Nazan BƏKİROĞLU - tanınmış türk romançısı, filoloqu və pedaqoqudur. 03.05.1957-ci ildə Trabzonda
doğulub. Orta təhsilini Trabzonda, ali təhsilini isə
Ərzurumdakı Atatürk Universitetində (1975-79) alıb. 4
il boyu liseydə ədəbiyyat fənnini tədris edib.
1985-ci
ildən başlayaraq Trabzondakı Qaradəniz Texniki Universitetinin
Təhsil fakültəsinin sıravi əməkdaşı sifətyilə
əmək fəaliyyətinə başlayıb. Xalidə
Ədib Adıvarın yaradıcılığı üzrə
elmlər doktoru (1987), şairə Nigar xanımın ədəbi
irsi üzrə isə dosentlik (1995) elmi dərəcəsi
qazanıb. 2001-ci ildən isə həmin fakültənin
professorudur.
Nəşr
olunan əsərləri bunlardır: "Nun
nağılları" (hekayələr, 1997), "Şair
Nigar xanım" (araşdırma, 1998), "Xalidə Ədib
Adıvar" (araşdırma, 1999), "Bənövşəyi
mürəkkəb" (esselər, 1999), "Yusif və
Züleyxa" (2000), "Mavi lalə, itən lalə"
(esselər, 2001), "Ad ilə atəş arasında"
(roman, 2002), "El qapısı" (esselər, 2003),
"Şüşədən irmaq, daşdan gəmi"
(hekayələr, 2006), "La: sonsuzluq hecası" (roman,
2008), "Yol ovqatı" (esselər, 2010), "Nar
ağacı" (roman, 2012), "Mimoza sürgünü"
(esselər, 2013), "Kəlmə dəftəri" (2014),
"Mücəlla" (roman, 2015), "Qarışqa izləri"
(2015 və "Kəhrəba keçidi" (roman, 2021).
Türk əsirlər Gəncədə
"Nar
ağacı" romanından bir bölüm
Səhəri
gün Səttarxan Bakıya tərəf yola
çıxdı. Bakı varacağı sonuncu ünvan idi,
onun ardınca isə, axır ki, Təxti-Süleymana üz
tutacaqdı. Gözəl bir oktyabr günü boyu mindiyi qatar
insanlarla dolub-daşan stansiyalardan keçdi, gah iri, gah
kiçik sayılacaq bu yolüstü məntəqələrin
bəzilərində qatar yarım saata qədər gözlədi,
bəzisində isə öz yoluna heç cür davam eləyə
bilmədi.
Axşam
vaqondan endiyi vaxt Səttarxan çox böyük bir şəhərin
stansiyasında dayandıqlarını anladı və lövhədə
yazılan "Yelizavetpol" sözünü oxudu. Rus
işğalından sonra adı dəyişdirilən Gəncə
idi bura, Şimali Azərbaycanın Bakıdan sonra ikinci ən
böyük şəhəri, Nizaminin və "Xəmsə"nin
ana yurdu sayılan Gəncə!
Qatarın
burada saat yarım ləngiyəcəyini öyrənən Səttarxan
aşağı endi. Stansiya binasını keçib, bir az
meyvə, çərəz almaq, bir stəkan çay içmək
niyyətinə düşdü. Ancaq yan-yörəsi necə
basırıq, xətlər isə nə qədər dolu idisə,
buradan saat yarıma çıxacaqları ağlına
heç cür sığmadı.
O heyndə
güclü uğultu qopdu və izdihamın içində
dalğalanma yarandı. Ətrafı mühasirəyə alan
rus əsgərləri qatarı gözləyən insanları
ordan-burdan itələməklə, stansiya binasının
içərisinə salmağa
çalışırdılar. Bu qələbəliyin
içinə qarışan Səttarxan da insanların
arasında ilişib-qalmışdı və nə baş
verdiyini heç cür anlaya bilmirdi. İzdiham qismən sakitləşincə,
o, böyründə duran orta yaşlı, baqqala bənzəyən
kişiyə tərəf dönüb, soruşdu:
- Ağa,
nə olub axı? Bizi niyə zorla içəri dürtmək
istəyirlər?
