Dədəm
Portret-hekayə
Uşaq yaddaşı daşa həkk olunmuş yazı kimidir.
Məhəmməd peyğəmbər (s.a.v.)
- Burdan bir atlı
keçmədi?
- Keçdi.
- Çaparağıdı, yorğaraq?
- Çaparaq (və ya yorğaraq).
- Çapsaq, çatarıq?
- Həəə.
- Dəh-dəh-dəh-dəh-dəəhhh!
Bu sual-cavabdan ibarət qısa dialoq dədəmlə bağlı
xatirələrimin əvvəlincisidi.
Yadımdadı, Sus kəndinin
Aşağı bağdakı
çəmənliyində arxası üstdə uzanıb məni qarnına mindirirdi. Atlı haqqında soraqlaşmanın həm sualını, həm də mən əvəz cavabını
deyib tamamlayandan sonra "dəh-dəh"
deyib at çapışı
qarnında məni atıb-tuturdu. Ardınca əlləri və dizləri üstdə at şəkli alıb məni belində gəzdirirdi. Papağının dimdiyini
geri hərləyib
"höl-höl" deyə-deyə
mənimlə qoç
kimi hölləşirdi.
Balaca vaxtı nənəm mənə Bozu deyirdi, dədəm
Dədəbalası çağırırdı.
Yaxşı işimi görəndə ağızdolusu
"dədəbalası" deyirdi, işim xoşuna gəlməyəndə
Ağəmmədlərə - Qızılcada nənəmin
mənsub olduğu tirə - çəkdiyimi
deyirdi. Nənəm
nadir hallarda adını
çəkərdi, eləcə
ortalığa danışardı.
Adını çəkməsə
də, dinləyənlər
bilirdi ki, dədəmdən
söhbət gedir. Nənəm hərdən dədəmə özünəməxsus
ad qoyub bizimlə məzələnirdi.
Aralıdan gələn
dədəmi uşaqlardan
birinə göstərib
deyirdi:
- Dədikun gəlir.
Dədəmin dədəsinin adı
Nemət olub. Nemət babam Sus kəndində və ətrafda ən varlı adam olub. Kollektivləşmədə
babamın 300 qoyunu çobanı və itiylə kolxoza alınır. Bu haqda kolxozun qaytanlı kitabında mal-dövləti
kolxoza alınmış
şəxs kimi (Sus, Qızılca, Zabux) bircə babamın adı varıdı. Babam səxavətli kişi olub. Kəndin xeyir-şəri üçün həmişə
sürüsündən heyvan
ayırarmış. Dədəm
danışırdı ki, qonşu
erməni kəndi Xənəzəyə getmişdim.
Ata nal-mıx almaq üçün dəmirçi
dükanına girdim. Dəmirçi erməni Susdan olduğumu biləndə atamı soruşdu. Dedim, Nemətin oğluyam. Bunu deyəndə erməni yuxalıb ağladı. Dədəmi
maraq bürüyür.
Erməni deyir ki, aclıq illərində getdim Susda Nemətin
qapısına. Uşaqların
ac olduğunu deyən
kimi, 2 öküzə
buğda yüklətdirdi,
yanıma da 2 adam qoşub dedi, bu adamı aparın
çaydan (Zabux çayı) adladın, getsin evinə. Bir dəfə də yay vaxtı uzun boylu, buxara papaqlı,
əlində çəlik
şərq ziyalısı
görkəmində bir
adam gəldi çıxdı alma bağında
olduğumuz dəfə.
Dədəmlə çox
mehriban görüşdü.
Özünü isnad verəndə
məlum oldu ki, kişi Laçının
Alıqulu kəndindəndir,
şəhərdə (Laçında)
yaşayırlar. Adı
Seyid Abbasdır. Nemət babamla dost olublar. Babamın xeyirxahlığıyla bağlı
xatirələrini danışdı.
Abbas kişi Alıquluya
qaçqın gəldiklərini,
babamın onlara heyvan damazlığı verdiyini, darda hamıya əl tutan olduğunu dedi. Sonradan bu kişinin din adamı, Quran hafizi olduğunu gördüm.
Kolxoz qurulandan sonra babamın keçmiş çobanının anası
ölür. Çoban
dağdan gəlir babamın üstünə
ki, ehsan verməyə
ətlik heyvan yoxdu. Babam deyir
ki, bəs heyvan kolxozdadı, sədrə denən anan ölüb, ehsanlıq versinlər. Çoban kolxoz sədrinə bu haqda deyir
və cavabında sədrdən gözağartması
alır. Babam ondan sonra kolxozun
nə olduğunu başa düşür.
