Ustad
Professor Qulu Məhərrəmlinin
yubileyində düşüncələr
Köksünün altı yüksək ideallar və mənəvi dəyərlərlə genişlənən aydınların tərcümeyi-halı üçün statistik göstəricilər cılız görünür. Onların ömürlüyünü daha çox milli məfkurə yolunda saçdıqları işığın radiusu, təfəkkür mücadiləsinə verdikləri töhfə və hər daim ruhlarını diri tutan istiqlal təşnəsi səciyyələndirir, bir də əqidədaşlarının epitetləri. Öz fəzası olan kamil şəxsiyyət, əqidəli jurnalist, millətimizin sərvəti, elmdə yeni istiqamət açmış alim, xalqın adamı, mənəvi missiya daşıyıcısı, Azərbaycan efirinin demokratik siması, dar günün dayağı, gələcəyin adamı, ətalət buzunu qıran ziyalı, ekranın incəliklərini bilən peşəkar, milli köklərə bağlı şəxsiyyət, Zərdabinin arzuladığı Azərbaycan jurnalisti, mənəvi zənginlik və ləyaqət rəmzi, jurnalistika üzrə ölkədə ilk elmlər doktoru - bu təyinlərin hər biri ayrı-ayrılıqda qənimət sayılan şəxsiyyətlərin Qulu Məhərrəmli haqqında düşündüklərindəndir. Əslində bənzətmələr çoxdur, hamısını xatırlatmaqsa mümkünsüzdür.
Təbii ki, Ustad tərcümeyi-halı həm də ərsəyə gətirdiyi elmi-pedaqoji əsərlər, nəzəri-konseptual fikirlər, dərsliklər, metodiki vəsaitlər, yetişdirdiyi tələbələrin uğurlarıdır.
Və bu yerdə, görünür, sözümüzə qüvvət üçün dəyərli diplomat Ramiz Abutalıbovun yazdıqlarına istinadsız keçinə bilməyəcəyik:
"Adının qarşısında təmtəraqlı sözlər, təşbehlər yazmağa, elmi dərəcələrini, titullarını sadalamağa ehtiyac yoxdur. Qulu Məhərrəmli demək kifayətdir ki, onun obrazı və kimliyi bütövlükdə göz önündə canlansın, titulları isə bu adın kölgəsində qalsın".
"Gül güldanda gözəldir"
Rəhmətlik Tofiq Rüstəmovun sevimli tələbəsi Qulu Məhərrəmli 1978-ci ildə, yəni hələ sovet ideologiyasının bütün sahələrdə, o cümlədən, jurnalistikanın nəzəri əsaslarında hökmranlığı dövründə təyinatla Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə göndərildi.
İlk reportajlarından hadisələrə fərqli baxışı, şablondan kənar yazı manerası, quru, rəsmi xəbərə xalq dilinin poetikasını qədərincə qatmaq bacarığı, bir-iki dəqiqəlik videosüjetdə bitkin dramaturgiya komponentlərinin yükünü çəkmək ustalığı, içindəki işığı, milli təəssübkeşlik duyğusunu qələminə bələmək səxavəti dərhal onu fərqləndirdi, həmkarlarından, həmyaşıdlarından üstün etdi.
Bu üstünlüyün ali təminatçısı isə ilk növbədə cəsarət idi.
Qulu Məhərrəmlinin ilk reportajlarından olan "Gül güldanda gözəldir" videosüjeti haqqında uzun müddət danışılırdı.
İdraka güvənən təhlilləri, yalan və qərəz anlayışlarına müharibə elan etməsi, sözün dəyərinə ehtiramı, analitik təfəkkür tərzi, peşə etikasına sadiqliyi qısa müddətdə diqqət çəkdi. Tanındı, sevildi, xalqın özünə simsar bildiyi, yalanın şirinini yox, həqiqətin acısını söyləyən reportyora, siyasi icmalçıya çevrildi. Ən çətin situasiyalarda təmkinini itirmədi, çəkinmədi, sənət meyarını itirmədi.
Düşünmək üçün informasiya
1982-ci ildə "Azərbaycan dünya meridianlarında" proqramına görə Moskvadan Azərbaycan televiziyasına xüsusi komissiya göndərilir. Qulu Məhərrəmlinin proqramı siyasi süzgəcdən keçirildikdən sonra "bu verilişdən müstəqillik iyi gəlir" ittihamı ilə veriliş bağlanır.
