Ekoloji tənqid: Yaşılı öyrətmək
"XXI əsrin yazıları" silsiləsindən
Çağdaş dünyada ədəbiyyatı ancaq ədəbiyyatla, fəlsəfəni ancaq fəlsəfəylə, kinonu ancaq kinoyla anlamaq, təhlil etmək yarımçıq hesab edilir. İndi interdisiplinar (təlimlərarası) metod dəbdədir. Məşhur deyimdə olduğu kimi: hər şeyin hər şeylə əlaqəsi var. Sadəcə, incə bir məqama diqqət etmək lazımdır: ədəbiyyatçı mərkəzə ədəbiyyata qoyaraq başqa sahələrlə kontakta girir, filosof mərkəzə fəlsəfəni qoyaraq qonşu təlimlərdən fikir istəyir, kinoşünas mərkəzə kinonu qoyaraq başqa disiplinlərin torpağına səyahət edir.
XXI əsrin ədəbi tənqidində aktual meyllərdən biri də eko-kritisizm (ekoloji tənqid) modelidir. Eko - sözünün etimologiyası qədim yunanlara gedib çıxır, oikos - ev, ətraf mühit deməkdir.
Ekologiya - bütün canlıların bir-biriylə və ətraf mühitlə olan əlaqəsini öyrənən elmdir və bu termini ilk dəfə XIX əsrdə bioloq, təbiətşünas və filosof Ernst Hekkel istifadə edib.
XX əsrdə ekoloji araşdırmalar sürətlə artdı. Ekolojist tənqidçilərin fikrincə, bu sahənin nəzəri əsasları Cozef Mikerin 1972-ci ildə çapdan çıxan "Sağqalma komediyası: ədəbi ekologiya araşdırmaları" kitabındadır. Ekoloji tənqid terminini isə birinci dəfə 1978-ci ildə yazdığı "Ədəbiyyat və ekologiya" məqaləsində Vilyam Rukert işlədib. Rukert bu məşhur məqaləsində 70-ci illərdə mövcud olan eksperimental tənqid formalarını sadaladıqdan sonra yazır ki, yeni tənqid multifunksional, əhatəli olmalıdır. Alimin fikrincə, eko-sistemin qorunmasında təkcə ekoloqlar yox, oxucular, yazıçılar, tənqidçilər də məsuliyyət daşıyır. Rukert yazır ki, söhbət təkcə ekoloji anlayışları ədəbiyyata tətbiq etməkdən getmir, bununla yanaşı, ədəbi mətnlərdə ekoloji həssaslığın olub-olmamasına da baxmaq lazımdır. Alim məqaləsində ekoloji həssaslığı olan müəlliflərdən bəzilərini xatırlayır: Volt Vitmen, Henri Devid Toro, Vilyam Stenli Mervin, Vilyam Folkner və Teodor Rotke.
Rukert yazır ki, günəş necə eko-sistemdə yenilənən enerji mənbəyi kimi bütün canlılara həyat verirsə, ədəbi əsərlər də, məsələn, poeziya da "depolanmış enerji" kimi insanlara təsir edir. Alim burda yaradıcılıqla günəş enerjisi arasında analogiya qurur. Rukertin fikrincə, günəş təbiətin eko-sistemdəki yeganə mütləq enerji mənbəyidirsə, hər fərdin fantaziyası, ya da hər şeirin ayrıca depolanmış enerji mənbəyini olduğunu düşünərək, ədəbiyyatla günəş, ədəbiyyatın tədrisi ilə biosferin təmizliyi arasında bağlantılar qura bilərik.
Beləcə, alim fərz edir ki, ədəbiyyatın
insanlara təsir gücündən faydalanıb
eko-sistemə verilən
zərərləri azalda
bilərik, çünki
günəş enerjisinin
günəşdən yer
kürəsinə, oradan
isə bütün canlılara çatması
və həyat dövriyyəsinin fasiləsiz
şəkildə davam
etməsi kimi, şairin enerjisi də şeir vasitəsilə oxuculara çataraq fantaziyanın və intellektual hazırlığın yayılmasına
zəmin yaradır. Rukert deyir ki,
bir şeir bir eko-sistem modeli kimi ekologiya
dərsində oxuna, təhlil oluna bilər. Onun fikrincə, şeirin "nədən bəhs etməsindən çox, nə etməsi və bunu tutarlı
şəkildə necə
etməsi" çox
vacibdir.
Alim yazır ki, ekoloqlara fikrincə insanın tragik qüsuru antroposentrist (insan-mərkəzçi)
olması və təbiəti insanlaşdıraraq
pozmasıdır. Ədəbiyyat
bu baxışı dəf etməkdə bizə yardımçı
ola bilər.
Rukertlə başlayan bu tənqid metodunun oturuşması və məşhurlaşması 1996-cı ildə Çeril Qlotfelti və Harold Frommun tərtib etdikləri eko-kritisizm məqalələrindən ibarət
"Eko-tənqid: Ədəbi
ekologiyada dönüm
nöqtələri" adlı
antologiyadır. Antologiyanın
"Ekoloji böhran dövründə ədəbiyyat"
adlı giriş məqaləsində Çeril
Qlotfelti yazır ki,
1970-ci illərdən etibarən
sosiologiyada müəyyən
qədər "yaşıllaşma"
olsa da, ekologiya hərəkatıyla ədəbiyyat
arasında uçurum
böyük idi.