Bir müddət sonra
o vaxt Laçında
NKVD olan şəxs gəlir babama deyir ki, atını da ver.
Babam deyir, "qoyunu sürüynən apardınız, ata dəymə". NKVD ev yıxmaqda Laçında
ad çıxartmış
adam idi. Onun əliylə Laçında çoxları
kulak adıyla uzaq diyarlara sürgün edilmişdi. NKVD atı götürüb gedir. Susun qənşərindəki
dikdən aşanda at bir dəfə kişnəyir, babam qapıda keçinir. Dədəsi öləndə
dədəm də, özündən böyük
bacısı Həvva
mamam da ağlıkəsməz
yaşda olurlar. Heç biri atasını xatırlamırdı.
Babamın ölümündən
sonra oğrular Susdakı ağ evindən - o dövrdə
ancaq imkanlı adamların ağ evi olurdu - bir
gecədə 12 gəbə
aparırlar. Günü
bu gün də Susda qoşa
qazma tövlələri
durur. Sus qəbiristanlığındakı
başdaşında ərəb
əlifbasında yazı
vardı. Bakıda
"Bilik" cəmiyyətində
kursa getdim ki, əlifbanı öyrənim,
başdaşındakı yazını
oxuyum. Kursu bitirənə qədər
Laçın işğal
olundu...
Dədəm çox zəhmətkeş,
işcanlı adam idi. Əgər görüləsi iş vardısa, axıra çatdırmayınca rahatlıq
tapmazdı. Hər işin çəmini bilən idi, gördüyü işi səliqəylə - cani-dildən görərdi. Evimizdə kəndçilikdə
işlənən hər
bir həcət vardı. Evində həcəti olmayan kişilərə "korocaq"
deyirdi. Mən balaca olanda yaxşı
çarıq tikirdi.
Sus kəndinin cavan qız-gəlini toylardan əvvəl çarıqlıq
gön götürüb
bizə gələrdilər.
Dədəm həvəslə
onlara üçburun
(gülburun da deyirdilər)
çarıq tikərdi.
Çox halal adam idi. Deyirdi, bizim
evə haram düşmür.
Təxminən, 4, ya 5
yaşım olardı,
yazda Laçının
altındakı dərənin
ağzında (indiki
"Laçın pavilyonu"nun
sol tərəfi) düşərgə
salan köçü gecə qəflətən sel tutur. Yaddaşım məni aldatmırsa, köç İmişlinin
Əlipənahlı tərəkəmələri
idi. Sel alaçıq qarışıq
dolu farmaşları Həkəriyə axıdır.
Biz o vaxtı Sus kəndinin
çayqırağı alma bağındakı dəfdə
olurduq. Hadisə bizdən 4-5 kilometr yuxarıda olmuşdu. Səhər-səhər gördüm
dədəm alma bağının
çəpərinin üstünə
gəbə-kilim, yorğan-döşək
sərir, çəpərin
dibinə nehrə, qazan qoyur. Gəbə-kilimlər
qumlu idi. Dədəm bu şeylərin bəzisini gecə daşan çay səhər yatandan sonra çaylaqdan tapmış,
bəzisini lildən çıxartmışdı. Qənşər
yerə sərirdi ki, sahibləri axtaranda görsünlər. Günortadan
sonra tərəkəmə
atlıları gəldilər
dədəmin seldən
çıxartdığı bu şeyləri alxış eləyə-eləyə
atlarının üstünə
atıb apardılar. Sonralar dədəm evdə deyinirdi ki, filan naxırçı bu ziyanlıqdan tapdığı şeyləri
Xırman təpənin
dalındakı böyürtkən
şəlində gizlədibmiş.
Dədəm çox qonaqpərvər
idi. Yadımdadı, Padşahlı körpüsünün
(Nikolay körpüsü də
deyirdilər) yanında
Yol İdarəsinin gözətçi
evində olurduq, tək evliydik. Qonum-qonşu aralıda olurdu. Evdə hinduşkanı kəsib çıxırdı el yolunun qırağına
ki, bir yolötən gəlsin, onu evə dəvət etsin, birlikdə çörək yesinlər.
Bəzən yolda yolötən olmurdu, yemək bişirdi, dədəm evə gəlmirdi ki, biz də yemək yeyək. Bu zaman nənəm qarasına deyinirdi: "ta bitib qalacaq orda, gəlməyəcək
ki, körpələr loxmasını
yesin".
