Krossvord
Hekayə
Həftənin beş günü
səhər 7-də Sahil metrosunun üzbəüzündəki
sovetdənqalma qəzet köşkünün qabağında
görüşürdülər. Buranı seçməklərinin
səbəbi vardı; krossvord qəzeti alırdılar. Bu
işi şöbənin ən cavanına - Aqilə
tapşırmışdılar. Rafaellə Səxavət tez gəlsələr
də, mütləq Aqili gözləyirdilər. Aqil krossvord
seçməkdə peşəkarlaşmışdı. Qəzeti
alandan sonra piyada üz tuturdular iş yerlərinə - Səməd
Vurğun küçəsindəki Maliyyə Nazirliyinin mərkəzi
binasına.
Krossvord
xəstəliyi ölkəyə
müstəqillikdən sonra ayaq
açmışdı. Səxavət, Rafael, Aqil də bu xəstəliyə
yoluxanlardan idi. Şöbə müdirinin işdən
çıxdığı son altı ayda əl-qolları lap
açılmışdı. Harda otursalar, hara getsələr,
o xanaları düşünür, sözü tapanda da durduq
yerdə qımışırdılar. Onsuz da əsas işlər
ilin əvvəlində görülürdü, büdcə hələ
keçən ildən hazır olurdu, arada tək-tük məktublara
cavab yazırdılar.
Səhər tezdən qapıda
duran kadrlar şöbəsi müdirinin
oğrugüdən nəzərlərinin altından sivişib
şöbəyə qalxırdılar. Səxavət otağa
girən kimi çay qoyurdu, Rafael dünəndənqalma
kağız-kuğuzu yerbəyer eləyirdi, Aqil işdən
çıxan şöbə müdirinin stolunun üstünə
krossvordu sərirdi. Birdən vur-çatlasın
başlayırdı. İki-üç hərfli sözlər
tapança kimi açılırdı. Hər tapılan uzun
sözlə otağın havası yüngülləşirdi.
Başqa şöbələrin də işi-gücü
krossvord yazmaq idi, intəhası, büdcə şöbəsinin
ustalığı bir başqaydı.
Bu gün də o əhvalla
şöbəyə tələsirdilər. İçəri
girən kimi idarə rəisinin diqqətlə divara
baxdığını görüb diksindilər. İdarə
rəisi iki otaq o yanda otururdu, şöbəyə az-az baş
çəkirdi.
Rəisi
görəndə üçü
də birdən salam verdi, onun isə
tükü də tərpənmədi, divardakı Ramazan təqviminə
baxırdı. Səxavət təqvimi oturduğu yerin
yuxarısından divara asmışdı.
- Səxavət, sən müsəlmansan? - rəis lapdan çevrildi,
qaşlarını çatıb soruşdu.
Səxavət duruxdu, gözlərini
o qədər qıydı, az qaldı, bəbəkləri
bata. Fatmayıdakı yarımçıq evi, arvadı Xədicənin
çığırtısı, köhnə
"Moskviç"inin sınıq güzgüsü
batıq gözlərindən düz beyninə doldu:
- Yox, ay rəis.
Rəisi
gülmək tutdu.
Güləndə alnının düyünü
açıldı, qaşları yerinə qayıtdı.
Rafaellə Aqil də rahat nəfəs aldılar.
Rəis:
"Ayə, sən nətər adamsan?" - deyib
başını yelləyə-yelləyə otaqdan
çıxdı.
Səxavət otağın küncündəki
dolaba baxdı:
- Çay qurtarıb ki...
Qaçım, alım, gətirim.
Səxavət otaqdan çıxdı.
Aqil qəzeti hirslə müdirin stolunun üstünə
atıb kompüterləri toka taxdı. Rafael yerindən tərpənmədi,
Səxavətin qayıtmağını gözlədi.
Kompüterlər hələ tam açılmamış, Səxavət
əlində çay qutusuyla gülə-gülə içəri
girdi. "Çempion" çayını görən
Rafaelin ovqatı təlx oldu.
Səxavət çayı dolabın
gözünə qoyub dedi:
- Bu dükançı da məzəli adamdı e,
deyir, siz ki bu qədər çay içirsiz, büdcə
çətin düzələ.
Rafael bildi ki, dükançı
elə söz deməyib, Səxavət bununla aranı qatıb
bayaqkı pərtliyini ört-basdır edir. Stola
yaxınlaşıb krossvordun ilk sualını oxudu:
"Günəş Allahı".