İşığa doğru
Qulu Məhərrəmli daşlaşmış qəlibləri dağıtmaqla, siyasi materiallara Azərbaycan dilinin şəhdi-şirəsini qatmaqla fərqli jurnalist və icmalçı obrazını təqdimata çıxartdı. Onun xəbərləri də, siyasi-analitik şərhləri də, sosial problemlər üzərindən araşdırmaları da dil və üslub gözəlliyi ilə seçilirdi. Xalq şairi Bəxtiyar Vahabzadə demiş: "Mürəkkəb siyasi prosesləri doğma dilimizdə Qulu Məhərrəmli qədər gözəl, cazibədar, səlis və obrazlı tərzdə çatdıran ikinci şərhçi tanımıram".
Ötən əsrin doxsanlarında dünyada siyasi kataklizmlərin, inqilabi çarpışmaların baş alıb getdiyi, milli mücadilə yoluna əngəllərin atıldığı həssas məqamlarda, bəzən doğru yol əvəzinə populist çağırışların əsirinə çevrilib məchulluğun zillətində girinc qalınan döngələrdə, bəzi dil pəhləvanlarının suyu üfürə-üfürə içdiyi illərdə Qulu Məhərrəmli yolunu bəllədiyi işığı gerçəklərin üzərinə saldı. Hər saniyənin informasiya yükünün qədrini bildi, tamaşaçını "1000" saniyədə min bir dərddən, problemdən hali etməyin ekran estetikasını tapdı, "24 saat" tikan üstdə oturmuş kimi çalışdı, olaylara dörd bir yandan güzgü tutdu. Tamaşaçı diqqətini olaylarla bərabər ehtimalların və ola biləcəklərin analiz bucağına yönəltdi. Ölkənin kükrəyən, coşan ictimai-siyasi həyatına "7 gün" prizmasından yanaşdı, həqiqəti bəzən siyasi, bəzən bədii-publisistik dildə söylədi. İnfoteyment üzərindən də variasiyalardan qalmadı. İstənilən anda yüzlərlə soydaşımız "7 gün" güzgüsündə içini gəmirən təbəddülatları darayıb sahmana saldı.
Yalançı olmayım, bəlkə də böyük yazıçımız Afaq Məsud o proqramların təsirindən Qulu Məhərrəmli analitikasının məğzini mükəmməl gəzişmələrlə açıqlamışdı: "Qulu Məhərrəmli bu gün Azərbaycanın yeganə icmalçısıdır ki, toxunduğu, söz açdığı ən quru, ən inzibati, cod mətləblər ictimaiyyətdə və siyasətdə baş verən, qəlb, duyğu ərazisindən uzaq hadisələr öz rəsmiliyini, süni qabığını itirib adiləşir, insanda bütün baş verənlərə - siyasi əndişələrə, millətlərə və insanlara qəribə bir mərhəmət hissi, anlaşılmaz, sərhədsiz doğmalıq yaradır".
Şəksiz, bu yön Qulu müəllimin ahənrübasına yan aldığı, qidalandığı və paylaşdığı işığın haləsindən köz götürür.
Cəsarət
Bir neçə il öncə publisist Elman Eldaroğlu ABŞ-ın Miçiqan ştatından Qulu Məhərrəmliyə ad günü təbrikini "jurnalistikada cəsarət anlamı başqa ixtisaslardan fərqli olaraq, dərhal nəzərə çarpar" cümləsi ilə başlamışdı.
Düşünmək üçün informasiya
"Çəkiliş qrupunun mindiyi vertolyot havaya qalxarkən Noqağux kəndindən ermənilər onu pulemyot atəşinə tutmuşdular. Güllələrin vertolyotun gövdəsinə dəyərək qorxunc səslər çıxarması həmin an dəhşətli panika yaratmışdı. Vertolyot güllə yağışı altında olsa da, xoşbəxtlikdən lazımi yüksəkliyi yığaraq təhlükədən qurtara bilmişdi. O əhvalatdan sonra Qulunu bir az dəyişən gördüm, sanki daha prinsipial və qətiyyətli olmuşdu, həm də elə bil qorxu hissini itirmişdi".
