Keçən gün, qırmızı "limuzin"
və... kamikadzenin qayıdışı
Xalq yazıçısı Anarın
1991-ci ildə yazmağa
başladığı və
2023-cü ildə tamamlayıb
nəşr etdirdiyi
"Əcəl" povestini
oxuyanda, bu povestdə təqdim olunan hadisələr, əsərin qəhrəmanları,
yazıçının bizə
nə demək istədikləri barədə
düşünəndə "Gürcü familiyası"
hekayəsini və həmin hekayə əsasında çəkilmiş
"Gün keçdi"
filmini xatırladım.
Hekayəni deyə bilmərəm, filmi çoxunuzun
gördüyünüzə əminəm. Moskvadan bir günlüyə Bakıya, keçmiş məktəb yoldaşı
Oqtayın ad gününə gələn
Əsmər, Əsmərlə
Oqtayın baxdıqları
yapon kamikadzeləri haqqında
sənədli filmin epizodları, qaranlıq salonda Əsmərin heyrətdən böyümüş
gözləri, bir də filmi müşayiət
eləyən təsirli
diktor mətni, yəqin ki, mənim kimi sizin də
xatirinizdə olar:
"Ölümə gedən
təyyarə sürücüləri
havaya qalxan dəqiqədən öz həyatları ilə əbədi vidalaşırdılar.
Onların təyyarələri
heç vaxt geri qayıda bilməzdi. Qayıtmaqçün
onların təyyarələrinə
benzin tökülmürdü.
Kamikadzelər təyyarələrinə
minərkən torpaqdan
əbədi ayrılırdılar.
Onlar bilirdilər ki, bir də heç
vaxt bu torpağı
görməyəcəklər, bir də geri
dönməyəcəklər..."
Anar müəllim bu hekayəni yazanda mən hələ dünyaya gəlməmişdim.
Ancaq gözümü
dünyaya açanda dərk elədiyim həqiqətlərdən biri
bu oldu ki, məndən əvvəlki
nəsil Azərbaycanda
müharibəni daha çox kitablarda və filmlərdə, bir də müharibədən
sağ qayıdan
veteran əsgərlərin xatirələrində
görüb. Əsmərlə
Oqtayın, onlardan sonra gələn nəsillərin də təsəvvüründəki müharibə
Azərbaycandan xeyli uzaqlarda, yad torpaqlarda olmuşdu.
Ancaq Əsməri də, Oqtayı da müharibə
ilə, müharibədə
son döyüşə gedib
bir də geri dönməyən, sonsuz səmanın sakinlərinə çevrilən
kamikadzelərlə bağlayan
gizli, sirli bir qüvvə var idi və Anar
müəllim əsərdə
öz oxucularını
həmin qüvvənin
sirrini açmağa dəvət edirdi...
Əsərin sonunda Əsmər
yoldan Oqtaya təbrik teleqramı göndərir. Teleqramın
altındakı imza -
"Kamikadze" əsər
boyu yazıçının
qəhrəmanlarının dili ilə dediyi
fikirlərə, "gizli
qüvvə"nin sirrinə
işıq tutur, bu sirri açmağa
xidmət edir.
İlk sevgisindən yaralanan Əsməri zaman bir daha geriyə dönüşü olmayan
əbədi səfərə
yola salır. Kamikadzelər sonsuz səmanın əbədi
sakinlərinə çevrildikləri
kimi, Əsmər və əsmərlər də zamanın geri dönüşü olmayan əbədi yolçusuna çevrilirlər...
Filmdəki kamikadzelərə baxan
Əsmərin - gözəlliyi
ilə ürəkləri
fəth eləyən
Leyla Şıxlinskayanın heyrətdən böyümüş
gözləri gözümün
qarşısında canlanır
və mən də öz yaşadığım ömürə,
öz taleyimə heyrətlənirəm...
Həyat
yoldaşımı, doqquzaylıq
qızımın atasını
- hərbi təyyarəçi
Yusif Vəliyevi döyüşə, son səfərinə
yola saldığım
günün təfərrüatlarını
xatırlamağa çalışsam
da, sanki beynimdə xəyalla gerçəklik
bir-birinə qarışır,
özümü hər
şeyin eyni zamanda baş verdiyi, zaman ardıcıllığı
olmayan qarışıq
yuxuda hiss edirəm...
Anar müəllimin "Əcəl"
povestindəki ana xətlərdən
biri budur ki, ölüm qorxusu insanların təbii duyğularından biridir və heç vaxt insanı tərk eləmir. Yaşın müəyyən
çağında əcəl
adlandırdığımız ölüm qorxusu insanı təqib etməyə başlayır.
Anar müəllimin
"Qırmızı limuzin"
hekayəsinin süjeti
əsasında çəkilmiş
filmin "Təqib"
adlandırılması da təsadüf
deyil. Hekayənin qəhrəmanı O.nu təqib
edən qırmızı
limuzin onun içindəki ölüm
qorxusunun simvoludur.
