İstanbul boğazında Bakı rüzgarı
Azərbaycanın "Fəxri qonaq" kimi qatıldığı
41-ci İstanbul Beynəlxalq Kitab Festivalından təəssüratlar
Rəsmi hissə
İstanbulda... Dünyanın mərkəzində, Şərqlə Qərbin bir-birinə körpü atdığı, bir dövrün sonu, digər bir dövrün başladığı, xüsusi estetikası; məscidləri, rəngli evləri, qağayıları, balıqçıları, simitçiləri, sahhafçıları, sahilləri olan şəhərdə dostlarımla görüşdüm. Mən Bakıya gedə bilməsəm də, Bakı və xatirələrim İstanbula - 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinə gəlmişdi. İstanbulda eyni yerləri hər gün gəzsəniz də, hər dəfə yeni macəranın, yeni bir səsli xatirənin sahibi olursunuz. Bu böyük şəhər hər dəfə fərqli üzü ilə sizi təəccübləndirə bilir. Bəlkə də bu qədər insan qələbəliyinə rəğmən, hələ də məhz bu cür macəralarına görə sevilir. Mənim budəfəki xatirələrimin ünvanı isə kitab festivalı oldu.
Hər il keçirilən və dünyanın ən böyük kitab festivallarından biri olan İstanbul Beynəlxalq Kitab Festivalının qırx birincisində Azərbaycan fəxri qonaq kimi iştirak etdi. Ölkəmiz ilk dəfə idi, bir kitab festivalının fəxri qonağı olurdu. Böyük tərkibdə heyətlə bu mədəniyyət hadisəsinin bir hissəsi olmuşduq. Yazarlar, şairlər, mədəniyyət və incəsənət adamları, naşirlər, jurnal və qəzetlərin redaktorları Bakıdan İstanbula Azərbaycanı təmsil etmək üçün gəlmişdi.
Əvvəlcə burada yaşayan biri kimi deyə bilərəm ki, Türkiyə oxucularının Azərbaycan ədəbiyyatı haqqında təsəvvürləri çox məhduddur. Əgər bədii ədəbiyyatla maraqlanmayan biridirsə, iki-üç klassik şairdən başqa heç kimi tanımaz. Yazı-pozu adamları, hazırlıqlı oxucular isə ədəbiyyatımızı bizim onların ədəbiyyatını bildiyi səviyyədə bilmir. Bu baxımdan, belə bir mötəbər tədbirdə ədəbiyyatı və mədəniyyətimizi təmsil etmək çox faydalı və sevindirici idi. Digər festivallardan fərqi isə təkcə ölkəmizin fəxri qonaq qismində iştirakı deyildi. Budəfəki heyətin əksəriyyətinin gənc nəslə aid olması diqqət çəkirdi. Yazarlar, şairlər, həmçinin naşirlər də gənclərdən seçilmişdi. Qoca mədəniyyətin yeni simaları qədim şəhərdə öz ədəbiyyatlarını təqdim edirdi. Festivalın mənim üçün dəyərli, bir az da sentimental olan tərəfi haqqında bir azdan danışacam. Əvvəlcə tədbirlərin real mahiyyəti, mənə görə uğurlu və qüsurlu tərəfləri haqqında yazmaq istəyirəm.
Azərbaycanın mədəniyyəti və ədəbiyyatını tanıtmaq üçün üç gün davam edən xüsusi stenddə fərqli nəşriyyatlarda çap edilmiş kitablar, dərgilər, Türkiyə türkcəsinə tərcümə olunmuş azərbaycanlı müəlliflərin kitabları, Azərbaycan tarixi, incəsənəti haqqında kitablar var idi. Üçgünlük proqrama imza saatları, kitab təqdimatları, ədəbiyyat müzakirələri, nəşriyyatların və yayım evlərinin müzakirə panelləri, musiqi saatları, rəqslər daxil edilmişdi. Festival çərçivəsində "Azərbaycan-Türkiyə modern şeiri", "Sosial media dövründə yazmaq", uşaq ədəbiyyatı, "Yeni Azərbaycan hekayəçiliyi və romançılığı", "Azərbaycanda nəşriyyat mədəniyyəti", "Çağdaş Azərbaycan şeirinin inkişaf mərhələləri" mövzularında müzakirələr keçirdi. "Səninləyik, Türkiyə!", Yevgeni Bertelsin "Azərbaycanın böyük şairi Nizami", Aşıq Mikayıl Azaflının şeirlər toplusu, Vaqif Səmədoğlunun "Ben burdayım, Tanrım", Süleyman Çələbinin "Mevlid", Şəmil Sadiqin "Odərlər" kitablarının, Türkiyənin məşhur "Hece" dərgisinin Azərbaycan ədəbiyyatına həsr edilmiş sayının təqdimatları baş tutdu. Türkiyə türkcəsinə uyğunlaşdırılmış Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi", Qismət Rüstəmovun "Gələcəyin tarixi", Günel Şamilqızının "Div olsa, nə fərqi var?", Fərid Hüseynin "Yalan Bayramı", Dilqəm Əhmədin "Son dayanacağı İstanbul olan azərbaycanlılar" və mənim "Absurd menyu" kitablarının imza saatları keçirildi. Bunlardan başqa, musiqi saatları və nəşriyyatlar arasındakı əlaqələri təmsil edən tədbirlər baş tutdu. Bu tədbirlərin və müzakirələrin çoxunun gənclər tərəfindən aparılması festivalın bizim adımıza ən yaxşı tərəfi idi. Ədəbiyyatı yeni nəslin gözündən təqdim etmək, təmsil etmək faydalı idi. Bakıdan gələn qonaqların siyahısı da daha çox gənclərin və çağdaş ədəbiyyatımızın üzünü göstərirdi. Festivala qatılan yazıçı və şairlərin içində Xalq yazıçısı Elçin, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, şair Səlim Babullaoğlu, tarixçi yazar Əkbər Nəcəf, şair Əkbər Qoşalı ilə bərabər Fərid Hüseyn, Aqşin Yenisey, Qismət Rüstəmov, Şəhriyar Del Gerani, Nərmin Kamal, Cavid Zeynallı, Sahilə Yaya, Günel Şamilqızı, Ulucay Akif, ədəbiyyatşünas Ülvi Babasoy, araşdırmaçı yazar Dilqəm Əhməd və bəndəniz var idi. Uşaq ədəbiyyatını isə Sevinc Nuruqızı və Solmaz Amanova təmsil edirdi. Məşhur nəşriyyatlarımızın - "TEAS", "Alatoran", "Çapar", "Hədəf", "Parlaq imzalar", "Libra" və digərlərinin naşirləri və əməkdaşları da sərgiyə qatılmışdı. Mənsum İbrahimovun mini konserti ilə stendlərimizə baş çəkənlərin və Azərbaycan xalq musiqisi ilə maraqlananların sayı da çoxaldı.
