O ağac harda bitib,
hanı qonduğun
budaq?
***
Bilirəm,
hardasa savaşdır yenə.
Bilirəm, dünyanın harasındasa
insanlar
al qana bulaşır yenə.
Susun!
Bir anlığa susun, siz Allah!
Qoysanız unudam olub-keçəni?!
Və qoy uzaqlara, lap uzaqlara
aparsın, aparsın bu külək məni...
***
Bilsəm
də aclıq
arzunu, istəyi çeynəyir,
udur -
yenə
əvvəlkitək oxuyam
gərək.
Bilsəm
də məhbəs
arzunu, istəyi sökür, dağıdır -
yenə
əvvəlkitək oxuyam
gərək.
Bilsəm
də ölüm
arzunu, istəyi puça çıxarır -
mən yenə,
yenə
əvvəlkitək oxuyam
gərək!
***
Bir gün getsəm, gülüm,
getsəm
yanından,
getsəm
və həsrətin çıxsa
canımdan -
külək yetər, gülüm,
haqlayar məni
qatar qabağına,
təzədən yanına qaytarar
məni...
***
Səninlə, ah, səninlə,
nə olacaq səninlə
bir gün mənsiz qalanda?!
Hansı
işıq çəkəcək,
aparacaq
de, səni,
hansı
qaranlıq - məni?
Ağrılar sümüyündə,
gicgahında ağrılar,
gözündə, ürəyində,
canda-qanda
ağrılar...
Səninlə, ah, səninlə,
nə olacaq səninlə -
mənsiz,
mən olmayanda?!
***
Bağrıyanıq göyərçin,
de, hardasan, harda, sən?
Eşidirəm obaşdan
həzin,
qəmli nəğməni
-
özünsə yoxsan, ancaq.
O ağac harda bitib,
hanı
qonduğun budaq?
Eşidirəm səsini
sənin
hər axşamçağı.
Oxuyursan
harda sən, harda? -
bilmirəm, ancaq.
Hər gün qürub çağında
açılırsan sən necə!
Uzaqdasan,
yaxında? -
biləmmirəm heç cürə.
Eləcə
bütün gecə
ötürsən için-için -
ovudan varmı səni?
Bağrıyanıq göyərçin,
harda axtarım səni?
Nədən təsəllisizsən?
De, hardasan, harda, sən?
***
Dəniz.
Və yalnız dəniz,
Yenə
bu sonsuz dəniz.
Ata, niyə gətirdin
axı məni şəhərə?
Nədən ayırdın məni
dənizdən?
Yuxumda azğın sular
dalğa-dalğa qabarır,
alıb
mənim qəlbimi
dənizlərə aparır...
Ata, niyə gətirdin
axı məni şəhərə?
Rafael
Alberti
(İspaniya)
Tərcümə: Mahir N.Qarayev
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.- S.32.