Yaşamağa dəyər, Məmməd İsmayıl!
Məmməd İsmayılın ömür yolunu iki yöndə - yazdıqlarında və
yazdıqlarından kənarda izləmək olur.
Onun
yazdıqları ilə
yazı-pozudan kənarda
atdığı addımlar,
gördüyü işlər
arasında ziddiyyət
varmı? Qətiyyən
yoxdur. Məmməd İsmayıl, yaradıcılığı
ilə şəxsiyyəti
bir-birini tamamlayan, sənətkar mənliyini
qorumağı bacaran qələm sahiblərimizdən
biridir. Məmməd İsmayılın sevilməyi,
geniş şöhrət
tapmağı bir yandan yaradıcılığı,
xüsusən, poeziyası
ilə bağlıdırsa,
bir yandan da onun bir insan
kimi öz bütövlüyünü qoruyub
saxlamağı ilə
bağlıdır.
Məmməd İsmayıl müxtəlif
vəzifələrdə çalışıb
- "İşıq" nəşriyyatının
direktoru olub; 1980-ci illərdə ilk demokratik mətbuat orqanlarımızdan
biri olan "Gənclik" - "Molodost"
jurnalına baş redaktorluq edib; 90-cı illərin əvvəllərində
- ən böhranlı
bir vaxtda Azərbaycan Radio və Televiziya Komitəsinin sədri kimi fəaliyyət göstərib;
Türkiyənin Çanaqqala
şəhərində 18 Mart Universitetinin professoru olub. Bütün bu vəzifələrdə
Məmməd İsmayıl
özünün ən
böyük vəzifəsini
millətə xidmət
etməkdə görüb.
Abbas Səhhətin məşhur
bir sözü var:
"Məsləkim - tərcümeyi-halımdır".
Bu sözləri Məmməd
İsmayıla da aid etmək
olar. Məmməd İsmayılın da bir şair-vətəndaş kimi
məsləki tərcümeyi-halında
öz ifadəsini tapır.
Məmməd İsmayıl ədəbiyyata
Stalinin ölümündən
sonra - yazıçıların
əl-qolunun az-çox
açıldığı bir vaxtda gəlib
və qısa bir müddətdə öz səsi, öz nəfəsi olan şair kimi tanınmağa başlayıb. Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsində
oxuduğum 1970-ci illərdə
səhəri eşqlə
açılan biz tələbələrin
ən çox əzbər bildiyi məhəbbət şeirlərindən
biri Əli Kərimin "İki sevgi" şeiriydisə,
biri də Məmməd İsmayılın
"Bir ildir" rədifli
qoşmasıydı. Bu iki
şeiri əzbərləməyimizdə
əsas səbəb o
idi ki, ənənəvi mövzu səlis və obrazlı bir dillə, fərqli baxış bucağından
təqdim olunurdu. Əli Kərim deyirdi:
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub,
köz kimi yandırdığı
dodaq su sevən kimi...
Məmməd İsmayılın qoşmasında
belə bəndlər
vardı:
O atdı özünü varın qoynuna,
Bahar günlərindən qarın
qoynuna,
Mən həsrət çəkirəm
yarın qoynuna,
Orda ləzzət çəkir
naşı bir ildir.
...Ay Məmməd, haqlayır səni subaylıq,
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpəsinin yaşı
üç aylıq,
Mənim
həsrətimin yaşı
bir ildir.
Ədəbiyyata yenicə gəlmiş
Məmməd İsmayılın
tələbələr arasında
başqa şeirləri
də məşhurdu:
"Bir də keçməyəcək
ələ bu anlar", "Qoymayın dünyanı adiləşməyə",
"Ümiddən asılan
qılınclar", "Təzədən
mən sənə qayıdacağam", "Hələ
yaşamağa dəyər
bir az da"...
Dünən Bethoveni çaldılar
sazda,
Hələ yaşamağa dəyər
bir az da...