Kişi təəccüblə
Səttarxanı süzdü:
- Sən
yerli adam deyilsən, əlbət. Vağzala əsir qatarı gəlir
də.
- Əsir
qatarı?
- Hə də,
əsir qatarı. Sən haralısan ki?
- Təbrizdənəm.
Kişi
dodaqlarını büzdü: görünür, Səttarxanın
dünyadan xəbərsiz biri olduğunu
düşünürdü. Qısa izaha keçdi:
- O gətirilənlər
Osmanlı əsgərləridir. Qafqaz cəbhəsində
ruslara əsir düşən əsgərlər. İndi
onları, ya Bakı buxtasındakı ilanlar qaynaşan Nargin
adasına, ya da uzaq Sibirə göndərəcəklər. Hər
iki halda yol Gəncədən keçir deyə, indi həmin
qatar bura yan alır.
- Bəs
siz neyləmisiniz ki, bunlar perronu belə boşaldır?
- Biz
burada Gəncə Milli Komitəsini dəstəkləyirik.
Səttarxan
bu adda bir təşkilat-zad tanımırdı.
- Biz
"Cəmiyyəti-Xeyriyyə" ilə əməkdaşlıq
şəraitində fəaliyyət göstəririk.
Bu ada isə
o, Tiflisdə gördüyü bir lövhədə rast gəlmişdi.
Kişi
sözünün ardını gətirdi:
- Belə
vaqonlarda yolboyu aclıqdan, susuzluqdan, havasızlıqdan, ya da
yaralı və xəstə olduğu üçün ölən
əsgərlər olur. Ruslar stansiyalarda onları bir saman
çuvalı kimi vaqonlardan aşağı tullayırlar. Gəncə
stansiyasında da bu hal vaxtaşırı təkrarlanır. Gəncə
Milli Komitəsi isə yerindən-yurdundan olan, vətəndən
uzaqlarda canını tapşıran bu şəhid
oğulların cəsədlərinin yiyəsiz və ortada
qalmasına əsla razı deyil, odur ki, onların dəfnini
öz vəzifəsi sayır. Hər dəfə burada əsir
qatarının gəlişini gözləyir, ölüləri
alıb, müsəlman qəbiristanlığına
daşıyır, təkbirini, namaz və dualarını
yerli-yerində oxutmaqla, qəribləri qara torpağa
tapşırır.
Hiddətdən
Səttarxanın damarlarındakı qan çəkildi, sanki.
Kimə acıyacağına qərar verməkdə acizlik
çəkdi, amma bunu qarşısındakı kişiyə
heç büruzə vermədi. Ondan iki addım aralandı.
Gözləmə zalının qapısına əsgərlər
bayırdan, sadə xalq isə içəri tərəfdən
dirənib, durmuşdu.
Bir azdan əsir
qatarı vağzala girdi. Sonra vaqonların qapı-pəncərələri
açılsa da, heç kəsin aşağı
düşməsinə icazə verilmədi. Təmiz hava
üzünə həsrət qalan Osmanlı əsgər və
zabitləri ta qurşağa qədər pəncərələrdən
aşağı sallanmışdılar. Heyətə rəhbərlik
edən rus zabiti qatardan endi, stansiya rəisinə
vaqonlardakı ölü hərbçilər barədə
hesabat verdi. Keçinən dörd əsir isə nömrələrini
sadaladığı vaqonlarda imiş.
