Nə isə, mən gedirəm, öz dünyamda gizlənim,
Məndən bütün dünyaya atəşli salam olsun!..
İşıq doldu hardansa gün görməyən ömrümə,
Gözümə inanmadım, işıq hara, mən hara?!
Mən ki daim öyrəşdim yaşıl ümid vəd edən,
daha çox payız üzlü yalançı baharlara...
Yağışımı da sevdim, göz yaşımdan su içən...
Ürəyimin közündə xəzəl oldu arzular...
Mən də belə dəliyəm, öz-özüylə oynayan,
Məndə tapmaca kimi çözülməyən suallar...
O gur işıq nə idi?! - soruşdum, cavab gəldi,
Bir sevginin milyon il yol gələn zərrəsiydi.
Göydən sənə pay kimi
göndərilən duanın
Allah qatından enən ən sirli ayəsiydi.
Açsan xoşbəxt olarsan,
anlasan mənasını,
Bu dünyada sənintək varlı biri tapılmaz.
İndi özüm-özümün içimdə
gizlənim, qoy,
Qoy bir qeybə çəkilim içimdə
elə az-maz.
Çözüm, tapım, yaşayım...
qaçışlardan yoruldum...
Bir az durulum indi,
mənim qazancım olsun.
Nə isə, mən gedirəm, öz dünyamda gizlənim,
Məndən bütün dünyaya
atəşli salam olsun!..
***
Darıxmağın şəklini çəksəydim əgər,
sonuncu qış gecəsində
görüşünə tələsdiyim
o bağçada,
ağacların dövrəsində
qalamağa çalışdığın
o ocağın
qışın qarlı rütubətinə
dözməyib,
söndüyü an
qəmli-qəmli
öləziyən
kösövünün
arxamızca
boylanan
boz tüstüsünün
havada cizdiyi
rəqsin
qara şəklini
çəkərdim...
Darıxmağın şəklini çəksəydim
əgər,
məni
hədəf aldığın
o son qartopu
vuruşunun
məndən azca yan keçib də,
qollu-budaqlı
ağacın gövdəsində
qar qırçınlı
iz buraxan
ağ surətini çəkərdim...
Darıxmağın şəklini çəksəydim əgər,
səni
kor bilinməzliyə
uğurlayan
gözlərimin
aciz-aciz
gülümsəyən,
dönməyəcəyini bilməyən
baxışının
çarəsizcə
alacalanmış
sükutunu çəkərdim...
İndi, indi sənsizlikdə
baxar, baxar...
xatırlayar...
səni,
səni, səni
içimə çəkərdim...
Bir şairin xatirəsinə...
Hər açılan səhər
hələ yaşamaqçün bəhanə deyil...
Bilirsən ki, yenə gələcək
gecə...
Gecənin gəlməsi də
ölümə səbəb deyil.
Bilirsən hardasa var bir səhər...
Qırtlağına bıçaq kimi dirənsə də qəhər,
sabah unudacaqsan hər şeyi...
düşəcəksən bir tikə çörək dərdinə...
hansısa bir başıbatmışın
xətrinə
çıxacaqsan küçəyə...
və külək yellədəcək
səni,
kiminsə zivədən asılan
yırtıq çuxası kimi...
Günəş zenit nöqtəsinə
dirənəndə,
içinin göz-gözü görməyən
qaranlığında
bir-birini
tanımayanda duyğuların,
itirəndə solun-sağın,
güclə sürüdüyün ayaqlarınla
qayıdacaqsan xarabana
axşam
düşəndə...
Qorxuların ruhunda
qarışqa kimi gəzişəndə,
bu gecədən səhərə
sağ çıxmağa
daha qalmayanda dözümün,
məzar
kimi soyuq
yorğan-döşəyində açıla bilməyəndə
buz kəsmiş dizin,
düşünəcəksən ki,
gərək elə səhər
asaydın özünü
düz kəllənə düşən
Günəşin şüasından...
Ya da Ayın kölgəsi və işığı
altında
iki yerə bölünən yatağında uzanıb paralanaydın...
amma işıq düşən
tərəfdə...
Heç
olmasa, ölümün
işıqlı olaydı...
Və səhər dibçəkdəki
hələ açılmamış güllərini
elə köklü-köməcli kimsə
qopardıb,
hələ təzəcə qazılmış
qəbrinin üstünə
qoyaydı...
Artıq
heç kəsə lazım olmayan
bir cüt köhnə ayaqqabını
küçə uşaqları götürüb
geyəydi,
gəlib
qəbrinin üstünə
ruhuna Fatihə oxuyaydı...
Və biləydin ki,
hardasa bir insan qəribsəyib
sənsiz...
Və hardasa bir Günəş
səni
xilas edə bilmədiyi üçün
özü-özündən utanır,
hardasa bir Ay özünü sənin qatilin sanır...
***
Bir vaxt yaddaşının mən olan yeri
indi gecə-gecə darıxıb
mənsiz,
mənli
günlərini xatırlayırmı?!
Bir vaxt gözlərinin mən dolan yeri
indi yetim-yetim ağlayıb mənsiz,
qara gözlərimi soraqlayırmı?!
Bir vaxt ürəyinin mən vuran yeri,
indi için-için göynəyib
mənsiz,
solğun
xəyalımı qucaqlayırmı?!
Bir vaxt sol yanının mən duran yeri
indi həzin-həzin sızlayıb
mənsiz,
titrək
çiyinimi arzulayırmı?!
Mənim
yaddaşımın sən
olan yeri,
Mənim
gözlərimin sən
dolan yeri,
Mənim
ürəyimin sən
vuran yeri,
Mənim
sol yanımın sən
duran yeri...