Vasif Babayev,
Xalq artisti, Beynəlxalq
Teleradio Akademiyasının üzvü
Bu hadisə 1991-ci ilin dekabrında baş vermişdi. AzTV-nin əməkdaşları - Qulu
Məhərrəmli, Adil Əsədov
və Vaqif Cabbarov Ağdamdan min bir zillətlə Xocalıya uçmuşdular.
Çəkiliş bitdikdən
sonra ordan çıxa bilmirdilər.
Havaya qalxan bütün vertolyotlar atəşə tutulurdu. Rəhbərlik qrupdan ümidini kəssə də, Qulu Məhərrəmli
on gün ərzində
günaşırı telefonla
efirə çıxır,
gerçəkləri çatdırırdı.
Qulu Məhərrəmlinin cəsarəti
həm döyüş
bölgəsində, güllə
yağışının altında, həm də həqiqəti çılpaq göstərməkdə
təcəlla edib.
Peşəkarlığı, özünə
inam və cəsarəti, geosiyasi prosesi düzgün qiymətləndirməsi, hadisələrin
proloq hücrəsindən
epiloqun diaqnozunu müəyyənləşdirmək peşəkarlığı ona
ulu öndər Heydər
Əliyevin xarici səfərlərindən reportajları
belə, müasir televiziya estetikasında, fərqli təhkiyədə
təqdimata rəvac verirdi.
Hər
zaman yeniliyə açıq,
kreativ təkliflərə,
peşəkarlıq inadına
qiymət verməyi bacaran görkəmli dövlət xadimi Qulu Məhərrəmlinin
reportaj tərzini təqdir edir, onun dolğun publisistik ruhuna, reportyor avanqardizminə,
ana dilinin bal kimi şirinliyi qatılmış siyasi analizinə və illah da, cəsarətli priyomlarına yüksək
dəyər verirdi.
Düşünmək üçün
informasiya
"Norveç səfərindən
çox maraqlı bir məqamı xatırlayıram. Gündüz
Qulu müəllim Prezidentlə birlikdə
"Sleypner" platformasında
olmuşdu. Axşam
"Statoyl"un ofisində
Azərbaycanın dövlət
başçısının şərəfinə ziyafət
verilirdi. Ziyafətdə
ulu öndərin unikal,
zərif yumorunun, şux zarafatlarının
şahidi olduq. Sonra Heydər Əliyev həmin videomaterialın AzTV-də efirə verilib-verilməməsi ilə
bağlı siyasətçilərin
və jurnalistlərin
fikrini soruşdu. Qulu müəllim çoxlarından fərqli
olaraq, ziyafətdən
hazırlanmış videomaterialın
verilməsinin məqsədəuyğun
olmamasını məntiqlə
əsaslandırdı. Heydər
Əliyev diqqətlə
qulaq asıb "Qulu düz deyir"
söylədi.
Aynur Bəşirli,
BSU-nun
yeni media kafedrasının müdiri
"Səhər" qurtarandan
sonra AzTV başlayır"
O illərin məşhur aforizmidir. "Səhər"
proqramı Qulu Məhərrəmlinin intellekti,
peşəkarlığı, prinsipiallığı və
təşkilatçılıq qabiliyyəti sayəsində
kanal içində kanala çevrilmişdi. Qulu müəllimin "Səhər"i qlobal düşüncəli, milli ruhlu
müdrik qəhrəmana
dönüb səhər
açılar-açılmaz insanlarla könül söhbətinə başlayırdı.
Tamaşaçılar tezdən
oyanıb yuxularını
axar suya yox, axar su
kimi ruhu toxtadan "Səhər"ə
danışırdılar. El havacatına yüklənmiş
maarifçilik missiyası,
yeni estetik prinsiplər,
maraqlı təqdimat forması, qonağa sıcaq münasibət operativliyin və səmimiyyətin örnəyi,
aktual mövzulara qərəzsiz yanaşma, sözlə təsvirin mükəmməl vəhdəti,
şipşirin təhkiyə
- bu nüanslar ehtiva olunurdu "Səhər"in dramaturgiyasında.
