Bağışla, mən bilmədim, sən Salamməlik

perronundan keçən sonuncu qatarsan!

 

Tanrı gözəl duyğuları yaşamağı ürəkdən hiss edən bütün insanlara xoşbəxtliyi ovuc içlərində nəsib edir. Budur, min bir həvəslə, istəklə, sevinclə, əziyyətlə addım-addım Ordubadın Kotam kəndindəki Zəngəzura açılan perronu - Salamməlikdəyəm. Bu tarixi binada, bu möhtəşəm perronda duyğuları izhar etmək çox çətindir. Sonuncu qatarın, sanki fitini eşidir, ürkək baxışlarım, titrək ayaqlarımla, uşaq təbəssümü yaranır çöhrəmdə. İllərlə yollara, sərnişinlərinə, ona əzəli və əbədi sadiq olan Araza bu qoca və yaşlı bina qürurla dirayət göstərir, bir an belə yıxılmaq, dağılmaq, yox olmaq istəmir. Axı necə yox olsun o canlı tarix? Zamanın sınaqlarından güllə yaraları ilə üzüağ çıxan bir tarix ölərmi? Xeyr, o ölməyib, qarşımızdadır. Bizi əvvəlki kimi salamlayır, sevinir və təbəssüm edir. Qəlbim dağa dönür bu perronda. Sanki hiss edirəm, Zəngəzura gedəcək ilk qatarın sərnişiniyəm.

Perrondakı qoca tut ağacı da illərin sərt rüzgarına boy verib öz sərnişinlərinin yolunu gözləyir. Axı o ağac kölgəsinə sığınan həsrətli sakinlərini öz sərinliyinə qonaq etmək istəyir, dadlı və şirin  meyvəsindən dadmağın intizarını çəkir. Axı o şənaqraq uşaq səslərinə, deyib-gülən sərnişinlərin baxışına həsrət qalıb. Həsrət qalıb cavanların itələşə-itələşə, dartına-dartına stansiyada qatarın açılan qapılarına basabasla daxil olmasına. Həsrət qalıb alverçilərin vurhavuruna, tuthatutuna, qaçhaqaçına. Həsrət qalıb qonaq yolu gözləyənlərin göynəyən gözlərinə. Həsrət qalıb əsgər yolu gözləyən anaların ağ örpəyinə. Həsrət qalıb nişanlı qızların ürkək baxışlarına. Həsrət qalıb həsrətin özünə. Həsrət də belə ağır gələrmiş həsrətin tərəzisində?!

İtkilər çox ağır olur. İnsanoğlu heç zaman itkilərlə barışa bilmir. Yaxınlarımızı itirdiyimizdə barışa bilmədiyimiz kimi. Bəlkə də, Elxan Məmmədov da Culfa Lokomotiv Deposunda maşinist köməkçisi kimi sonuncu qatarı geri döndərdiyi gün ilə razılaşa bilməyib. 1992-ci ilin aprel ayında maşinist Tahir Abuzərovla son qatarı hərəkət etdirib, bu stansiyada 8 saat gözlədikdən sonra geri dönüş edən bu adamlar axı necə razılaşa bilərlər bu tarixi ədalətsiz günlə? Bəlkə, onlar da mütləq ümidlidirlər ki, yol qısa zamanda açılacaq və onlar yeni qatarla gözü yol çəkən sərnişinlərini Zəngəzur mahalından keçərək paytaxt Bakıya aparacaqlar?!

Vaxtilə çoxlu sayda dəmir yolu heyətinin çalışdığı bu stansiya indi öz qatarlarını və sərnişinlərini ümidlə gözləməyə davam edir. Perronda tüğyan qoparan sərt rüzgar da öz hiddətini boğa bilməyərək acığını Arazdan çıxır, onun bol-bərəkətli suyunu lal qayalıqlara çırpırdı. Dünyanın hər yerində uğurla qarşılanıb əl sallanaraq yola salınan qatarları bizim iblis qonşularımız zaman-zaman gülləbaran edib, yolunu kəsərək yağmalayıblar. İnsanların bir-birinə gül uzatdığı, təbəssüm etdiyi illərdə onlar bu tolerantlığa qarşı çıxaraq içlərindəki kini qusublar. Dünyada sülhün, sevginin, dostluğun simvoluna çevrilən, ölkələr arasındakı sərhədlərdə körpü rolu oynayan dəmir yollarını və perronları yararsız hala salaraq öz simalarını ortaya qoyublar.

