Şouizmlər
2
noyabr Bernard Şounun
anım günüdür
Corc
Bernard Şou - irlandiyalı
dramaturq, nasir, amansız satirik, hazırcavab insan...
1856-nın
iyulunda dünyaya gəlib. Özü haqda deyir ki, "mənə oxumaq-yazmaq öyrədildiyimi xatırlamıram;
yəqin, elə savadlı da doğulubmuşam"...
Bir də deyir, "çılğınmı doğulmuşdum,
yoxsa, həddən artıq ağıllıydım,
bilmirəm; mənim dünyam yer üzünə uyğun deyildi"... Bir başqa etirafına görə isə, hələ düşünməyi öyrənməzdən
azaddüşüncəliymiş...
İstəyi İkinci Mikelancelo
olmaqmış, amma görüb, rəsm çəkə bilmir; musiqiçi olmaq arzusuna düşüb, baxıb ki, ifaçılıq
bacarığından da məhrumdur;
müğənni olmaq
istəyib, onda da bəlli olub ki, səsi yoxdur.
Yazmaq fikrində deyilmiş,
istəyi xilafına, bir də gözünü
açıb ki, yazmaya
bilmir... Bundan sonra şöhrəti də hər uğursuzluğuyla birgə
boy atıb.
...İngiltərə İrlandiyanı
işğal eləmişdi,
ona da gəlib İngiltərəni işğal
etməkdən başqa
heç nə qalmamışdı.
Deyirdi, Mikelancelonun əsərlərində
nə qədər anatomiya varsa, onun da pyeslərində cəmiyyətin iqtisadiyyatı
bir o qədərdir.
Üç ingilis dili bilirmiş; birində pyeslərini yazır, birini rəsmi təmaslarda işlədir,
o biri ingiliscədə
dostlarıyla ünsiyyət
saxlayırmış.
...Ən çox xoşladığı - hər
zaman özüylə bir
yerdə olmaqmış.
Mütəfəkkir kimi daim dövrün intellektual münaqişələrinin
atəş xəttindəydi.
Danışmağa qorxanların
səsinə və qəlbi səssizcə parçalananların fəryadına
çevrilə bilmişdi.
Nobel mükafatını sahilə
artıq salamat çatmış
üzgüçüyə atılan xilasedici kəmər sanırdı.
1925-də qazandığı bu mükafatın medalını qəbul eləmiş, pul hissəsindən imtina etmişdi.
...Düzgün vegetarian idi. Həkimlər onu inandırmağa çalışırmış
ki, rasionuna ət əlavə eləsin.
"Özünüzü necə
hiss edirsiniz?" sualına
həmişə yumorla:
"Əla, amma həkimlər ət yeməsəm öləcəyimi
iddia eləyib mənə narahatlıq verirlər" - deyərmiş.
Eyni suala 90 yaşlarında cavabı isə fərqli olub: "Əla, artıq heç kim məni narahat
eləmir; ətsiz yaşaya bilməyəcəyimlə
məni qorxudan həkimlər artıq ölüblər."
Bir dəfə də gonbulluğu ilə tanınan lord Nortklif:
"Cənab Şou, sizə baxanda düşünmək olar
ki, ölkədə aclıqdır"
- deyəndə Şounun
cavabı belə olur: "Sizə də baxanda, cənab Nortklif, adam fikirləşir ki, bu aclığın səbəbkarı elə
sizsiniz".
Bernard Şou çox çalışdıqca çox
yaşadığını deyirdi; yəqin çox çalışıb
da, çox düşündüyü
üçün bir elə uzun ömür
sürdü. O, 1950-ci il noyabrın
2-də, 95 yaşında dünyasını
dəyişdi.
...Şounun sadəcə, adının xatırlanmağı
üzlərə təbəssüm
qonmağı üçün
yetir. Həqiqətən,
dərin fikirlər hər zaman ironikdir. Onun da ironik düşüncə tərzinin
ifadəsi olan gözlənilməzlik dolu
parlaq zarafatları, paradoksal aforistik deyimləri zəkanın və xeyirxahlığın
təntənəsi naminə
dünyanı dolaşaraq
bu günlərəcən
zehinləri işıqlandırıb,
ürəklərə hərarət
bəxş edibdir. Həyatın ən rəngarəng yönlərinin
aynasına çevrilən,
çoxlarının davranış
norması bilib qəbul elədiyi həmin həkimanə sözlər insanların mənəvi aləmini innən belə də zənginləşdirəcəkdir...
Şou bir çox aforizm ustası kimi, demək olar, ayrıca aforizmlərdən ibarət
kitab-filan qələmə
almayıb. Adıyla bağlananlar əsasən,
pyesləri, tənqidi
yazıları və fəlsəfi-publisistik məqalələrindən,
məktub və müsahibələrindən götürülübdü.
Şounun sözləri sadəcə,
aforizm deyil, həm də intellektual zarafatın çox dəyərli, çox ləzzətli nümunələridir. Onun
"İnsanlar yeganə
heyvanlardır ki, onlardan
dəhşətli dərəcədə
qorxuram" sözləri,
bir Allah bilir, hansı ağrı-acılardan,
necə həyat sınaqlarından yaranıbdı...
Şou ciddi mətləbləri
şüurların dərin
qatlarına daha tez çatmağı üçün gülgü
yoluyla anladırdı.
Ona görə deyirdi:
"Mənim lağlağı
tərzim - doğruları
söyləməkdir"...
Başqalarının söylədiyi nə qədər hikmətli kəlam hələ sağlığında
ikən Şounun adına çıxılırdı.