Qonaq olanda gizlindən tut arağını çıxardıb
qoyurdu süfrəyə.
Yaxşı tut arağı
çəkirdi. Qonağa
deyirdi, mən çəkən araq inəyin sarı yağı kimi təmizdi. İçki olan məclisdə sağlığı bu olardı - "içək
kişiliyin sağlığına!"
Evimiz yol kənarında olduğundan
Susdan, Qızılcadan
əsgər gedən gənclər evimizin yanından keçirdi. Onlarla görüşəndə
pul kisəsi əvəzi işlətdiyi
hərbi biletinin arasından bir onluq çıxarıb ciblərinə qoyardı.
Dədəm sərt adamıdı.
Sağılmazdan əvvəl
buzov və oğlaqlar anasını əməndə bizimlə
dalaşırdı. Evimizdə
həmişə iri qazanlarda ərinmiş sarı yağ, pendir, bəhməz, mürəbbələr
olurdu. Keçi pendirimiz heç ələ düşməzdi.
"Laçın pavilyonu"
evimizlə üzbəüz
idi. Rayonun rəhbərliyi, Bakıdan
gələn qonaqlar olanda ofisiant əlində boşqab yüyürürdü bizə
ki, bəs qonaq gəlib, Səlbi xalanın pendirindən istəyirlər. Nənəm
boşqabı doldurub yola salardı, buna görə pul almaq ağlımıza da gəlməzdi.
Dədəmin həm də dolayısıyla söz anlatmağı vardı.
Tut vaxtı uşaqlar
ayaqqabı istəyəndə
deyirdi:
- Ayaqqabı tutun dibindədi - yəni dibinə tökülən
tutu yığın, araq
çəkilsin pul olsun.
Yanında bir dəfə bərk utanmışam. Qaçqınlıq vaxtı
Xırdalanda dədəmgil
məskunlaşdığı evdə hamımız oturub ordan-burdan söhbət edirdik. Nənəmlə dədəm
dəyinmişdilər - bir-birinin
qarasına danışırdılar.
Nənəm onu suçlayan bir məişət əhvalatı
danışdı, dədəm
də dedi ki, yalansa, ağzın əyilsin! Cavabdan bildim ki, nənəm haqlıdı, sadəcə,
dədəm cığallayır,
bizim yanımızda günahını boynuna almaq istəmir. Həm də cavabdakı and-töhmətin
hər iki başı nənəmi tuturdu - yəni yalan deyirsənsə, ağzın əyilsin, düz deyirsənsə, heç nə. Bu cavabdan sonra nənəm özünə
görə dədəmə
ayıb bildiyi bir sirrin üstünü
açdı. Dedi:
- Bir dəfə də mənə dedi ki, sən get bostanı sula, özü də guya dəhnəyə
gedir ki, suyu döndərən olmasın.
Uşaqları da götürüb
yendim bostanı sulamağa. Gün qızana qədər bostanı suladım qurtardım, çıxdım
evə ki, filankəslə
(nənəm xanımın
adını da dedi, uzaqda olan tanıdığımız
qadın idi) qayğanaq eləyib üstünə də bal töküb yeyirlər. Nənəm cümlənin bal yerini hirsli vurğuyla
dedi. Hiss etdim ki, o an nənəm hakim, dədəm
müttəhim olsaydı,
nənəm dədəmə
"uff" demədən
rahat 50 il iş kəsərdi. İstədim
deyəm, ay nənə,
sən nəyi qoyub, nəyi axtarırsan, qayğanaq nəmənədi, indikilər
bozbaş bişirib yeyirlər. Amma deyəsən,
dədəmə görə
utandım, nitqim batdı. Nənəmin bu ittihamlı çıxışından sonra
dədəm ortalığa:
- Ə, bu arvad ağlın
itirib, - deyib uzandığı çarpayıda
üzünü divara
çevirdi. Hələ
onun nənəmlə
ev davasında belə əliyalın qalmasını, müqavimətsiz təslim olmasını görməmişdim.
Bu yerdə dədəmin
bir söhbətini də əlavə edim. Özü danışırdı ki, Zabuxda
Sümüklü Əvəz
Savat adlı qızla evlənəndən
bir neçə gün sonra əsgərliyə çağırılır.
Əvəz Savatın
qolundan tutub gətirir dədəmin yanına və deyir:
- Umud, əsgərə gedirəm, Savatı bircə sənə umud eləyirəm.