Yaradıcılığın ilk dövrünə
aid bir şeirdə Bethoven və saz adlarının yanaşı çəkilməsi
təsadüfidirmi? Yəqin
ki, yox. Məsələ
burasındadır ki, Məmməd
İsmayılın sənət
dünyasında millilik
bəşəriliklə yan-yana,
iç-içədir. Əsərləri
50-dən çox dilə
tərcümə olunan
Məmməd İsmayıl
özünə, öz
kökünə qayıtmağı
sənətkar üçün
dünyaya çıxmağın
başlanğıc nöqtəsi
sayır, belə hesab edir ki, dünya dəyərlərinə
yiyələnməyin başlıca
yolu milli dəyərlərə
yiyələnməkdən, milli kökə, etnik yaddaşa bağlanmaqdan keçir. Bu qənaəti
Məmməd İsmayıl
həm bədii əsərləri, həm
də şeirimizin tarixi-təkamül prosesində
heca vəzninin roluna həsr olunmuş monoqrafiyası ilə təsdiq edir. "Sazın söz karvanı" adlı həmin monoqrafiyada Məmməd İsmayıl Nəsimi, Füzuli kimi əruz şairlərinin ədəbiyyat tariximizdəki
yerini qətiyyən qaralamadan qoşma-gəraylıların
dünəni və bu günü üzərində dayanır.
Məlum olur ki, aşıq şeiri və mayasını bu şeirdən götürən Vidadi, Vaqif poeziyası ədəbiyyatın xalqa yaxınlaşmasında, milli köklərə
qayıtmasında mühüm rol oynayıb və bu millilik bəşəriliyi
özündə yüksək
səviyyədə birləşdirib.
Əgər belə olmasaydı, qonşu xalqların ədəbiyyatı
heca vəznli Azərbaycan şeirinin təsiri altına düşməz, Dağıstan,
Ermənistan və Gürcüstanda saysız-hesabsız
sayda sənətkar
zaman-zaman Azərbaycan türkcəsində
qoşma-gəraylı yazmazdı.
Heca vəzninin bugünkü vəziyyətindən
danışarkən Məmməd
İsmayılın diqqət
mərkəzinə çəkdiyi
əsas məsələlərdən
biri aşıq şeirinə müraciətdə
qarşılaşdığımız zərərli meyillərlə
bağlıdır. Bu meyillərdən
birini Məmməd İsmayıl qoşma-gəraylı
janrlarında kommunist ideologiyasını - şəxsiyyəti
sındırıb buyruq
quluna çevirən bir ideologiyanı təbliğ etməkdə
görür. Və bu məsələdə başqa şairlər bir yana, heç
Səməd Vurğuna
da güzəştə getmir,
nə qədər yüksək bədiiliklə
yazılsa da, ustadın
"Partiyamızdır" qoşmasını acınacaqlı
ədəbi fakt kimi qiymətləndirir. Aşıq şeirinə müraciətdə ikinci zərərli meyil, Məmməd İsmayılın
fikrincə, Yunus Əmrə, Qurbani, Abbas Tufarqanlı
və başqa klassiklərin məşhur
qoşma və gəraylılarını həm
məzmununa, həm də deyim tərzinə
görə yamsılamaq,
təkrar etməkdir.
Bu məsələdə də
Məmməd İsmayıl
sərt mövqe tutur, şan-şöhrətinə,
ad-sanına baxmadan bəzi şairləri aşıq şeirini istismar etməkdə qınamalı olur. Heca vəzninin bugünkü vəziyyətindən
danışarkən, Məmməd
İsmayılın toxunduğu
məsələlərdən biri də qoşma-gəraylıda
sərbəst şeirin
yeri və rolu məsələsidir. Əlbəttə, müəllif
əruz şeirini inkar etmədiyi kimi, qətiyyən sərbəst şeirə
də qarşı çıxmır, amma çoxumuzun fikir vermədiyi bir cəhəti xüsusi olaraq vurğulayır. Bu cəhət ondan ibarətdir ki, sərbəst
şeir heca vəznli şeir daxilində əhəmiyyətli
dərəcədə müsbət
rol oynayır. Yaradıcılığa sərbəstlə
başlayıb, sonra tədricən hecaya keçən Vaqif Səmədoğlu, Ramiz Rövşən
kimi şairlərin poeziyasına əsaslanan Məmməd İsmayıl
bu fikirdədir ki, sərbəst şeirin imkanlarından, xüsusən,
onun yenilikçilik meyillərindən yararlanmaqla
özünəməxsus üslubda
qoşma-gəraylı yazmaq
şairə uğur gətirir və çağdaş poeziyamızı
irəli aparır. Məmməd İsmayıl
qələm yoldaşları
Vaqif Səmədoğlu
və Ramiz Rövşənin
qoşma-gəraylılarını çağdaş poeziyamızın
yenilikçi nümunələrindən
sayır. Əlbəttə,
biz bu nümunələr
sırasına Məmməd
İsmayılın qoşma-gəraylılarını
da daxil edirik, çünki bu qoşma-gəraylılar məzmununa
və deyim tərzinə görə yaşadığımız dövrün
ab-havası üstündə
köklənib: "Ağacdələn,
ağlın azıb sənin də, Dən gəzirsən saçlarımın dənində".