Və bir də "Səhər"çilər Ustaddan
komanda monolitliyini, komanda şərəfini qorumaq dürüstlüyünü
əxz etdilər. Tanınmış jurnalist
İlhamiyyə Rzayevadan
ötrü "Səhər"li
illər elə biləsən, dünən
idi: "Onunla "Səhər" proqramında
çiyin-çiyinə işlədiyim
illərdə yaradıcılıqla
funksionerliyin, jurnalist və direktorun birgə mövcudluğunun
mümkün və qeyri-mümkün tərəflərini
çoxlarına, o cümlədən,
mənə də öyrətdi".
Zənnimcə, bu yerdə akademik Ziyad Səmədzadədən
sitat gətirməmək
günah olar: "Onun ekran incəliklərinə
dərindən bələd
olması, sənət
prinsiplərinə sadiq
qalması və şübhəsiz, jurnalist
ləyaqətini hər
şeydən üstün
tutması kimi keyfiyyətləri bizim teleməkanımıza "Səhər"
kimi bir proqram bəxş etdi".
Demokratik
təfəkkür sahibi
"Bir jurnalist və tədqiqatçı alim kimi
onun ən başlıca məziyyəti
müasir və demokratik təfəkkürə
malik olmasıdır".
Hacı
Hacıyev
1996-1997-ci
illərdə efirə
gedən "Təfsilat",
1998-2000-ci illərdə "Gerçəklik" proqramları
Qulu Məhərrəmli
zəkasının, demokratik
təfəkkürünün ekran təcəssümüydü.
2001-ci ildə Azərbaycan Televiziyasında ərsəyə
gətirdiyi "Xalqın
sözü" tok-şousu
ilə Qulu müəllim aktual mövzuların açıq
müzakirəsinə nail oldu.
Dəyərli alım
Şahlar Göytürkün
sözümüzə qüvvət
verdiyi ifadəsi yerinə düşür:
"Analitik təfəkkürünün
diktəsi ilə barmaqları həmişə
cəmiyyəti narahat
edən problemlərin
nəbzi üstündə
olub".
Sısqa
bulaqların işi gur çeşmələrə
həsəd hissi ilə baxıb ahu-zar etməkdir. İmkanı iddiasından
kiçiklərin gözləri
qəflət kataraktasına
tutulanda Qulu Məhərrəmli təmkin
atını sürüb
keçdi. Sadəcə
gülümsədi. Çünki
ondan ötrü efir problemi mövcud
deyildi. İtirən AzTV oldu. 2007-ci ildə Qulu müəllimin "Xəzər"
televiziyasında hazırladığı
"Dost məclisi" və
"Gündəm" proqramları
izlənildi, sevildi.
Sözə qüvvət
"Professor
Qulu Məhərrəmli
mənim üçün
ətrafda gedən mürəkkəb proseslərdən
baş çıxaran,
mahiyyətə tez
varan, müxtəlif dünyagörüşlü
insanları birləşdirə
bilən müasir düşüncəli, intellektual,
doğma insandır. Mənə Azərbaycanı
tolerant ölkə kimi
tanıdan, sevdirən,
Qarabağ həqiqətlərini
anladan görkəmli bir jurnalist və
politoloq olaraq çox minnətdaram".
Rostislav
Rıbakov,
Akademik,
Rusiya Elmlər Akademiyası,
Şərqşünaslıq İnstitutunun direktoru
Düşünmək üçün
informasiya
"İçimdə bir əminlik vardı: Qulu Məhərrəmli
"Nyu-York Tayms" qəzetinin siyasi icmalçılarının suallarına
ağıllı cavab
verəcək. "Fox" televiziyasının prodüserləri
ilə müasir tv-lərin problemlərini müzakirə edəcək,
Dövlət Departamentində
Azərbaycanın xarici
siyasətini incələyəcək,
Söz Azadlığının
Müdafiə Komitəsində
mətbuatımızın gerçək
mənzərəsini cızacaq.
Qocalar evinin 80 yaşlı sakinlərini maraqlandıran ən qəribə sualları da
hövsələ ilə
cavablandıracaq, böyük
qarğıdalı sahəsini
gəzib fermerlərlə
də danışmağa
mövzu tapacaq. Və onu kənardan
seyr etdikcə media mühitimizdə belə səviyyəli və yetkin bir insanın
olmasından qürur duyurdum.
