Tənhalığın şeiri və ya
Aysel Xanlarqızının
poetikası
Aysel Xanlarqızı çağdaş Azərbaycan şeirində
mənsub olduğu ədəbi nəslin təmsilçiləri arasında fərqli bir yerdə dayanır. İlk kitabı çox erkən
yaşlarda, 2003-cü ildə çap olunan şairin bu
xüsusiyyəti zənnimcə, onun ənənəvi şeirə
olan münasibətindən, bağlılığından
qaynaqlanmışdır. Qələmini bəzən sərbəst
şeirdə yoxlasa da, Xanlarqızının ürəyindən
qopan duyğu selini şeir ümmanına daşıyan səs
və hiss baxımından zəngin, qüdrətli misralar ənənəvi
tərzi davam etdirdiyi şeirlərində özünü
tapır. Ancaq Xanlarqızının şeiri, ənənəviliyin
bəsit bir təkrarından ibarət deyildir. O, çox vaxt
heca şeirinə üstünlük versə də, "ənənəviliyin
sərhədlərini aşan" bir poetik anlayışın
təmsilçisi və söylənməmişləri
söyləməyə çalışır. Bu səbəbdən
Xanlarqızının kəlmələrə yeni mənalar
yükləyərək, yeni məzmun, metafora kəşf edərək
özünəməxsus bir şeir dili inşa etməyə,
bu dil ilə "yeni şeylər" söyləməyə
çalışdığını, bunda da bacarıqlı
olduğunu etiraf etmək gərəkdir:
Bu gecə
darıxmaqçün harasa bilet alım,
Toplayıb çantasını uzaqlara göndərim.
Ya mən qaçım yanına, qolların liman olsun,
Ya səni göy üzündən çəkib yerə
endirim...
Bu
dördlükdən də görüldüyü kimi,
"darıxmağa tək gedişlik bilet almaq", "həsrətin
çantasını toplamaq", "həsrəti
sürgünə göndərmək" və həsrəti
aradan qaldırdıqdan sonra sevdiyini "göy üzündən
yerə endirmək" arzusu, Xanlarqızının şeirində
orijinal poetik ifadə arayışlarının bir təzahürüdür.
Bu bənddə sürgünə göndərməklə yox
ediləcək "həsrət", klassik ədəbiyyatda
vüsalın önündə əngəl olan "rəqib"ə
bir göndərmədir. Şairin "qolları liman" olan
bir sığınacağa qaçma xəyalı ilk
oxunuşda bəşəri bir sevgi hissi kimi anlaşılsa
da, sonrakı misrada sığınılacaq olanı
"göy üzündən yerə endirmə"
düşüncəsi bəşəri körpülərdən
keçib gedən ilahi bir sevgiyə işarədir.
Xanlarqızının şeirlərində bu yeni söylənişlərə
aid nümunələr çoxdur:
Xatirələr
kirlənmişdi o gecə,
Yudum, yudum, kirpiklərimdən asdım.
Yad əllərdə isitdiyin əlini
Köz eləyib əllərimə
dağ basdım,
Mən ovcumda öləcəkdim,
sən gəldin...
Kirlənən
xatirələri yuyub kirpiklərdən asmaq
Xanlarqızının lüğətində
"ağlamaq" sözünün poetik ifadəsidir. Ürəyini
köksündən çıxarıb ovcunda daşıyan,
öz ovcunda ölmək üzrə olan bir insan portreti çəkir
o... Onu həyata döndürən isə yad əllərdə
isinən bir əli tutub köz edərək öz əllərinə
dağ çəkməsidir! Köz ilə dağlanmaq can
yandırıcıdır, acı və əzabvericidir, ancaq
onun şeirində, ovcunda daşıdığı ürəyə
həyat bəxş edir bu köz! Bu mümkündürmü?
Əgər bu "köz" sevgi atəşindən meydana gəlmişsə,
mümkündür... Bütün bu ifadələr,
gecikmiş bir sevgiyə qanadlanan ürəyi təsvir edən
şair təxəyyülünün zirvələridir.
Ayrıca olaraq burada "yudum, yudum" və "yad əllər"
sözləri eyni anda iki fərqli mənada istifadə edilərək
şeirdə məna baxımından genişlədilir. Kəlmələrin
uzaq və yaxın mənalarını çoxmənalı
şəkildə işlətmək də onun klassik şeirlə
bağlarının güclü olduğunu göstərməkdədir...
Həsrəti sürgünə göndərməyi
və azad olmağı düşünən
Xanlarqızının misralarında xoşbəxtlik və
sevinc bu duyğulara qoşularaq düşmən bir ordu ilə
döyüş halındadır, sanki. Bu əzəli
müharibə də ayrılıq meydanında cərəyan
edir:
Durdum həsrətə
qarşı, üzü qibləyə sarı,
Ruhum uçdu canımdan sənə doğru, yuxarı...
Dua etdim Allaha, "Öldür ayrılıqları!"
Kirpik çaldı gözümə
bir ilahi baxışla...
