Tərkеdilmiş, yaхud Cahid
Hilaloğlunun tamamlanmamış obrazı
Cahid Hilaloğlu barədə ilk dəfə 2002-ci ildə
yazmışdım. Onu yuxumda görmüşdüm. Yuxuda
gördüyüm qiyamət
ruzigarıydı. Alov
dilimləri şəklində
qiyamət küləyi...
Cahid Hilaloğlu barədə yazım bu sözlərlə
başlayırdı: "Mən
qiyamət ruzigarlarını
röyada, Cahid Hilaloğlunu isə həyatda görmüşəm".
Cahid Hilaloğlu ilə
"Molokan" bağındakı çayxanada əyləşib
bir çay içimi söhbət etmişəm və indi xatırlamıram ki, Cahid Hilaloğlu o zaman nədən danışırdı,
əslində onun yadımda qalmayan söhbətləri əvvəldən
axıracan mücərrəd
olardı və söhbətləri kimi səsi də, geyim-keçimi də, sığalsız saçları
da ona laübalı bir görkəm verərdi.
Bilirdim
ki, bu həmin Cahid Hilaloğludur - 1957-ci
ildə, mayın 28-də
Qız qalasına üçrəngli bayrağı
sancan Cahid bəy.
Heç
bilmirəm, nə üçün gecənin
bir aləmi, Bayraq günü ərəfəsində Cahid
Hilaloğlunun pərişan
görkəmi gəlib
yaddaşımın önündə
aynalanır və
"yaz, deyir, məni də yaz..." Əslində bu gün hamıdan
çox xatırlamalı
olduğumuz azərbaycanlı
Cahid Hilaloğludur.
O zaman -
1980-ci illərin əvvəllərində
biz İncəsənət İnstitutunda
oxuyurduq və Cahid Hilaloğlu ara-sıra, Parisin Qameni kimi, indi
artıq sökülüb
xatirə daşlarına
da süpürgə çəkilmiş
o yaşıl binanın
qarşısında peyda
olardı və dövrünün seçilmişləri,
tanınmışları ona
rast gələndə,
sadəcə, salam verməklə yetinərdilər,
daha durub Cahid Hilaloğludan hal-əhval soruşmazdılar.
Çünki hamı
bilirdi ki, o, dissidentdir.
Əslində hal-əhval
soruşsaydılar belə,
Cahid bəy onlara düz-əməlli cavab verməzdi. Xatırlayıram: bir dəfə Mehdi Məmmədov
onu: "Xoş gördük, Cahid" - deyə salamladı və Cahid bəy
birbaşa Şekspirdən
danışmağa başladı.
Özü də necə danışmağa:
"Hamleti Molokan bağındakı
bu ağacdan asmışdılar" - deyə
yaxınlıqdakı ağacı
göstərdi. Sonra da ildırım
sürəti ilə küçənin o biri səmtinə keçdi.
Bu həmin Cahid Hilaloğlu idi - 1957-ci ildə Qız Qalasına üçrəngli
bayrağı sancan Cahid Hilaloğlu.
Yanından laqeyd ötüb
keçirdilər. Özü
bunun fərqində deyildi. Bir daha təkrar edirəm ki, dindirib-danışdıran olsaydı
belə o, yenə də başqa aləmlərdən xəbər
verəcəkdi, başqa-başqa
sözlər danışacaqdı.
2002-ci ildə haqqında yazdığım "Tərkedilmiş,
yaxud Cahid Hilaloğlunun tamamlanmamış
obrazı" adlı
essemdə (bilmirəm,
o vaxta qədər Cahid Hilaloğlu barədə yazılmışdımı?)
belə bir cümlə vardı:
"Bu yazını yazdıqca
onun da fərqinə varıram ki, necə olur, heç zaman, hər halda, ən azı iyirmi ildir yadıma
belə düşməyən
bir insan, qəfil yaddaşımın
unutqanlıq buzunu əridir, dəbdə olan adların yerinə öz adını xatırladır
və mən həyatının nə əvvəlini, nə də sonrasını bilmədiyim Cahid Hilaloğlu barədə düşünməyə başlayıram".
Həmin
yazını Alqış
Həsənoğlu 2002-ci ildə
"Yeni Azərbaycan" qəzetində
dərc etdi.
İndi isə onu neçə
ildən sonra yenidən xatırlayıram.
Saçları kimi pərişan geyimini, yerişini, çay içməyini, söhbətlərini,
səsini, taleyini... Bayrağımızı Qız
Qalasına taxdığı
üçün antisovet
damğası ilə suçlanmış, 10 il həbsdə
yatmış, vətəndaşlıqdan
məhrum edilmişdi.
İndi Azərbaycanda Bayraq günüdür. Sovet dönəmində bu bayrağın qarasevdalısı
olmuş Cahid bəy Hilaloğlu adının bu gün bütün millət tərəfindən
anılmasını hamıdan
daha çox haqq edir.
Hər halda, 1957-ci ildə o, üçrəngli müqəddəs
Azərbaycan bayrağını
daşımışdı.
İndi Azərbaycanda Dövlət
Bayrağı günüdür.
Həmin üçrəngli
bayrağın günü.
Bu gün Cahidi kimsə xatırlayırmı,
xatırlayacaqmı, bilmirəm.
Mən isə bu ərəfədə Xəlil Rza Ulutürk barədə İsmayıl Şıxlının
yazdıqlarını xatırlayıram:
"Yanvar qurbanlarının
- şəhidlərin ili
idi. Matəm izdihamı dalğalanırdı...Səhhətim imkan vermədiyinə görə
matəm mərasiminə
gedə bilməmişdim.
