Füzuli eşqi
Dünya ədəbiyyatının ən azman və bənzərsiz söz ustadlarından olan Füzuli daha çox eşq şairi kimi tanınır. Füzulinin həyatından, dövründən, ictimai-siyasi görüşlərindən, fəlsəfi baxışlarından, elmi-dini təmayüllərindən və başqa nəyindən yazsan, yenə mütləq eşqinə toxunmalı, eşq fəlsəfəsinə gəlib çıxmalısan. Bunsuz Füzulini bütünlüklə anlamaq, dərk etmək və tanıtmaq mümkün deyildir. Çünki onun bütün yaradıcılığının özəyini təşkil edən türk və fars divanları, eləcə də ən sanballı əsəri - "Leyli və Məcnun" məsnəvisi məhəbbət mövzusunda yazılmış, heç vaxt dəyərini itirməyəcək, şahanə incilərdir. Təsadüf deyil ki, dahi şair bir qəzəlində aşağıdakı beytlə sanki öz yaradıcılıq kredosunu açıqlamışdır.
Məndən, Füzuli, istəmə əş'ari-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
Göründüyü kimi, özünü eşq şairi, aşiqanə söz ustadı kimi tanıdan Füzuli sevgiyə ən ülvi insani özəllik, ən yüksək mənəvi kateqoriya kimi baxır və hamını bu prizmadan dəyərləndirir. İstər lirik-aşiqanə qəzəllərində, istərsə də epik əsərlərində hər bir obrazın - qəhrəmanın fərdi insani keyfiyyətləri onun eşqə münasibəti kontekstində saf-çürük edilir. Buna görə də Məcnun öz rəqibi İbn Səlamın şəxsiyyətini aşağılamır, sevgilisi Leylini sevdiyini biləndə ona hörmətlə yanaşır, özünə dost sayır. Hətta dünyasını dəyişdiyini eşitdikdə halına acıyır, üzülür, "öz mərtəbəsində kamil aşiq" kimi səciyyələndirir. Fikrimcə, yuxarıdakı beytdəki incə bir nüansı da ayrıca qeyd etməliyik; yəni Füzuli burada özünü şairdən çox, "aşiq" adlandırır, aşiqliyi daha çox qabardır, şairliyi ikinci plana keçirir.
Elə Füzulini dünyada tanıdan, bütün şairlər arasında fərqləndirən, fövqəladə üstünlük qazandıran da məhz aşiqanə qəzəlləridir. Füzuli hisslərinin coşqunluq və təbiiliyi, fikirlərinin dərinlik və tutumluluğu, söz ehtiyatının son dərəcə zənginliyi, bədii təsvir vasitələrinin çoxçeşidliliyi ilə lirik-aşiqanə qəzələ yeni məzmun vermiş, şəkilcə də kamilləşdirmişdir. Bu qəzəllərin romantik qəhrəmanı sevgidə sonsuz fədakarlıq və təmənnasızlığı, insani təbiilik və səmimiyyəti, bütün canı və qanının, ruhu və varlığının məhəbbətdən yoğrulması ilə başqa aşiq-qəhrəmanlardan kəskin surətdə fərqlənir. Şair indiyədək bütün Yaxın və Orta Şərqdə ən fədakar məhəbbət qəhrəmanları kimi tanınmış Məcnun, Fərhad, Vamiq və başqalarını öz romantik qəhrəmanı ilə tutuşdurur - müqayisə edir, özünün hər hansı müsbət və özəl keyfiyyətləri ilə onlardan üstün olduğunu sübuta yetirir. Özü də bu, elə bir səmimi etiraf, elə bir dahiyanə ustalıq, elə bir incə irad, yaxud kinayə ilə edilir ki, qətiyyən özündən razılıq və eqoizm təsiri bağışlamır:
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütunu badə.
Versəydi ahi-Məcnun fəryadımın
sədasın,
Quşmu
qərar edərdi başındakı yuvadə?
Derlər
ki, var Vamiqü Məcnun,
əcəb degil,
Dağılmış ola atəşi-ahim
şərarəsi.