"RA"
deyən kimi Aqillə Səxavət stola cumdular.
Musiqi aləti - "tar".
"Çörək" - "nan..."
Elektrik samovarı asta-asta pıqqıldayırdı. Aqil ciblərini
eşələyib evdən götürdüyü konfeti
axtarırdı. Bir də baxdı ki, əynində başqa
kostyumdur, naçar qalıb qənddanı stolun üstünə
qoydu. Şıdırğı iş gedirdi, sözlər
tapılırdı, krossvord dolurdu. Nahar fasiləsinə
çatanda krossvordda bir-iki çətin söz
qalmışdı, onu da nahar edib tapacaqdılar.
Rafael otağın qapısını
bağladı, Aqil müdirin stolunun
üstündən qəzeti götürüb ehmalca
bükdü. Səxavət yeməkqabağı
çayları süzürdü. Evdən gətirdikləri
bankalar asta-asta ortalığa gəldi. Səxavətlə
Aqilin gözü Rafaelin bankasındaydı. Bu gün də
yarpaq dolması gətirmişdi. Bankanın qapağı
açılan kimi otağa yarpaq ətri yayıldı, üzlərinə
sevinc qondu. Yemək çox çəkmədi. Havadan-sudan
danışa-danışa yeyib qurtardılar. Aqil
qab-qaşığı yumağa apardı. Səxavət
ağzını marçıldada-marçıldada
üzünü Rafaelə tutdu:
- Əşi, özüm bilə-bilə elə dedim də. Guya, bilmir mən
müsəlmanam? Fatmayıda da ateist olar?
Rafael bir söz demədi.
Aqil qabları gətirib yerbəyer eləyəndən sonra qəzeti sərib
əliylə sığal çəkdi. Krossvorda baxıb
soruşdu:
- Şaxta babanın vətəni.
Rafael sualı eşidəndən
sonra siyirmələri eşələməyə
başladı. Səxavət də güzgüdə zərgər
dəqiqliyi ilə səliqəyə salınmış
bığına - eyni ölçüdə düzülən
tüklərə baxırdı:
- Yenə bığımı
"çotki" düzəltmişəm
ha... Laplandiya!
Aqil qələmi götürüb
xanalara hərfləri yazanda Rafael Səxavəti
diqqətlə süzürdü. Bir ay qabaq başına
açdığı oyunu hələ də ona keçməmişdi.
Həmin
gün rəis Rafaellə Səxavəti yanına
çağırıb qabağındakı kağızı
onlara göstərmişdi:
- İkinizi də Dövlət Karantin Xidmətinə yoxlamaya
yazmışam. Vicdanım haqqı, pul yox e, gedib orda
çörək kəssəz, məndən inciməyin, sizi
tutduracam. Nə var, nə yox, yazın, gəlin, nə olsa,
sizi də nəzərə alacam.
Səhərisi gün Rafael düz
doqquzun yarısı Azadlıq prospektində - vədələşdikləri
yerdə gözləyirdi. Səxavətin gömgöy
"Moskviç"i boz binaların beton sifətləri
arasında göründü. Rafael yola tərəf təzəcə
bir addım atanda maşın onun yanından sivişib
keçdi. O, bir şey anlamadı. Fikirləşdi, bəlkə,
səhv salıb. Arxadan boylandı, yox, Səxavətin
"Moskviç"idi, sağ güzgüsü də
sallanır. Əl eləməyin də mənası yoxdu. Bu
güzgü asfalta baxır. Bilmədi, neynəsin,
qayıdıb səkidə durdu. Öz-özünü
söyməyə başladı: "Nahaq satdım
"Jiquli"ni. Satdım, verdim Tahirə, o da belə..."
Birdən
"qədeş gəlmirsən?"
səsi qulağında cingildədi. Səxavət
başını sərnişin tərəfdən pəncərədən
çölə çıxarıb bic-bic gülürdü.
Rafael heç nə demədən maşına oturdu.
- Qədeş, manatlıq adam düşdü, dedim, əlimdən
çıxmasın, - Səxavət dedi.
