Asiya ədəbiyyatının
çağdaş mənzərəsi
Elmi
araşdırma
"Şərqin idealı - insanın kamilləşməsi,
Qərbin idealı - cəmiyyətin təkmilləşdirilməsidir".
Əbu Turxanın bu fikri ilə
yazıma başlamaq istərdim. Çünki müasir dünyada Qərb inkişaf, mədəniyyət anlayışlarını
ehtiva etsə də, Şərq fəlsəfi düşüncəsi
qədim dövrlərdən
zənginliyi, rəngarəngliyi
ilə dünya ədəbi fikrinin formalaşmasına, yeni bir
mərhələyə daşınmasına
töhfə vermişdir.
Asiya böyük bir coğrafi ərazini əhatə edərək qədim mədəniyyətin beşiyi
sayılır, bir çox mədəni ünsürlərin məhz
Şərqdən Qərbə
əxz olunması da buradan qaynaqlanır. Lakin
zaman keçdikcə Qərb
təkmilləşərək bir çox sahədə inkişaf etməklə Şərqdən
ayrılmış, dünya
üzərində həlledici
bir təsir formalaşdırmağa başlamışdır.
Bu vəziyyət ədəbiyyatın
öyrənilməsinə də
təsirsiz qalmamışdır.
Dünya ədəbiyyatını
öyrənmək, müxtəlif
ədəbi düşüncələri
saf-çürük etməklə
mədəni, kontekstual
mühiti təhlil etmək məsələsi
ilə qarşılaşanda
daha çox Qərb, Avropa, Amerika ədəbiyyatı ön
planda olmuşdur. Tədqiqatçılar Avropa
və Amerika yazıçılarının
əsərlərini öyrənməyə,
onları mənimsəməyə,
sanki bir-birilə yarışa girmişlər.
Halbuki ənənə
və mədəni düşüncənin yeni formaları,
estetizm məhz Asiya xalqlarının ədəbiyyatında özünəməxsusluğu
ilə seçilməkdədir.
Bir-birini təkrarlamayan
bu düşüncə
tərzi və ifadə formaları
zaman-zaman tədqiqat predmetinə
çevrilsə də,
bütünlüklə bu
ədəbiyyatın öyrənilməsi
bir qədər arxa planda olmuşdur.
Təəssüflə deyə
bilərik ki, Şərq
xalqları ədəbiyyatı
dedikdə, ilk yada düşən,
əsasən, ərəb,
fars və türk ədəbiyyatı
olur, Uzaq Şərq ölkələrinin
ədəbiyyatı universitet
dərsliklərinin ədəbiyyat
tarixi vəsaitlərindən
çox da uzağa getmir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
"Azərbaycan-Asiya ədəbi
əlaqələri" şöbəsinin
yaradılması və
iş prinsipi məhz bu gözdən,
könüldən uzaqda
duran, sirlərinin açılmasını, tanıdılmasını
gözləyən Uzaq
və Orta Şərq ölkələrinin
ədəbiyyatının - Asiya ədəbiyyatının
araşdırılmasına əsaslanır. Düzdür,
ara-sıra tərcümə
edilən, oxuculara təqdim edilən bədii əsərlər
olsa da, onların bir ədəbiyyatçı
baxışı ilə
dəyərləndirilməsi və təhlil süzgəcindən keçirilməsi
labüdlüyünü hiss etdirirdi. Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsinin profili
məhz kəşfini
gözləyən sahəni
- Asiya ədəbiyyatının
açılmamış səhifələrini
vərəqləməyi və
təhlil edilməyi hədəfləyir.
"Asiya ədəbiyyatı araşdırmaları" məcmuəsi
2023-cü ildə çoxsaylı
tədqiqatların, gərgin
əməyin nəticəsi
olaraq ərsəyə
gəlmiş, sanballı
tədqiqat əsərlərindən
biridir. Kitab həm də komanda şəklində işləməyin
nəticəsi olduğu,
bir-birini dəstəkləyən
bir kollektivin əməyi şəklində
ərsəyə gəldiyi
üçün dəyərlidir.
AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin
Ön sözü ilə başlayan kitabda Asiya ədəbiyyatının
öyrənilmə prosesi
təhlil edilir, bu prosesin labüdlüyü
konkret izahlarla təqdim edilir. Akademik İsa Həbibbəylinin
"Azərbaycan-Asiya ədəbi
əlaqələri" şöbəsini
Asiya ədəbiyyatına
Azərbaycan elmi mühitindən açılan
qapı olaraq dəyərləndirməsi bu
sahədə şöbə
əməkdaşlarının sərf etdiyi əməyə verdiyi dəyərin göstəricisidir.
Filologiya
elmləri doktoru
professor Bədirxan Əhmədlinin
"Asiyaya açılan
ədəbiyyat qapısı"
adlı ilk məqaləsində
şöbədə aparılan
elmi tədqiqat işlərinin istiqamətinə
toxunulur, Çin, Koreya, Pakistan, Hindistan, Vyetnam, İndoneziya, monqol, əfqan ədəbiyyatı üzrə
aparılan araşdırmalara
diqqət çəkilir.
Məqalədə haqlı
olaraq qeyd edilir ki, bu şöbənin
fəaliyyəti təkcə
araşdırma aparmaqla
məhdudlaşmır, ədəbi-mədəni
əlaqələrin, xalqlararası
münasibətlərin yeni mərhələyə və
səviyyəyə daşınmasına
da xidmət edir. Asiya ədəbiyyatı zəngin mədəniyyəti,
qədim tarixi, mübhəm sirləri ilə hər zaman diqqəti cəlb etmişdir. Məhz bu səbəbdən, tarixin açılmamış
səhifələrinə göz
gəzdirmək üçün
müasir dövrdə
bu sahədə çoxsaylı tədqiqatlar
aparılır. Şöbə
əməkdaşları da mütəmadi olaraq qədim mədəni izləri daşıyan ölkə ədəbiyyatlarını
tədqiq edir, müxtəlif mətn nümunələri üzərində
işləməklə mədəniyyət
beşiyinin qapısını
aralamağa çalışır.
"Asiya ədəbiyyatı araşdırmaları" toplusu
şöbənin profilinə
uyğun şəkildə
ayrı-ayrı ölkə
ədəbiyyatlarına bölünmüş,
hər bölmədə
şöbənin həmin
sahə üzrə tədqiqatçısı ölkələrarası
ədəbi-mədəni əlaqələrin
tarixinə işıq
salmış və ölkə ədəbiyyatının
dünyaca tanınmış,
lakin Azərbaycan oxucusuna və ədəbi mühitinə
az tanış olan bir sıra
ədəbiyyat xadiminin
həyat və yaradıcılığını təhlil etmişdir.
Azərbaycan-Pakistan dostluq münasibətləri,
ölkələr arasındakı
ictimai-siyasi əlaqələrin
güclənməsi ədəbi
əlaqələrin - ədəbiyyatın
da ümdə vəzifələrindən
biridir. Bədirxan Əhmədlinin bu münasibətlərin tarixinə
toxunduğu məqaləsi
əlaqələrin hansı
dayaqlar üzərində
formalaşdığını konkret nümunələrlə
izah edir. Alimin Pakistanla olan yaxın münasibətin səbəbini
"bədii düşüncə
- minilliklərdən gələn
islami düşüncə
və təsəvvüf
görüşləri" ilə əlaqələndirməsi
bu yaxınlığın
təsadüfi olmayıb,
milli-mənəvi əsaslara
kökləndiyini vurğulayır.
Filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəlinin
urdu ədəbiyyatının
təhlilinə həsr
olunmuş və Pakistanın mənəvi qurucusu Məhəmməd İqballa bağlı məqalələrində fars
ədəbi ənənələri
üzərində formalaşan,
lakin özünəxas
xüsusiyyətlər qazanmış
bir ədəbiyyatdan bəhs edilir. Bəsirə Əzizəlinin
"Pakistan xalqının istiqlal
mücahidi" adlandırılan
Məhəmməd İqbalın
yaradıcılığını tədqiqat predmetinə çevirməsi olduqca dəyərlidir, məqalə
Pakistan ədəbiyyatına olan sevgi və
marağı əks etdirir. Məhəmməd İqbalın yaradıcılığındakı
Şərq-Qərb müqayisəsinə
toxunan alim "İqbalın
Qərb pozitivizminə
qarşı Şərqin
eşq fəlsəfəsini
qoyması"nı əsərlərdən
gətirdiyi nümunələrlə
əsaslandırır.
Çin
qədim mədəniyyət
və fəlsəfi-ədəbi
fikrin beşiyi kimi hər zaman diqqət mərkəzində
olmuşdur. Qədim dövrlərdən qonşuluq
münasibətləri, Çin-Azərbaycan
ədəbi əlaqələri
mütəşəkkil səviyyədə
mövcud olmuş, hər iki xalqın
ədəbiyyatında, müxtəlif
mənbələrində mövcudluğunu
qoruyub saxlamışdır.
Çin qaynaqlarında
türk bədii düşüncəsinin təsadüf
edilməsi, Göytürk
abidələrindəki çin
izləri, sonrakı mərhələdə Nizami
Gəncəvi yaradıcılığında
çinli obrazların
yaradılması xalqlar
arasındakı əbədi
ədəbi dostluğun
bədii təcəssümüdür.
Şöbənin elmi
işçisi Nərgiz
Kərimovanın Çində
çap olunan Azərbaycan bədii nümunələrindən bəhs
edən məqaləsi
xalqlar arasındakı
ədəbi əlaqələrin
vüsətindən xəbər
verir. Tədqiqatçı
N.Gəncəvinin
"Leyli və Məcnun" poemasının,
S.Vurğunun əsərlərinin
tərcüməsindən, Çinin oxucu kütləsinə, ədəbiyyatsevərlərə
təqdim edildiyindən
bəhs edir. Məqalədə türk
xalqının milli kimlik
nümunəsi sayılan
"Kitabi-Dədə Qorqud"
dastanının Çin
dilində nəşrinin
"mədəniyyətlərarası dialoq üçün yaxşı vasitə"
olduğu vurğulanır.
Müasir dövrdə
əlaqələrin yeni müstəviyə
keçməsi tədqiqatların
əhatə dairəsini
genişləndirdiyi kimi,
tərcümə və
tədqiq olunan mövzuların arealını
da zənginləşdirmişdir. Çin ədəbiyyatı
ilə bağlı tədqiqatlar aparan aparıcı elmi işçi Nərmin Cahangirova topluda modern Çin ədəbiyyatının
formalaşmasında, onun
yeni mərhələyə adlamasında həlledici rol oynayan, Çin
ədəbiyyatını yeni dəyərlər əsasında
formalaşdıran Lu Sin kimi
dünya şöhrətli
yazıçının yaradıcılığına
müraciət etmişdir.
Belə bir yazıçının əsərlərinin
ədəbi-bədii məziyyətlərinin
araşdırılması, Azərbaycan ədəbi-nəzəri
fikrinə təqdim edilməsi Çin ədəbiyyatının öyrənilməsi
üçün əhəmiyyətli
ola bilər. Uzaq Şərqin diqqət mərkəzində olması
bu ölkələrin
mövcud ictimai-siyasi statusu, dünya ədəbi-nəzəri fikrində
tutduğu mövqeyi ilə də sıx şəkildə bağlıdır.
"Asiya ədəbiyyatı araşdırmaları" toplusunda
Koreya ədəbiyyatı
nümunələri müasir
ədəbi düşüncə
predmetindən təhlilə
cəlb edilir, mədəni münasibətlərin
ədəbi araşdırmalara
da ilham verdiyi aşkar görünür.