Söz də yayılmışdı ki, "bütün şübhəli
hallarda sitat Corc Bernard Şouya aid edilməlidir". Yəni
aforizmlər kimin olur-olsun, qəlbə yatanını, xoşa gələnini və mənaca gözəlini kim yaradırdısa, o da insanların gözündə
Bernard Şounun elə
özüydü...
Cəlal BƏYDİLİ
***
Xoşbəxtlik qapınızı gündə
azı bir yol döyür, amma təəssüf, o an
evdə olmursunuz.
***
Getdiyiniz
yolda heç hansı əngəl yoxsa, bilin ki, o yol sizi heç
hara aparmır.
***
Uzun yaşadıqca daha çox bu fikrə
gəlirəm ki, Yer Günəş sistemində
dəlilər evi vəzifəsini görür.
***
Özümüzü Yaradanın son sözü saymaq üçün əlimizdə
ağlabatan hansısa
əsas yoxdur.
***
Allahı
göydə olan adamlardan qorxun.
***
İncil
söyləyir ki, Allah dünyanı
xəlq elədi və dedi: "Yaxşıdır". Görən,
indi nə deyərdi?
***
Ruhunu təmiz saxla: dünyaya baxmalı olduğun pəncərə
odur.
***
Çirkin və bədbəxt
bir dünyada ən zəngin adam belə çirkinlik və bədbəxtlikdən savayı
heç nə alammaz.
***
İnsanlar yeganə heyvanlardır
ki, onlardan dəhşətli
dərəcədə qorxuram.
***
Adamların ikicə faizi düşünür, üç
faizi elə sanır ki, düşünür,
doxsan beş faizi isə ölməyi düşünməkdən
üstün tutur.
***
Çox
az adam olar
ki, ildə bir neçə dəfədən
artıq düşünə.
Mən həftədə
bir-iki kərə düşündüm də
dünyaca məşhur
oldum.
***
Acıqlı olduğunuz hər
dəqiqə ərzində
xoşbəxtliyin altmış
anı itirilir.
***
Məktəbə getməsəydim, nə
qədər çox şey öyrənəcəyimi
düşünəndə dəhşətə gəlirəm.
***
Xoşbəxtəm ona görə
ki, xoşbəxt olmadığımı
düşünməyə əsla vaxtım yoxdur.
***
Hərəkət halındakı cəhalətdən
daha qorxunc heç nə yoxdur.
***
Sizin ikinci dəfə ilkin təəssürat yaratmaq imkanınız bir də olmayacaq.
***
Əgər düşünmədən deyibsinizsə, demək ki,
düşündüyünüzü deyibsiniz.
***
Bəyənmədiyiniz nəyisə alqışlamaq yalan danışmağın neçə
növündən biridir.
***
Əbədi yaşamağa can atmayın,
onsuz da heç nə alınmayacaq.
***
Heç
vaxt imkan verməmişəm ki, məktəb
məşğələləri təhsilimə mane olsun.
***
Əgər oxuyanları yoxdursa,
kitablar bundan yalnız qazanclı çıxır. Məsələn,
klassiklərimizə nəzər
yetirin...
***
Ən başlıcası - can evində
sahman yaratmaqdır.
***
Əgər ağıllanmaq istəyi
yoxdursa, həyat öyrətməyəcək.
***
Kütlənin onda birindən çoxunun təriflədiyi
əsər yandırılmalıdır.
***
Yoxluğum sənin həyatında
heç nəyi dəyişmirsə, o zaman orada
var olmağımın da heç
hansı anlamı qalmır.
***
Öz dilini bilməyən kəs başqa dil öyrənə bilməz.
***
Bircə
yol həqiqəti söyləsəniz, sonra istədiyiniz qədər yalan danışın, daha sizə inanmayacaqlar.
***
İnsanlara qarşı işlənə
biləcək ən böyük günah onlara... laqeyd qalmaqdır - vicdansızlığın
zirvəsi elə budur.
***
Mən hələ düşünməyi
öyrənməzdən əvvəl
azaddüşüncəli olmuşam...
***
Azadlıq məsuliyyət deməkdir.
Elə bu üzdən də adamların çoxu azadlıqdan qorxur.
***
Heyvanlar
mənim dostumdur və ...mən dostlarımı yeyə bilmərəm.
***
Qətiyyətsiz adamlara dözəmmirəm
- onlar mənə özümü xatırladırlar.
***
Amerikanın Azadlıq heykəli
olmalı olduğu, yəni dəfn olunduğu yerdə də qoyulub.
***
Birisini tənqid etmək istəyiriksə, ən münasib yer aynamızın qarşısıdır.
***
Əgər sizinlə mənim
hərəmizin bir almamız varsa və biz onları dəyiş-düyüş edəriksə,
yenə hərəmizdə
bir alma olacaq. Yox, əgər hərəmizin bir ideyamız varsa və onları öz aramızda dəyişiriksə, onda hər birimizin iki ideyamız olacaq.
***
...Desən, göydə 978301246569987
ulduz var, adam inanacaq. Amma desən ki, oturacaq yenicə rənglənib, mütləq
barmağını toxunduracaq.
***
Qəzet
velosipedin aşmağıyla
sivilizasiyanın çökməyi
arasında hədd qoymayan mətbu orqandır.
***
Göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi bacardığımız
indiki vaxtda bir tək qalıb
Yerdə adam kimi yaşamağı öyrənməyimiz!
***
Kəlməbaşı özümə
istinad edirəm. Bu da danışığıma kəskinlik
qatır.
***
Hamımız yenidən doğulmalıyıq,
sonra bir daha və yenə
bir daha...
* Sərlövhə "Bernard Şou.
Aforizmlər"
(Kişinyov, 1985) kitabındandır.