Dövlət Karantin Xidmətinə
çatanda qalstuklarını düzəldib
idarəyə girdilər. Hamı üzdən gülsə də,
qəfil gələn qonaqlar heç kimin ürəyincə
olmamışdı. Səxavətlə Rafael bütün
maliyyə işçiləri kimi bu münasibətə
öyrəncəli idi, ona görə veclərinə
olmadı.
Texniki təchizat şöbəsinin
rəisi çox vurnuxurdu, həddən
artıq canıyananlıq edirdi. Bir stulu aparıb, o birini gətirirdi,
dayanmadan girib-çıxırdı. Bilirdi, sonda bəla onun
başında partlayacaq. İndidən görüm-baxım
edir, eyni anda evdəki pulları, alacaq yerləri
düşünürdü.
Günortaya az qalmış
təchizat rəisi asta səslə dedi:
- Vallah, yoxlamaya dəxli yoxdu, durun, gedək, bir tikə
çörək yeyək, - Rafael necə baxdısa, rəis pərt
oldu. Dinməz-söyləməz çıxıb getdi.
- Əlimi yuyub gəlim, gedək, buralarda sosika-çörək
yeyək, - Rafael dedi.
Səxavət qurcuxdu, hiss olunurdu,
vaxt udur. Bu dəm təchizat rəisi gülə-gülə
içəri girdi:
- Məllim, hazırdı,
10 demişdiz, 20 litr vurdurdum.
Təchizat rəisi bunu deyəndə, Rafael bildi ki, aləm bir-birinə
dəyəcək.
Yoxlama bir ay çəkdi.
Söhbət öz rəislərinə çatdı, hər
gün ikisini də itdən alıb, itə verdi. Axırda
köməyə yenə də Aqil yetişdi. Rəisdən
yaxa qurtarmağın yolunu ancaq Aqil bilirdi. Aqil rəisin
yanına girən kimi təzə terminləri saymağa
başladı; struktur, innovasiya, rezident sözləri havada
uçdu. Rayondan vəzifəyə gətirilən adama da
heç bu sözləri demək olar?
- Rədd olun, gedin, işinizi görün!
Həmin
gündən sonra rəis bir də bu söhbətə
qayıtmadı. Rafael bu biabırçılığı
unuda bilmirdi. Ancaq indi "Laplandiya" deyəndə onun
gözünə Səxavət lap Şaxta baba kimi
görünmüşdü.
***
İş
gününü başa vurub küçəyə
çıxdılar. Səxavətlə Rafael qabaqda, Aqil də
onlardan arxada gəlirdi. Metroya tələsirdilər, bu vaxtlar
metroda iynə atsan, yerə düşməzdi. Aqil bir ara
qabağa keçdi. Rafael zarafatla: "Azacaqsan, çox irəli
getmə", - dedi.
Aqil kənd uşağıydı,
şəhərin küçələrini
yaxşı tanımırdı, elə bilirdi ki, hansı
küçəni axıra qədər getsə, bir də
qayıda bilməyəcək, itib batacaq. Ona görə hara
gedirdisə, yolda mütləq küçəni dəyişirdi.
Yolunu uzatsa da, küçələri aldadırdı, istəmirdi
küçələr onu birdəfəlik şəhərdən
azdıra.
Aqilə
elə gəlirdi, şəhərin yolları olmasaydı, adamlar
mehriban olardılar. Onları heç yerə gedib
çıxmayan yollar bədbəxt edib. Belə
düşüncələrini ara-sıra yoldaşlarına da
demişdi.
Küçəni burulanda Səxavətin
ayağı çuxura düşdü, səndələdi,
Rafael tez qoluna girdi:
- Nə oldu sənə?
- Bilmirsən? Başım itib, fikirdəndi.
Birdən
ayılan kimi oldu:
- O biri sözü də
tapdım, "tramvay".
Sevindilər. Metroya çatanda Aqil dayandı:
- Gəlin, bir siqaret çəkək, sonra minərik, - deyib
qoltuq cibindən "Viceroy" çıxardı.
Səxavət başını yellədi:
- Ağlın çatmır,
vallah. Biz siqaret çəkirik?
Aqil fikir vermədi, nazik plaşını düzəldə-düzəldə
siqaretini sümürürdü. Bakının sərin küləyi
onun az-maz çallaşmış saçlarını
oxşayırdı. Ağaclarda payıza təslim olmayan həyasız
yaşıl yarpaqlar əsirdi.