Özüylə müqayisə - tutuşdurmada
Məcnun, Fərhad, Vamiq və b. aşiqlərdə özünəməxsus
qüsurlu cəhətlər
görüb, yüngül
istehza və giley üsulu ilə onları tənqid edən şair bir məşhur
qəzəlində isə
Məcnundan artıq
"aşiqlik istedadı"
ilə doğulduğunu
bəyan edir:
Məndə Məcnundan füzun
aşiqlik istedadı
var,
Aşiqi-sadiq mənəm, Məcnunun
ancaq adı var.
(Məcnun əfsanə qəhrəmanıdır, nağıldır,
rəvayətdir, keçmişdir,
real deyildir, yalnız adı qalıb. Mən isə canlı aşiq, real eşq sərkərdəsi,
məhəbbət cəbhəsinin
fədakar əsgəriyəm.
Məni görə-gərə
məndən söz etmir, heç vaxt görmədikləri,
yalnız adını
eşitdikləri Məcnundan
danışırlar).
Başqa
bir qəzəlində
Məcnundan sonra "eşqin namusunu" çəkmək məsuliyyətinin
onun boynuna düşdüyünü fəxrlə
dilə gətirir:
Eşq namusu mənü Məcnuna düşmüş
lacərəm,
Ğəm yükün çəkməkdəyiz
mən bir zaman, ol bir
zaman.
Bəli,
burda da poetik dövriyyəyə daha gözəl, daha gözlənilməz, təbiri
caizsə, xoruz səsi eşitməmiş
başqa bir ifadə girir: "Eşqin namusu", "Eşq namusunu çəkmək". Eşqdə,
sevgidə qəmdən
və kədərdən
başqa nə var ki? Yəni eşqin namusunu çəkmək,
Füzuliyə görə,
elə qəm yükü çəkmək,
kədər boyunduruğunun
altına girməkdir.
Deməli, bütün
insanlıq tarixində
eşqin namusunu çəkmək qüdrət
və məsuliyyəti
yalnız iki nəfərə: Məcnunla
Füzuliyə qismət
olub. Görəsən,
bu orijinal metaforanı da Füzulidən
öncə və sonra bütün Şərq ədəbiyyatında
kimsə işlədibmi?
Onu da bilmirəm.
Füzulinin bu qəhrəmanlar
içərisində Məcnun
və Fərhada ayrıca hörmət və sayğı ilə yanaşması, fikrimizcə, şairin ədəbi-estetik prinsipləri
ilə bağlıdır.
Yəni onlar da sevgiliyə yalnız cismani qovuşmaq deyil, fəda olmaq, "dildara dil", "canana can vermək" qayəsini üstün tutmuşlar. Fikrimizcə, Füzulinin
"Leyli və Məcnun" mövzusuna müraciət etməsində
də bu faktorun ayrıca rolu vardır.
Dediyimiz
kimi, sevgi və kədər fəlsəfəsində özünün
hamıdan öncüllüyünü,
üstünlüyünü, daha fədakar və mütəvazi olduğunu tez-tez vurğulayır. Əzəli-əbədi
eşqi tərənnüm
edən türk divanında özünü
Məcnunla tutuşdurma
- müqayisə fonunda
təqdim edən şair bəzən bir qəzəldə bir neçə dəfə onun adını çəkməli
olur. Bir qəzəlində
isə nə az, nə çox,
düz beş dəfə Məcnunu xatırladır, özüylə
bu və ya başqa baxımdan
tutuşdurur.
Neçə illərdir səri-kuyi-məlamət
bəkləriz,
Ləşkəri-sultani-irfaniz, vilayət bəkləriz.
Yatdısa Fərhadü Məcnun
məsti-cami-eşq olub,
Ey Füzuli, biz olar yatdıqca söhbət bəkləriz.