Səttarxan
burnunu gözləmə zalının kirli,
yaşılımtıla çalan qapı şüşəsinə
dayadı, qollarından və qılçalarından
tutulmaqla, 1-dən 3-ə qədər sayıb, havada yellədikdən
sonra "Hop-p!" - nidalarıyla yerə atılan o cəsədlərə
göz qoydu. Qatar özünə ağırlıq edən o
yüklərdən qurtulduqdan sonra rus əsgərləri
vaqonların qapılarını təkrar əsirlərin
üzünə qapayıb, sürgüləri də çəkdilər,
qatar boyu qoruma xətti olaraq, öz bədənlərindən
ibarət canlı bir divar, sədd yaratdılar. O ara
hamısının tüfəngləri əllərində, barmaqları
isə tətiklərdə idi. Ancaq bundan sonra vağzal
binasının qapıları taybatay açıldı və
təlaşlı camaatın bayıra tökülüşməsinə
icazə verildi.
Gəncə
Komitəsinin sayca az olmayan nümayəndələri yerdəki
cəsədlərin başına yığışdı:
onların arasında Gəncənin varlı tacirləri,
cavanları, hətta yeniyetmələri, həm ağbirçəklər,
həm də cavan qızlar var idi. O ara bir buxar səsi
eşidildi: qatar "içində" yığılan
buxarı boşaltdı. Bunun ardınca ilk zəng də
çalındı.
Aralarından
kimsə: "Qatar qalxacaq! Tez vaqonlara cumun, vaqonlara!" - deyə
bağırdı. O an ölənlər qədər, elə
qalanlara da uzanan bu yardım əlləri tək bədənə,
tək ruha çevrildi və izdiham vaqonlara doğru
qaçışmağa başladı. Hamı əvvəlcədən
hazırladığı bağlamaları vaqonlara atmağa, bu
başıbəlalı əsir qatarına hər nə
cürsə çatdırmağa
çalışırdı: içlərində əl-üz
dəsmalı, alt köynəyi, axşamdan bişirilmiş təzə
çörək və kökə, yəni Allah verən hər
cür nemət, ən vacibi isə su vardı. Ancaq rus əsgərləri
onların önünü kəsməkdə əsla gecikmədilər.
Rus hərbi forması geyinmiş ermənilərdən ibarət
jandarma və polislər də Cəmiyyət
könüllülərini geri itələyərək, təkrar
stansiya binasına doğru yönləndirməyə cəhd
göstərdilər. Çığır-bağır, itələşmə,
təpişmə, etirazlar və söyüşlər fonunda
bu insan qələbəliyi hələ də dalğalanıb,
durmaqda idi. Yumruqlar havaya qalxan kimi qundaqlar da zərbəyə
hazır vəziyyətə gətirildi. Məhşəri
xatırladan bu izdihamda heç kəs süngüyə,
qundağa məhəl qoyana oxşamırdı, ancaq rus
komandirin səsi eşidilən kimi bir anda bütün səs-küy
yatdı.
Gəncəlilərdən
biri irəli çıxdı: bu kişi hər halda o Cəmiyyətin
sədri idi. Üzündən hiddət yağan, toz-torpaq və
tər içindəki bu adamın nəfəsi daralsa da,
haqsızlığa uğrayanların tərəfində
olduğu üçün yetərincə zəhmli
görünürdü.
Komandir
ona rusca nələrsə dedi. Gəncəli də ona rusca
cavab verdi. Aralarında gedən qızğın dilləşmədən
sonra rus komandir yola gəldi: qatar iyirmi səkkiz vaqondan ibarət
idi deyə, o, mövcud ərzağın hər vaqona
bölüşdürülməsi barədə əmr verdi.
Amma yerli camat da əlli-ayaqlı tərpənməli idi,
çünki qatar hər an hərəkətə gələ
bilərdi.
İzdihamın
böyük qismi əsgərlərin qurduğu "canlı
divardan" o üzə keçməklə, artıq vaqonlara
tərəf cummağa macal tapmışdı. Pəncərələrdən
bayıra uzanan Osmanlı əsgərləri onlara uzadılan,
heç olmasa, vaqona tərəf atılan ərzaq bağlamalarını
havada yaxalamağa çalışır, yaxalanan ərzağı
əlüstü içəri ötürürdülər.
Yerə düşən bağlamalar isə təkrar onlara
atılırdı. Bu iş beləcə davam edirdi, izdiham isə
yenə dalğalanıb, yerindəcə dururdu.