Dədəm deyir 3 il müddətində
kolxozun hansı işinə getdimsə, Savat yanımda oldu. Bu sirri bilənlər dədəmlə
Savat xalanı bacı-qardaş hesab edirdilər.
Balalarına sevgisini heç
vaxt bildirməzdi. Amma
bir dəfə yayda belə bir hadisə oldu. Məndən balaca bacım Gültəkin Həkərinin
sağ tayında Sus bağlarının qabağındakı
adada otlayan oğlaqları gətirməyə
gedir. Bacım gecikəndə dədəm
evin böyründəki
dikə çıxır
ki, bacımı çağırsın.
Qənşərə çıxanda
görür ki, Həkəri
çayın başına
yağan yağışdan
elə daşıb, o
tay-bu tay gedir. Ada selin altındadır. Zeynəb
xalam danışırdı
ki, Umud yanıqlı səslə, "ay Gültəki,
ay Gültəki" çağıra-çağıra
çay yenişə
qaçırdı. Sən
demə, bacım selin özündən əvvəl gələn fışıltı səsindən
- soyuq suyla sahildəki qızmış
daş-qumun cızıltısından
yaranan xor fışıltı əmələ
gətirir - duyuq düşüb oğlaqları
adadan Böyük bağa çıxardıb.
Dədəm bacımı
görəndə dəsmalını
çıxardıb gözlərini
silib.
Ehtiyatlı kişi idi. Papağının içində
daim iynə-sap olardı. Deyirdi, "örüşdə paltarın
elə yerdən sökülə bilər
ki, o halda ortalığa
çıxmaq ayıb
olar". Örüşə
gedəndə həmişə
əlində ağac olardı. Mala, keçiyə
gedəndə bizi əli ağacsız görəndə hirslənirdi.
Deyirdi, "korocaq olmayın". Ocaq çatıb alça və zoğal ağaclarını əvvəl
yaxşı ütürdü,
sonra onlardan toppuzlu əl ağacları düzəldirdi.
Kəndçilikdə hər
işin çəmini
bilirdi. Ən etibarlı və ələyatımlı alətlər
də dədəmdə
olardı. Bəzən
tanışlar gəlib
kərəntisini, belini
(çala, təfkeş),
dəhrə-baltasını işlətmək üçün
aparırdılar. Kövşənə
çıxanda özüylə
bir düjün alət götürərdi
- kərənti çəkici,
zindan sancılmış
kötük, yiyə,
daş, satıl, törpü və 6 ölçüdən 9 ölçüyə
qədər kərəntilər.
Bəzən ot çalanda kərənti otun arasında qart bir şeyə
dəyirdi və bu zaman kərəntinin ağzına yel düşürdü. Dərhal
həmin kərəntini
söküb dəmirkəsənlə
ağzındakı yelli
hissəni kəsib çıxardardı. Yelli
kərənti ot layını yaxşı vərrəmirdi, ot zay olurdu. Biçin
vaxtı kövşəndə
kərəntisi korşalan
kəndçilərimiz kərənti
çiynində bizim ot yerinə gələrdi. "Yoruldum"
deməzdi - zindanda onların da kərəntisini
döyürdü.
Yaxşı əl qabiliyyəti
vardı. Sus kəndində,
Bəylikdə kimin dəm çaynikinin lüləyi, qulpu sınardısa, o vaxtın
mampası şirni qutularından yamaq kəsib təmir edirdi. Belə xeyirxah işləri elə həvəslə edərdi, qazancı da alxış olardı. Qaranlıqda çöldə,
tövlədə işlətmək
üçün tutacaqlı,
lalalı əl çırağı düzəldirdi.
Yadımdadı, evdə
uşaqlar üçün
əski parçası,
keçə və kirpi oxundan kuklaya
bənzər oyuncaq düzəldirdi. Adına
da "Qarnıkeçəburnubiz" deyirdi. Sonralar Tallinə gedəndə mağazada o oyuncağın
oxşarını gördüm.
Adına "Buratino"
deyirdilər. Gecə körpə uşaqlar səs eləyib böyükləri yatmağa
qoymayanda deyirdilər
ki, yatmasanız, Qarnıkeçəburnubiz"
gəlib sizi aparacaq.
Yaxşı at və yaxşı
itdən həmişə
söhbət salardı.