"Bəkləriz" rədifli
təsəvvüf məzmunlu
bu qəzəlində
isə iki dəfə Məcnunun, bir dəfə isə Fərhadın adını çəkir
və əlbəttə
ki, özünü onlarla
müqayisədə daha
cahanşümul və
daha fədakar eşq mücəssəməsi
kimi təqdim edir. Öncə Məcnunla özünün
fəna yolunun karvanının gecə növbəsini çəkdiklərini
deyirsə, sonrakı beytdə Fərhadla Məcnunun eşq camından məst olub yatdıqlarını,
yəni gecə növbəsini sonadək çəkə bilmədiklərini
bildirir. Özünün
isə onlar yatdığı dövrdə
məclisi qoruyub saxladığını, oyanandan
sonra yenə onlarla söhbəti davam etdirəcəyini söyləyir. Deməli, şairlik və alimlikdə "dövrünün
yeganəsi" olmaq iddiasıyla yaşayıb-yaradan
Füzuli eşq və kədər qəhrəmanı kimi də həmişə birinci və sonuncu olmaq istəyir.
Maraqlıdır ki, bir rübaisində
Şərqin əfsanəvi
sevgi qəhrəmanlarını
bir yerə cəmləyən şair
özünəməxsus nəticəyə
gəlir, özünün
çoxdan dünyanı
tərk etmiş həmin eşq fədailərinin torpağından
yarandığını, onların
cövhəri olduğunu
göstərir:
Məcnun
oda yandı şö'leyi-ah ilə pak,
Vamiq suya batdı, əşkdən oldu həlak.
Fərhad
həvəs ilə yelə verdi ömrün,
Xak oldular onlar, mənəm imdi ol xak.
Təəssüf ki, Füzulinin ölkəmizdə
nəşr edilmiş
çox kitablarında
bu məşhur rübainin ikinci misrasında gedən iki hərf səhvi
əsas məzmun və ideyaya xələl gətirmiş,
Füzuli poetikasına
ziyan vurmuşdur. Yəni, şeirin məna və məzmununa uyğun olan "əşk" sözünün yerinə
"eşq" sözü
getmişdir ki, bu da
"ənasiri-ərbəə" - dörd ünsür (hava, su, od, torpaq)
birliyinin dağılmasına
səbəb olmuşdur.
Füzulinin romantik sevgi qəhrəmanı elə
bir aşiqdir ki, həyata yalnız sevmək üçün
gəldiyi öz yerində, həm də hələ dünya yaranmamışdan,
dövri-aləm bərqərar
olmamışdan öncə
öz sevgisi ilə sərgərdan imiş. Bu dünyada isə yalnız sevmək, sadəcə, sevmək və sonda, pərvanə özünü şama qurban verdiyi kimi, sevdiyinə özünü fəda etməklə öz missiyasını bitirəcəkdir.
...Ey Füzuli, mən dəm urmuşdum səfayi-eşqdən,
Mətlə'i-xurşid icad olmadan sübhi-əzəl.
...Vadiyi-eşqdə sevda ilə sərgəştə
idim,
Gəlmədən gərdişə bu
günbədi-dəvvar hənuz.
Nöqteyi-xalinə bağlanmış idi
canü könül,
Gəzmədən daireyi-dövrdə pərgar
hənuz.
Füzulinin sevgi qəhrəmanı
bülbül, pərvanə,
şam, ney, gül və b. canlı və maddi varlıqlarla da tutuşdurulur, təbii ki,
onların da müəyyən
çatışmayan cəhətləri,
əsl aşiqə yaraşmayan tərəfləri
tapılıb göstərilir.
Bülbül və pərvanə kimi müsəlman Şərq
ədəbiyyatında geniş
yayılmış dilsiz-ağızsız
məhəbbət "fədailəri"
belə bu insan-aşiqin yanında kölgədə qalır,
bəzi nöqsan və günah "sahibinə" çevrilir:
...Əhli-təmkinəm, məni
bənzətmə, ey
gül, bülbülə,
Dərdə yox səbri onun, hər ləhzə min fəryadı
var.
Ney kimi hər dəm
ki, bəzmi-vəslini yad eylərəm,
Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm.
Dil uzadır bəhs ilə ol arizi-xəndanə
şəm,
Od çıxar ağzından,
etməzmi həzər
kim, yanə şəm?
