Tukay
Bu şəkil 1913-cü ildə
çəkilib. 26 yaşlı
Qabdulla Tukayın son fotosudur. Nə gələn var, nə gedən... Son nəfəsini
gözləyir. Bir azdan
öləcək.
"Mənim atam Məhəmmədarif Kuşlavıç
qəryəsində Məhəmmədalim
adlı mollanın oğludur".
Atasını xatırlamır. O öləndə
Tukay 5 aylıq körpəydi.
Zinətulla həzrətin qızı
olan anası Məmdudə xanım da onu qapılarda buraxıb ərə getmişdi.
26 yaşında tənha və kimsəsiz ölüb. "Şair Turkay 5-6 yaşlarında atadan, anadan ayrılıb çarəsiz
bir yetim qalmış idi. El içində, el qapısında hizmətçilik
ilə bir gün ac, bir gün tox olub bu fəna dünyanın
hər türlü acısını, ağusunu
çəkmiş, yutmuş
idi. Vərəm kimi qəddar mərəz ilə uğraşa-uğraşa qələmi
ilə qazanıb artırdığı 500 rubləsini
bir adam oxutmağa, təhsil uğruna vəqf edib can vermişdi".
Belə
bir Tukay ölən kimi xalqının and yerinə
çevrildi. Öldüyü
gün vida mərasiminə on minlərlə
adam qatıldı... Ölümünə İstanbuldan
Krıma qədər bütün türk dünyası ağladı...
Avropa mətbuatı ondan yazdı.
Ona dərman gərək olanda, bir qarınlıq
çörək lazım
olanda yanında xalq yox idi.
Elə
ki, öldü, xalq onu heykəlləşdirdi.
Şəkildəki xəstə çarpayısından
boylanan 26 yaşlı
Tukay tatar xalqının simvoludur...
26 yaşında dünyasını
dəyişsə də,
Rusiya türkləri arasında ana dilinə ilk
şeiri o həsr edib. 20 yaşlarında
milli cərəyanın önlərində
olub.
...Ləfzi-milliyi sevər kalbim bənim, bilməm neden?
Eylə
milli millətim, bəxş
eylə məmnuniyyətim...
Bir zaman
yad eyləsə bililtifat
millət bəni
İştə budur maksadım,
mezmül və mesqudiyetim.
Eylədim garzı mehebbet
ben sena, i milletim
Dust küresen sen beni de, var buna emniyetim.
Bunu Qabdulla Tukay yazır. Millətinə xitab edib, - "Səhhətindir səhhətim,
illətindir illətim",
- deyir. Tukay tatar varlığının
ədəbi-siyasi təsdiqi
və özünüizharıydı.
Tukay millətini, Tukayı qorumaqla isə, kazan türkləri - dil, tarix, mifoloji yaddaş və inanc baxımından özlərini qoruyub saxladılar.
Tukayın nəinki Kazan türklərinin,
həm də çağdaş Türküstan
ədəbiyyatının gəlişməsində
böyük və həlledici təsiri olmuşdu. Yaradıcılıq
həyatında Tukayın
ciddi təsirini etiraf edən Oljas Süleymenov çağdaş qazax ədəbiyyatının banisi
Saken Seyfulin kimi nadir bir ədəbiyyat və millət xadiminin də Tukayın təsiri ilə yetişdiyini etiraf edir, Çingiz Aytmatov Tukayın izaholunmaz sirlərinə cavab axtarır və s.
Qabdulla Tukayın şeirlərini,
hekayələrini, publisist
məqalələrini mütaliə
etdikcə bu əsərlərin ədəbi
dəyəri, xüsusən,
publisistikasında Məhəmmədəli
Şahla, Pruşkeviçlə...
bağlı yazdıqları,
Rus-Yapon müharibəsində Rusiyanın məğlubiyyətinin
səbəblərinə münasibəti,
yazılarında göstərdiyi
siyasi kamilliyi adamı heyran qoyur. Tukayın yazılarını oxuyub ortaq türkcənin nə üçünsə
mümkün ola bilməyəcəyini
israr edənlərin mövqeyini anlamaq olmur. Ayrı-ayrı türk ləhcələrini
fərqli müstəqil
dillərə çevirənlərin
bizə tətbiq etdikləri siyasətin ən ağır zərbələrindən biri
də elə Qabdulla Tukaya dəyib. Tukayın o zaman bütün türk dünyasında tanınmamasının
tək səbəbini
də İsmayıl bəy Qaspıralı haqlı olaraq, lisansızlığımızda, yəni ortaq türkcənin hasilə gətirilməsi yolunda israrlı olmamağımızda
görürdü. Tukay
isə bu nöqtədə İsmayıl
bəylə həmfikir
deyildi. Qaspıralıya
qarşı inadkarcasına
sərt münasibətinin
təməlində də
Qabdulla Tukayın türklükdən daha çox, tatarçılığa
meyli dayanırdı:
"Minem uyımca
"Terceman"ın bez tatarlarga
qalakese bötenley yuktır. Çönki evvelen anın tele - beznen telemezge bötenley kire (geri) ber Kırım
teleder". Nədən
Qabdulla Tukay belə düşünürdü?