O əsnada
pəncərədən uzanan gənc bir zabit maraqlandı:
- Bura
haradır belə?
Zərif
üz cizgilərinə malik bu yaraşıqlı cavanın
saçları qumrala çalırdı.
Ağbirçək
bir qadın dilləndi:
- Bura Gəncədir.
Şəhərin əhalisi də türkdür, oğlum.
Bu dəfə
cavan zabit:
- Ana, mənə
su versənə! - deyə səsləndi.
Qadın
mis qabdan qırıq bir sink parça süzdüyü suyu pəncərəyə
tərəf uzatdı, ancaq boyunun qısalığı
ucbatından əlinin oraya çatması heç
mümkün görünmürdü.
Yanaqlarından
qan daman cavan bir qız o anlarda bunun fərqinə vardı.
Kiminsə kiməsə yardım edəcək nə bir
halı vardı, nə də vaxtı. Bir anlığa
sağına-soluna baxınan qız çox düşünmədi,
yaşlı qadını bir uşaq kimi qucağına
götürüb, pəncərənin səviyyəsinə qədər
qaldırdı:
- Yerə
tökmə, anası. Möhkəm tut.
Beləcə,
həmin su sahibinə çatdı. Bu səhnəyə zabit
də güldü. Elə həmin gülümsəmə
zamanı o, qızla göz-gözə gəldi. Qız
üzünü pəncərəyə tutub, maraqlandı:
- Adın
nədir sənin?
- Murad, -
cavabı gəldi.
- Bəs
səninki?
- Bulaq.
O söhbət
elə bununla da bitdi.
Qulaqbatırıcı
siqnal səsi yüksəldi. Lokomotiv artıq hərəkətə
gəlmişdi. Əsir qatarının metal təkərləri
polad relslər üzərində əvvəlcə
ağır-ağır, daha sonra sürətlə
fırlanmağa başladı. Bu cür gurultuyla irəliləyən
vaqonların arxasınca qadınlar bir az da qaçdılar,
amma sonra aralarındakı məsafə getdikcə artdı.
Axırda özünün sonuncu vaqonunu da dartıb-aparan və
yırğalana-yırğalana irəliləyən qatar
stansiya ərazisindən çıxa bildi. Artıq
yükündən xilas olmuş, alacağını isə
almışdı o...
Qatar
uzaqlaşandan sonra stansiyaya bir ölüm sükutu
çöksə də, bu vəziyyət uzun sürmədi -
kişi xeylaqları daşların üstünə atılan
dörd cəsədin yan-yörəsinə toplaşdı.
Əvvəlcə
qol-qıçları sağa-sola əyilmiş bu bədənləri
onlar ehtiramla yerə uzatdılar. Gətirilən
yorğanları yerə sərdilər. Bayaq rus komandirlə
ötkəm şəkildə danışan o cavan kişi dilləndi:
-
Haydı! Haydı, bismillah!
Cəsədlərin
hər birini müqəddəs bir əmanəti narahat eləməkdən
qorxarmış kimi ehtiramla, ədəb-ərkanla, şəfqətlə
və təkbirlərin müşayiəti ilə
yorğanların üzərinə uzatdıqdan sonra üzlərini
qibləyə sarı çevirdilər.
Səttarxan
da özündən ixtiyarsız yerlilərə
yaxınlaşmışdı. Bayaq
danışdığı yaşlı kişi Səttarxana
baxaraq dedi:
-
Haydı, sən də kömək elə, bu qəribləri
arabalara qədər daşıyaq.
Sözügedən
arabalar stansiya ərazisinə buraxılmadıqları
üçün buradan bir az aralıda
saxlanılmışdı.