Mayası
sevgidən yoğrulan,
bu dünyaya yalnız sevmək üçün gələn,
sevərək yaşayan
və sevgisi uğrunda həlak olan, öz məhəbbəti
ilə də dünyasını dəyişən
romantik aşiq bu dünyada sonsuz dərd, bəşəri kədər,
tənə-danlaq, acı
göz yaşı və iztirabdan başqa bir şey görmür. Demək istəyirik ki, Füzuli lirikasında sevgi və kədər
anlayışları həmişə
qoşa çəkilir,
sonsuz eşq və sağalmaz dərd motivləri çox zaman bir-birini izləyir. Bu sevgi və kədər, demək olar ki, bir-birindən ayrılmazdır.
Füzuliyə görə
dərdsiz həyat yoxdur, kədərsiz insan əsil aşiq ola bilməz. Böyük şairin uzaqları görən qartal baxışları, sanki dərd-qəm olmayan yerdə də o böyük ictimai-bəşəri kədərdən
bir iz, bir
nişan tapır. Adi,
xırda ağrı-acıları
belə əsl şair məntiqi və təxəyyülü
ilə "böyüdüb"
ümumbəşəri dərd,
ictimai kədər səviyyəsinə qaldırır.
Doğulub boya-başa
çatdığı Ərəb
İraqını da dərd-kədərlə
ilgili, daha doğrusu, bu kədərin maya və mənbəyi kimi anan, yada salan sənətkar dərdi
"şairliyin əsas
sərmayəsi" sayır,
dərdsiz-kədərsiz şeiri
poeziya örnəyi hesab etmir. "Həyatdan kam almaq üçün ağlamağı", göz
yaşı tökməyi
gərək bilən şair dərdi, kədəri insanın ən yaxşı bəzəyi, var-dövləti,
bu dünyadan qazancı hesab edir:
Ey fələk, yoxdur libasi-fəqrdən arım
mənim,
Ətləsindəm bilmişəm üstün mühəqqər
şalimi.
Yetər
tavus tək ücbilə qıl arayişi-surət,
Vücudundan keçib aləmdə
bir ad eylə ənqa tək.
Fəqr
imiş, fəqr, Füzuıi, şərəfi-əhli-vücud,
Özünə eyləmə həmdəm
füqəradən ğeyri.
Ümumən romantik ədəbiyyata
xas bir anlayış
olan bəşəri kədər motivi Füzuli poeziyasında daha qabarıq, daha sirayətedici və daha cahanşümuldur.
Sonralar Avropada Bayron yaradıcılığında
özünü göstərən
"dünya kədəri"
konsepsiyasının Şərqdə
ən dolğun örnəyi məhz Füzuli poeziyasıdır.
Füzuli
eşqinin başqa bir özəlliyi, onu başqa şairlərdən fərqləndirən
daha bir üstün cəhəti bu eşqin yüksəkliyi
və ucalığı,
az qala müqəddəslik
dərəcəsinə çatan
ülviliyi və ilahiliyidir. İstər lirik qəzəllərində,
istərsə də məhəbbət məzmunlu
"Leyli və Məcnun" qarışıq
başqa əsərlərində
aşiqin yalnız əl, ayaq, ayaq tozu, saç,
ətək və s. öpməsindən danışılır,
başqa fiziki yaxınlıq və təmasdan söhbət gedə bilməz. Yalnız bircə beytdə "dodaq dişləmək" ifadəsi
vardır ki, bu da sırf fizioloji-intim anlamda başa düşülməməlidir. Sadəcə, xalq düşüncə və
danışıq psixolojisindən
su içən "qana-qan etmək" frazeoloji birləşməsini
şeirə gətirmək
istəyən şair
həmin ifadəni ən uyğun və yerinə düşən məqamda
işlətməkdən özünü
saxlaya bilməmişdir:
Dişlədimsə lə'lin, ey qanım tökən,
qəhr eyləmə,
Tut ki, qan etdim, ədalət
eylə, qanı qanə tut.