"Ağacdələn" qoşmasındakı bu cür deyim tərzinə nə Yunus Əmrədə rast gəlmək mümkündür, nə
də Abbas Tufarqanlıda.
Məmməd İsmayılın folklora
bağlılığı qoşma-gəraylı janrlarında
bu günün tələblərinə cavab
verən yenilikçi
şeirlər yazmaqla bitmir. Onun folklora
bağlılığının ən maraqlı tərəflərindən biri
mifoloji düşüncə
tərzini şeirə
hopdurmaqda, yeniliyə məhz bu yolla
nail olmaqdadır. Maraqlıdır
ki, şair dil və mifoloji düşüncə bağlılığını
nəzərə alıb
poetik deyim tərzini bir çox hallarda ideomatik ifadələr, frazeoloji birləşmələr,
mücərrəd anlayışlar
üstündə qurur.
Şair tale, bəxt, ilham, fikir, dərd-qəm
kimi anlayışları,
gözdən düşmək,
dörd gözlü baxmaq, yaddan çıxmaq, yada düşməmək,
yuxusu qaçmaq, tüstüsü təpəsindən
çıxmaq, ağzına
su almaq, Allahın ətəyindən
yapışmaq, könlü
açılmaq və
s. kimi ideomatik ifadələri ayrı-ayrı
şeirlərdə mücərrədlikdən
çıxarıb "hərfi"
mənada işlədir
və poetizmin özünəməxsus nümunəsini
ortaya qoyur. Məmməd İsmayıl
bu üsuldan istifadə edərkən mifoloji düşüncənin
ilkin mahiyyətini nəzərə alır. Nəzərə alır
ki, qədim insan ən mücərrəd anlayışları da əşya
kimi təsəvvür
edib. Məsələn,
belə hesab edib ki, sözü əşya timsalında atmaq olar, sözü yerə salmaq olar, sözü bişirmək olar, sözü güləşdirmək
olar, sözün başına ip salıb dolandırmaq olar və s. Metaforik düşüncənin
tarixən mifoloji düşüncədən törədiyini
çox yaxşı bilən Məmməd İsmayıl bəxt, dərd, ümid, həsrət kimi mücərrəd anlayışların
"şəkli"ni çəkib
oxucuya göstərə
bilir:
Küməmə qaranlıq çökür
Baxtımın qara yerindən.
"Vaxtın avara yeri"
Alar damağına siqaretini
Gümüşü saçında dərd tüstülənər.
"Dərd"
Orda öldürülən ümidlərimin
Hər axşam sulara tökülər qanı...
Mənim
həsrətimə yüklənən
gəmi
Canını birtəhər çəkib
aparır.
"İlahi bir ziddiyyət"
Küməyə çökən qaranlıq
qara bəxtin şəkli kimi; gümüşü saçlar
- dərdin; axşam dənizə düşən
gün şüaları
- öldürülən və
qanı axan ümidlərin; yüklü
gəmi - çəkilməsi
ağır olan həsrətin şəkli
kimi canlandırılır.
"Şəkil" prinsipi
ilə ideomatik ifadələrə yanaşan
şair hərfi mənadan məcaziliyə,
eləcə də məcazilikdən hərfi
mənaya keçməklə
yüksək bədiilik
effekti yaradır:
Aradan çıxmağa çalışar
zaman,
Havada burğusu burulur qarın...
Can candan ayrılar... Bu ayrılıqdan
Tüstüsü başından çıxar
qatarın...
O qatar gedirdi dərd
çəkə-çəkə,
Yatan körpənin də yuxusu qardı.
Açsaydı kor olmuş gözünü, bəlkə,
İçində bir ata şəkli qalardı.