Səttarxan
bir yorğanın ucundan yapışdığı məqamda
baxışları böyründə daşınan digər
ölünün üzünə sataşdı. Rəngi mumiya
kimi saralsa da, bu üz hürküdücü dərəcədə
gözəl və gənc idi. Sonra o, özünün
daşıdığı cəsədin üzünə nəzər
saldı. Hətta rus əsgərlərinin də canına
üşütmə salan Qafqaz cəbhəsindən gələn
bu kişi əlli yaşlarında olardı, saçları
çallaşmışdı və cavanlıq dövrü
çoxdan geridə qalmışdı. Əynində hərbçilərin
yayda geyindiyi forma vardı və al-qana
bulaşmışdı. Ta buralara qədər gəlib
çıxdığına görə, düşünmək
olardı ki, o, aldığı ağır yaraya rəğmən,
düşdüyü cəhənnəmdən sağ-salamat
qurtulmuş, ancaq çıxdığı yolu başa
vurmadan canını tapşırmışdı. Kim idi o?
Haralı idi? Evində-eşiyində, çoluq-cocuğu, nəvələri
ilə vaxt keçirəcəyi bir yaşda ikən
doğulub-yaşadığı Anadolu torpağından durub gələn
bu kişinin alnına belə bir taleyin
yazıldığı, adını bircə kərə də
eşitmədiyi Gəncədə torpağa
tapşırılacağı sağlığında görəsən,
heç ağlına gəlmişdimi?
Meyiti
arabaya yerləşdirəndə Səttarxan bu dəfə də
onun ayaq qismi daralan şalvarının yırtıqlarına, əyilib-yeyilmiş
çarıqlarına diqqət yetirdi. İncitməkdən
çəkindiyi üçün bu quru bədəni
yorğana bürümək istədi. Ayaqları bir budaq qədər
nazilmiş, pencəyi yana sürüşdüyündən
beli, qarnı sinəsinə qədər açıqda
qalmışdı adamın, əynində heç alt köynəyi
də yox idi. Səttarxan onun sağ böyründəki yara
izini də gördü. Yəqin yolboyu bu yarası
qanayırmış. Üstünü yorğanla örtməzdən
əvvəl o, pencəyin ətəklərini dartmaqla, ölənin
bel qismini örtdü, gövdəsini düzəltdi. Bumbuz idi
cəsəd. Onun üşüyəcəyindən qorxurdu
sanki.
Ard-arda
düzülən dörd araba yolun axırına çatana
yaxın Səttarxan stansiya binasına qayıtdı. Həmin
vaxt qatarların biri stansiyaya yanaşır, digəri isə
gedirdi. Çox keçməmiş, Bakı qatarının da
siqnalı səssizliyi yardı. Səttarxan başını
vaqonun pəncərəsinə söykədi. Bir cənazə
qatarı şəklində buralardan uzaqlaşan o dörd
arabaya, onların arxasınca düşən azsaylı camaata
son kərə tamaşa elədi. Səttarxan vətəninə-millətinə
yaxşı bələd idi, onları sevirdi, peyğəmbərinin
misilsiz möcüzələr göstərməsinə rəğmən,
öz böyük dinini inkar edənlərdən deyildi o. Odur
ki, indi özünü xeyli mübarək bir camaatdan iraq
düşən birinin yerində hiss elədi.
Gah əsir
qatarını, gah dörd cəsədi, gah da onlara yardım
edən Gəncə Milli Komitəsini düşünməklə
keçirdiyi, hərdən yuxuladığı, hərdən
oyaq qaldığı bu səfərin sonunda Səttarxan
sübh vaxtı Bakıya çatdı. Perrona ayaq basar-basmaz,
Qafqaz diyarına və müharibəyə dair o, məlum
çılğın izdiham və sərt neft qoxusu ilə
qarşılaşdı. Tiflis - heç şübhəsiz,
Qafqazın mərkəzi idi, Təbriz isə - Azərbaycanın,
İstanbul da xeyli uzaqlarda qalan bir xəyal aləmi idi. Amma nə
vaxt idi Bakı da öz yan-yörəsinə tamamilə fərqli
bir ziya saçırdı və çıxarılan neftin
yaydığı bu şölə hələm-hələm
sönənə bənzəmirdi. "İpək yolu"nun
üzərində yerləşən bir liman şəhəri
kimi Bakının zəfəranı və duzu da, ipəyi və
xalısı da məşhur idi, amma "qara
qızıl"ı bütün bu sadalananların
hamısını kölgədə qoymuşdu. Bakı
geniş meydanlar, hündür binalar, gözoxşayan prospektlər,
geniş parklar, bunlardan daha artıq dərəcədə isə
qapqara meşə kimi göylərə baş çəkən
neft buruqları, neft mədənləri və ixrac boru kəmərləri
demək idi.