Çəmbər adlı
qara köpəyimiz vardı. Dədəm deyirdi ki, bu it bircə dil bilmir. Bir dəfə belə bir hadisə
oldu. Bazar günü atı da, eşşəyi
də palanladıq, çayın o tayında
"Çarıxçıxmaz" deyilən yerə oduna getdik. Qış
fəsli idi, bərk qarlamışdı.
Çəmbər də
bizə qoşulmuşdu.
Meşədə at-eşşəyi
ardıca bağlayıb
qabaqlarına ot qoyduq. Dədəm sırıqlısını, ardınca
da təzə pencəyini
çıxardı. Pencəyi
ardıcdan asıb sırıqlısını yenidən
əyninə aldı.
Başladıq odun eləməyə. Dədəm
doğrayırdı, mən
də gücüm çatanları ardıcın
altına - yük vurulacaq yerə daşıyırdım. Bazar günü
olduğundan radioda saat 14-ün muğamat konsertinə çatmaq üçün dədəm
əl-ayaq eləyirdi.
Çəmbər arada
ərincək səslə
uzaqda ovçuların
atdığı güllə
səsinə hürürdü.
Yük hazır olan kimi at-eşşəyi
yüklədik. Eşşək
irəlidə, at yedəkdə
çaya sarı yenməyə başladıq.
Çəmbər gəlmir,
ardıcın dibində
gah hürür, gah zingildəyirdi.
Biz çayı keçib
getdik evə, yükləri qapıya aşırıb içəri
keçdik. Dədəm
radionu qoşdu, nənəm də bizə yemək çəkdi. Çəmbər
axşam da qapıya gəlmədi. Fikrim Çəmbərin yanında
qalmışdı. Səhər
tezdən Zabuxdan gələn kolxoz maşınından dədəmi
səslədilər ki, tez
gəl, Qızılcada
filankəs ölüb,
yasa gedirik. Dədəm tez nənəmə dedi ki, pencəyi gətirsin, maşın gözləyir.
Nənəm ora-bura baxdı, pencək tapılmadı. Dədəm
köhnə pencəyi
geyib nənəmin tirəsinə də bir yağlı söyüş söyüb
kolxoz maşınına
tərəf qaçdı.
Maşın gedəndən
sonra atımızı
tövlədən çəkdim
çölə. Nənəmlə
atı palanladıq. Boyum çatsın deyə, çəlləyin
üstə çıxıb
atı mindim. Nənəm itin kəmsiyini verib dedi: "Gəlməsə,
kəmsiyi sal boynuna çək". Günəşli qış
havası idi. Çayı keçib dünən odun elədiyimiz ardıclığa
- Çarıxçıxmaza gəldim. Çəmbər
elə ardıcın altında idi, məni görəndə şikayət edirmiş kimi gah quyruq buladı, gah zingildədi.
Atdan düşdüm
itin yanına ki, kəmsiyi itin başına salam, birdən ardıcdan ərimiş qar suyu boynuma düşdü.
Devikdim. Yuxarı baxanda dədəmin pencəyini ardıcdan asılmış gördüm.
Çəmbərin dünən
niyə bizimlə getmədiyi sirr bu imiş.
Dədəmdə güclü yumor
hissi vardı, çoxlu lətifələr
bilirdi. Şuxluğu sevirdi. Nənəm uzun qış gecələri ağzında
dınqıdı çalıb
uşaqları oynadanda
dədəm tez papağının dimdiyini
geri fırlayıb bir-birinə pərçimlənmiş
əllərinin şəhadət
barmağıyla çırtıq
vurmağa başlayardı.
Belə baməzə hərəkəti bizi güldürərdi. Yaxşı
səsi olmasa da, hərdən kefi durulanda Aşıq Ələsgərdən və
muğamlardan bir ağız zümzümə
edərdi. Belə məqamda nənəm ona sataşmaq üçün deyərdi:
"eşitməyən, qulaqların
tutulsun!"
Evdə
həmişə sac çörəyi
bişərdi. Axıra
qalan balaca kündədən bişən
çörəyin adına
"koka" deyirdik.
"Koka" hər dəfə
evdə uşaqların
birinə düşərdi.
Onu yeməz, mətah kimi saxlayardıq. Axşam dədəm "koka"sı
olan uşağa deyərdi - "koka"nı
ver, sənə dəvə düzəldim.
Biz də sevincək razılaşardıq. "Koka"dan
dişlək ala-ala deyərdi:
"bu əyri yer dəvənin boynudu, bu dik
yer dəvənin belidi, bu boş
yer dəvənin qarnının altıdı"
və s. Axırda
"koka" dədəmin
dişləyində yoxa
çıxardı. Bu vaxt
"koka" sahibi ağlayırdı, qalanlar
gülüşürdük. Evə vırdı-vızan
düşürdü. Mənzərəni
seyr edən nənəm deyirdi: "elə dədəniz də siz ağıldadı".
