Azadlıq
Hekayə
Vətən müharibəsi
şəhidi Oktay Səfərovun əziz xatirəsinə ithafən...
Tülkü balasına qayğı göstərdiyinə, həyətlərindəki küçüklərdən, mavrulardan ayırmadığına görə hamı Oktaya təəccüblə yanaşırdı.
Tülkü balasını məktəbdən qayıdanda kolluğun kənarında tapmışdı. Soyuq qış günü idi, bala tülkü əsim-əsim əsirdi, üstəlik, qabaq pəncəsinin biri yaralanmışdı. Onun necə yaralandığını heç kim bilmirdi. Oktayın yolunun üstünə haradan, necə gəlib çıxmışdı, o da məlum deyildi. Oğlanın xeyirxah uşaq qəlbi heyvana bağlanmışdı.
Bala tülkünün anası-filan yox idi. Bu dünyada, bəlkə də, ən yalqız tülkü balası idi. Oktay heyvancığazı gödəkcəsinə büküb həyətlərinə gətirmişdi. Anası Zülfiyyə xala tülkü balasını görəndə əvvəlcə nə deyəcəyini bilməmişdi. Oktay anasının ətəyindən yapışıb dil tökmüşdü:
– Yazıqdır, ana, heç olmasa, bir az saxlayaq. Sonra buraxacağam, gedəcək.
Anası Oktayın gözlərindəki aşıb-daşan mərhəmətdən kövrəlib razılaşmışdı:
– Yaxşı, balam. Sən deyən olsun. Amma həmişəlik
bizimlə qala bilməz, özün bilirsən.
– Bilirəm! – deyib başını yelləmişdi,
– Bala tülkülər
küçüklər, mavrular
qədər şirin olur. Amma tülkülər
haqqında adamlar pis fikirləşir. Tülkülər toyuq-cücələri
oğurlayıb yeyirlər
deyəmi? Amma pişiklər
də göyərçinləri
və cücələri
oğurlayıb yeyirlər.
Həmişə cücələri
pişikdən güdməyimi
tapşırmırsan? – Oktay
fikirli-fikirli əlavə
eləmişdi.
– İnsan tülküləri
əhliləşdirə bilməyib.
Əhliləşdirilən heyvanlar bizə bir köynək yaxındır.
– Məncə, ayrı-seçkilik
düzgün deyil! Axı bu balaca
məxluqun kimə ziyanı var? Bax gör, nə şirindir?! – Oktay heyvanın üzünü
anasına sarı tutdu.
Zülfiyyə xalanın dodaqları
qaçdı.
Günlər ötür, tülkü
balası Oktaygilin həyətində yeyib-içib
yatırdı. Artıq
xeyli böyümüş,
daha da gözəlləşmişdi.
Getdikcə axsamağı
da az hiss olunurdu.
Qonşular tülkü balasına
görə narahat olur, tez-tez Zülfiyyə
xalanın, Əhməd
dayının qarşısını
kəsib şikayət
edir: “Bu gün-sabah qapımıza dadanacaq, toyuq-cücəmizi daşıyıb
aparacaq. O heyvanı aparıb çöllüyə
buraxın!” – deyirdilər.
Amma qışın bitməyinə
hələ vardı. Bala tülkü Oktayın şəfqətinə
öyrəşmişdi. Üstəlik,
pəncəsi tam yaxşılaşmamışdı.
Oktay heyvanı həftədə bir dəfə baytar Əlişin yanına aparırdı. Əliş
dayı deyinə-deyinə
də olsa, Oktayın yalvarış dolu baxışlarından
keçə bilmirdi. Allahtərəfi, bala tülkünün gözləri
də mənalı və hüznlü idi. Əliş giley-güzarını bildirəndən
sonra Oktayın saçlarını qarışdırır:
“Yaxşı, kişibala,
sənin xətrinə
sağaldacağam bu hiyləgəri. Gör bəxti necə gətirib? Yaxşı adama urcah olub!
Heç mənim qarşıma yaxşı
adam çıxmaz!” –
deyirdi.
Bir dəfə atası Oktayı çağırıb
dedi:
– Bala, ver o tülkünü,
aparıb çölə
buraxım. Kimsə onu dərisinə görə oğurlayıb
aparacaq! Yazıqdır!
– Necə yəni, dərisinə görə
oğurlayacaq? – Oktay heyrətlə soruşdu.