Əslinə qalanda, sevmək
kimi, nifrət etmək kimi, utanmaq kimi, gülmək
kimi, ağlamaq kimi ölüm qorxusu da normal insan duyğusudur. Nazim Hikmətin
məşhur misralarının
"Əcəl" povestinin epiqrafı kimi seçilməsi də sözümə qüvvət
verir:
Yeddi təpəli şəhrimdə
Buraxdım qönçə gülümü.
Nə ölümdən qorxmaq ayıb,
Nə də düşünmək
ölümü...
Bəs insanın içində gizlənib zamanını gözləyən ölüm
qorxusunu ortaya çıxaran, böyüdən,
göz qarşısına
gətirən, insanın
təqibçisinə çevirən
nədir? Əcəl nə vaxt peyda
olur?
Mənə elə gəlir
ki, "Əcəl" povestində
cavabı axtarılan əsas sual da elə budur.
Burada yenə "Gürcü familiyası" hekayəsini
və "Gün keçdi" filmini xatırlamadan söhbətin
üstündən keçməyin
mümkün olmadığını
düşünürəm. Sanki Anar müəllim keçən əsrin altımışıncı illərindən
bəri beynində gəzdirdiyi düşüncələrini,
fəlsəfi mühakimələrini
yeni əsrin hadisələri
ilə bir daha sınaqdan keçirir, yoxlayıb təsdiqləməyə çalışır.
Bu müddət ərzində
amansız külək
kimi əsib keçən zaman çox
şeyləri dəyişib,
sovurub aparıb. Ancaq elə həqiqətlər var ki, insanların
həyatı, məişəti,
düşüncələri, əyləncələri, maddi
və mənəvi tələbatları dəyişsə
də, onlar hələ də yaddaşı tərpətməkdədir...
Bir günlüyə Bakıya
gələn Əsmər
İçərişəhərdə öz evlərini tapa bilmir, onların yaşadıqları ev artıq sökülmüşdü...
Bütün bunların yerində
indi nəhəng boş bir meydan
qalmışdı: daşlı,
kəsəkli, tozlu, əhəngli meydan"...
Əsmərin düşüncəsinə görə, İçərişəhər
memarlığın folklorudur,
başqa sözlə desək, burada yaşayan xalqın yaddaşıdır. İçərişəhərin
hər binasından o binanın sakininin tarixi boylanır. "Mənimçün tarixi əhəmiyyətə malik olan
bina - anadan olduğum evdir. Anadan olduğum, böyüdüyüm, yaşadığım
ev"...
Bunu Əsmər deyir və bu məsələdə
müəllif də, hekayəni oxuyan oxucu da, filmə baxan tamaşaçı
da Əsmərlə şərikdir.
Hər kəs üçün anadan olduğu ev, doğma ocaq tarixdir və insanları öz tarixindən, keçmişinin
nişanələrindən məhrum eləmək günahdır. Ancaq zamanı saxlamaq üçün nə Əsmərin, nə də Oqtayın əlində bir çarə var. Onların
gözləri önündə
tarix də, canlı xatirələr də nimdaş, heç kəsə lazım olmayan əşyalara çevrilir.
Zaman isə öz amansız buldozerini işə salıb keçmişin daş abidələrini dağıdır:
"Orda-burda atılmış
lazımsız nimdaş
əşya qırıntıları,
hifz olunmuş divar parçasının
gərəksiz şirli
naxışı, sınıq
aftafa, qırıq krant, paslı boru - boş meydan. Bu meydanın tən ortasında qədim heyvanları xatırladan xortumlu buldozer işləyir, sökür, dağıdır,
uğuldayırdı"...
Zaman buldozerinin qırmızı
"limuzin"ə çevriləcəyi "Əcəl"
povestində də tarixin - İçərişəhərin
söküldüyünü görürük: indi bu tarix çölündən
deyil, içindən,
özəyindən sökülür.
İçindən, özəyindən
sökülən, içi
dağıdılan isə
yalnız bina, dilsiz daş divarlar deyil, həm də bu divarları öz varlığının,
öz varlığını
da bu divarların yaşatdığı tarixin
bir parçası hesab edən insandır, fikir adamıdır.
"Əcəl" povestində
ölüm qorxusunun qırmızı "limuzin"
donuna girib təqib etdiyi sadəcə, Osman deyil, Osmanın dünyagörüşü,
daşıdığı dəyərlər
və əxlaq sistemidir. Bir məqamı
da ayrıca vuğrulamağı
zəruri hesab edirəm ki, Osmanın
"sovet adamı"
olduğunu düşünmək
mənasız olar: sovet hakimiyyəti onun nəslinin, nəcabətinin axırına
çıxıb. Osmanın
keçmişdən qopub
yeni gerçəkliklərə uyğunlaşa bilməməsi
onun təbiəti, bir insan kimi
ömrü boyu müəyyənləşdirdiyi əxlaq və davranış prinsipləri
ilə bağlıdır.