Xatırlayır...
Soraqlayır...
Qucaqlayır...
Arzulayır...
Səni...
Səni...
Səni...
Səni...
***
Mən sənlə ayrılığın
ən gözəlin yaşadım,
Dəlicə sevilərək, qopdum
səndən, gərəkdi.
Bir vüsal həsrətini gözdən salmayım deyə,
Səninkən Sən olmadım,
Xəyalım kəpənəkdi.
Qondum elə ruhuna, qondum elə telinə,
Gözlərində şehinə, içdə ehinə döndüm.
Mən xəyaldan gerçəyə
enib
adiləşmədim,
Mən hər zaman səninçün
müəmmaya büründüm.
Özüm seçmədim bunu,
ruhumun istəyiydi.
Bəlkə də, qorxdum, düzü,
sənin
olsam, ölərəm.
Atəşində qovrulub, öz odumda yandırıb,
Ani parlayıb, sonra qəfilcə də sönərəm.
Arzulanan
olmuşdum,
illərcə, çox illərcə...
Bəlkə də, xəyalımı
sevdin deyə,
bütləşdim.
Bu bütə sitayişi necə adi edəydim?!
Mən Allahın olmuşdum, bir azca da sərtləşdim.
Amansızlığım belə sevimli idi mənim,
Gözünə görünürdüm ilğım kimi,
qaçırdım.
Mən iti xəyalının əngin üfüqlərinə
Məni
aydın görməkçün
sirli qapı açırdım.
De, maraqlı deyildi
bu cazibəli oyun?!
Çalıquşu olmağım
məni
səndə qorudu.
Bəlkə, səndə qalsaydım
bütün varlığım ilə,
Günlərin bir günündə
varlığım unuduldu?! -
deyərək çox düşündüm.
Yox, bunu görməməkçün
əfsanə olum dedim,
əlçatmazın, ilahın,
toxunulmazın olum.
Eyb etməz, kiminləsə
ömrünü birləşdirsən,
Yanında qoy o olsun,
ruhunasa,
mən dolum.
Bilirəm ki, mənimsən,
bilirəm ki, səninəm.
Bu əbədi gerçəyi
yalnız
Allah dəyişər.
Mən
ki, Allahın oldum,
Sən də mənim Allahım.
Bu ilahi yazımız
Cənnətdə gerçəkləşər.
Orda daha qorxmarıq
yerdəki ayrılıqdan.
Adiləşmək
qorxusu cəsarətsiz də etməz.
Orda daha heç vədə səninlə ayrılmaram,
Orda əbədi olan varlığım gözdən
itməz.
***
44 günlük Vətən müharibəsinin
bütün Şəhidlərinə və Şəhid analarına ithaf olunur!
Oğlunun,
yaddaşında qalan
son baxışlarından
süzülən nurda yuyundu,
yenidən doğuldu Şəhid
Anası...
21 ildi anaydı,
bir gündə oldu Şəhid Anası...
44 günə 44 illik ömrünə
sığmayacaq ağrıları sığdırdı,
bütün sevinclərini unutdu,
yaşanmamıştək,
dərdlərindən doğuldu Şəhid Anası...
44 gün oğlunun başı üzərindən
uçuşan gülləri
yuxularında gördü,
onları
ürkütdü,
onları
söydü...
balasına öz canından
sipər hördü...
Allaha yalvardı,
gecə-gündüz dil tökdü,
amma qoruya bilmədi
tək oğul balasını,
qoruya bilmədi ana...
Oğlunun köksünə
güllələr sancılanda,
içində
doğuş sancılarını duydu...
Sanki oğlunu
bir də, bir də
təkrar doğurdu...
Ananın
içindəki ağrıdan
doğulurdu oğlu,
daha bu dünyayçün yox,
əbədi dünyayçün
yoğrulurdu oğlu...
Saçlarının hər teli ağrıyırdı,
ağzındakı dili ağrıyırdı...
Bağrında ana olduğu
21 ili,
ömrünün bütün 44 ili
ağrıyırdı...
Oğlunun beşiyi başında
keçirdiyi yuxusuz gecələri,
balasının dil açıb
"A-na!" dediyi hecələri,
oğul
balam, noğul balam, -
deyə-deyə danışdığı
nağılları, öyrətdiyi
şeirləri,
əlindən tutub məktəbə
apardığı səhərləri
ağrıyırdı...
və ağlayırdı, ağlayırdı...
Oğlu
ilə birlikdə Şəhid olurdu Ana!
Kaş
ki dünya
bir Şəhid anasının
içindəki
əzabların paklığında nurlana,
kaş
ki dünya
bir Şəhid anasının
dünyalara sığışmayan
oğul
dərdi qarşısında
əbədi sayğı duruşunda
dayana!..
***
Əvvəla, salam...
Şeirlərimə baxanda
səni
düşünürəm.
Hər bir sətrim
nə vaxtsa yaşadığımız
parlaq günlərin
indi işığını itirmiş
solğun
kölgələridir...
Vərəqlərə çilik-çilik
tökülənlər
göz yaşı deyil əsla,
sınıq ürəyimin qırıqlarıdır...
Hansı
ürək yarası sağalmadı ki!..
İlk bahar rüzgarlarından
neçə rüzgarlar keçib...
Bircədənəm, bağışla!..
Bəlkə, unuduram səni,
Bəlkə, kimisə xoşbəxt
edəcəm...
Aysel ZÜLFÜQAR
Ədəbiyyat qəzeti.- 2024.-
15 noyabr, №44.- S.28.