Qədim
dövrün qaynaqlarında döyüşdən öncə
bir toplanma təpəsinin müəyyən olduğundan, zəif
düşən və geri çəkilmək məcburiyyətində
qalan əsgər birliklərinin, daha öncədən müəyyən
olunan bu təpədə toplanıb yenidən savaşa
başladıqlarından bəhs edilir...
Xanlarqızının şeirlərində, misralarında da
sevincin qalib gəldiyi anlarda "ayrılıq
meydanı"nı gündüz vaxtı qaraldan cəngavər
həsrət, sanki onun ürəyini "toplanma mərkəzi"
olaraq bildirir və qəm, kədər, hüzn, böhran...
boşluqlar, uçurumlar, qaranlıqlar ordusu, onun ürəyindəki
sevinc parıltılarını söndürür, udur və
beləcə onun ruhunda yeni bir işğal başlayır...
De, necə
yuxuya verim göz yaşın,
Bu yalnız ömrümü
necə qurtarım?
"Getmə" deyəcəkdim,
dilim qurudu,
Daş düşsün başına
ayrılıqların...
Məğlubiyyətlər
qarşısında insan özünü ancaq söz ilə
müdafiə edə bilir. Bu səbəbdən
Xanlarqızı da sözə sarılıb şeirə
tutunur. Ruhun yaralarını söz ilə sarmağa,
sağaltmağa çalışan şairin dirəniş qərargahı
isə, adətən bir-birini tətikləyən, bir-birini bəsləyən,
böyüdən və hər zaman ittifaq halında olan
"gecə" ilə "tənhalıqdır"... Qaranlığın,
gecənin böyütdüyü və hüdudları olmayan
bir tənhalıq var onun şeirlərində. Bəlkə də
bunun səbəbi, misralarında dilə gətirdiyi "əlindən
düşürdüyü günəş" bəxt
günəşidir... Ya da "itirdiyi rənglər",
xoşbəxtliyin rəngləridir... Onun təkliyinə
işıq tutan şeir səmasındakı ulduz isə
çox uzaqlardadır. Hər şeyə rəğmən, bu
ulduz, sabaha ümid işığı daşısa da,
Xanlarqızının şeirləri gecənin və tənhalığın
mühasirəsi altındadır. Bu səbəblə onun
şeirini tənhalığın poeziyası olaraq
adlandırmaq da mümkündür:
Mən
darıxmaq adında ən uzun yuxu yatan,
Gözlərini boşluğa geniş
açan biriyəm.
Otağının qapısı sabaha
bağlı qalan,
Qəribsəyən gecənin tənha bir əsiriyəm...
Ancaq
Xanlarqızı uzaq ulduzların işığından da
ümidini üzmür. Bu işığa tutunaraq təkliyin
mühasirəsini yarmaq, yalnızlıq əsarətindən
qurtulmaq, içini gəmirən şübhələrdən
arınmaq, ruhunu bir dərviş hüzuruna qovuşdurmaq və
qanadlarını geniş açaraq yenidən bəmbəyaz
buludlarla dolmuş, günəşi parıltılı yanan, rəngləri
yerinə qayıtmış dünyada, masmavi bir səmada
azadlığa uçmaq arzusundadır:
Dünyanı
qucaqlayıb qollarım - sən qarışıq,
Ayağım yerə dəymir
səndən qanad açandan.
Sən nazımı çəkəndən
naz da mənə yaraşır,
Mən həyatı sevmişəm
səni sevdiyim andan...
Onun
şeirlərində ayrılığın və həsrətin
başlanğıç nöqtəsi olan hava limanları, gəmi
limanları və dayanacaqlar eyni zamanda vüsal ümidinin də
məkanlarıdır. Qanadlanan bir təyyarə, uzaqlaşan
bir gəmi, gecikmiş bir qatar kədərin, hüznün;
limana yanaşacaq gəmilər, uzaqlardan gələn qatarlar, hətta
onun uşaq ruhunun tənha otaqda uçurduğu
"kağızdan, təyyarələr" ilə göz
yaşlarında üzdürdüyü gəmilər sevincin və
ümidin səbəbidir:
Həsrət
ürəyimdə əbədi yolçu,
Ruhum vağzalları daşıyan
liman.
***
Təyyarə
qanadından asılıbdır ürəyim,
Yolu kəsib, dayanıb ruhum - hava xəttində.
***
Kağız
göyərçinlər
uçururam başımın üstə
hava limanına dönən otağım boyu...
Bir ovuc dən
də səpəcəm
səni
aparan təyyarələrin
arxasınca,
geri dönüb ovcuma qonsunlar deyə,
Səni
mənə gətirsinlər
deyə...
Şairlik,
poetik düşüncə və estetik sərhədlər
çərçivəsində az sözlə çox
şey anlatma istedadı deməkdir. Tanrının söz
söyləyə bilmək qüdrəti bəxş etdiyi
şairlər - dünyanı, təbiəti, insanı, əşyanı
üçüncü bir gözlə görən, sənətçi
baxışına sahib insanlardır. Onların ruhunda dəli
sular kimi çağlayan duyğulu bir coşqunluq vardır.