"Ata şəkli"
Ömrün nisgilli başlanğıcını
əks etdirən bu misalda poetikliyin,
obrazlılığın ən
səciyyəvi cəhəti
mücərrəd anlayışın
məhz görümlü
şəklə salınmasındadır:
Qadın (qucağında
südəmər körpə)
dəmiryol vağzalında
cəbhəyə yola
düşən əri
ilə vidalaşır.
Bu amansız ayrılıq,
adamı yandırmazmı?
Əlbəttə, yandırar.
Elə yandırar ki, adamın tüstüsü
təpəsindən çıxar.
Şair bu psixoloji ovqatı "Tüstüsü başından
çıxar qatarın"
şəklində, gedənin
və qalanın necə dərd çəkməyini "O qatar
gedirdi dərd çəkə-çəkə" şəklində "səhnələşdirir".
İnsanın daxili yanğısının qatar
tüstüsü timsalında,
insan dərd-sərinin,
çəkilib ağır-ağır
gedən qatar timsalında əşyalaşdırılması
şeirdə zamanın
aradan çıxmaq istəyən insana, körpə yuxusunun isə təzə yağan qara bənzədilməsindən bəlkə
daha çox poetikdir.
Məmməd İsmayılın təbiət
şeirlərində də
mifoloji düşüncə
ilə səsləşən
məqamlar az deyil. Başlıca səsləşmə ana təbiətdən
özünü ayırmamaq,
özündə təbiətin,
təbiətdə özünün
əlamətlərini görmək
meylindədir. Məmməd
İsmayılın gözündə
Kür-Araz bir-biri ilə qucaqlaşır və su sudan
hal-əhval tutur; bulaqlar bir-birilə pıçıldaşır; budaqdan
düşən payız
yarpağı torpağın
qulağına qışın
gəldiyini pıçıldayır;
yaz mehinə könlünü açan
qönçələr "dünya gözəldir"
, - deyir; yay günü
yaylaqda qar dizə çıxanda xəbərsiz çiçəklər
yaşınmağa macal
tapmırlar; cığırlar
meşədən üşüyüb
çıxırlar. Məmməd
İsmayıl şeirində
mifə, folklora bağlılıqla təbiətə
bağlılıq əslində
eyni mahiyyət daşıyır. Məmməd
İsmayılın təsəvvüründə
mif və folklora bağlılıq kimi təbiətə bağlılıq da kökə
qayıtmağın bir
yoludur. Təsadüfi
deyil ki, şair vaxtsız itirdiyi ata-anasını da təbiətdə
axtarır:
Təbiət aranı xəlvət
eyləyib
Çəkir sığalını torpağa, daşa.
Deyin, çinarlarmı söhbət
eyləyir,
Ya anam-atamdır verib baş-başa?!.
Yoxdan
var olanlar yoxluğa varmaz,
Səs çıxar, sədası
dinib qayıdar.
Sən demə, ölənlər
ölüb qurtarmaz,
Çinara, çiçəyə dönüb qayıdar.
"Danışan çinarlar"
"Həyatın beşiyi - ünvanı sənsən"
deyib anaya üz tutmaq, "Haqq mənəm" deyən Nəsiminin uyuduğu məkanda ata sorağına düşmək,
təbii ki, hər şeydən qabaq, valideynə övlad məhəbbətinin ifadəsidir
və bunabənzər
bədii ifadəni az-çox başqa şairlərdə də tapmaq mümkündür.
Amma məsələ bununla
bitmir. Məsələ
burasındadır ki, ata-anaya
ardıcıl üz tutmağın arxasında
Məmməd İsmayılın
özünəməxsus poetik
sistemi durur. Bu poetik sistem öz
mayasını epos düşüncəsindən
götürür. Məmməd
İsmayıl yaradıcılığında
Nizami Cəfərov, Məti Osmanoğlu kimi tədqiqatçıların
diqqətini cəlb edən epos düşüncəsi
isə, heç şübhəsiz, əcdad
kultu ilə bağlıdır. Əcdad
kultu folklorun heç bir janrında eposda olduğu qədər qabarıq deyil. Folklorun başqa janrlarından fərqli olaraq eposda (ən çox da qəhrəmanlıq eposunda)
xalqın öz varlığı uğrunda
çarpışması önə
çıxır və
bu səbəbdən həmin janrda ulu babalarla bağlı olan uzaq keçmişi
ideallaşdırmaq zərurəti
yaranır. Məlumdur
ki, dünya mifologiyasında
əcdad kultu hökmdar, şair və kahin arxetipləri
ilə bağlıdır.
