Limit
Hekayə
Nəzakət arvad çox qənaətcil, qəpiyin qədrini bilən idi. Oğlunun ev üçün etdiyi bazarlığı nəzərdən keçirəndə, "bunu çox almısan", "bu lazım deyildi", - deyə etirazını bildirəndə, oğlu: "Ay ana, nəyinə lazımdı? Ye-iç, otur orda. Az oldu, çox oldu, sənin ki, pulun xərclənməyib", - deyərdi. Oğlunun cavabını eşidən Nəzakət "Arxda da su çoxdu. Evdə nizam-intizam olmalıdı", - deyərək açıb sandığı, tökərdi pambığı:
- Başa düşmürəm, gəlin gələnə kimi mən bir qab paraşokunu iki ay işlədirdim. Gəlin bir həftəyə bir qab paraşoku işlədir. Evə nə qədər paltar paraşoku, sabun almaq olar? Bişən yeməyin yarıdan çoxu zibil qabına tökülür. Deyəndə ki, a gəlin, a bala, yemək niyə zibil qabına tökülür? Cavab verir ki, neynim, uşaq bir az yeyir, qalanı qalır qabda. Gəlini başa salmaq olmur ki, uşağa yeməyi yeyəcəyi qədər çək. Uşağının qabında qalan artıq yeməyi zibil qabına tökdüyünə, hazır, özün ye də. Tez dillənir ki, bıy, mən artıq yeyənəm? Başa düşmürəm, sən öz uşağının artığını yemirsənsə, başqası sənin uşağının artığını yeyəndir? Bu nə deməkdir? Ana da uşağından iyrənərmi? Ana uşağının artığını yemirsə, demək, uşağından iyrənir. Adama sual verərlər, əgər uşaqdan iyrənirsənsə, onda neynirdin onları dünyaya gətirib? Biz belə arvad olsaydıq, indi küçələrdə dilənirdik. Arvad ki, yeyib əllərini yanına sildi, ondan arvad olmaz. Neçə gəlinim varsa, hamısı bir bezin qırağıdır. Elə bil milyonçu qızlarıdır. Nə veclərinə, işləmirlər-eləmirlər, pulun qədrini hardan biləcəklər?! Ancaq sifariş verməyi bilirlər. Haranı eşələyirsən, meyvə çıxır, şokolad çıxır. Belə də şey olar, a başına dönüm. Alınan meyvənin bir-ikisini uşaq dişləyib atır, yesə yenə dərd yarıdı, qalanı sellofan torbalarda xarab olur, hara baxırsan, şokolad kağızıdı. Uşaq açıb dişləyir və atır xalçanın üzərinə. Evə bir adam gələndə iki konfet tapmırsan ki, qonağın qarşısına qoyasan. Deyəndə ki, a gəlin, o günü bir dünya konfet alınmışdı, hanı, bir dənə də yoxdu. Nə desə, yaxşıdı? Cavab verir ki, nə bilim, uşaq yeyib. Mən qıyıb alınan meyvənin, konfetin birini ağzıma qoymuram ki, uşaq yesin, qonaq gələndə ikisini stolun üstünə qoyaq. O da belə. Mən belə şey görməmişəm. Gəlin elə bil evə qəsd eləyir.
- Ay ana, sən Allah, az danış. Alınan şey yeyilməlidir, işlənməlidir. Allah verəndən
ye-iç, otur. Hər şeyə fikir verib əsəbiləşmə.
Pul var, alıram, - deyən oğlu anasının könlünü
alıb sakitləşdirmək
istədikdə, elə
bil alovun üstünə neft tökürdün.
- Sən bilmirsən axı, bir ətək
pensiya alıram. Əynimə almıram, başıma almıram. Hamısını evə xərcləyirəm. Hələ
işıqpulu, qazpulunu
demirəm. Ayda iki kisə un görmür. Gündəlik
çörək alınsa,
gör nə günə qalarıq. Bişən çörəyin
yarısı zibil qabına tökülür.
Toyuqlara dən əvəzinə çörək
atıram.
- Ana, burda nə var? Dədəmin pensiyasını
kommunal xərclərə
ver, öz pensiyanı da nəvələrinə,
evə xərclə. Mən də artırdığım pulla
gəlinə əyin-baş
alım, gəzməyə
aparım, - deyən oğul zarafatla cavab verib, anasını
qucaqlayıb üzündən
öpəndə, oğlunu
özündən kənarlaşdıran
Nəzakətə elə
bil od qoyurdular.