Həyatının son 16 ilini dünya
işığına həsrət
yaşadı. Hansı
həkimə apardıqsa,
dedilər, çarəsi
yoxdu. Arada giley eləyirdi ki, məni həkimə aparmırsız. Elə bilirdi çarəsi var. İki dəfə şair dostum, göz həkimi Paşa Qəlbinurun yanına apardım. Paşa doktor vəziyyətin nə yerdə olduğunu bilirdi, dədəmi stola oturdub müayinə edirdi. Axırıncı dəfə müayinədən
sonra Paşa doktor dədəm eşitməsin deyə əl işarəsiylə
mənə başa saldı ki, heç bir ümid yeri
yoxdu. Mən: "Dur gedək evə", deyəndə dədəm
asıldı Paşa doktorun qolundan, yalvarıcı səslə
dedi:
- Sənin başına dönüm, sol gözümü
əməliyyat elə,
o gözüm açılacaq.
Bu sözdən sonra mən doluxsundum. Paşa doktor da kədərləndi və
bu sözləri dedi:
- Əmi, and olsun Həzrət Abbasın kəsilən qollarına sənin gözlərini əməliyyat eləməyin
xeyri yoxdur.
Doktorun bu sözlərindən sonra dədəm bir daha onu
göz həkiminə
aparmağı dilinə
gətirmədi.
Gözləri görməsə də, əl havasına evdə papağının, pencəyinin, çəliyinin, dəyişəyinin harda olduğunu bilirdi. Əlləri dədəmə həm də gözünü əvəz edirdi. Bizə o lazım idi ki, evdə hərəkət edəndə ona toxunmayaq. Hava sakit olanda çəliyini, bir də balaca döşəkcəni götürüb qapının ağzında dayanırdı - bu o anlama gəlirdi ki, evdən konfet verək, cibinə qoysun. Dördüncü mərtəbədən birinci mərtəbəyə minnətsiz - məhəccərdən tutub özü aşağı düşürdü. Aşağıda balaca uşaqlardan hansı biri məhəccərsiz pilləkəndən həyətə çıxmağına kömək etsə, ona konfet verirdi. Bir dəfə həyətdə qonşulardan bir nəfərə 20 manat verir ki, xırdalasın - bərbərə gedir. Qonşu kişi dədəmə iki beşlik vermişdi. Qonşunun bu hərəkətini nə dədəm, nə də biz heç kəsə demədik.
Ömrünün son 7 ayını yanında qaldım. Səhərlər şora qaymaq qatıb ona loxma tuturdum. Düşmənin Laçından çıxacağı xəbərini deyəndə bizə inanmadı. Televizorda xəbərlər başlayanda yeriyib düz televizorun yanında diktorun dilindən eşidəndən sonra dərindən həsrət çəkdi. Bu həsrətdə həm də rahat ölə bilməyin kədər qarışıq sevinci vardı dədəmin üzündə. Bir dəfə səhər süfrəsində loxma tutan zaman Savad bacımın - dədəm bacıma öz anasının adını qoymuşdu - yanında mənə dedi ki, ta qoyun ölüm. Laçına ordumuz yeriyən gecə canını tapşırdı. Laçın azad olmuşdu, dədəm ölmüşdü. Qarabağda rayonlar işğaldan azad olduqca Sabunçuda tanıdım-tanımadım, qənşərimə çıxan hər kəsə ovuc-ovuc ağızşirinliyi konfet paylayırdım. Sabunçuda məni tanıyanlar gözləyirlər ki, Laçın azad olub, şair gəlib ağızşirinliyi paylayacaq.
Burdan bir atdı getdi,
Atın
nallatdı getdi.
Ay kimi şəfəqləndi,
Gün kimi batdı getdi.
Sarı
Aşığın bu
bayatısında atlının
keçməsi xəbəri
var, dədəmin sual-cavabında
isə atlının keçib-keçməməsi xəbər
alınır - burdan bir atlı keçmədi?!
Bu an dədəmin at belində
çaparaq Laçında
döngədən aşdığı
gözümün önündədi.
Bakı, 2023, yay
İlham
QƏHRƏMAN
Ədəbiyyat qəzeti.- 2024.-
8 noyabr, №43.- S.18-19.