O arxetiplərin bizim dastanlarda qılınc və söz qəhrəmanlarında daha
çox özünü
göstərməsi, kahin
obrazının isə
Dədə Qorqud, Kərəm, Qurbani kimi söz qəhrəmanlarının
nümunəsində ortaya
çıxması aydın
məsələdir. Bəs
epos düşüncəsi Məmməd İsmayıl
yaradıcılığında özünü necə göstərir? Əlbəttə,
eposdakı epik lövhələri Məmməd
İsmayılda axtarmaq
yersiz olardı. Epikliyi, yəni süjetli əhvalatların
bir-birini izləməsini
Məmməd İsmayılın
nəinki şeirlərində
və poemalarında, heç "İz" romanında da görmürük.
Məmməd İsmayılın
şeirləri, poemaları,
hətta romanı üçün aparıcı
xüsusiyyət hiss-həyəcanların
bir-birini izləməsi,
duyğu-düşüncə "süjet"inin incəliklə
qurulmasıdır. Görmək
çətin deyil ki,
Məmməd İsmayılda
duyğu-düşüncə "süjeti"nin eposa xas modeli var. O modeldə "süjet"
belə bir xətt üzrə qurulur: ata ocağı,
uzaq səfər, çarpışmalar və
yenidən ata ocağına qayıtma.
Dastan modeli ilə üst-üstə düşən
bu "süjet" xəttində baş qəhrəman nə ağatlı oğlandır,
nə Savalanda yatan igid, nə
ipək qarı, nə də bizdən qabaqda gedən baba dərviş.
Məmməd İsmayıl
dastanında baş qəhrəman Məmməd
İsmayılın özüdür.
O bu eposda həm qılınc qəhrəmanıdır, həm
də kahinliyi özündə birləşdirən
söz qəhrəmanı.
Məmməd İsmayılda
qılınc qəhrəmanlığı
tərənnümdən uzaqdır.
Bu qəhrəmanlıq tərifdən
daha çox, umu-küsü, qınaq-məzəmmət
notları üstündə
oxucuya çatdırılır:
Kimi gözləyirsən, ay zalım
oğlu,
Gözləyib fürsəti fövtə
verirsən,
Gözləyib - qoyunu qurda verirsən,
Di yatma, dur gəl,
Ümid
qıranların belini
qır, gəl.
Min yel atına,
Arazı
qınından çəkib
sıyır, gəl:
Cənublar, şimallar bir
ola bəlkə,
Ayrılan mahnılar bir
ola bəlkə,
Məqsədlər, amallar bir ola bəlkə!
"Savalanda yatan igid"
Savalanda
yatan igid, həmçinin ağatlı
oğlan, ipək qarı, bizdən qabaqda gedən baba dərviş hamilik rəmzi kimi uzaq və çətin
yolda şairə mənəvi güc verirlər. Necə ki, bu gücü o, ata-anasının müqəddəs
ruhundan alır.
Məmməd İsmayılın həm
ata ocağı ilə, həm uzaq yoldakı çarpışma və
sıxıntılarla, həm
də ilk beşiyə
qayıtmaqla bağlı
müxtəlif şeirləri
var və o şeirlərdən
istənilən qədər
misal çəkmək
olar. Amma mən bunu arif oxucunun
ixtiyarına buraxıb
şairin bəzi obrazları üzərində
dayanmaq istəyirəm.
O obrazlar ki, şairin ömür dastanı üçün çox səciyyəvidir. Yol, çay, göl, dəniz belə obrazlardandır. Bir çox
şeirlərində Məmməd
İsmayıl çay
obrazını arzular dalınca qoşmağın,
çaparaq yol getməyin rəmzi kimi təqdim edir. Arzular dalınca
yola çıxan şairin ən böyük gileyi bəxtdən, taledəndir.
Körpəlikdən bəxti
gətirməyən, atasız
qalıb ana ümidinə
boya-başa çatan
şair doğma ocaqdan yola çıxıb
arzularını gerçəyə
çevirərkən də
bəxtdən, taledən
zərbələr alır,
ağrı-acılar yaşamalı
olur. Çətin yolu davam etdirməkdə
şairə qol-qanad verən ilahi güc - sevgidir. Bu hansı sevgidir? Bu sevgi ilahi bir
sehrlə tale sevgisinə
çevrilən ana, bacı
sevgisidir. Bu sevgi şairin insana və torpağa sevgisinin mayası və cövhəridir:
Gənclik illərində çökəndə
toran,
Düşəndə bəxtimə dumanlar, çənlər,
Məni
o böhrandan çəkib
çıxaran
Məni
sevənlərdi, ya mən sevənlər?!