"Əcəl" povestində
Osmanın İçərişəhərdəki
evinin divarını Miloslu Veneranın şəkli bəzəyirdi.
Yeni qonşusu arvadı
və qızları divara çəkilmiş yarıçılpaq Veneranın
şəklini görməsin
deyə ustalara şəklin üstünü
malalayıb boyamağı
tapşırır. İşin
tərs tərəfi də budur ki, qonşu bu vandalizmi,
mədəniyyət qətlini
milli dəyər, əxlaq,
tərbiyə pərdəsi
altında törədir.
"- Yaxşı, deyin görüm, o girişdəki
şəkilləri niyə
malalatdırdınız?
- Abırlı evə belə şəkillər
yaraşmaz, arvad var, uşaq var, dedim sizə, iki qızım var, niyə onlar evə gəlib-gedəndə bu parnoqrafiyanı görsünlər?
- Bu, parnoqrafiya deyil. Renessans dövrü Avropa rəssamlarının
tabloları mövzusunda
bu əsrin əvvəllərində çəkilmiş
şəkillərdir"...
Əsərdə maraqlı epizodlardan
biri də Osman Həsənoğlunun işdən
çıxandan sonra hamının Katibə kimi tanıdığı
keçmiş sevgilisinin,
"bu şəhərdə,
bəlkə də yeganə və son həyanı" olan Alla adlı qadının üstünə
gəlməsidir. Osmanın
son ümid yeri kimi ayağına gəldiyi Alla da artıq yol üstündədir, onu da
"kamikadze" səfəri
gözləyir: yır-yığış
eləyib Amerikaya köçür, yəqin
ki, bir də geri dönməyəcək.
Son görüş zamanı Allanın kitablar haqqında söylədikləri,
əsər boyu müəllifin oxucuya çatdırmaq istədiyi
fikirlərə açar
salmaq baxımından
maraqlıdır. Alla Osmana öz valideynlərindən qalan,
haşiyələrində valideynlərinin
qeydləri, fikirləri
olan kitabları satdığını deyir.
Buna təəccübünü bildirən Osmana Alla cavab verir
ki, valideynləri də,
onlardan qalan kitablar da artıq onun üçün ölüb. "Kitabların
sahibi, yəni onları alan, toplayan, oxuyan, onlarla vaxt keçirən,
nə bilim, onlar haqqında düşünən, düşündüklərini
yazan, ya sadəcə qeyd edən adamlar öləndə sevdikləri
kitablarını da özləriylə
aparırlar. Yəni onlar da ölür - kitablar. Təzə sahiblərinkilər isə
o kitablar deyil, başqa kitablardı"...
Dilimizdə "kitabı bağlanmaq"
ifadəsi də var: kiminsə, nəyinsə sonunun çatdığını
bildirir. Burada Allanın valideynlərindən
qalan kitablar haqqında dediklərini tarixin müəyyən bir dövrünün, böyük
bir epoxanın rəmzi kimi də mənalandırmaq olar. Nə qədər
ki, həmin dövrün
insanları sağ idilər, onların kitabları da sağ idi, onlar bu
kitablarla ünsiyyət
qururdular, düşüncələrini
bölüşürdülər, bölüşdükləri fikirləri
kitabların səhifələrinin
haşiyələrinə qeyd
edirdilər. Zəmanə
dəyişir, kitabın
sahibləri dünyasını
dəyişir, dünyaya
yeni nəsillər gəlir
və bununla da köhnə zəmanənin
və həmin zəmanəni yaşadanların
kitabı bağlanır.
Bunlar mənim yozumumdur və müəllifin düşüncəsindən
fərqli də ola bilər...
Ömrün müdriklik zirvəsində
yaşayan Anar müəllimin "Əcəl"
povestində qırmızı
"limuzin"in təqib
etdiyi Osman Həsənoğlu
"kitabı bağlanan"
bir zəmanənin övladıdır. Onun tarix səhnəsindən çəkilməsi labüddür.
Düşünürəm ki, əcəl, kaş ki, Osmana macal verəydi.
Osman yaşasaydı, yeni nəsil
tərəfindən Qarabağın
işğaldan azad olduğunu, Şuşanın, Xankəndinin,
Xocalının düşmən
əsarətindən xilas
edildiyini, Şuşada
"Xarı bülbül"
festivalının keçirildiyini
görəcəkdi. Uzun
ayrılıqdan sonra Bakıdan Şuşaya səfər edən ilk ziyalılardan biri olacaqdı. Buna da heç
şübhə etmirəm
ki, o, yaşasaydı, 44 günlük
Vətən müharibəsində
şanlı qələbəmizin
qazanılmasında misilsiz
rol oynamış kamikadzelər - texnologiya möcüzəsi olan dronlar haqqında maraqlı bir məqalə yazacaqdı...
Arzu
Nehrəmli
Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, №43.- S.15.