Ümumiyyətlə, Sədərəkdən Ordubada qədər olan dəmir yolunun uzunluğu 188 kilometrdir. 1941-ci ildə istifadəyə verilən Salamməlik stansiyasından Zəngəzur mahalının Ağbənd stansiyasına qədər olan məsafə 54 kilometrdir. İki stansiya arasında isə Zərəni, Kərçivan, Mehri, Astazur, Nüvədi stansiyaları yerləşir. Cəmi 54 kilometrlik məsafədə öz içinə qapanıb barbarlıqla hökm edən bu nasis erməni milləti, sanki bizim bəxtimizə yazılmış qara yazıdır. Amma unudublar ki, yazıya mütləq pozu var. Onlar hələ Arazın nəriltisini, gurultusunu və şaqqıltısını yaxşı eşitməyiblər. Hələ qaranlıq gecənin mütləq doğan Günəşini görməyiblər. Bu günəşli günlər çox yaxındır. Əlimizi atıb tuta biləcək qədər yaxındır. Əlbət, bir gün...

Dəmir relslər üzərində üzü Zəngəzur istiqamətində tunel körpülərə tərəf hərəkət edirəm. İlahi! Gəncliyimdən arzularımda yarım qalan o möhtəşəm tunel körpüyə yaxınlaşıram. Hər sütunu bir qaya, hər qarışı tarix qoxur bu yerlərin. İçimdən bir dəli hıçqırıq keçir. Bilmirəm, sevincdəndir, ya kədərdən, köksüm yarılır, Tanrım! Birdən boğazımdakı qəhər od püskürür. Duyğularımı gizlətmək istəməzcəsinə hönkürtüylə ağlayıram. İlahi, insanı-insana qovuşduran bu tunel körpülər necə həsrət çəkib, fəryad edir. İnsan kimi əşyalar da cansızlaşıb, həsrət çəkir, sakinliyində dincəlib, səssizliyində sükuta dönüb heykəl olur. Əlim toxunduqca, sanki bu beton pillələrin yumşaldığını, bir anda mənimlə bərabər nəfəs alıb-verdiyini hiss edirəm. İlahi, bu doğmalıq 32 ildə heç zərrə qədər də azalmayıb. Əksinə, daha da böyüyüb, alovlanıb şölələnibdi...

Qatar bu dünyanın cənnətidir mənə görə. Qatarı stansiyada görərkən həyəcan qarışıq xoş hisslərdən tutmuş, vaqonun dəmir pillələrinə ayaqlarımı basana qədər keçirdiyim hisslər mənə o qədər məhrəmdir ki, bölüşsəm, xatirəsi itər, bəlkə də. Atam deyir, ən son 6 yaşın olarkən, bu qatarla Bakıdan Naxçıvana gəlmişik. Bəlkə də, bu gün o anı hiss edirəm deyə sığınıram bu tunel körpülərə. İllərdir, içimdə yığışıb qalmış ləzzəti yaşamaq üçün o səhnəni zehnimdə təkrar-təkrar canlandırıram. Vaqonun hər pilləsinə qalxdıqca, sanki hansısa hündürlüyü fəth edir, dönüb son dəfə perrona baxanda vidalaşdığım o həzin günlərin kədəri içimə dolurdu. Qatar kupeləri mənə görə, doğmaları, yadları yırğalaya-yırğalaya uzaqlara aparan bir otaq, bir beşikdi. İllər sonra bu tunelə girdiyimizdə kupenin pəncərəsindən əl salladığımı xatırlayır və düşünürəm ki, bu mənim özünə stansiyadan baxan sərnişin kimi özünü yola salmaq istəyi idi. Uzaqlaşan qatarlar sanki mənim üçün uzaqlaşan adamlar idi. Bunları düşünə-düşünə otuz səkkiz yaşımda hələ də altı yaşlı uşağa çevrilməyimə sevinirəm. Çünki hər birimiz uşaqlaşdıqca məsumlaşır, məsumlaşdıqca dünyamızı gözəlləşdiririk.

Deyirlər, Zəngəzur yolu açılanda bütün qatarları ləğv edəcəklər, tək axırıncı qatardan başqa. O qatarı, yəqin ki, vağzalda muzey kimi saxlayacaqlar. Mən də qocalıb əldən düşənə qədər vəfalı sərnişin kimi darıxanda bilet alıb o qatardakı vaqonların birində əyləşəcəyəm. Pəncərədən çölə baxaraq, bədənimi yırğalaya-yırğalaya xəyalən yola düşəcəyəm. Sonra yenə gözlərimi yumub Culfa Lokomotiv Deposunun maşinistləri olan Elxan Məmmədov və Tahir Abuzərovun qışqıra-qışqıra "tələsin, tez olun, gecikirik" çağırışlarının sədası altında ürəyimdə təkrar-təkrar əyləşdiyim qatara pıçıldayacağam: "Bağışla, mən bilmədim, sən Salamməlik perronundan keçən sonuncu qatarsan!"

 

Fariz ƏHMƏDOV

 

Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, №43.- S.20.