Görünür, elə buna görə
də Füzuli eşqini ilahiləşdirən,
Tanrı-mələk səviyyəsində
izah və təhlil etmək istəyən tanınmış
tədqiqatçılar da çoxdur.
Füzulini dərindən
anlayan böyük bir ingilis şərqşünasının
sözlərilə desək,
"olduqca saf, dünyəvi və çirkin şübhələrlə
ləkələnməmiş" olan Füzuli eşqi "doğrudan da,
mələklərin səmada
biri-birilərinə daşıyacaqları
dərəcədə təmizdir"
(Gibb). Yeri gəlmişkən,
bu nüans da, Füzulidən başqa hər hansı bir şairdə, çətin ki, olsun.
Füzulidə sevgi özünü
anlama məqamı, dünyanı dərketmə
pilləsidir.
Füzulinin sevgi dünyagörüşünün
biçimlənməsində təsəvvüf fəlsəfəsinin
də özəl yeri vardır. Dahi şairimizin yaradıcılığında real-həyati təsvir və təsəvvürlərlə
ilahi-mistik obrazlar daimi qarşılıqlı
əlaqə və zənginləşmə halındadır.
Buradakı real-bəşəri
başlanğıcla sufi-irfani
motivlərin qarşılıqlı
ilgi və çulğaşması, fikrimizcə,
aşağıda daha
dəqiq və dolğun izah olunmuşdur: "Füzulinin
qəzəllərindəki məhəbbət nə qədər real, həyati,
dünyəvi olsa da, onu sufizmin həyata
və insana fəlsəfi baxışından
ayırmaq mümkün
deyildir. Sufizm Füzuli məhəbbətini
insandan, dünyadan ayırmır, onun məhəbbətinin humanist insani
məzmununu rədd etmir. Füzuli qəzəllərində real insani
duyğular əsas təşkil edir.
Böyük şair gözəllik
və məhəbbəti
o qədər ülvi,
yüksək, nəcib
duyğu və fikirlərlə süsləyib
rövnəqləndirir ki, oxucu
bu müdhiş gözəllik və ilahi sevgi qarşısında
heyran qalır. Bu, elə bir ideal gözəllik və ilahi məhəbbətdir
ki, onun qarşısında
yalnız susmalı, heyrət etməli olursan:
Heyrət,
ey büt, surətin gördükdə
lal eylər məni,
Surəti-halım görən surət
xəyal eylər məni.
Füzuli
qələmi gözəllik
və sevgini, bütün şairlərdən
fərqli olaraq, yalnız ideal pillədə,
ən uca heyrət məqamında təqdim edir. Oxucularını da, təbii
ki, xırda, cılız
duyğu və düşüncələrdən silkinib çıxmağa,
daha yüksək, daha humanist və ümumbəşəri səviyyədə
düşünməyə və yaşamağa çağırır.
Hüsnün olduqca füzun,
eşq əhli artıq zar olur,
Hüsn
nə miqdar olursa, eşq ol miqdar olur.
...Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin,
Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.
Şair
gözəllik və sevginin qarşılıqlı
bərabərlik və
mütənasiblik həddini
götürür, hüsn
ilə eşqin ayrılmaz olduğunu poetik formul şəklində
verir. Özü də bu, elə
bir məhəbbətdir
ki, yalnız bəsirət,
gözüaçıqlıq, huşyarlıq yaradır.
Füzuliyə görə, həqiqi
aşiq öz bədənini, canını
və ruhunu ona görə qorumalı, tərbiyə edib kamilləşdirməlidir
ki, vaxtında onu öz yiyəsinə - əsl sevgiliyə, sufi-irfani anlamda mənəvi məşuqa
- ulu Yaradana təqdim edə bilsin. Yoxsa, çoxları kimi, sevgilinin ayrılıq, əzab və biganəliyindən yalnız ah-zar etmək və şikayətlənməkdən başqa bir işi olmazdı. Şairin lirik-romantik qəhrəmanını başqa
məhəbbət qəhrəmanları
içərisində seçdirən,
üstün keyfiyyətlər
qazandıran məhz bu cür fövqəladə
özəlliklərdir. Belə
ideal gözəllik və
ilahi məhəbbət
nəğmələri ilə
zəngin Füzuli poeziyasında sevib-sevilməyin
bütün dövrlər
üçün ideal poetik
düsturu da verilmişdir:
Canı
kim cananı üçün sevsə,
cananın sevər,
Canı
üçün kim
ki, cananın sevər,
canın sevər.