- Dədəni qanına bələnsin. Dədənin
aldığı pensiya,
gör, dədənin
qarnını doydurur heç? Ömrü boyu dədən evə bir qəpik
gətirib ki, indi də işıq pulu, qaz pulu
verə?! İndiki gəlinlər kimi qazandığımı əynimə-başıma
verməmişəm. Zülümlə
ev-eşik qurmuşam,
toy eləmişəm. Dədənin
heç xəbəri
olub ki, arvad-uşaq nə yeyir, nə içir. Aldığını harda
xərcləyir, neynir,
xəbərim də olmaz. Ərə gələndən dədəni
də mən saxlamışam.
- Ana, danışanda insafla danış. Elə hey deyirsən ki, dədənizi
mən saxlamışam.
Sən nətəri qoçaq arvad olmusan ki, həm işləmisən, həm
uşaq saxlamısan, həyət-baca əkib-becərmisən,
ev tikmisən, toy eləmisən, dədəmin
xəbəri olmayıb?
Bəs bu kişi sənlə bərabər işləməklə
yanaşı, qapı-bacadan
başqa, kolxoz işində də çalışıb. Bunu
biz böyüyəndə özümüz
görmüşük. Bu kişinin
qazandığı hara gedib?
Ayrı arvadı olmayıb ki, deyəsən
ki, aldığını başqa
arvada xərcləyib?
- Aldığını neynib?
Verib arağa, töküb qarnına. Nə bilim, neynib?
- Ana, dədəm nətəri araq içəndi ki, hələ indiyə kimi nə bir
toyda dava salmayıb, nə bir adama ilişməyib,
nə də ki, evə bir dəfə
də olsun sərxoş gəlməyib.
Biz gözümüzü açıb,
ağlımız kəsəndən
görmüşük ki, pul
sənin əlində
olub. Yazıq kişinin cibində pul olub ki, araq
da içə? Araq içmək elə-belə
məsələ deyil.
Araq içənin cibində pulu olmalıdır. O da dədəmin
cibində olmayıb. Nə ilə içib, hansı pulla içib, biz bilmirik, amma sən bilirsən? İndi
də aldığı
pensiyanın quyruğu
40 manatdı, 50 manat
da deyil, onu götürüb, qalanını
sənə verir. Daha nə istəyirsən?
İndi də başlamısan
ki, aldığı pensiya
dədənizin öz
qarnını doydurmur.
Dədəm nə eləməlidir? Oğurluq
eləməlidi, yol kəsməlidi, neyləməlidir?
- Neyləməlidir? Onun yaşıdları bağda
işləyir, bazarda meyvə alıb-satır. Canı çıxmayacaq
ha, o da getsin işləsin.
Cavan oğlana oxşayır? Arsız-pirsiz
adamdı. Yemək stolunun arxasında oturanda qarnını fələk doydurmur. Aldığı pensiya təkcə içdiyi qəndi eləmir. Bir stəkan çayı bir qəndqabı qəndlə içir.
- Ana, daha bəsdi. İndiyə kimi işlədiyinin qədrini
yaman bilmisən, qalıb indən sonra işləməyi.
İndi də gedib yaşının bu vaxtında bağda fəhləlik edəcək,
yaxud bazarda meyvə satacaq. Niyə başa düşmək istəmirsən
ki, iş qüvvəsi
tükəndiyi üçün
hökumət onu pensiyaya göndərib? Sən də aç qulağını
eşit, dədəm iş qüvvəsini itirib. Qalan ömrünü
rahat yaşamalıdır.
Ona da sən imkan versən. Övladı ona görə saxlayırlar ki, qocalanda övlad ata-anasına baxsın. Sizdən heç kim heç nə istəmir. Aldığınız
pensiyanı yığın,
gedin istirahətə.
O qədər gözəl
yerlər var ki. Bilmirəm,
nə vermisən bu kişiyə, əl çəkmirsən.
Dədəmin ən böyük səhvi bilirsən nədi, ana?
- Nədi? - Nəzakət içindən gələn
sevinclə tez oğluna baxdı.
- Dədəmin səhvi odur ki, vaxtında səndən canını
qurtarmayıb. Xətrinə
dəyir-dəysin, sən
bir gün də saxlanılası arvad deyilsən. Allaha şükür elə ki, dədəm sənin kimi arvadla indiyə kimi ömrünü çürüdüb, amma
səni boşamayıb.
Mən elə başa düşürəm
ki, uşaqlarının xətri
üçün sənin
əzablarına dözüb.
Bir ayağın gora titrəyir, hələ də ər-arvad nədi, bilmirsən. Bəsdi daha.