Evdə, televiziya qarşısında oturmuşdum.
Şəhidlər xiyabanı
ilə Ali Sovet və "Moskva" mehmanxanası
arasındakı dairəvi
meydança ilə insan seli fırlanıb
axın-axın qəbirləri
ziyarət edirdi. Birdən meydançanın
ortasındakı yaşıl
dairədə təkcə
dayanan bir insan gördüm. Uzun saqqallı, başında papaq, qoltuğunda qovluq olan bir insan.
Bu, Xəlil Rza Ulutürk idi. Duruşundan məyusluq və kədər yağırdı. Elə bil bu insan
seli onu bir kənara atmışdı. Gərəksiz,
lazımsız, öz
tarixi rolunu oynayıb unudulmağa məhkum edilmiş adam kimi. Yadıma
Qandinin, Nehrunun fikirləri düşdü:
silahlı qiyam lazım deyil. Çünki inqilabın fütuhatlarından istifadə
etməyə layiq olanlar döyüşlərdə
qırılacaq, qələbənin
nemətindən isə
ona layiq olmayanlar istifadə edəcəklər. Yadıma
bolqar yazıçısı
İvan Vazovun "Səfillər"
əsərindəki Makedonski
surəti düşdü.
Bütün ömrünü
Bolqarıstanın azadlığına,
inqilaba həsr edən, hər cür məhrumiyyətlərə:
sürgünə, zindana,
mühacirətə dözən
şikəst Makedonskini
qələbədən sonra
heç kim xatırlamır, bu səfil inqilabçını
hamı unudur...”
Cahid bəy də həmin makedonskilərdən
biriydi. Bir göz qırpımında inqilabçılıq
etmiş və sonra da tərk edilmişdi. Atılmış,
unudulmuşdu. 1969-cu ildə
İrəvan Dövlət
Dram Teatrında, sonralar
Bakıda Tədris Teatrında çalışmışdı.
1976-cı ilə qədər
İncəsənət İnstitutunda
rejissor sənətindən
dərs deyib. Haqqında hansısa tələbəsinin xatirə
qeydləri yoxdur. Rejissor kimi də,
deyəsən, onu heç kəs xatırlamır. "Nəsimi"
pyesi varmış... Bayraqdar kimi də, az qala,
unudulub. 1992-ci ildə
Ağdamda qəfil bir avtomobil qəzasından
dünyasını dəyişmiş
və elə ata yurdu Ağdamda
da dəfn edilmişdi.
İndi yəqin məzarı
da yoxdur... Halbuki bu adam siyasi
pandemiyanın tüğyan
etdiyi SSRİ-də Azərbaycan Cümhuriyyətini
bərpa etməyi, o taylı-bu taylı Azərbaycanın birləşdirilməsini
həyatının məramına
çevirmiş ilklərdən,
azlardan biriydi. İndi
isə mifdir - Azərbaycanın tərkedilmiş
bayraqdar mifi.
Nə acı ki, biz tərkedilmişləri
muzeylərdə qorunan
sənət əsərlərindən,
yaxud kitab səhifələrindən
görüb, oxuyub təəssüflənir, heyrətə
gəlirik. Və sanki onları bizə yaxınlaşdıran,
bizə doğma edən talelərindəki
pərişan və dərdli məqamlar, bir insan olaraq
yaşadıqları tənhalıq
iztirabları deyil, sənətkarın qüdrətidir.
Yalnız sənət
naminə vəcdə
gəlirik. Elə bu səbəbdən də, məsələn, Bottiçellinin "Tərkedilmiş"
tablosuna baxanda tanıdığımız tərkedilmişlərə
deyil, məhz o tablodakı Əhdi-Ətiq
qəhrəmanının - tərkedilmişin obrazına
heyrətlənirik.
2002-ci ildə "Tərkedilmiş,
yaxud Cahid Hilaloğlunun tamamlanmamış
obrazı" essemi yazdığım gün Turan Cavidlə söhbət edirdik.
"Dayan" deyib, yan
otağa keçdi. Sekreterindən bir şəkil götürdü.
Tələbələrinin, o cümlədən Cahid Hilaloğlunun Turan Cavidlə çəkilmiş
fotosuydu. İncəsənət
İnstitutunda rejissorluq
təhsili alan Cahid bəy 1950-1952-ci ildə Turan Cavidin tələbəsi olmuşdu.
Bayraq günüdür. Pəncərəmdən
bayraq meydanına, kənardan isə 1957-ci ilə baxıram. Orada, yəni 1957-ci ildə köksünə sıxdığı ay-ulduzlu,
üçrəngli Azərbaycan
bayrağını Qız
Qalasının zirvəsinə
daşıyan 28 yaşlı
cavan bir oğlanın obrazını
"görürəm" - Cahid Hilaloğlunun hələ rəsm edilməmiş, hələ
yazılmamış, hələ
romanlaşmamış, hələ
şeirə çevrilməmiş
obrazını... Bayraq
sevdasının psixoloji
zərbəsindən ömrü
viran qalmış Cahid Hilaloğlunun obrazı. Əsl bayraqdar obrazıdır, deyilmi?
Cahid Hilaloğlunun simasında ədəbiyyatımızda bir
roman qəhrəmanının yeri boş qalıb...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr, №43.- S.6.