Rəşad Məcid,
Mətbuat Şurasının sədri
Televiziya
alımı
Qulu Məhərrəmli 1989-cu ilə
"Radiodramaturgiya dili"
mövzusunda namizədlik,
2004-cü ildə "Televiziya
dili: funksiya və struktur" mövzusunda doktorluq işini müdafiə edib.
Onun 30-a
yaxın kitabı, dərs vəsaitləri, metodiki vəsaitləri, təhlilləri zəka nuru kimi gənc
mütəxəssislərin yolunu aydınladır. Şota Rustaveli adına
Tbilisi Dövlət Kino və
Teatr İnstitutunun audiovizual sənədlər
üzrə Dissertasiya
Müdafiə Şurasının
sədri, professor Tamara Bokumacanın
verdiyi qiymət Qulu Məhərrəmlinin
şöhrətinin daha
böyük coğrafiyanı
əhatə etdiyindən
xəbər verir:
"Artıq uzun müddətdir ki, rəhbərlik
etdiyim Müdafiə Şurası mübahisəli
məsələlər üzrə
qərar qəbul edərkən nüfuzlu beynəlxalq ekspert kimi onun rəyini
əsas götürürük".
Qulu Məhərrəmli inanılmaz
bir sürətlə,
şövqlə Azərbaycan
televiziyaşünaslığı üçün mənbələr
yaradır. Bunu mən demirəm, akademik Tofiq Hacıyev yazıb: "Teleradiomuzun tarixi inkişaf mərhələlərinin
araşdırılması, həmin mərhələlərin
sistemli elmi-nəzəri
təhlilinin verilməsi
professor Qulu Məhərrəmlinin
adı ilə bağlıdır. Ölkəmizdə
jurnalistikanın nəzəri
təhlilinin yaradılması
və medianın müasir fəlsəfəsinin
elmi cəhətdən
formalaşmasında onun
əsərləri əhəmiyyətli
rol oynamışdır".
Qulu müəllim məşğul
olduğu bütün
sahələrdə dilin
saflığını qoruyub,
onu korlayanlara qarşı cəsarətli
mübarizə aparıb.
Sözü başı
üstündə tutub.
Sözü əziz-giramisi
sayıb, sözü urvatdan salanlarla barışmayıb.
2014-cü
ilin mayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri
təyin edilib.
Sözə qüvvət
"Qulu Məhərrəmli Azərbaycan dilçiliyində
çox az araşdırılan, adətən
diqqətdən kənarda
qalan bir sahə üzrə əsas mütəxəssisdir.
O, radio, televiziya, mətbuat
dilinin həm praktikasını, həm də nəzəriyyəsini
yaxşı bilir".
Nizami Cəfərov,
Akademik
"Professor
Qulu Məhərrəmli
kommunikasiya və dil mövzusunda araşdırmaları ilə
dilçilik elmimizdə
tamamilə yeni bir istiqamətin əsasını
qoymuşdur".
Fəxrəddin Veysəlli,
Professor
Müəllim ucalığı
Qulu Məhərrəmli üçün
məşğul olduğu
sahələrin ən
önəmlisi müəllimlik
fəaliyyətidir. Öyrədir,
yol göstərir, uğur cığırını
nişan verir. Azərbaycan jurnalistikasının
sabahı üçün
baza yaradır. Bakı Dövlət Universitetində dərs deyir, həm də kafedra müdiri seçilib. Tələbələrinə tez-tez
ingilis yazıçısı
Alen Milndən sitat gətirir: "Bir çox
qədim mədəniyyətlər
əxlaqi dəyərləri
itirdiyinə görə
dünya səhnəsindən
silinmişlər" və
hər zaman gələcək
jurnalistlərə "jurnalistika
- əxlaqdan başlanır"
sloqanını təlqin
edir.
Düşünmək üçün
informasiya
"Hər insana nəsib olan iş deyil ki, özündə bir neçə sənət sahəsini birləşdirə
bilsin. Qulu müəllim televiziyaçı
kimi mahir televiziyaçıdırsa, alim kimi mahir alim, müəllim kimi də bir o qədər
mahir müəllimdir.