Digər
illərə nisbətən
bu il festivala az adam gəldi.
Ziyarətçilərin sayı
keçən illərə
nisbətən az idi. Buna baxmayaraq tədbirlərdə və
imza saatlarında qələbəlik olurdu.
Bu qələbəlikdən Azərbaycan stendləri çox az pay aldı. Səbəb isə təqdimatın gözdən uzaq və hazırlıqsız
olması idi. Ümumiyyətlə, sərgi
salonunun ən böyük mənfi cəhəti Beynəlxalq salonun çox uzaqda seçilməsidir. Azərbaycan stendinin yanında sadəcə, Türkiyə Mədəniyyət
Nazirliyinin stendi var idi. Salonun böyük
bir hissəsi boş-bekar qalmışdı.
İki qardaş yenə tək görünürdü qırmızı
xalıların üstündə.
Və bu boşluq oxucuların da diqqətini yayındırırdı.
Salonda cəmi iki stend görən
oxucuların çoxu
geri qayıdırdı.
Azərbaycandan gətirilən
kitabların seçimi
diqqətəlayiq idi.
Hər nəsildən,
hər janrdan, hər nəşriyyatdan
kitab var idi. Amma bu zəngin irsi təqdim edən kitabçılar yox idi. Bundan əvvəlki
iki festivalın ziyarətçisi, müşahidəçisi
kimi deyə bilərəm ki, Fəxri qonaq qismində qatıldığımız bu
mötəbər festivalda
ədəbiyyatımızı daha yaxşı təqdim edə bilmək üçün
təşkilatçılıq işlərini mükəmməlləşdirə
bilərdik.
Çatışan və çatışmayan
bütün tərəfləri
ilə festival çərçivəsində
türk ailələrinə,
tələbə evlərinə,
məktəbli kitabxanalarına
ayaq açan hər Azərbaycan kitabı bizi təmsil etdi. Və ümid edək ki, Azərbaycan ədəbiyyatı və
mədəniyyəti ilə
tanış olanlar daha çox oxumaq, bilmək istəyəcəklər.
***
Bakı
üçün darıxmışdım.
Bakı üçün
İstanbulda darıxmaq
üçün darıxmışdım.
Bakıdakı dostlarım
üçün darıxmışdım.
Onlarla etdiyim söhbətlər üçün
darıxmışdım. Darıxmışdım.
Gəncliyimin salxım
dövründə ədəbiyyatı,
şeiriyyatı söhbətlərindən
öyrəndiyim, tükənməz
həvəslə məni
kitablara, mətnlərə
vərdiş etdirən
dostlarımla İstanbulda
dörd günün xatirəsini zehnimə və gündəliyimə
yazmaq məni məsum bir xoşbəxtliyin içinə
atmışdı. Onlardan
bəziləri ilə
İstanbulu bir neçə dəfə gəzmişəm, bəziləri
ilə isə ilk dəfə idi bu əsrarəngiz şəhərə bərabər
baxırdıq. Səmimi
məclislərin, gülüşlərin,
söhbətlərin, heç
vaxt yadımdan çıxmayacaq epizodların
bol olduğu dörd payız günü ömürdən
keçdi.
Bizi təkcə ədəbiyyat
və kitablar birləşdirmirdi. Bizi bu şəhər haqqındakı təsəvvürlərimiz
də birləşdirirdi.
İstanbulu gəzməyin
özü də sənətdi. Ona baxmaq, onu görmək, onu hiss etmək də xüsusi istedad tələb edir. İstanbul bütün
şəhərlər, meqapolislər
kimi deyil. Burada hər küçə səni
yeni bir hadisənin, köhnə bir tarixin içinə atır. Bizim hamımız bu məchul macəraya hazır adamlar idik. Hətta bunun baş verməsi üçün
İstanbula inad, asta-asta yeriyib gələcək olan xatirənin həyəcanını
yaşayırdıq. Kitablardan
oxuduğumuz İstanbulla
yaşadığımız, gördüyümüz İstanbulu
müqayisə edəndə
anlayırdıq ki, bu
şəhər təkcə
istanbulluların deyil,
bu şəhər onu anlaya bilənlərindir.
Çünki bir hekayənin içində
biz də İstanbula aid idik. Biz də
onun boğazın qoxusuna bürünmüş
küçələrinin sakinləri
idik. İstanbulun hər səmtində bizim bildiyimiz bir hekayə var idi. Və biz o hekayəni İstanbulda yaşayıb onu anlamayanlara həvəslə
oxumağa hazır idik. Bəlkə də buna görə gəlmişdik.
Rəvan CAVİD
Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, №43.- S.5.