Kazan tatarcası ilə
yazdığı bu sözləri üstündən
yüz il keçəndən
sonra da indi heç nəyinə toxunmadan dilimizə uyğunlaşdıraraq oxumaq
və anlamaq mümkündürsə və
"Mənim fikrimcə,
"Tərcüman"ın biz tatarlara əlaqəsi bütünlüklə yoxdur.
Çünki əvvələn,
onun dili bütünlüklə bir
Krım dilidir", - dediyini bu gün
nəinki Krımda, hətta Bakıda da anlamaq mümkündürsə,
Tukay niyə belə deyirdi? Tədqiqatçılar deyir
ki, Tukay milli tarix şüuruna sahib olmayıb.
Amma nəinki olmayıb,
aşağıda haqqında
danışacağımız "Kitmibez" (Getmərik), yaxud "Tuqan tel" (Ana dili) şeirlərində Tukay
milli tarix şüurunun
ilk mütəfəkkirlərindən biri kimi görünür.
Sadəcə, həmin
milli şüuru sistem
halına salmağa ömrü vəfa etməyib. Digər tərəfdən, 20 yaşlarında
gənc bir tatar vətənpərvəri
başqa necə düşünsün? Bunu
da nəzərə alsaq
ki, XX yüzilin əvvəllərində
təkcə Rusiya imperiyasında deyil, hətta bütün türk dünyasında türklük düşüncəsi
hələ gəlişməmişdi,
türkçülük şüuru
geniş qapsamda dövriyyəyə qatılmamışdı,
gənc Tukayın məsələyə bu kontekstdə yanaşması
əslində onun
milli şüurun yolgöstərənlərindən
biri kimi etiraf olunmasını zəruri edir.
Yazıq
İsmayıl bəy ləhcələrin ədəbi
dil halına gətirlməsi səbəbilə
türklərin siyasi parçalanmalara məruz qalacaqlarını bildiyi üçün ortaq türkcənin varlığı
naminə hər şeyini fəda etmişdi. Amma nə etmək olar? Çirkin İlminski nəcib Qaspıralının
ruhunu əzməyi, milləti parçalamağı
hələ o zaman bacarmışdı.
Kaş Qabdulla Tukayın ömrü yarıda qırılmayaydı,
İsmayıl bəyin
dil siyasətini, dildə birlik idealını örnək
alaydı.
Tukayın yazdığı İdil-Ural
yazı dili zamanında təkcə tatarların deyil, başqırdların da, qazaxların
da, özbəklərin də
istifadə etdiyi dil idi. Bu mənada
tatarçılıq cərəyanından
ayrılmayan Tukay əslində bir sistem halında olmasa da, sövq-təbii türk özünüdərkinin,
milli mənlik şüurunun
peşindəydi. İndi Qabdulla
Tukayın nəinki yalnız Kazan tatarlarının,
müəyyən mənada,
hətta öz bulqar qandaşları olan çirmiş və çuvaşların
da, noqayların da, qaraqalpaqların
da, Azərbaycan türklərinin
də, Türkiyə türklərinin də ortaq şairi kimi təzahür edə bilməsinin kökündə həmin
sövq-təbiilik dayanır.
Və bunu kimsənin danmasına lüzum yoxdur. Tukayda, hətta İstanbul
ədəbi türkcəsinin
əlamətlərini sezən
Ömər Seyfəddin
yazırdı ki, "ədəbi
lisan ən qəvi bir bağdır.
Bu bağı hörmək
bütün Turan ədiblərinin ən müqəddəs vəzifəsidir.
Abdulla Tukayev ehtimal, bu həqiqəti anladığı üçün
İstanbul türkcəsinə mümkün olduğu qədər yaxınlaşıyordu..."
"Tuğan til" (Ana dili) Krımda Çobanzadənin, Kazanda
Tukayın yazdığı
iki fərqli şeirin adıdır.
Biri Kazan tatarcasını, digəri
Krım tatarcasını
öyür...