Həqiqətən, bu beyti Füzuli sevgisinin əsas qanunu, bütün zamanların isbat və sınağından
çıxmış məhəbbət
teoremi adlandırmaq olar. Əlbəttə ki, buradakı "canan" bütün canların yaradıcısı və
sonda onların qovuşacağı yeganə
ali varlıq məqamındadır. Eyni
zamanda bu misraları tamamilə
real-təbii əsaslardan
da məhrum etmək olmaz. Yəni beytdəki başlıca fikir iki sevən
insan - aşiqlə məşuq müstəvisində
də özünü
tam doğruldur. Yaxud başqa bir misal:
Pərişan xəlqi-aləm ahü
əfğan etdigimdəndir,
Pərişan olduğum xəlqi
pərişan etdigimdəndir.
Xalq, ətraf aləm şairin ah-zarından, fəryad və əfqanından sonsuz kədər və pərişanlığa qərq
olub. Şair özü isə ona görə qəmli və pərişandır ki, xalqı,
bütün ətrafını
- günahsız adamları
dərd-qəm dəryasına
qərq edib, yəni o, öz dərdindən daha çox, "başqaları"nın
dərdini çəkir,
halına yanır. Eynilə bu fikir şairin başqa bir beytində tamam başqa bir şəkildə, başqa
yöndən, altruizm səviyyəsinə çatan
fədakarlıq cizgilərilə
təqdim olunur:
Pərişanlıqdan, ey xəlqi-cahan, siz cəm edin xatir
Ki, mən cəm eylədim hər qanda vardır bir pərişanlıq.
Ey insanlar, ey dünya
əhli, dərd-qəm
və pərişanlıqdan
gözünüzü çəkin,
çünki mən dünya-aləmdəki bütün
dərd və pərişanlıqları cəmləyib
özümə götürmüşəm.
Dünya ədəbiyyatında
buna bərabər ikinci
bir fədakarlıq, yaxud oxşar bir romantik dərdsevərlik,
qəmkeşlik örnəyi
tapmaq mümkündürmü?
- Fikrimizcə, yox. Bu,
yalnız orta yüzillər müsəlman
Şərq ədəbiyyatında
təbii-real duyğuların
sufi-irfani məzmunla zənginləşdirilmiş dolğun
poetik təqdimatından
ibarət olan Füzuli poeziyasına xas bir özəllikdir.
Füzuli
divanında sufi-panteist
məzmunun, mənəvi-irfani
yozum qatının
real-təbii gözəllik
və sevgi anlamlarını üstələdiyi
qəzəllər də
vardır. Bu qəzəllərdə
yuxarıda haqqında
danışdığımız ikili tarazlıq sufi-mistik tərəfə
əyilir, qarşılıqlı
mütənasiblik, az
da olsa, pozulur. Məsələn:
Ey könül, yarı istə, candan keç,
Səri-kuyin gözət, cahandan
keç!
...Laməkan seyrinin əzimətin et,
Bu xərab olacaq məkandan keç!
...Məskənin bəzmgahi-vəhdətdir,
Ey Füzuli, bu xakdandan keç!
Bütün bunlarla yanaşı,
qeyd etməliyik ki, şair-filosof Füzuli F.Əttar, C.Rumi,
Hafiz, eləcə də
Nəsimi kimi sufizmin ideoloqu, yaxud hər hansı sufi təriqətinin təbliğatçısı
olmamış, hətta
o dövrdə çox
geniş yayılmış
hürufiliyə və
səfəviliyə belə
soyuq yanaşmışdır.