Qolboyun olanda duyulan, duyan,
Göz açar torpağın
tale sevgisi.
Qəfil
bəlalardan bizi qoruyan
Tale sevgisidir, tale sevgisi!
"Tale sevgisi"
Çıxdığı yolda Məmməd İsmayılın
başlıca amalı
böyük ədəbiyyata
xidmət etmək, gördüyü, duyduğu
həqiqətləri yüksək
bədiiliklə qələmə
almaqdır:
Yollar gələcəyə uçan
qanaddır,
Qaldı
dilimizdə "piyada",
"atlı",
Ehtiyac qalmadı at sürətinə.
Sənət yollarında bəhsin
var hələ,
Gur səslər içində
səsin var hələ...
Neçə ki, kiminsə bəxti
gətirmir,
Neçə ki, dünyada taleyi
kəm var,
Baxma yollarında yüz cür sitəm var,
Baxma yollarında qəzəb
var, qəm var,
Oxu bu günlərin nəğmələrini.
"Bu günlərin nəğmələri"
Şairin
qarşılaşdığı sitəmlərin ən böyüyü Vətənin
parçalanmasından, mənəvi
bütövlüyün pozulmasından
doğan sitəmdir. Odur ki, Arazdan danışmaq, müəllifin
nəzərində, hər
şeydən qabaq, ikiyə bölünmüş
Vətəndən danışmaqdır:
Bu dünya ağzına yoxsa, su aldı,
Yoxsa, birdəfəlik keçib
Arazdan?!
"Nə deyir mənə
bu tarix"
"Ağzına su almaq" ifadəsinin həm müstəqim, həm də məcazi mənalarından
istifadə etməklə
şair Bakı-Təbriz
ayrılığına dünyanın
biganə qalmasını
diqqət mərkəzinə
çəkir. Amma Vətənin
parçalanması heç
də Bakı-Təbriz
ayrılığı ilə
bitmir və şair zaman-zaman bütövlüyü
pozulmuş türk dünyasının mənəvi
birliyini mühüm hədəflər sırasında
görür, Sibir çöllərini və
Baykal gölünü nəzərdə
tutaraq deyir:
Bir vaxt okeanlar çəkilib
gedib,
Sibir çöllərində qalıbdı
Baykal.
Hər şeyin əvvəli ondan başlayır,
Ömrün gəlhagəli ondan
başlayır.
Gözümü açandan uzaq
Vətəndi,
Durna qatarına dönmüşdü
zəndim.
Uzaqdan, uzaqdan, uzaqdan ona
Can atan çayların biri də məndim!
"Baykal"
Şairin
bir çay timsalında Baykala can atması, heç şübhəsiz, türk
dünyasının bütövlüyünə
can atmaqdır.
Söz və fikir adamlarının
hər küləkdən
səmtini dəyişib,
gündə bir mövqe tutması və nəticədə toplumun barışmaz tərəflərə bölünməsi,
Məmməd İsmayılın
nəzərində tarixi
uğursuzluqlara gətirib
çıxaran başlıca
səbəblərdəndir; toplumdaxili ağız birliyi oğuz-qıpçaq,
oğuz-karluq birliyinin
təməl daşıdır.
Məmməd İsmayıl şeirinin
ritmi və intonasiyası son vaxtlar
get-gedə dəyişir.
Obrazlı desəm, bu şeir tədricən
axar çay ritmindən ləngərli
göl və dəniz ritminə keçir. Axar çay dilindəki ötkəmliyi göl və dəniz dilindəki təmkin və ağırlıq əvəz edir. Məsələn, ömrün
ağrı-acısı barədə
çay dilində danışmaq göl və dəniz dilində danışmaqdan
fərqlənir. Birinci
halda, ağrı-acıya
səbəbkar və baiskarlar axtarılır, müəllif ötkəm
bir səslə hansısa "zalım oğlu"nu qınaq hədəfinə çevirir.