Təsadüfi deyil
ki, BDU-da dərs dediyi
tələbələrinin onun
haqqında dilləri ağızlarına sığmır.
Hətta bir qız onun feysbuk-dakı
şəklinə beləcə
şərh yazmışdı:
"Mənim bircə
gözəl və sevimli müəllimim!"
Azad Qaradərəli,
Yazıçı-publisist
Düşünmək üçün
informasiya
"Niyə bu, bizə
bənzəmir" deyən
və hər addımda səni qaralamaq fürsətindən
bəhrələnməyə çalışan xəbis
və nadan adamların əlindən nələr çəkdiklərini
görmüşəm. Yazıçı
dostlarımızdan biri
nadan adamların vaxtilə sənə qarşı hücumları
ilə bağlı maraqlı yazısına uğurlu bir ad qoymuşdu: "İşığa
daş atanlar". Ömrünü xalqın
tərəqqisinə, elmin,
biliyin yayılmasına,
cəmiyyətin maariflənməsinə,
ictimai əxlaqın möhkəmlənməsinə sərf edən sənin kimi insanları yalnız işığa bənzətmək
mümkündür. Belə
insanlara daş atanlar həmişə olub və yenə
olacaqdır. Önəmlisi
bu işığın
dan ulduzu kimi hər yerdən görünən, duyulan şüası və hərarətidir. Bu mənada
sən bizim jurnalistikamızın, bütövlükdə
mənəvi həyatımızın
gur işıqlarından
birisən".
Rejissor Rövşən Almuradlının
"Əziz dosta məktub"undan
İşıqlı adam
Qulu Məhərrəmli tarixi-mədəni
irsi, milli mücadilə
tariximizi, əxlaqi dəyərlərimizi özündə
ehtiva edən 20-dən
çox sənədli
filmin ssenarisini yazıb, çəkiliş
prosesində prodüser,
layihə rəhbəri
kimi iştirak edib. İmam Rzanın həyatından bəhs edən "Eşq vilayəti" filminin dublyajına rəhbərlik
edib.
Və gördüyü bütün
işlərdə gur bir işığın haləsi yayılıb.
Professor Nizaməddin Şəmsizadənin
söylədiyi kimi:
"Qulu Məhərrəmli
öz həyat tərzi, insaf və insanlığı,
jurnalistikamızdakı novator
mövqeyi, yazdığı
əsərlərin elmi
dərinliyi və
milli ruhu, yaddaşa ehtiramı, həqiqi dövlətçilik duyğusu,
səmimi ünsiyyət
mədəniyyəti, müstəqil
Azərbaycan vətəndaşı
kimi doğru və prinsipial mövqeyi ilə ziyalı olmaq səlahiyyəti qazanmış
mərd, idraklı və mənəviyyatlı
müasirlərimizdəndir".
Qulu müəllimin içindəki
işıq, idrak nuru onun zahirinə
də yansıyıb və hər kəsi öz ahənrübasına çəkir.
Qulu Məhərrəmli
işığı studiyada,
çəkiliş meydançasında
qurulan işıq deyil, fitrətindən süzülüb gəlir.
Sözə qüvvət
"Kristalloqraf alim Xudu Məmmədov deyirdi ki, minerallarda kristalların düzülüşü hər
hansı maddənin dəyəri üçün
xüsusi önəm daşıyır. Sözünün
canı buydu ki, hər şeyi maddədə kristalların
necə düzülməsi
həll edir. Misal çəkirdi ki, almazın da, qrafitin də kristalları eynidir. Lakin almazda bu kristalları fərqli düzüldüyünə
görə xüsusi dəyər və keyfiyyət qazanır. Deməli, əsas məsələ həcmdə,
ölçüdə, sayda
deyil, keyfiyyət və mahiyyət yaradan sistemdə, kristalların daxili molekullarının düzülüşündədir.
Mənim nəzərimdə
Qulu müəllim millətini və xalqını sevən layiqli vətəndaşdır,
əsl ziyalıdır,
başdan-ayağa mənəviyyat
adamıdır, illərin
və şəraitin ağırlığı onu
yolundan sapdırmayıb,
həmişə nəfsinə
hakim olub, həyat prinsiplərini, peşə
ləyaqətini qoruyub
saxlayıb, dostlarına
sədaqətini də,
həmçinin".