Rafaellə Səxavət göz-gözə
gəldi. Aqil şən
görünürdü, amma onun intihar edə biləcəyindən
çox qorxurdular. İkisi də eyni vaxtda eyni şeyləri
düşündülər, Səxavət dözmədi:
- At yerə o zibili, gəl, yoxsa, basabasa düşəcəyik,
- deyib Rafaeli metroya tərəf dartdı. Aqil siqareti
tullayıb onlara qoşuldu.
Səhəri gün işə
çatan kimi Səxavətin dünən
tapdığı sözü də xanalara yazdılar.
Krossvordda tapılmayan bircə söz qaldı. Bu gün
tapılsa, sabaha yenisini alacaqdılar, hər şey yenidən
başlanacaqdı. Sözün, cəmi, iki hərfi məlumdu;
"L" və "k"hərfləri. Bir az da uzun söz
idi, belə sualla da ilk dəfə
qarşılaşırdılar.
İlk cavab Səxavətdən gəldi: "Hamiləlik", - dedi və deyən
kimi də peşman oldu. Söz üçünün də
içindən keçdi. Vəziyyətdən heç
cür çıxmaq olmurdu. Hərə öz stoluna
yaxınlaşdı. Krossvord ortada qalmışdı. Heç
kim qəzetə yaxınlaşmağa ürək eləmirdi.
Səxavət qəzetə baxdı, ürəyində dedi ki,
bir də krossvord yazmayacaq. Gözü güzgüyə
sataşdı. Fikirləşdi, evə gedib
bığını təmiz qırxsın. İndicə rəis
gəlib üçünü də danlasaydı, lap ürəklərindən
olardı. Səxavət bu sözü evlənən gündən
yara kimi içində saxlamışdı.
Səxavətə öz qohumunu almışdılar. İnsafən, Xədicə
gözəl-göyçək, tərbiyəli, imanlı
qadındı. Əvvəl hər şey ürəkləri
istəyən kimi gedirdi. Bir il keçəndən sonra qohum-əqrəba
uşaqla bağlı xısınlaşmağa başladı.
Hər keçən il bu səslər artırdı,
axırda xora çevrildi, dünyanı Səxavətlə Xədicəyə
dar elədi. Kimə salam verirdilər, birinci sual bu olurdu:
- Ay Xədicə, bir şey
var?
Bu sualdan daha betəri
dualar idi. Nə söhbət olurdu, araya salıb "Allah sizə
bir övlad nəsib eləsin" deyirdilər, Səxavətlə
Xədicənin ürəyini oxlayırdılar. Hər belə
söhbətdən sonra Səxavət balacalaşır, Xədicənin
deyingənliyi artırdı. Adi sual, adi söz böyük
davaya çevrilirdi. Süni mayalanma söhbətləri
çıxanda Səxavət çox götür-qoy elədi,
axırda ürəyini Xədicəyə açdı. Xədicə
başıbağlı, dindar qadındı, daş atdı,
başını tutdu. Səxavətə dedi ki, bu söhbəti
bir də eləsən, başımı açacam. Səxavətə
elə gəldi, Xədicənin bütün hikkəsi bu
çadranın altındadı, açsa, ərşə dirənəcək.
Ona görə söhbəti bir də dilinə gətirmədi.
Səxavət Xədicəyə söz çatdıra bilməyəndə
qayıdırdı ki, Rafaelin gətirdiyi dolma min dəfə sənin
yeməyindən dadlıdı.
***
Günlər
beləcə keçir, söz tapılmır, otaqda oturmaq
dözülməz olurdu. Əslində bu həngamələrsiz
də otaq bir şey deyildi. Mebel, demək olar, yox idi. Başda
şöbə rəisinin üç barmaq
hündürlüyündə "T" hərfli stolu, bir də
işçilərin üç balaca stol və stulları
vardı. Rafaellə Aqil pəncərə önündə, Səxavət
də lal divarın qabağında otururdu. Otağa girən
kimi sağ əldə balaca dolab vardı. Onu şöbənin
mətbəxi kimi işlədirdilər. Baxanda adama elə gəlirdi,
bu otağa heç insan nəfəsi dəyməyib. Bircə
balkonun məhəccərində dinməzcə ora-bura vurnuxan
sərçə dünyada yaxşı şeylərin
olacağından xəbər verirdi.