Dolayısıyla bu fərqli baxış bucağıyla
şairlər gördüklərini və
yaşadıqlarını üstün bir dil olan şeir dili
ilə ifadə edirlər. Bu üzdən sözə hökm
edirlər. Xanlarqızı da şeirin dilini kəşf edən,
istedadlı bir şairdir. Onun şeirlərində bəzi
misraların qanadlanıb məna səmasında
uçduğunu görmək mümkündür:
Düşüb
gözlərimdən intihar edər;
Qəlbimdən atdığım saxta
adamlar...
***
Yorulmuşam
tutmaqdan göyü çiyinlərimdə,
Getmisən, yer də çıxıb fırlandığı
oxundan...
***
Kədər
gözlərim üstə qoyulmuş bir əklildir,
Göylərin sinəsinə çıxmışam
sən gələndən...
***
Sən
ömrümə gələndən üzü gülür qələmin,
Sözü bağrına basıb
xoşbəxt olub ağ kağız...
***
İslanır
gözü Tanrının,
Dua edir tək otaqda...
***
Əllərim
atasız uşaq,
Qoynumda ölür gecələr...
Xanlarqızının
müxtəlif şeirlərindən alınmış
yuxarıdakı misralar, özünəməxsus ifadə
şəkli, səs, ahəng, məna dərinliyi və anlam
genişliyi baxımından olduqca qüdrətli və
yuxarıda izah etdiyimiz kimi - onun söylənməyəni
söyləmək axtarışını isbat edən
misralardır.
Aysel Xanlarqızı son dərəcə
həssas bir ürəyin sahibi olmaqla yanaşı, eyni zamanda
da təbiətə, insana, axıb gedən həyata, hadisələrə
qarşı da son dərəcə "duyarlı" bir
söz adamıdır. Milli və insani dəyərlər sanki
bir məsuliyyəti onun şair çiyinlərinə yükləyir.
Vətənin müdafiəsində şəhid olan bir əsgərin
tabutu da, qardaş ölkədəki zəlzələdə həlak
olanların tabuta dönən evləri də bu həssaslıqla
onun misralarında dil açır:
"Duaları
duyulmamış hansısa evə
Arzuları güllələnmiş şəhid gəlirdi..."
6 fevral zəlzələsi
zamanı "nağılların qorxunc divlərə təslim
olduğu gecədə" Türkiyədəki zərərçəkmiş
insanların acısını da ürəyində daşıyır:
Türkün
al bayrağı gözün silirdi,
Vüqarlı başının çırpıb
qarını.
O gecə yağışla tozun yuyurdu
Uçulmuş binaların yaralarının...
Aysel
Xanlarqızı insani dəyərlərlə yoğrulmuş
bir şairdir. Bu səbəbdən "vəfa" duyğusu
onun şeirlərində geniş yer almışdır. Bir
çox şeirində əhdə vəfasızlığı,
qədirbilməzliyi, namərdliyi dərin bir sitəmlə dilə
gətirsə də, dostlara qarşı vəfa göstərməkdə
də ustadır. Azərbaycan şeirinin zirvə şəxsiyyətlərindən
Məmməd İsmayıla ithaf etdiyi şeirin misraları bu
vəfa duyğusunun zirvəsidir:
Büdrəyən
hər bir misranın
Qoluna girib şeirin.
Çəkmisən sözün rəsmini,
Dünyaya sevdirib şeiri.
Şərəfli ömrün qazancı
-
Qırışlarındır, deyirəm.
Ver mənə soyuq qışını,
Mən üşüyüm, mən,
ay ustad,
Ustad! Ay
ustad...
Ön
sözün sərhədlərini aşan bu yazıda, son
olaraq onun başqa bir axtarışından bəhs etmək istəyirəm.
Özünü tənhalıqdan, yalnızlıqdan
yonulmuş bir heykəl olaraq təsvir edən Aysel
Xanlarqızı şeirlərindən, dünyasından qeyb
olan, birdən-birə xəzana uğrayan və solub gedən
bahar rənglərinin arayışındadır:
İtirdiyim
rəngləri gözlərində tapsam da,
Bu rəsmi də yarımçıq rənglər, yaşaram təkcə.
***
Bir
zamanlar hardasa itirdiyim rənglər də,
Bir şair qələmindən
söz-söz şeirə düşər.
"Sən
Gəldin"adlı kitab Xanlarqızının Türkiyədə
çıxan ikinci şeir kitabıdır. "Pəncərəmə
Günəş Çək" adlı ilk kitabına Ön
söz yazan Ənvər Aykolun "Xanlarqızı şeirin xəyal
gücünə qadını qoyaraq əslində oxucunun
alışdığı sevgili qavrayışını
qırır" deyə dəyərləndirdiyi şairin bu
özəlliyi başqa bir yazının mövzusudur.
Çünki onun çox misraları bir
"qadının", "ananın" həssas ürəyindən
sevginin səmasına üfürülən
duyğulardır...Bu kitabının da türk oxucuları nəzdində
böyük marağa səbəb olacağından əminəm.
Mövlananın dediyi kimi, sözü qısa kəsib oxucunu
şairlə baş-başa buraxmaq ən gözəlidir...
16.08.2023
İstanbul
İmdat Avşar
Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, №43.- S.16-17.