Abdulla Tukayı Şandor Petöfi ilə qiyaslandıran Bəkir Çobanzadə doğma dilin coğrafiyasında Krımı Kazanla yanaşı görürdü:
Səni
mən Qırımda,
Qazanda taptım,
Cüregim qaynağan, taşqanda
taptım...
Tukay isə Kazan tatarlarının,
az qala, milli bir rəmz olaraq
vəsf etdikləri
"Tuqan tel" (Ana dili) şeirində yuxarıda da qeyd etdiyim kimi, XX yüzildə Rusiya türkləri ədəbiyyatında,
bəlkə, hətta
bütöv ümumtürk
ədəbiyyatında türk
dilini vəsf edən ilk poetik parçanı yaratmış
və hər zaman olduğu kimi, bu şeirində də Krımdan Qazaxıstana, Başqırdıstandan
Səmərqəndə, Kazandan
Bakıyacan anlaşılan
dilimizin qədim sözləri ilə hörülmüş bir doğma dil abidəsi qurmuşdu.
İ tuqan tel, i
matur tel, ətkəm-ənkəmnən tele!
Denyada küp nərsə beldem sin tuqan tel arkılı.
İsmayıl bəy Qaspıralı
çox çalışdı
ki, Tukayı ortaq türkcəyə yönəldə
bilsin. Amma nə faydası vardı ki?! Tukay 20 yaşlarında bir tatar dəliqanlısıydı,
qarşısındakının altmış yaşlarında
bir millət atası olduğunun fərqində belə deyildi. Tənqidlərini bəzən təhqir səviyyəsində yazırdı.
Amma o BÖYÜK MÜƏLLİM - İsmayıl
bəy Qaspıralı
Tukayın acı sözlərinə qarşılıq
olaraq bir kəlmə də olsun, ürək qıran, könül incidən söz yazmadı, demədi. Əksinə, onu hər dəfəsində
"könlü nurlu
Tukay" deyə əzizlədi. Qaspıralının
1913-cü ilin aprelində
Tukay barədə yazdığı və yuxarıda bəzi məqamlarını sitat gətirdiyim "Millətoğlu"
məqaləsində, nə
üçünsə, Tukayşünaslıqda
hələ də geniş şəkildə
tədqiqata cəlb edilməyən belə fikirlər var: "Şair
Tukayev... Bu ismi Krım və Kafkaz və Türkistan bilməz; çünki, gecə qaldığımız, lisansızlığımız,
ədəbiyyatda mübtədiliyimiz
buna manidir. Əgər
daha irtəcə davranıb, himmət edib lisani-ümumiyə
malik olmuş olsa idik, biçarə Tukay, bağrı yanıq, gözüyaşlı,
sözləri atəşli
Tukay, hər tərəfdə məlum
olurdu, çünki şair Tukayev həqiqət millət şairi, tam mənasiylə
türk oğlu idi... Bir qaç gün müqəddəm vəfatını təəssüf
ilə xəbər vermiş idik. Bu gün aldığımız
Kazan, Orenburq qəzetələri
mərhum şairimizin
vəfatına, tərcüməsinə
və şeirlərinə
dair bəhslər ilə doludur. Bütün şimal türkləri ağlıyorlar...
Şair Tukay 5-6 yaşlarında atadan, anadan ayrılıb çarəsiz bir yetim qalmış idi. El içində, el qapısında hizmətçilik ilə bir gün ac, bir gün tox olub bu fəna
dünyanın hər
türlü acısını,
ağusunu çəkmiş,
yutmuş idi. Elması palçıq qaplamaz olduğu kimi Tukaya ihsan
edilmiş təbiəti-şeriyyəsi
hər nasıl isə sönməyib az-maz təhsil etdiyi ilə günəş kibi yanmaya başlamış idi. Dünya məşəqqəti Tukayın
ruhuna qələbə
edəmədi isə də vücudunu zəif verib vərəmə düçar
etmiş idi. Daha kəmalən açılmamış bu
gül, bu gənc şairimiz bu mərəzin qurbanı oldu. Kazanlılar mərhuma böyük cənazə alayı tərtib ettilər. Cənazə günü əksər kitabxanalar mərhuma hörmətən açılmadı.