Mən oğlunam, sənin dır-dırına dözə
bilmirəm, yazıq dədəm bu illəri necə dözüb? - deyən İlqar əsəbi şəkildə otaqdan çıxdı.
- Hə... Belə de. Düz deyirsən, dədənizin umuduna qalsaydınız, indi küçələrdə veyillənirdiz.
Sizi kişi elədim. Əlbəttə,
mənim kimi ananın qədrini bilməzsiniz. - Nəzakət
acıqlı-acıqlı oğlunun
arxasınca qapıya baxdı.
***
Axşamdı. Nəvələr televizorda
cizgi filminə baxırlar, gəlin yemək bişirir, Oruc divanda əyləşib
qəzet oxuyur. Bu zaman
mətbəxə girən
Nəzakət acıqlı-acıqlı
üzünü ərinə
tutub, "Otaqda işığı yanılı
qoyub, özün də burda oturmusan.
İşığı niyə
söndürməmisən? Səni nətəri başa salım, adama nə cür
deyərlər, limit çoxdan
keçib. Filan qədər pul eləyəcək qazla işığın pulu. Sən verəcəksən?
Bəsdi də, adam evinə nə qədər ziyan vurar?" deyinməyə başlamışdı
ki, "Ana, atam səhərdən
burda əyləşib
qəzet oxuyur, yəqin uşaqlar yandırıb", deyən
gəlin qayınanasının
kükrəyən əsəbini
sakitləşdirməyə çalışdı.
- Uşaq eləməz, sən tez müdafiə
eləmə.
Gəlin
üzünü uşaqlara
tutaraq "Babanın otağına kim girmişdi?" soruşdu.
- Mən girmişdim. - Ayan dilləndi.
- Nəyə girmişdin?
- Babanın stolunun üstündə qələm
var idi. Onu götürürdüm.
- Bəs işığı
niyə söndürməmisən?
- Ana, yadımdan çıxıb.
Nəzakət Ayanı qucaqlayıb
üzündən öpərək,
- Allah, bunun başına
dönüm, qələmi
neynirdin? - dedi.
- Şəkil çəkirdim,
nənə.
- Balaca barmaqlarına canım qurban. Nənənin də şəklini çək.
- Nəzakət Ayanın
barmaqlarından öpdü.
- Yaxşı, nənə. Babamın da şəklini
çəkəcəm, sənin
də.
- Baba pisdi, onun şəklini
çəkmə.
- Baba niyə pisdi, nənə?
- Ana, uşağa elə söz deməzlər. İşığı Ayan yanılı
qoyduğuna görə
heç dillənmədin.
Bilmirəm, baba sənə
nə pislik edib ki, ondan əl çəkmirsən.
- Gəlin kinayəli təbəssümlə qayınanasına
baxdı.
Nəzakət gəlinin sözünü
eşitməməzliyə vurub
"Yemək bişmədi?
İlqar indi gələcək. Uşaqlar
da acdı." sözü
ilə məsələdən
yayındı. Bu zaman İlqar
əlində sellofan torbada meyvə qapıdan içəri daxil oldu. Axşamınız
xeyir, deyib torbanı yerə qoyaraq stolun arxasına keçdi və "Dədə, nətərisən? Kefin yoxdu, yoxsa, yenə
arvad xətrinə dəyib?" zarafatla soruşdu.
- Sağ ol, yaxşıyam.
- Yox, düzünü de, kefin yoxdu, yoxsa,
ağrıyırsan?
- Sol ayağı ağrıyır,
axsayır. Deyəsən,
qrip də tutub. - Gəlin dilləndi.
- Səhər dərman alıb gətirərəm.
Nəzakət yuyulmamış çömçə
kimi, tez özünü ortaya atdı.
- Heç nəyi yoxdu, qorxma, ölüb-eləməz. Gör
neçə ildi döşüm məni öldürür, boğazımın
zobu da bir yandan. Dərmanın birini alanda, birini də almıram. Hamı ağrıyır də.
Bu dəyqa zəng gəlsə, özünü
çatdıracaq şəhərə.
Ağrıyan gəzməz,
evdə oturar.
- Ana, ağrıyırsan, səni
aparım həkimə.
Başa düşmürəm,
bu kişidən nə istəyirsən? Dərmanı mən alacam, bax, sənlik
burda nə var?
- Nəynən alırsan? Dərman od qiymətinədi.
- Ana, bəsdi daha, - deyən İlqar "Bir stəkan çay ver", dedi gəlinə.
Gəlin
iki stəkan çay süzüb stola qoydu.