Həmişə
etdiyi kimi, bu dəfə də Bakıdakı dükanın
ünvanına əvvəlcədən teleqram vurmuşdu deyə,
Səttarxan bir müddət dayanıb, özünü
qarşılayacaq birisini gözlədi. Ancaq
sağına-soluna nə qədər göz gəzdirib,
uzun-uzadı ayaq üstə qalsa da, bir gələn-gedən
görmədi.
Gözləməkdən
bezdiyi vaxt bir faytonçu ona yanaşdı:
- Ağa,
fayton lazım idi?
Son kərə
ətrafına nəzər salan Səttarxan dedi:
-
Yaxşı, gedək.
Vağzal
ərazisindən çıxan kimi arabaçı dəqiqləşdirdi:
- Hara gedəcəyik,
ağa?
Həmişə
qaldığı ünvanı söylədi:
-
Şıxəli Dadaşovun karvansarayına.
Üçşaxəli
işıq dirəklərinin sıraya düzüldüyü
küçələrdə rus əsgərlər o dəqiqə
diqqəti çəkirdi, mülki geyimli ruslar və
avropalılar da seçilirdi, azərbaycanlı, erməni,
gürcü və daha hansısa millətlərin arasında
öz çarşablarına bürünən müsəlman
qadınları isə yeyin addımlarla irəliləyirdilər.
Nisbətən cavan olanlar üzlərinə hələ
rübənd də salmışdılar, yaşlı
olanların isə üzü qismən açıq idi.
Cürbəcür əlifbalarla yazılmış lövhələr,
atlı tramvaylar, tək-tük gözə dəyən
maşınlar, bər-bəzəkli örtüyə malik dəvələr,
atlar, qatırlar, eşşəklər, karvanlar, mülki
geyimdəki hərbçilər, kişi və qadınlardan
ibarət izdiham içində qəribə hay-küy hökm
sürürdü. Bakıda insanoğlunun xəyalı gah
axıb-gedir, gah da dururdu.
Bu cür
izdihamlara Səttarxan adətkar idi, ancaq indiyədək
görmədiyi həyəcanlılıq da bu dəfə nəzərindən
yayınmadı:
- Nə
olub belə? - soruşunca, faytonçu:
- Tətil
elan edilib, - dedi. - Bir qədər irəlidə isə mitinq
başlanıb.
Heç
bir azca getməmiş, yolun tıxandığını
gördülər. Hay-qışqırıq salan
nümayişçilərin, tanışları Sofya və
Vasiliyə bənzər inqilabçıların əhatəsinə
düşmüşdü o.
- Bir az dolayı
yoldan getməli olacağıq, - dedi faytonçu, -
çünki başqa yolumuz qalmır. Əks halda, mitinq bitənə
kimi burada ilişib-qalarıq.
Beləcə,
Bakının içində uzun bir səyahətə
çıxmağa məcbur qaldı Səttarxan.
Gedəcəyi
ünvan lap yaxınlıqda, Nikolayevski prospektində olsa da,
indi Bakıda onun gəzib-dolaşmadığı bir
küçə, keçib-getmədiyi hər hansı prospekt
qalmayasıydı.
Qaba
mahuddan solğun rəngli, nimdaş bir palto geyinən
faytonçu gülər üzlü, dişləri
tökülmüş və sakit təbiətli bir adam idi. Yol
uzandığı üçün o, həm atları qovur, həm
də yanından keçdikləri imarətlər barədə
öz müştərisinə məlumat verirdi. Sən demə,
bunların hər biri barədə onun danışacaq hekayəti,
deyiləcək sözü, ibrətamiz bir əhvalatı var
imiş.