İkinci halda isə aqilanə bir təmkin, "xeyirsiz şər, işıqsız qaranlıq
yoxdur" düşüncəsi
önə çıxır
və müəllif ağrı-acını qədərin
hökmünə, taleyin
pozulmaz yazısına
bağlayır. Bu cür
ritm və intonasiya dəyişməsində,
eləcə də fəlsəfi düşüncələrə
geniş meydan verilməsində Məmməd
İsmayılın bəhrələndiyi
qaynaqlardan biri yenə mifdir, mifin üstündə pərvəriş tapan eposdur. Məmməd İsmayıl yaradıcılığından,
ən çox da onun son dövrlər yazdığı şeirlərdən
ana xətt kimi keçən bir motiv - təbiətin yenidən doğulub dünyaya əbədilik qazandırması motivi öz başlanğıcını
mifdən, mifoloji düşüncədən götürür.
Məmməd İsmayıl
çox gözəl bilir ki, Türk tanrıçılıq sistemində
təbiətin ölüb-dirilməsi,
sonun təzədən
əvvələ qayıtması
Tanrı qüdrətinin,
Tanrı ixtiyarında
olan əbədilik və qəzavü-qədərin
mühüm göstəricisidir.
Belə bir mifoloji təsəvvürün
izlərinə və poetik cizgilərinə Məmməd İsmayılın
"hicrət" poeziyasında
tez-tez rast gəlmək olur:
Yarpaq, sən də budaqdan,
Solub qürbətə düşdün.
Yağış, sən də buluddan,
Dolub qürbətə düşdün.
Könül, ölən gününmü
-
Gəlib
qürbətə düşdün?!
Buluda dönmək üçün
Buxarlanmaq
gərəkmiş.
Budağa
dönmək üçün
Baharlanmaq
gərəkmiş.
Vətənə dönmək üçün
Məzarlanmaq gərəkmiş.
...Qucağını aç,
Vətən,
Yox olub gələcəyəm
Səndə var olmaq üçün.
"Səndə var olmaq üçün"
Bu şeirlə (və bunabənzər neçə-neçə
başqa şeirlə)
Məmməd İsmayıl
oxucuya bədbinlik ovqatı yox, əbədiyaşarlıq, ölməzlik
ovqatı aşılayır
- saralmış payız
yarpağının təzədən
budağa, yağış
damlasının təzədən
buluda, qürbətdəki
Vətən övladının
təzədən Vətənə
qovuşmasından doğan
ölməzlik.
Məmməd İsmayıl poeziyasında
açıq-aşkar hiss olunan,
Qəzənfər Paşayev,
Elnarə Akimova kimi tədqiqatçıların
diqqətini cəlb edən qəriblik motivi üzərində, ümumi şəkildə
də olsa, dayanmaq lazım gəlir. Diqqət yetirdikdə, aydın olur ki, qəriblik motivinin ifadəsi Məmməd İsmayıl
şeirində heç
də Türkiyəyə
mühacirətdən başlamır,
bu motiv şairin yaradıcılığında
lap əvvəldən özünü
büruzə verir:
Mən kiməm,
mən nəyəm?
qərib
düşüncə,
Kimsəyə gərəksiz, tənha
bir ürək.
Burda oğul olub uzaq düşüncə,
Burda çinar olub bitəydim gərək.
"Müqəddəs kədər"
Əsrik
adlı doğma yurdda çinara dönmək arzusunun dilə gətirilməsi heç də Vətənin o biri başının qürbət
sayılması anlamına
gəlmir. "Müqəddəs
kədər" poemasından
gətirdiyim yuxarıdakı
nümunədə qəriblik
hissi həmdəm, həmdərd tapmayıb tənhalaşmaqla bağlı
bir hissdir. Türkiyəyə getdikdən
sonra Məmməd İsmayıl, fəlsəfi
düşüncələr müstəvisində qəriblik
motivinə, söz yox ki, daha tez-tez
yer verir və motivə yeni məna çalarları əlavə edir. Yeni məna çalarları Vətən və Vətən həsrəti
anlayışlarına fərqli
yanaşmadan doğur və bu həsrətin
ifadəsində sufiyanə
cizgilər görünməyə
başlayır. Vətən
dedikdə, şair bir tərəfdən, doğulub boya-başa çatdığı, sənət
adamı və ictimai xadim kimi
yetişdiyi real coğrafi
məkanı nəzərdə
tutursa, bir tərəfdən də, Tanrı dərgahını
nəzərdə tutur.