– Bilmirsən ki, tülkü
xəzli heyvandır? Ovçular onları dərilərinə görə
ovlayırlar. Sonra da dərisini
soyub baha qiymətə imkanlı adamlara satırlar.
Oktay gözləri böyümüş
halda bala tülküyə baxdı,
qəfildən onu qucaqlayıb köksünə
sıxdı.
– Yazıqları gəlmir?
– Ona qalsa, qoyunlar, toyuqlar da yazıqdır! –
atası gülümsədi.
-Yox, eyni şey
deyil! İnsanlar xəz paltar geyinməsə də, olar! Xəzi başqa şeylə əvəz eləmək mümkündür!
* * *
Oktaygilin
qonşuluğunda bala
tülküyə kin bəsləyən
iki oğlan yaşayırdı. Bu iki
dost bütün yaramazlıqları
da bir yerdə edirdi.
Bir qış axşamı Oktay dərsdən qayıdanda onunla paralel oxuyan Samirlə Nəcəfi (Oğlanların əsl adlarını gizli saxlamışıq. Bu dəcəlləri
şərti olaraq
Samir və Nəcəf
adlandıracağıq. Ona görə də Samir və Nəcəf adında bütün xeyirxah qəlbli oğlanlardan üzr istəyirik!) arxın qırağında gördü.
Həmin gün məktəbə gəlməmişdilər.
Hər ikisi əyilib pıçıldaşa-pıçıldaşa
qızğın işlə
məşğul idilər.
Oktay əvvəlcə
yaramazlara baş qoşmadı. Sakitcə yanlarından ötüb keçmək istədi. Hətta bir neçə addım onlardan uzaqlaşdı da.
Qəfildən şappıltı ilə
suya nəsə düşdü. Oktay əvvəl qorxdu ki, yaramazlardan biri suya yıxıldı. Amma
geriyə baxanda ikisinin də əllərini bir-birinə
vurub güldüklərini
gördü. Onlar suya düşən şeyi göstərib gülüşür, əylənirdilər.
– Gör necə çırpınır! Belə
olarsan! – Samir qəzəblə
dedi.
Nəcəf də ona qoşulub əylənirdi.
– Gərək boğazına
daş da bağlayaydıq!
Sənə dedim, daş bağlayaq!
– Yox, əşi! Ayaqlarını elə möhkəm bağlamışam
ki, tərpənə də
bilməz! – Samir sanki azğın düşmən
üzərində qələbə
çalmış kimi
yumruğunu düyünlədi.
Oğlanların söhbətindən məsələnin nə yerdə olduğunu anlayan Oktay məktəb
çantasını yerə
atdı, jaketini, köynəyini, ayaqqabılarını
soyunub suya tullandı. Su Samirlə Nəcəfin üz-gözünə, üst-başına
sıçradı. Yaramazlar
sifətlərini turşutdular.
Üzə-üzə bayaq
suya atdıqları tülkü balasına çatmağa çalışan
Oktayı tanıdılar.
– Bu, dəlidir-nədir? – Nəcəf
qışqırdı.
– Özü batmasa, yaxşıdır. Bizi də işə salacaq! Gəl gedək! – Samir dedi.
– Onu tək qoyaq?
– Nəcəf qorxa-qorxa
soruşdu.
– O üzməyi yaxşı bacarır. Kənddə ən yaxşı üzənlərdəndir. Narahat
olma! Tülkünü
isə çıxara
bilməyəcək.
Uşaqlar bir də ertəsi gün məktəbdə rastlaşdılar.
Dostlar tənəffüslərin
birində koridorda Oktayın qarşısını
kəsdilər.
Əlləri cibində dayanan
Samir dişləri arasında
tutduğu kibrit dənəsini kənara tüpürdü.
– Qəhrəmanlıq eləmək
istəyirsən? Guya sən yaxşı oğlansan da, hə? – deyib Oktayı sinəsindən itələdi.
– Bəs siz niyə
qəddarlıq eləyirsiniz?
Balaca tülküyə
gücünüz çatdı?
– Tülkünü xilas eləyə bildin, qəhrəman? – Nəcəf
istehza ilə güldü.
– -Xilas da elədim, evə də apardım! Pisliyiniz özünüzə qaldı!
– Oktay yandı-qındı
verdi.
– Böyüyüb toyuq-cücənizə
divan tutanda sənə
deyəcəyəm! – Samir şəhadət
barmağını gicgahına
aparıb fırlatdı,
– Öz toyuq-cücəniz
bir yana, bizimkiləri də qırdıracaqsan! Qaytar onu bizə!