"Varlının
malı gedəndə yoxsulun da çənəsi düşər..."
Səttarxan
bu malikanələrin şöhrətindən xəbərdar
idi: sıra ilə düzülən bu binaların əksəriyyəti
kasıbçılığın daşını atmaqla neft
milyonerinə çevrilən azərbaycanlılara məxsus
idi. Amma indiyədək yüzlərlə müştərisini
özünün qapısından içəri heç qədəm
qoymayacağı belə malikanələrə qədər gətirən
bu faytonçunun həyatla bağlı kəskin bir
yanaşması vardı və hər səfər: "Bax, elə
bunu götürək!" - deyib, növbəti cümləsinə
başlayanda o, bu gözqamaşdırıcı həyatların
əsasən kədər dolu məqamlarından söz
açırdı. İlahi ədalətin vaxtı gələndə
varlıların da kəkilindən yapışmasına bir təsəllitək
yanaşırdı o, özü kimi bəxtsiz insanlar
sayağı, onun da bərabərlik ideyasına tərəfdar
olduğu gün kimi bəlli idi. Böyük fəlakətin
varlı ilə yoxsulu eyni gözdə gördüyünə
dair, amma hələlik fəlsəfi bitkinlikdən məhrum, həm
misilsiz, həm də sırf intuisiya təməlli bir təsəlli
idi bu.
Atlar ahəngdar
addımlarla qaçdıqca, faytonçu necə əhvalatlar
danışırdısa, Səttarxan artıq gəvəzə
bir sürücüyə ürcah olduğunu yox, məhz
ürəyi danışacağı müdrik hekayətlərlə
dolub-daşan, arif birisinə rast gəldiyini öz-özünə
etiraf eləməyə başladı.
Yanılıbmış, kişinin davranışlarından
"Varlının malı gedəndə, yoxsulun da çənəsi
düşər" deyimindən daha çox həyatdakı
bütün məğlubiyyətlərin əvəzində
bir haqq-hesabın çəkiləcəyinə inam hissi
sezilirdi. "Bizə nəsib olmasa da, o adam bunu
bacarıb". Və sözügedən var-dövlətin, hətta
bütün dünya yerindən oynasa belə, əsla əskilməyəcəyindən
də adı qədər əmin idi bu kişi. Axı o boyda sərvəti
nə əskildə, yerlə bir edə bilərdi ki?! Heç
nə!
Səttarxan
maraqlandı:
- Sənin
adın necə idi, faytonçu?
- Nəcəf.
Söz-söhbətinə
maraqla qulaq asan, hətta onun adıyla da maraqlanan bir
müştəri tapdığından məmnunluq duyan Nəcəf
isə dil-boğaza qoymurdu. Qorçakov prospekti ilə təzəcə
irəliləyəndə faytonçu bir imarəti nişan
verdi:
- Bax, bu
da Bakı Cəmiyyəti-Xeyriyyəsinin binasıdır, yəni
"İsmailiyyə".
Xeyriyyə
binasının qapısından girib-çıxan
fağır-füqəra insanları nişan verib, əlavə
elədi:
- Bunlar -
Osmanlı mühacirləridir. Şəhərləri ruslar tərəfindən
işğal olunduğundan onların böyük qismi Anadolunun
qərb bölgələrinə hicrət elədi.
Zavallıların bir qismi isə ta buralara qədər gəlib
çıxdı. Cəmiyyəti-Xeyriyyə də onların
heç birindən öz kömək əlini əsirgəmir.
Ən nəhayət,
Şıxəli Dadaşovun karvansarayı göründü.
Yükünü otağına qədər daşıyan
faytonçuya: "Sən bir az gözlə, - dedi. - Mən də
bir azdan çıxacağam. Sonra birlikdə gedib, bizim
dükana baş çəkərik".
Dilimizə
çevirdi: Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2024.- 8 noyabr,
№43.- S.30-31.