Mühacirətəqədərki şeirlərində doğuluşdan
söhbət açarkən,
insanın göydən
gəlməsinə ara-sıra
işarə edən Məmməd İsmayıl
Türkiyədə yazdığı
bəzi şeirlərdə
(eləcə də
"İz" romanında)
bəşər övladının
əvvəl-axır göylər
aləminə - ilkin Vətənə qayıdacağından
bəhs edir:
Bu necə qismət imiş,
Bu necə vədə - gəldim.
Bu dünya qürbət imiş,
Neçin qürbətə gəldim?
"Bu necə qismət imiş"
Gəldiyim kimi də getmək gözəldi,
Bədəndən sıyrılıb ruh
olmaq gözəl.
Dənizə qarışıb itmək
gözəldi,
Tanrıya qovuşub yox olmaq gözəl.
"Qırxıncı qapıyam,
sirrim bilinməz"
Şairin
əvvəlki şeirlərində
dəniz, çayların
can atdığı real bir
mənzildirsə, son vaxtlar
yazdığı bir çox şeirlərdə
dəniz, Tanrı dərgahının rəmzinə
çevrilən, damlanın,
qətrənin qovuşmaq
həsrətində olduğu
mistik bir mənzildir.
Yaşadığımız fani dünyanı qürbət,
Tanrı dərgahını
Vətən saymaq və o Vətənə qovuşmağı ideala çevirmək! Klassik ədəbiyyatdan və aşıq şeirindən
gələn bu təlim Məmməd İsmayıl yaradıcılığını
heç də aparıcı xətdən
uzaqlaşdırmır. Məmməd
İsmayıl yaradıcılığı
üçün aparıcı
olan xətt Əsrik adlı kəndin, Azərbaycan adlı məmləkətin
dərd-sərini qələmə
almaq, yeri düşdükcə fəlsəfi
düşüncələrə dalmaqdır:
Hara getsəm dərdin də,
arxamca gedər mənim,
Bir qulam ölənəcən
bu dərdi daşımağa...
Şairləri susmayan
bir vətən basılmayıb,
Qəlbimdə can yerinə
buna ümid
bəslədim.
Yolunda şəhid olmaq
baxtıma
yazılmayıb,
Bayrağına bükülüb
dəfn
olunmaq həsrətim...
"Şairləri susmayan
bir vətən basılmayıb"
Vətənin dərd-səriylə yaşayan və ana yurdun coğrafi və mənəvi bütövlüyünü ən
ülvi arzuya çevirən Məmməd
İsmayıl Qarabağ
savaşının ilk qəhrəmannaməsini
yazan şairlərimizdən
biri oldu:
Ağzımda haqq deyirəm, bu haqq səsi
sənindir,
Hələ haqqın nahaqla
bəhsə-bəhsi sənindir,
Dünyanın ən mübarək
qələbəsi sənindir,
Bu qələbə yolunda nə dayan, nə yavaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
"Xan əsgər"
Bəli,
ata ocağından başlayıb, uzaq məkanlarda eniş-yoxuşlardan
keçən bir yol hərlənib təzədən doğma
yurda qayıtdı - dastanlardakı kimi!
...Məmməd İsmayılla
axırıncı dəfə
44 günlük Qarabağ
savaşından qabaq,
bir yay günü Gədəbəydə görüşmüşük,
oturub şeirdən-sənətdən,
dünyanın etibarsızlığından,
itirdiyimiz torpaqların
qayıtmasını görüb-görməyəcəyimizdən
danışmışıq. Qismət olar, yaxın vaxtlarda Əsrikdə - şairin doğulub boya-başa çatdığı və
dünyaya pərvazlandığı
ata ocağında görüşərik. Kəndin
havası şairi cavan oğlana döndərər, həmişəki
şövq və ilhamla o, təzə şeirlərini oxuyar, biz isə bu dəfə
etibarsızlıqdan, itkilərdən
yox, dünyanın gözəlliklərindən söz
salarıq. Və deyərik: "Yaşamağa
dəyər, Məmməd
İsmayıl!"
Muxtar KAZIMOĞLU
Ədəbiyyat qəzeti.- 2024.-
8 noyabr, №43.- S.12-14.