Müəllif deyir ki, 80-ci illərə
qədər ekologiya ilə ədəbiyyat arasında əlaqə qurmaq rəsmi nəzəriyyələrdən kənarda, fərdi təşəbbüs hesab
edilirdi. Eko-kritisizm özünü bir tənqid metodu kimi XX əsrin sonralarında təsdiqlədi
və yeni əsrə
adladı. Qlotfelti eko-tənqidə belə tərif verir:
"Eko-tənqid nədir? Sadə şəkildə desək, eko-tənqid ədəbiyyat və fiziki ətraf mühit arasındakı əlaqəni araşdırır.
Necə ki, feminist tənqid
dil və ədəbiyyatı cinsiyyət-şüurlu
perspektivdən analiz edir, yaxud marksist
tənqid mətnlərə
istehsal və iqtisadi sinif metodlarıyla yanaşırsa,
eko-tənqid də ədəbi mətnlərə
planetar (yer kürəsi) mərkəzli
bir baxış bucağı gətirir."
Alimin fikrincə, eko-tənqid təxminən bu suallara cavab axtarsın:
"Bu sonetdə təbiət necə təmsil edilib? Bu romanın süjetində ətraf mühitin rolu nə qədərdir? Bu pyesdə ifadə edilən dəyərlər
ekoloji həssaslıqla
nə qədər uyğundur? Torpaqla bağlı metaforalarımız
ona yanaşmağımıza
təsir edirmi? İrq, sinif və cinsiyyət kimi kateqoriyalara əlavə olaraq "yer" də yeni bir tənqidi kateqoriya sayıla bilərmi? Təbiətlə
bağlı kişilər
qadınlardan fərqlimi
yazırlar? Elmin özü ədəbi analizə nə qədər açıqdır?.."
Mütəxəssislər eko-tənqidi üç mərhələyə
bölürlər. Birinci
mərhələ ötən
əsrin 90-cı illərinə
təsadüf edir. Bu mərhələdə daha
çox Amerika ədəbiyyatında
təbiət və Avropa ədəbiyyatında
romantizm, Viktoriya dövrləri
təhlildən keçirilib.
Birinci mərhələdə
tənqidçilər ekoloji
şüuru formalaşdırmaq
üçün bədii
mətnləri araşdırıblar.
Məsələn, bu dövrdə Conatan Baytın "Romantik ekologiya: Vordsvord və ətraf mühit ənənəsi"
adlı kitabı çapdan çıxır.
İkinci
mərhələ 2000-ci illərdə
başlayır. Bu mərhələdə
sinif, irq, cinsiyyət kimi önəmli araşdırma
sahələri öz sıralarına ekoloji problemləri də daxil edib. Təbiət
etikasıyla şəhər
həyatının ekoloji
kontekstdə ədəbi
mətnlərdə təhlilə
çəkilməsi ikinci
mərhələnin əsas
mövzularından biridir.
Beləcə, şəhər
ekologiyası adı altında eko-tənqiddə
yeni bir istiqamət də ortaya çıxır. Bu dövrdə
artıq araşdırmalar
təkcə təbiətlə
bağlı əsərlərin
saf-çürük edilməsi
olmaqdan çıxır,
belə ki, artıq azlıqların, etniklərin
ədəbiyyatı da, əvvəllər
multikulturalizm ilə eko-feminizmin təhlil obyekti olan əsərlər
də eko-tənqidə
cəlb edilir. Bu dövrün araşdırmalarına
misal kimi, Maykl Bennet və Devid Tiqin tərtib
etdikləri "Şəhərlərin
təbiəti: eko-tənqid
və urbanistik ətraf mühit" antologiyasının adını
çəkə bilərik.
Eko-tənqidin müasir dövrdəki
üçüncü mərhələsi
isə bəzi alt-növlərin, yeni dövrdə
ortaya çıxan sahələrin təhlilə
cəlb edilməsiylə
davam etməkdədir.
Bu dövrdə posy-kolonializm,
bio-etika, bio-semiotika və bio-texnologiya kimi post-humanizmin çətiri altında ifadə edilən istiqamətlərlə eko-tənqid
arasında körpülər
qurulur, ortaq işlər aparılır.
Məsələn, adını
çəkdiyimiz istiqamətlərin
biri kimi, post-kolonializm (müstəmləkə
sonrası) araşdırmaları
ilə eko-tənqid arasında körpü qurulur və müstəmləkə olmuş
xalqların ədəbiyyatındakı
ekoloji problemləri araşdırırlar. Bu mərhələyə
aid məşhur kitablardan
biri 2007-ci ildə
Yelena Tiffin tərtibçiliyi ilə çıxan "Siyam kralına beş dəvəquşu:
Ətraf mühit və imperiya" adlı antologiyadır. Bu antologiyada insan istismarı ilə imperiyaların müstəmləkə
siyasəti arasındakı
əlaqə kontekstində
təbiətə vurduqları
ziyan araşdırılır.
Əslində, hələ cavan
olan eko-tənqid sahəsi bu gün dünyada böyük maraq doğurur və artıq yeni əsrin ən aktiv ədəbi
tənqid metodların
biri kimi günbəgün özünü
təzələyir. Təəssüf
ki, bizdə bu sahə tamamilə boşdur. Bizdə hələ müasir ədəbiyyata istifadə
tarixi keçmiş Belinski meyarlarını tətbiq etməyə çalışan adamlar
var. Yeni, eksperimental, yaradıcı,
multidisiplinar metodlar yox dərəcəsindədir.
Neyləməli, ünvanımız
bəllidir: ucsuz-bucaqsız
azlığa...
Kalvinonun
səyahət qeydlərindəki
bir epizod heç cür yadımdan çıxmır:
"Qocalar çoxdan
keçirilmiş at yarışlarının
"zapis"lərinə baxıb
mərcə girirdilər..."
Elə bil, bizim haqqımızdadır...
QİSMƏT
Ədəbiyyat qəzeti.- 2024.- 8 noyabr,
№43.- S.9.