Artıq
yeddi gün idi, söz tapılmırdı. Səhər
iş təzəcə başlamışdı, qonşu
şöbədən Gülşən nazlana-nazlana otağa
girdi:
- Nu çto rebyata,
tapmadız?
Gülşən ara-sıra şöbəyə
gələndə dikdabanından
çıxan səs burdakı yeknəsək ritmi pozurdu. Onun
geyim-keçimi əla, ətri də gendən adamı məst
edirdi. Amma nədənsə bu qızın heç nəyi
xoş ovqat yaratmırdı. Ən çox da Aqilin onu görməyə
gözü yox idi. İndi Gülşənin ədabazlığı
onu lap özündən çıxardı. Səxavət
Aqilin üzündə bunu hiss eləyən kimi tez dilləndi:
- Ay Gülşən, bu qədər
gözəlliklə niyə ərə getmirsən?
- Səxavət müəllim,
əri neynirəm, gəzib
dolaşıram, sorub-soruşduranım yox, həyatın
dadını çıxarıram. Mənimçün ərə
getmək iki vur ikidi.
- Bəs sevmək, eşq?
- A kişi, nə sevmək, nə
eşq ? Pul olsun e, pul, denqi.
Bu söz Gülşənin ağzından çıxan kimi Aqil
qışqırdı:
- Sevgisizlik!..
Necə
bərkdən və ürəklə dedisə, Gülşən
otaqdan çıxanda dikdabanının səsi eşidilmədi.
Səxavətin gözləri parıldadı.
Deyəsən, məşəqqət bitəcəkdi. Krossvord
Rafaeldəydi. Aqil tez Rafaelin yanına qaçıb, krossvordun
xanalarına zilləndi.
Aqilçün bu xanaların mənası başqa idi. O bu xanalara baxanda əvvəllər
işlədiyi Qadınlar üçün İslah-Əmək
Müəssisəsini xatırlayırdı.
Hər xana ordakı bir hücrə, hər xanadakı hərf
oranın qadın sakini idi. Bəzisi yaşlı, bəzisi
cavan. O, hərfləri də yaşlıya, cavana
ayırmışdı. Hər dəfə xanalardakı hərfi
tapanda dünyada ən çox sevdiyi qadına - Şəhlaya
qovuşacağına inanırdı.
Aqil Şəhlaya 1 nömrəli
qadın təcridxanasında rast gəlmişdi. Bəstəboy,
qəhvəyi saçları çiyinlərində, gözləri
ala, balaca burnu sifətinin düz ortasında, dodaqları
şehli... Burda qadınlara diqqət etmək kişi zabitə
yaraşmazdı. Həm də hamı bu məsələdə
bir-birinə göz-qulaq idi. Yüngül səhv adamı
işindən edərdi. Aqil qadın türməsində hər
cürünü görmüşdü. Elə bu səbəbdən
də evlənmək ağlının ucundan keçmirdi. Elə
yalanlara şahid olmuşdu, elə hiylələr
eşitmişdi, öz anasından şübhəyə
düşürdü. Ona elə gəlirdi, uşaqlıqdan
anası ilə atasının aralarındakı davaların
hamısının günahkarı anasıdır. Türmədə
keçirdiyi saatlarda dünyadan, ən yaxşı, ən
müqəddəs hisslərdən soyuyurdu. Ta Şəhlanı
ikinci dəfə görüb danışana kimi. Elə ciddi
söhbət də deyildi. Sadəcə, rejim barədə yeni
məhbusu məlumatlandırmaq, içəridə öz
adamı eləməkçün adi əməliyyat söhbətlərindən
biri idi. Nə oldusa, orda oldu. Şəhla
qarşısındakı zabitə nifrətlə cavablar verdi.
Hər dəfə üzünü turşudub cavabdan
yayınanda Aqilin içinə isti qurğuşun
damcıladı, içi-içalatı istiləndi,
ağırlaşdı, zindana döndü. Bilərəkdən
söhbəti uzatdı, mənasız danışdı, hərdənbir
qadın zabit otağa girib-çıxırdı, söhbətin
uzun çəkdiyinin fərqində olduğunu Aqilə eyham
vururdu, amma nə fayda?..
Şəhla bezib durmasaydı,
Aqil bu söhbətlə də ömrünü bada verib,
ölüb gedəcəkdi. Şəhla icazəsiz-filansız
otaqdan çıxdı, Aqil bir nöqtəyə zilləndi,
anladı ki, hər şey daha əvvəlki kimi olmayacaq. Bu təhlükəli
vəziyyət onun ömrünün ən gözəl
çağı idi. Ya Şəhla, ya da ömür boyu
boşluq və rəzalət!..