Elçin Şıxlı,
"Ayna", "Zerkalo" qəzetlərinin baş redaktoru
Qulu müəllim ünsiyyətə
açıq adamdır.
Onu heç vaxt özünü çəkən, kiməsə
yuxarıdan aşağı
baxan görmədim. Dinləmək mədəniyyəti,
hətta qarşısındakı
bəsit fikirləri ilə yorucu olsa belə, örnəkdir. Onu tanımayan adam qarşısındakının uzun bir siyahını
dolduracaq titullara sahib Qulu Məhərrəmli ilə üzbəüz oturduğuna heyrətlənər.
Çox sadədir, çünki.
Sadəliksə müdriklikdən doğur.
Müdriklik - özündə
ədalətli, insaf-mürvəti,
parlaq zəkanı, dərin həyat təcrübəsini və
insanlıq fəlsəfəsini
ehtiva edir.
Yeri gəlmişkən...
Birdən
fərqinə vardım
ki, Qulu müəllimin
həyat və fəaliyyət kodeksi, şəxsiyyət və sənətkarlıq vəhdəti
yeddi sahəni əhatə edir:
- jurnalist-publisist.
- siyasi icmalçı-analitik.
- televiziyaşünas alım.
- dilçi alım.
- müəllim.
- təşkilatçı-rəhbər.
- şəxsiyyət-mənəvi missiya daşıyıcısı.
Qarşımdakı sitatlardan yeddisini seçdim.
"Görkəmli jurnalist, istedadlı alim Qulu Məhərrəmlini insanlar
obyektivliyinə, ləyaqətli
və vicdanlı söz sahibi olmasına görə sevir və qiymətləndirirlər".
Şirməmməd Hüseynov,
Professor
"Bu gün Qulu Məhərrəmli
kimi özündə xalq müdrikliyini, ziyalılığı, həqiqi
dövlətçilik təfəkkürünü
birləşdirən insanlara
çox nadir hallarda rast gəlmək olar".
Rüstəm İbrahimbəyov,
Yazıçı-dramaturq, "Oskar" mükafatçısı
"Milli
jurnalistikamızın korifeylərindən
biri kimi, professor Qulu Məhərrəmli bir səviyyədir, peşəkarlıq etalonudur".
Elmira Axundova,
Xalq yazıçısı, Dövlət
mükafatı laureatı
"Qulu Məhərrəmli haqsevər, yurdsevər, sənətsevər ali insan, kamil şəxsiyyətdir".
Əjdər Ağayev,
professor
"Cəmiyyətimizdə mənəvi
ölçülər daraldıqca,
dəyərlərə etinasızlıq
artdıqca Qulu Məhərrəmli kimi dürüst və vicdanlı adamların varlığını daha
aydın hiss edirik.
Milli əxlaqımız - məhz
belə şəxsiyyətlərin
hesabına öz varlığını qorumaqdadır".
Qəzənfər Kazımov,
Professor, Əməkdar elm xadimi
"Yazılarındakı dərin sətiraltı mənalar, incə eyhamlar, bəzən də açıq sarkazm onun publisistikasına ayrı güc verir".
Rafiq Əliyev,
AMEA-nın müxbir üzvü, professor
"Qulunun peşəkarlığının
kökündə onun
böyük istedadı
ilə yanaşı, həm də təmiz vicdanı və əxlaqı dayanır".
Ramiz Rövşən,
Xalq şairi, kinodramaturq
Rəqəmlərin mistik yükünə inanan adamam, nə gizlədim? Yazını bitirib "70 yaşı tamam olan Qulu
Məhərrəmli üçün
müqəddəs, rəmzi
rəqəm yeddidir, yəqin" düşüncəsi
ilə saata baxdım: səhər saat yeddi!
Səhəriniz hər zaman müqəddəs
dəyərlərlə, ülvi
duyğularla, günəşin
zərrin şəfəqləri
ilə açılsın,
dəyərli Qulu müəllim!
"Qələmin müqəddəs
vəzifəsi"ndə yorulmayasınız,
Ustad!
Hafiz Ataxanlı
Ədəbiyyat qəzeti.- 2024.- 1 noyabr, ¹42.- S.10-12.