Koreya ədəbi formalarının, Koreya mədəniyyəti günlərinin
keçirilməsi ölkələrarası
mədəni münasibətləri
daha da zənginləşdirir.
Leyla Həsənzadənin Koreya
ədəbiyyatı ilə
bağlı tərcümələrdən,
Koreya ədəbi nümayəndələrindən yazdığı məqalələr
oxucu və ədəbiyyatsevərlər üçün
maraqlı material ola bilər.
Yaponiya ədəbiyyatı
son illərdə dünya
nəsrinə verdiyi töhfələrlə həm
oxucular, həm də ədəbiyyatçılar
üçün geniş
imkanlar açır. Gülnar Yunusovanın dünya şöhrətli
Haruki Murakami bədii irsi
və Akutavaqa Ryunosukenin hekayə yaradıcılığı ilə
bağlı araşdırmaları
uzun illər dünyadan təcrid şəkildə yaşayan
yapon mədəniyyətinin, ictimai-fəlsəfi düşüncənin
araşdırılması baxımından
olduqca dəyərlidir.
Bəzi
Asiya ölkələri
az öyrənilmiş
olmalarına baxmayaraq şöbə əməkdaşı
Sevda Məmmədovanın
Vyetnam ədəbiyyatının
inkişaf mərhələlərinə
həsr etdiyi tədqiqatı, Sübhan Məmmədovun diqqətdən
uzaq qalmış malay ədəbiyyatı araşdırması, Lamiyə
Nəsirovanın qədim
tarixə malik monqol ədəbiyyatının yazılı
nümunəsi olan
"Monqolların gizli
tarixi" dastanı ilə "Dədə Qorqud dastanı"nın
müqayisəsinə əsaslandığı
araşdırmaları məqalə
şəklində kitabda
yer almışdr. Şöbədə İndoneziya
ədəbiyyatı diqqətdən
kənarda qalmamış,
dilimizə çox az nümunəsi tərcümə olunsa da,
bu sahədə araşdırmalar başlamışdır.
Şöbənin əməkdaşı
tədqiqatçı Leyla Ramazanovanın
müasir İndoneziya
ədəbiyyatının təşəkkül
və inkişafından
bəhs edən məqaləsi, İndoneziya
ədəbiyyatının tanınmış
nümayəndəsi Eka Kurnivanla
bağlı araşdırması
bu sahə ilə maraqlananlar üçün yaxşı
material sayıla bilər.
Əfqan ədəbiyyatı
da şöbənin profilləri
arasında xüsusi yer tutur və
Xalid Hüseyni yaradıcılığı təhlilə
cəlb edilir.
Hind ədəbiyyatı Asiya xalqları içərisində
qədimliyi və münasibətlərin dərinliyi
ilə seçilən,
çoxsaylı araşdırmalara
imkan yaradan ədəbiyyatlardan biridir.
Azərbaycan-Asiya ədəbi
əlaqələri şöbəsinin
təşkilatçılığı ilə Rabindranat Taqor yaradıcılığına
həsr olunmuş
"Rabindranat Taqor və dünya ədəbiyyatı" adlı
beynəlxalq konfrans keçirilmiş, şöbə
əməkdaşlarının, doktorant və dissertantların məqalələrinin
yer aldığı konfrans materialları da kitabın içində xüsusi bölmə şəklində təqdim
edilmişdir.
Ümumiyyətlə, "Asiya ədəbiyyatı araşdırmaları"
toplusu şöbənin
fəaliyyətinin sadəcə
bir qismini əhatə edir. Buraya daxil edilən
məqalələr əməkdaşların
geniş maraq dairəsini, təşəbbüskarlığını
əks etdirir, yeniliyi, konseptuallığı,
rəngarəngliyi ilə
diqqəti cəlb edir və Asiya
ədəbiyyatının ümumi
mənzərəsini yaratmaqda
əhəmiyyətli rol
oynayır.
Nərmin CAHANGİROVA
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.- S.29.