Bəla
günü-gündən artdı,
Aqili bürüdü. Ona elə gəlirdi
ki, Şəhla məktəb yoldaşı olub, uşaqlıq
sevgisidir, onu min ildir tanıyır.
Şəhla da ilk vaxtlar Aqili görəndə
üzünü çevirirdi, onun işindən də,
özündən də iyrənirdi. Ancaq günlərin birində
Aqilin saçlarına baxdı, gözlərindəki əzabı
gördü, yazığı gəldi. İstədi,
bağrına basıb hönkürsün, özünü ələ
aldı. Aqil Şəhlaya çatanda cibindən konfet
çıxarıb əlləri əsə-əsə
uzatdı, Şəhla aldı, ovcunda sıxdı, Aqil quş
cələsi kimi hörgülərdən göylərə
baxdı.
Aqil işdən sonra küçəyə çıxanda
özünü itirirdi, bilmirdi, hara getsin, hara getsə, Şəhladan
uzaqlaşırdı... Bütün küçələr gəlib
burda, bu türmədə düyünlənirdi.
O, dərdini bircə uşaqlıq dostu Elşənə dedi, o da
zarafata saldı, öyüd-nəsihət verdi. Şəhlanı
söymək istədi, Aqil elə baxdı, qorxdu, söymədi.
Onda Aqil bildi ki, 30 ildir dostluq etdiyi adam onun düşmənidir.
Rafael başını yellədi:
- Ay Aqil, hərfin biri artıqdır.
Səxavət gülüb dedi:
- Tapsam, elə mən tapacam, sizdən bir iş çıxan
deyil.
Bu sözlərdən sonra
Rafael hirsindən bilmədi nə desin, qayıtdı ki, Səxavət,
toqqanı düzəlt.
Ramazan ayının tən ortasıydı. Səxavət gəlib hər
gün kənddə verilən iftar süfrələrindən
ağızdolusu danışır, yeməkləri bir-bir
sadalayırdı. Rafael də eyni vaxtda Səxavətin oruc
tutmadığını onun başına qaxırdı.
Bunları eşidib Səxavət deyirdi:
- Vallah, mənim ürəyim oruc tutanlardan min dəfə təmizdir.
Neçə gündü hərə
bir söz tapıb deyirdi, başqa
şöbələrə də hay
düşmüşdü. Rafael evdən çıxandan
yolboyu sözü axtardı, ağlına heç nə gəlmədi.
İşə çatdı, əlindəki bankanı çəkməcəyə
qoyub, krossvordu rəisin stolunun üstündən
götürüb zəndlə baxdı. Hərə öz
işindəydi.
- Tapdım, "yetimlik".
Aqillə
Səxavət dik atıldılar. Aqil cumub qəzeti
götürdü, damaları saydı, üzü əyildi:
- Saya da bilmirsən?
Rafael bir də diqqət
edəndə gördü, düz deyir, damalardan ikisi boş
qalır.
Səxavət yaxınlaşıb Rafaelin
əlindən tutdu, Rafael başını
aşağı saldı.
O, Tahirin ölümündən
sonra çarəsiz qalmışdı. Qırğın-qiyamətlə
evlənmişdi Tahir. Qızın atası daş atıb
başını tuturdu. Söhbət indinin söhbəti
deyildi, nəsil-nəcabət davasıydı. İndi də gəlib
Tahirin başında çatladı. Kənddə dilə-dişə
düşmüşdülər. Atası Tahiri
danlayırdı:
- Başına qız qəhətdi? Sümüyümü it
sümüyünə calama, - deyirdi.
Tahirin tək ümidi adı nəsillə bir olan Rafaelə
qalmışdı. Əncam çəksə, bircə Rafael
çəkər. Araları açıq olmasa da, dərdini
anlatmışdı, elə Rafael də məsələdən
hali idi. Səhərki söz-söhbətdən sonra Rafael gecə
anasını yuxuda gördü. Gördü, kefsizdir. Öləndən
heç yuxusuna girməmişdi. Tezdən əl-üzünü
yumamış Tahirə xəbər göndərdi:
- Qızı qaçır,
gətir bizə!