– Niyə qaytarmalıyam? Təzədən boğmağınız
üçün?
– Özümüz bilərik!
– Özbaşına deyilsiniz
ki! Tülkü də
canlıdır, oyuncaq
deyil. Onunla istədiyiniz kimi davrana bilməzsiniz. Özü də, o mənim tülkümdür!
– İstədiyim kimi davranaram, o yana da keçərəm! – Samir Oktayın
üstünə cumdu,
– Tülküsü varmış!
Adam da tülkü saxlayar?
Oktay dava-dalaşı sevməzdi.
Amma kiminsə qabağından
qaçan da deyildi.
Lap uşaqlıqdan idmanla
məşğul olur,
çoxlu fəndlər
bilirdi. Bu dəfə də maraqlı, gözlənilməz fəndlə
Samirin zərbəsindən
qorundu. Amma özü
onu vurmadı. Samirin əli divara dəyib bərk əzildi.
Oğlanlar yenidən Oktayı
təkləmək, əvəz
çıxmaq istəyirdilər
ki, dəhlizin o başında
məktəbin idman müəllimi göründü.
Samirlə Nəcəf
məcbur qalıb Oktaydan aralandılar.
Amma Samir uzaqdan yumruğunu yelləyib hədələdi:
– Bu iş belə qalmayacaq. Görərsən
sən!
Altıncı dərs qurtarmış,
uşaqlar yavaş-yavaş
çantalarını götürüb
evlərinə dağılışmağa
başlamışdılar. Oktay da çantasını
çiyninə keçirib
evə tələsirdi.
Paralel sinifdə oxuyan Gülər qaça-qaça
özünü ona çatdırdı. Qız
elə tövşüyürdü,
elə bil ürəyi ağzından
çıxacaqdı. Oktay
gözlərini qızın
ağzına dikib nə deyəcəyini səbirsizliklə gözləyirdi.
– Samirlə Nəcəf sənin tülkünü
öldürmək istəyirlər!
– qız qaranəfəs
dedi.
– Bilirəm. Artıq bir dəfə cəhd ediblər. Amma imkan verməmişəm!
– Oktay cavab verdi.
– Neyləmək istəyirdilər?
– Suda boğacaqdılar.
Gülər başını buladı.
– Yox, tülkünü zəhərləmək istəyirlər.
Biologiya dərsində
baş-başa verib danışırdılar.
Oktayın bala tülküyə görə özünü
təhlükəyə atmağından
sonra ata-anası daha da qətiyyətlə
tülkünü çöllüyə
buraxmağı tələb
edirdilər.
Oktay iki yol ayrıcında
qalmışdı. Ya
sevimli dostundan həmişəlik ayrılıb
darıxacaqdı, ya
da bala tülkünü
gözləyən təhlükələri
nəzərə almayıb
onu həyətdə saxlayacaqdı.
Oktay başa düşürdü
ki, həmişə bala
tülkünün yanında
ola, onu qoruya bilməyəcək. Bala tülkünün də bəxti hər dəfə gətirməyəcək.
Növbəti dəfə
vaxtında yetişməyə
bilərdi. Atasının
dediyi kimi, kimsə tülkünün
xəzinə tamah salıb onu oğurlaya bilərdi. Çətin də olsa, Oktay qərar
verməli idi: ya bala tülküyə
azadlıq verib ondan ayrılacaq, ya da onu təhlükəli
şəraitdə daim
qorumaq məcburiyyətində
olacaqdı.
Atası
ilə motosikletə minib çöllüyə
yollandılar. Bala tülkünü sarı,
iri bazar səbətində
aparırdılar. Oktay
şirin, balaca dostunu səbətdən çıxarıb onunla baxışdı. Burnunu balaca burnuna söykəyib qıdıqladı.
Sonra sağalmaqda olan pəncəsini sığalladı.
Onun belini tumarlayıb dedi:
– Get, dostum! Artıq daha təhlükəsiz yerdəsən! Azadsan!
Bala tülkü əvvəl nə baş verdiyini anlamadı. Bir neçə addım uzaqlaşandan sonra yenə Oktayın yanına qayıtdı; sanki xilaskarının baxışlarını oxuyub
bu dəfə qaçmağa üz qoydu.
Bala tülkü uzaqlaşdıqca
Oktayın kədəri
azalırdı. Sevimli
dostu aid olduğu çöllərdə daha
azad, daha xoşbəxt yaşayacaqdı...
Sevinc Elsevər
Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, ¹43.- S.23.