Süni intellekt sevə bilərmi?
Olsa-olsa, məhəbbəti imitasiya edəcək
Yazıçı Anarla müsahibə
- Sizi məhsuldar yazıçılar kateqoriyasına aid etmək olar. Özünüzü məcbur
edib yazdığınız mətnlər olubmu? Yoxsa,
bütün hallarda əsərlərinizi həvəslə
yazmısınız? Və yazanda mütləq masada çay və
ya qəhvə, siqaret olmalıdırmı?
- Heç vaxt hansısa
yazımı məcburiyyət sayəsində
yazmamışam. Bəlkə bir-iki yubiley təbriki istisna
olmaqla. İşləyəndə yazı masasından bir an da
aralanmıram. Nə çay, qəhvə yada
düşür, nə siqaret.
- Təsəvvür edin,
Nabokov "Lolita" romanını yazmayıb və bu əsərin
ideyası, süjet xətti sizin beyninizdədir. Eyni zamanda əminsiniz
ki, məlum mövzuda əsər yazmaq sizə dünya
şöhrəti gətirəcək. Belə bir romanı
yazardınızmı?
- İlk gənclik yaşlarımdan
bu günə qədər heç vaxt dünya şöhrəti
barədə düşünməmişəm. Ədəbiyyatı
dünya şöhrəti qazanmaq üçün istifadə
etmək ədəbiyyatı öz-özlüyündə yetərincə
sevməməkdir.
- Hansısa əsərinizi yazan zaman qəhərlənmisinizmi, gözləriniz
dolubmu? Nədənsə, məndə bir əminlik var ki, bu,
"Sizsiz" memuar romanını yazanda baş verib. Belədirmi?
- "Sizsiz" haqda dedikləriniz bəlkə də doğrudur.
- "Qurbanəli bəy" əsərinə görə, Həmidə
xanımın qohumları az qala, Cəlil Məmmədquluzadəni
öldürmək istəyirdi, Həmidə xanım həyətə
çıxıb öz qohumlarını birtəhər sakitləşdirə
bilmişdi. Hansısa əsərinizlə bağlı bu
cür də olmasa, prototiplərlə problem
yaşamısınızmı?
- Heç vaxt belə problemlərlə
rastlaşmamışam.
- Sizi bədii yaradıcılıq kontekstində tənqid edənlər
əsasən, "quru dil" və ya "məqalə
dili" məsələsini vurğulayır. Məsələn,
sizin "Macal" povestində məqalə üslubunda
yazılmış cümlələrə rast gəlinir, hərçənd,
qüsur sayıla biləcək bu məqamlara baxmayaraq, əsər
yetərincə uğurlu alınıb və bildiyimcə, Azərbaycan
ədəbiyyatında modernizm cərəyanının ilk
uğurlu nəsr əsərlərindən biri sayılır.
Siz "Macal"ı yenidən yazası olsaydınız, bir
də, redaktə edərdinizmi?
- Kimin və ya
kimlərinsə bədii dilimin "quru" və "məqalə
dili" saymasını ilk dəfə sizdən eşidirəm.
"Macal" haqqında Azərbaycanda, Türkiyədə,
Rusiyada o qədər əsəri yüksək qiymətləndirən
yazılar çıxıb ki, belə bir iradın hansı bədxahın
tərəfindən deyilməsi (əgər doğrudan da,
deyibsə) məni əsla maraqlandırmır.
- Öncəki sualdan doğan başqa bir sual: bir əsərin redaktəsinə
ortalama, nə qədər vaxt ayırırsınız?
- Məncə, bu əsərin heç bir yeni redaktəsinə
ehtiyac yoxdur.
- Bir
neçə müsahibənizdə böyük rejissor
İlya Averbaxla dostluq etdiyinizi söyləmisiniz. Averbaxla
bağlı sənədli filmlərdən birində bu
adamın snob olduğunu deyənlər var. Bu rejissorla harada,
necə tanış olubsunuz? Onunla hansısa maraqlı epizodlar
yadınızda qalıbmı? Və bu rejissorun ən çox
hansı filmini sevirsiniz?
- İlya
Averbaxla 1962-1964-cü illərdə
Moskvada Ali Ssenari kurslarında eyni emalatxanada oxumuşuq.
İkimiz də oranı ssenarist diplomuyla bitirmişik. Sonralar
İlya rejissor kimi fəaliyyət göstərdi. Mən də
rejissor kimi öz ssenarilərim əsasında üç film
çəkdim. Kurslarda İlya mənim ən yaxın
dostlarımdan idi. Tibb təhsili alsa da, ədəbiyyatı, sənəti,
o cümlədən, kino sənətini mükəmməl bilən,
son dərəcə maraqlı şəxsiyyət idi. Kursdan
sonra da Moskvada, Leninqradda, Bakıda dəfələrlə
görüşmüşdük, məktublaşırdıq.
Filmlərindən ancaq "Özgə məktubları"
görmüşəm.
- Dünya, ya Azərbaycan ədəbiyyatında kimi ciddi
nasir qəbul edirsiniz, amma estetik baxımdan o, sizə
yaddır?
- Ad
çəksəm, uzun bir siyahı alınar. Amma əlbəttə,
böyük yazıçılar arasında da mənə
çox yaxın, yaxud çox uzaq olanlar az deyil.
- İyirmi ilə yaxın atam sizin baş redaktor olduğunuz
"Qobustan" jurnalında işləyib. Onun jurnaldakı fəaliyyətini
necə xatırlayırsınız?
- Atanız Azər Abdullanı ən xoş hisslərlə
xatırlayıram. Ona münasibətimi vəfatından sonra
yazdığım "İlk "Qobustançılardan"
sonuncusu" yazımda ifadə etmişəm.
- Artıq süni intellekt vasitəsilə hekayələr,
romanlar yazılır. Sizcə, bu, gerçək
yaradıcılıq, əsil ədəbiyyat üçün
təhlükədirmi?
- Məncə, hər bir elmi, ya texniki tərəqqi hardasa əsil sənətə,
ədəbiyyata təhlükədir. İnternet də, klip
estetikası da, telefon "erudiyası" da. Sənətin, ədəbiyyatın
mayasında sevgi dayanır. Süni intellekt sevə bilərmi?
Olsa-olsa, məhəbbəti imitasiya edəcək.
Söhbətləşdi:
Alpay AZƏR
Ədəbiyyat qəzeti.- 2024.- 1 noyabr, №42.- S.7.