O gündən Rafael həm
atasıyla, həm də qızın qohum-qəbiləsiylə
düşmən oldu. Kənd-kəsəkdən kim dilləndi,
ağzından vurdu: "Ölməmişəm ki, lazım gəlsə,
burda da qalacaqlar!"
Elə də oldu.
Tanış-bilişdən iş soruşdu. Tərs kimi iş
də tezliklə düzəldi. Dostunun Puşkin küçəsindəki
"Exchange"ində. Əli-ayağı quru, qazancı da
yaxşı. Rafael həm sevinirdi, həm də qürrələnirdi.
Bir sevdanı, bir sevgini xilas eləmişdi. Bilirdi, hər
şey axarına düşəcək. Dünyada qız
qaçıran bir Tahir deyildi ki...
Ta keçən ilin qara qış gününə kimi. Həmin
gün də oynaya-gülə evdən çıxdılar,
yolboyu Rafael Tahirə tapşırdı, ev axtarsın:
"Şükür, özünü dolandıra bilirsən,
beşdən, üçdən dala da atırsan. Tək
yaşasaz, bir az da qənaət edərsiz, məsuliyyətli
olarsız".
Bu, iki qardaşın son
danışığı, son dərdləşməsi oldu.
Günorta Tahiri iş yerində güllələdilər.
Rafaelin beli sındı, ömrünə əbədi qar
yağdı.
Bir tərəfdən, qardaş
itkisi, bir tərəfdən də,
qarnı burnunda qız üzlü gəlin.
Kənd-kəsəkdə deməli, danışmalı söhbət
deyil. Günahın hamısı
yığılıb-yumrulanıb qaldı Rafaelin boynunda. O
gündən Rafael heç nəyə gülə, heç nəyə
sevinə bilmir, günü-gündən əriyirdi. Bircə
ümidi o körpəyə qalıb, bəlkə,
doğulmağıyla nəsə dəyişə. O da bəlkə...
Rafaelin canında elə ağrı vardı ki, onu izah etmək
mümkün deyildi. İndi o, həqiqəti, sevinci, kədəri
qarışdırırdı. Özünə
ömrünün etiraflarını edir, etiraf etdikcə tək
qalmaqdan qorxurdu.
İndi də bu söz
bəla olub keçmişdi boğazına. Otaqda bir az
qalsaydı, ürəyi dayanacaqdı:
- Uşaqlar, mən gedib bir az hava alım, gəzişim.
Əlində nə vardısa,
qoyub otaqdan çıxdı. Səxavət
dalıyca qışqırdı:
- İstəyirsən, evə
get, soruşan olsa, deyərik, sənəd apardı.
Yəqin
ki, Rafael bu sözləri eşitmədi,
günün sonunacan heç onu gözləyən də
olmadı...
***
Ramazanın
sonu yaxınlaşmışdı, amma söz
tapılmırdı. Söz tapılmadıqca münasibətləri
pisləşir, yeməklərini də tək yeyirdilər.
Bircə krossvordun başına yığışırdılar.
Belə getsə, salam-kəlam da kəsiləcəkdi.
İşə də ayrı-ayrı
gəlirdilər, heç kim heç kimi əvvəlki
kimi gözləmirdi. Çay qoymağa da həvəs yox idi.
Təzəcə oturub kağız-kuğuzu
yerbəyer edirdilər, qapı şəstlə
açıldı. Qapının səsindən rəisin gəldiyi
hamıya aydın idi. Rəis içəri göz gəzdirəndən
sonra azca sağa çəkildi, arxasınca ortaboylu,
üz-gözündən rahatlıq yağan, ağ köynəkli,
"parlament" kostyumlu cavan
oğlan peyda oldu.
- Sizin şöbənin təzə rəisidi, tanış olun -
Rüfət müəllim.
Rəis
bu sözləri deyib üçünün də sifətinə
baxdı. İlk dillənən Səxavət oldu:
- Xoş gəlmisiniz, mənim adım Səxavətdi, bu Rafael, bu da
Aqil.
Qabağa
gəlib görüşdü.
Rafaellə, Aqil görüşməyə qorxan adamlar kimi
başları ilə özlərini təsdiqlədilər.