- Dədə, dur gəl çay iç. Fikir vermə, arvad səni çox istədiyindən
səndən əl çəkmir. - deyən İlqar gərginliyi aradan qaldırmaq istədi.
Boşalmış çay stəkanlarını
götürüb kənara
qoyan gəlin yemək çəkib boşqabın birini İlqarın, birini isə qayınatasının
qarşısına qoydu.
Oruc əlini boşqaba uzatmaq istəyirdi ki, Nəzakət
cəld boşqabı
ərinin qarşısından
götürüb: "Hələ
də bu gəlin yemək çəkməyi bilmir, nə vaxt öyrənəcək,
bilmirəm? Yeməyi bir boşqaba doldurur gəlin. Daha demir ki, uşaq da var. Qazanı da qabağına qoysan, onun qarnı doyası deyil. Fələk də onun qarnını doydura bilməz", - deyərək boşqabdakı
yeməyin çoxunu qazana boşaldıb qalanını Orucun qarşısına qoydu.
Bu zaman İlqar qarşısındakı
boşqabı götürüb
atasının qarşısındakı
boşqabla dəyişmək
istədikdə Oruc
and-aman elədi ki, xəstəyəm, iştahım
yoxdu, yeyə bilməyəcəm, yeməyi
artıq eləməyə
dəyməz.
Süfrə yığışdırılandan
sonra Oruc otağına keçib yatağına uzandı. Nəzakətin hərəkətlərini
təhlil etməyə
başladı: "Bu yaşda
boşanıb uşaqlarına,
nəvələrinə qaxınc
qoysunmu, yoxsa, dözsünmü? Bu adam
"ayıb" sözünü
qanmır. Dinib danışacaqsan, gəlindən,
qonşulardan ayıbdı.
Dinmirsən, getdikcə
arvad daha da üstünə qoyur. Bu
gen dünyanı başıma
dar eləyib. Boşayacaqsan, eldən-obadan
ayıbdı. Vurub öldürəcəksən, beş
günlük ömrün
qalıb, onu da həbsxanalarda çürüdəcəksən.
Bəs neyləməli?"
Çıxış yolunun
axtarışında nə
vaxt yuxuya getdiyini özü də bilmədi.
Gecə
oyanan Oruc balkonun işığını
yandırıb ayaqqabılarını
geyinərək ayaqyoluna
getdi. O, ayaqyolunun qapısındakı işığı
yandırıb yenicə
içəri keçmişdi
ki, işıq söndü.
Ayaqyolunun içəri
işığı da çöldən
qapının yan tərəfindən yandırılırdı.
İşıqların söndüyünü
zənn edən Oruc qaranlıqda birtəhər ayaqyolundan çıxaraq yıxılmamaq
üçün ehtiyatla
pilləkənlərlə yuxarı
qalxıb zala daxil olanda gördü
ki, Nəzakətin yataq
otağının qapısından
zəif işıq gəlir. Qapını açıb otağa girəndə Nəzakətin
telefona baxdığını
gördü. Güclə
əsəblərini cilovlayaraq:
"İşığı sən söndürmüşdün?"
- dedi.
- Hə. Mən söndürmüşdüm. - Nəzakət gözünü
telefondan çəkməyərək
saymazyana cavab verdi.
- Niyə söndürmüşdün?
Qaranlıqda gərək
yıxılam, qol-qılçam
qırıla?
- Niyə yıxılırsan
ki? Şəhərə gedəndə
yıxılmırsan, ayaqyolundan
çıxanda yıxılırsan?
Noolub sənə, qorxma, yıxılmazsan. Yıxılsan da, heç
nə olmaz, - kinayə ilə güldü Nəzakət.
- Ayıbdı. İşin-gücün
yoxdu, məni güdürsən?
- Sənin nəyini güdürəm? Yox bir gözüm uçur səndən ötəri. Limit qurtarıb.
Səhər işığın,
qazın pulunu kim verəcək, səən?
- Zirzəmiyə girirsən,
işığı yanılı
qoyursan, tövləyə
bir yumurta gətirməyə gedirsən
tövlənin işığını
yanılı qoyub gəlirsən, onda limit yadına düşmür,
mən ayaqyoluna gedəndə işığı
yandıranda limit yadına
düşür? Yatdığım
otaqda işıq yandırmağa imkan vermirsən, isidicini söndürürsən ki, limiti
keçib. Bəsdi də daha, ayıbdı,
utan, qızar. Niyə məni məcbur eləyirsən
ki...