"Kuyaş" qəzetəsi
çıxmadı, bade (sonra)
Tukay yadigarı, Tukay şeirləri ilə qəzetə sütunları dolduruldu. Kazanlıların bu qədirşünaslığı əfkari-ümumiyyəmizin açıldığına
dəlil olaraq bizi xeyli mütəsəlli
ediyor. Mərhum şairin tərcümeyi-halı
ilə Şimal türklərinin tarixi arasında yaxın münasibət vardır. Şimal türklərinin bir çox halları Tukay vücudunda təcəssüm
etmiş... Tukayev Kazan
türkcəsində yazıyor
idi. Yazıları, şeirləri lüğət
yığını və
qafiyə uydurması deyil idi; hər
sətrində can, hər
cümləsində fikir
işliyor idi. Tukay, mərhum Tukay, gözüyaşlı,
könlü nurlu Tukay, millət üçün ağlayan,
millət oğlu böyük şair idi. Vərəm kimi qəddar mərəz ilə uğraşa-uğraşa qələmi
ilə qazanıb artırdığı 500 rubləsini
bir adam oxutmağa, təhsil uğruna vəqf edib can vermişdir..."
...Qabdulla Tukayın istər Türkiyə türkcəsi, istərsə
də Azərbaycan türkcəsinə tərcümə
edilmiş bütün
mətnlərini oxusam
da, bu mətnlərin heç biri onun öz yazdığı
şəkildə zövqümü
oxşamayıb. Məncə,
hətta türk dilinin müxtəlif qruplarını belə bir-birinə tərcümə
etmək, əslində
bu dilləri bir-birindən uzaqlaşdırmaqdan
başqa bizə heç nə vəd etmir. Sadəcə, dönə-dönə
oxumaq (öyrənmək
yox, oxumaq), qulaq yaddaşımızı
dilimizin bu mənzərəsinə adətkərdə
etməklə məsələni
çözmüş olarıq.
Qabdulla Tukayı şimal türklərinin "biricik
milli şairi" adlandıran
Ömər Seyfəddin
"Türk sözü"nün
1914-cü ilin aprelində
nəşr olunmuş
3-cü sayında Qabdulla
Tukayın "İ kaləm!"
şeirini "Ey kalem" başlığı
ilə təqdim edərkən bildirirdi ki, əndərun ədəbiyyatın
məşum lisanı
o xalq şairini belə şaşırtmış,
o qədər sadə
tərənnümə müsaidə
etməmişdir. Ömər
Seyfəddin Qabdulla Tukaydan örnək verdiyi şeirdə cüzi də olsa, təshihlər aparır, "Ey qələm"i İstanbul ədəbi
dilinə yaxınlaşdırmağa
cəhd edirdi. Amma həmin parça Tukayın yazdığı
şəkildə daha
gözəl və daha cazibədar idi:
İ kaləm, səndin kəler hər bəxtemez, ikbalemez;
Bəklənər dürt küz ile lotfında istikbalemez.
Kiçməsen karanqılıkta mahemiz,
həm salemez;
Qafilez
bez, jahilez - vay xalemez, vay xalemez!
Kazan tatarlarının - türklərinin
çağdaş ədəbiyyatında
Su Anası, Şurale mövzularıyla
mifoloji qaynaqlara enən ilk şair Qabdulla Tukaydır. Qurandan ilhamlanaraq yazdıqları kazan tatarlarının dini-milli
əhvalını qoruyub
saxlayan amillərin başında gəlirdi. Tatarlığı-türklüyü dini yönlərindən ağır gəlsə də, Tukay qısa ömrünün bütün ağır mərhələlərində Peyğəmbərə
sədaqətini qoruyub
saxladı. Qabdulla Tukayla Yahya Kamal Bayatlının
bioqrafiyasında Məhəmməd
Çələbinin "Məhəmmədiyyə"
əsəri ilə bağlı qəribə və oxşar məqamlar var. Üsküpdə
Yahya Kamaldan gəlib keçən "Məhəmmədiyyə"
Kazanda Qabdulla Tukaya da sirayət etmiş.
1909-cu ildə Lermontovun "Peyğəmbər"indən təsirlənib "Peyğəmbər"
yazırdı:
Jəmiqi
əkribam - dustlar, karendəşlər, zamandaşlar
-
Mina karşı kotırdılar,
rəximsez attılar taşlar.
Söylənde östeme küp
iftira, böhtan, usal tellər;
Sibelde zur xəkarət berlə xətta başıma köllər.
Yaxud 22 yaşlı Qabdulla Tukayın 1908-ci ildə Quranın "Fətəbarəkəllahu
əhsənul-xaliqin" ayəsinə
göndərmə edərək
bir rəssama ünvanladığı misralar:
...bakçı bu kıznın küzene, kaşına:
Men və milyon afərin bu surəten nəkkaşına.