İdarə rəisi elə sifət elədi, bilinmədi
gülür, ya nifrət edir, çönüb otaqdan
çıxdı. Şöbənin yeni rəisi otağa nəzər
saldı, boş qalan stoluna baxdı. Stolun üstü
qarmaqarışıq idi. Səxavət fiti başa
düşdü, cəld rəis stolundakı hər şeyi
qamarlayıb götürdü. Rəis yerinə keçdi,
kreslosunda oturdu, oturan kimi narahat oldu:
- Bunu dəyişmək
lazımdı, - dedi.
Rəis
yerinə keçəndən
sonra otağa səssizlik
çökdü. Balkonda bayaqdan dinməzcə ora-bura boylanan
sərçə "pırr" eləyib uçdu.
Aqil ciblərini qarışdırdı:
- Bəlkə, çay qoyum, içək?
Rəis
stoluna əl çəkə-çəkə: "Kofeniz
yoxdu?" - deyib başını qaldırdı.
Rafael birdən anladı ki, bu
otaqda səkkiz ilə yaxındır oturur, heç vaxt burda
kofe içilməyib.
Səxavət yazıqlaşdı, "yox" dedi.
Yazıqlaşan kimi səsi kallaşırdı, öz səsinə
oxşamırdı.
Rəis
çiyinlərini çəkdi:
- Neynək, dəmləyin, içək.
Sözlər doğma gəldi,
qırışıqları
açıldı. Aqil cibindən üç dənə
konfet tapıb qəndlərin üstünə düzdü, qəndqabını
rəisin stoluna qoydu. Krossvord Rafaelin stolunun üstündəydi.
Ehmalca qatlayıb siyirməyə qoyanda nəsə
aşdı, təzədən açıb baxmağa
utandı. Aqil elektrik samovarını yandırıb gözləyirdi,
samovar həmişəkindən çox səs salmağa
başladı. Ümidi ona idi ki, otaqdakı soyuq ab-havanı
isti çay mülayimləşdirə. Rəis durdu, ora-bura
baxıb nəsə yadına saldı, otaqdan
çıxdı. Rahat nəfəs aldılar.
Səxavət gülümsədi:
- Pis adama oxşamır.
Deyəsən, imkanlıdı.
- Görmürsən, kofe istəyir? - Aqil stəkanları yan-yana düzə-düzə
dedi.
Çox
keçmədi, rəis
telefonda rusca danışa-danışa
qayıtdı. Telefonu da bahalı idi. Səxavət telefonu
görən kimi maşınının güzgüsü
yadına düşdü.
Rəis
danışığını bitirdi, yerini rahatladı,
çaya baxdı, stəkanı götürən kimi isti əlini
yandırdı. Özünü o yerə qoymadı,
çönüb divardakı Ramazan təqvimini ifadəsiz nəzərlə
süzdü:
- Oruc tutursuz? Allah qəbul
eləsin.
- Çox sağ olun, - Səxavət dedi.
Təzədən otağa sakitlik
çökdü. Rafael balkonun məhəccərinə
baxdı, sərçə qayıtmamışdı.
Rəis
çaydan bir qurtum içib üzünü Səxavətə
tutdu:
- Ağsaqqal, bu iş mənim üçün
"tramplin"dir. Başqa işə gedəcəm, papa məcbur
elədi. Siz məndən çəkinməyin, bu vaxta qədər
necə işləmisinizsə, elə də davam edin.
Bu sözlər üçünə
də rahatlıq verdi. Aqil Rafaelə
göz elədi. Rafael siyirməni açıb qəzeti
götürəndə gördü ki, dolma bankası
aşıb, siyirmənin içi yamyaşıldı. Tez qəzeti
yoxladı, qəzet bulaşmamışdı. Ürəyi
yerinə gəldi. Qəzeti stolunun üstünə sərdi.
Səxavətlə Aqil yaxınlaşmağa ürək eləmədilər.
Lapdan Səxavət üzünü rəisə tutub
qayıtdı:
- Rəis, krossvordun bir sözünü neçə vaxtdı nə
illah edirik, tapa bilmirik. Bəlkə, siz kömək edəsiz?
Rəis
əvvəl başa düşmədi. Sonra ayağa durub Rafaelin
stoluna yaxınlaşdı. Krossvord əzik-üzük
olmuşdu. Rafael əli ilə sözü göstərdi.
Rüfət sözə diqqətlə
baxdı, gözünü qıydı,
dodaqları qaçdı.
İlham
Əziz
Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, №43.- S.24-25.