- Məcbur olub neyniyəcəksən? Pah,
qorxdum. - deyən Nəzakət gözünü
telefondan çəkməyərək
meydan oxudu.
Nəvələr oyanmasın deyə
söhbəti uzatmayan
Oruc öz otağına keçdi.
Səhəri gün axşam
yeməyindən sonra süfrə yığışdırıldı.
Gəlin qayınatasının
dərmanlarını verib
ayaqlarını isti su ilə vanna
edəndən sonra Oruc otağına keçib yatağına uzandı. Yanında qoyduğu stulun üstündəki qəzeti
götürüb yenicə
nəzərdən keçirməyə
başlamışdı ki, qapı yavaşca açıldı. Nəzakət
içəri daxil oldu və otağı
nəzərdən keçirib
işığı söndürdü.
"Adama nə cür deyərlər ki,
limit qurtarıb, sayğac
işıqpulunu ikiqat
yazır. Zəhmət
çək, qəzetini
gündüz oxu",
- deyib otaqdan çıxaraq qapını
örtdü.
Arvadının hərəkətini özlüyündə
götür-qoy edən
Oruc yuxuya necə getdiyindən xəbəri olmadı.
Səhərə yaxın oyanan Oruc işığı yandırıb ayaqqabılarını
geyinib ayaqyoluna tərəf gedəndə
qaranlıqdan qulağına
zarımaq səsi gəldi. Ətrafı dinşəyən Oruc səsin ayaqyolu tərəfdən gəldiyini
hiss edərək cəld
ayaqyolunun qapısının
yanındakı işığı
yandıranda gördü
ki, Nəzakət yerdə
soyuqdan bürüşüb
zarıyır. Tez Nəzakəti
qucaqlayıb qaldırmaq
istəyəndə güclə
eşidiləcək səslə
"Yavaş, yeriyə
bilmirəm, ölürəm"
sözlərini eşitdi.
Baxdı ki, arvadının
başından axan qan yerdəki çaylaq daşın üzərində və sifətində axaraq laxtalanıb. Nəzakətin
zarımağına fikir
verməyən Oruc onu birtəhər qucağına alaraq evə gətirib çarpayısına uzatdı.
Qapını döyüb
İlqarı və gəlini oyatdı. Gəlin cəld su gətirib qayınanasının üst-başının
və üzünün
qanını təmizlədi.
- Ana, nolub, nə iş görürdün? Başa sal görək,
niyə bu hala düşmüsən?
Bəlkə səni vurub eləyiblər? - deyən İlqar atasının üzünə
baxdı.
Oğlunun baxışlarından Nəzakəti onun vurmasından şübhələndiyini
hiss edən Oruc dedi:
- Heç kəs onu vurmayıb. Ayaqyolundan çıxanda içərinin işığını söndürüb, çölün işığını da yandırmayıb ki, limit dolub. Öz aləmində guya işığa qənaət eləyir. Bu zaman ayağı dolaşıb yıxılıb, başı da çaylaq daşına dəyib. Sözsüz ki, onun ayağı qırılıb, ayağa dura bilməyib, yıxıldığı yerdə də qalıbdır. Qışqırsa da, səsini eşitməmişik. Nə vaxtdan yıxılıbsa, zarıya-zarıya qalıb ayaqyolunun qabağında. Yaxşı ki, mən oyanmışam, yoxsa, bir az da qalsa, soyuqdan donub öləcəydi.
- Ana, atam düz deyir? Elə olub? - İlqar anasının üzünə baxdı.
Yavaş-yavaş özünə gələn Nəzakət güclə "hə" deyə bildi.
- Xətrinə dəyməsin, ana, öz günahlarındı.
"Limit dolub" deyə-deyə kişidən əl çəkmirdin. İndi gördün,
axırda kişiyə
möhtac oldun. Atam olmasa, elə
ayaqyolunun qabağında
da öləcəydin, heç
kəsin də xəbəri olmayacaqdı.
Heç olmasa, indi başa düş, sənin sağ qalmağın atamın hesabınadır.
Görürsən, atam
yaxşı adamdır,
ölüm ayağında
sənə sahib çıxıb.
Sözünü bitirən
İlqar üzünü
gəlinə tutaraq, -
arvadın əynini dəyiş, həkimə
aparım, - dedi.
Nəzakət isə yanağı
aşağı axan göz yaşlarını
Orucdan gizlətməyə
çalışırdı. Ayağının qırılmasına
görə Nəzakət
üç aydan sonra əsanın köməyi ilə güclə qapıda gəzinməyə başladı.
21.01.2024
Fazil Sənan
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.-
S.30-31.