Yuxarıda da xatırlatmışdım, Qabdulla Tukayın bir şeiri "Kitmibez" (Getmərik) adlanır. Şeirdə hədəf Rusiya Dövlət Dumasında meydan sulayan Pruşkeviçdir. Həmin
Pruşkeviç idi
ki, Rusiya İmperiyasının
türklərə laqeyd
münasibətini tənqid
edən müsəlman
fraksiyasının deputatlarını
hədələyib, lağa
qoyurdu. O Pruşkeviç
ki, ən adi hüquqlarını tələb
edən müsəlman
türklərə Rusiyadan
Türkiyəyə köçüb
getməyi "tövsiyə"
edirdi. Qabdulla Tukay isə Pruşkeviçə cavab
olaraq "Kitmibez!",
yəni "getmərik!"
şeirini yazırdı.
Kazan türklərinə "Get!" əmrini verən həmin Pruşkeviç idi ki, elə o illərdə Əli bəy Hüseynzadə
"Siyasəti-fürusət" əsərində rus
"qarayüzləri və
qaraüzlülərinin" lideri Pruşkeviçin kölgəsinə bu sözləri dedizdirib onu ifşa edirdi:
"Bizim Rusiyada sehr, əfsun, tilsim-filan yoxsa da, onun yerinə "hipnotizm" deyilən uyutmaq yolu ilə
təlqin fənni vardır". Hüseynzadə
Rusiya türklərinə
Pruşkeviçin hipnozlarına
uymamağı təlqin
edir, bəzən Rusiya Dövlət Dumasında şıllaq atan Pruşkeviçi ələ salırdı. Tukay da həmin nöqtədə dayanmışdı.
"Qöruhe rusiəh!"
xatırlatmasıyla rusiyah
qaragüruhun - "Rus Xalq
İttifaqı"nın başçısı
Pruşkeviçin şəstini
sındırır, onun
rəhbərlik etdiyi Mixail Arxanqel Cəmiyyətinin qarayüzlü
(rusiyah - qara üz və çernıe sotni - qara yüzlər) çətəsinə xitab
edir və elə bu səbəbdən
də şeirin sonundakı müraciəti
rusca yazırdı:
Ap-açıq bu bir javaptır, süzdə tüqel, basmada:
- Esli luçşe vam,
Tuda sami pojalte, qospoda!
Yəni,
hara istəyirsiniz, gedin,
bura bizim öz məmləkətimizdir...
"monda tudık, monda üstek, mondadır beznen əjəl" (burada doğulduq, burada böyüdük, buradadır
əcəlimiz), - deyə
24 yaşlı Tukay tatar xalqının milli məramını ifadə
edirdi.
Şeiri
rus dilinə tərcümə edən Dumaeva qəribədir, nəinki Rusiya adının keçdiyi misraya düzəliş edib, hətta rusiyah sözünü tərcümə etməyə
belə ehtiyac duymayıb.
İn böek maksat bezem: xör məmləkət - xör
Rusiə!
Tiz qenə kuzqalmıybız
bez, i qöruhe rusiəh!
Net vışe üeli, çem - s toboy, svobodnaə Rossiə!
Net, ne svernёte nas s puti vı, podlıe
rusiəh!
Battal Taymas Tukayın yaradıcılığını müxtəlif mərhələlərə
bölür: bir mərhələdə Tukay
islamçıdır, 1907-ci ildən sonra millətçidir, bir mərhələdə sosialistliyə
yaxın demokratdır...
Ancaq Tukay nə ömür yaşadı ki... On dörd
yaşınacan islamçı
olsun, 14 yaşından
sonra milliyyətçilik
havasına girsin. Hələ üstəlik,
bir müddət sosialist, ya demokrat
olsun... Sovet dövründə isə daha çox onun heç yerli-dibli olmayan antimillətçi görüşlərini
qabartmağa cəhd edirdilər. Tukay necə antimilli görüş sahibi ola bilərdi ki, Rusiya tatarlarının siyasi böhranlar yaşadığı
iyirminci yüzilin əvvəllərində "Ləfzi-milliyi
sevər kalbim bənim, bilməm neden? / Eylə milli millətim, bəxş eylə məmnuniyyətim,"
- deyirdi? Sadəcə,
Fuad Köprülünün sözləri ilə desəm, "Qabdulla Tukayın şeirlərində
başdan-aşağı cidal,
qovğa, hərəkət
və həyat
var" idi.
***
Ayaz İshaqinin təbirincə,
"yetim böyüdü,
yetim yaşadı, yetim öldü". Buna rəğmən, 26 yaşından,
yəni öldüyü
gündən etibarən
Tukay mənsub olduğu millətin atasına çevrildi...
21 oktyabr 2024
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2024.-
1 noyabr, №42.- S.14-15.