Dövrünün bütün
təriqət və cərəyanlarına sanki
yuxarıdan eyni dərəcədə və
eyni bucaq altında nəzər salan filosof şair
onların hamısının
müsbət və mütərəqqi cəhətlərini
mənimsəyib, öz
əsərlərində onlardan
yeri gəldikcə müəyyən bədii
obraz və məcaz şəklində
yararlanır. Bu, Füzuli
poeziyasının tam fərqli
və orijinal üslubi-poetik üstünlüyü
kimi yadda qalır.
Füzuli
lirikasında sonsuz və ülvi məhəbbətin doğurduğu
cahanşümul dərd
və kədərlə
yanaşı, qəriblik
və kimsəsizlik motivi də çox qabarıqdır. Füzuli eşqindən qaynaqlanan Füzuli qəribçiliyi də Füzuli kədəri kimi orijinal və
bənzərsizdir, təsirli
və yoluxucudur. Bu qəriblik həm həqiqi, hərfi mənada, həm də məcazi, mistik anlamda başa düşülməlidir.
Füzuli
lirikasında yalançı,
riyakar, saxta və öz xeyrini güdən din xadimlərinin ümumiləşdirilmiş
bədii obrazı olan zahid, vaiz,
fəqih, şeyx və b. da məhz insani-bəşəri eşq
cəbhəsindən tənqid
hədəfinə çevrilirlər.
Çünki bunlar öz saxta və
qondarma dəlilləri
ilə romantik qəhrəmanın başlıca
amalına - sevib-sevilmək
istəyinə qarşı
çıxır, insanın
mənəvi-ruhi tələblərini
qadağan edirlər. Eyni zamanda şair
onların bu dünyanın hər cür naz-nemətindən,
bütün təbii və mənəvi zövqlərdən əl
çəkib ömrü
boyu yalnız o dünya, axirət üçün yaşamaq
prinsipi ilə də barışmır,
buna tamamilə xəlqi
və demokratik mövqedən öz etirazını bildirir:
Ey əsiri-dami-ğəm, bir
guşeyi-meyxanə tut,
Tutma zöhhadın müxalif pəndini, peymanə tut.
Vaiz övsafi-cəhənnəm deyər,
ey əhli-vərə,
Var onun məclisinə, bil ki, cəhənnəm nə imiş.
Bəllidir ki, Bağdad kimi
bir dini-mədəni mərkəzdə yaşayan,
Kərbəla və Nəcəf türbələrində
qulluq edən Mövlana Füzuli, dövrünün qabaqcıl
görüşlü, demokratik
ziyalısı kimi, hətta onu narahat edən zahiri ibadət və dini ayinlərə
qarşı kəskin
etiraz etmək cəsarətini özündə
tapır. Bəlkə
də elə bu kimi şeirlərinə
görə şairi bir müddət tutduğu dini vəzifədən uzaqlaşdırmış,
sonralar isə ona Sultan Süleymanın təyin etdiyi doqquz ağçanı verməkdən boyun qaçırmışlar.
"Qəlb şairi", sevgi və gözəlliyin
tərənnümçüsü kimi ad qazanmış Məhəmməd Füzulinin
romantik eşqi tərənnüm etməyən
bəzi qəzəlləri,
yaxud başqa əsərləri də vardır. Eyni zamanda lirik-aşiqanə qəzəllərində də,
yeri gəldikcə, sosial-ictimai, elmi-tarixi, ailə-məişət və
b. məzmun bildirən
elə misra və beytlər işlədir ki, oxuyub heyran qalmamaq olmur. Ayrı-ayrı lirik-romantik qəzəllərində
öz dövrünün
bioloji, coğrafi, kimyəvi, hətta astronomik bilgilərinin əks olunduğu məqamlar da çoxdur. Məsələn:
Nədir,
- dedim, - rüxi-safində
əksi-mərdümi-çeşmim?
Dedi: gəlmiş gəmilə
Rumə
dərya, qət' edib hindu.
Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir,
Nə kim, bir gəz
yanar,
yandırmaq
onu ğeyri-mümkindir.
Birinci beytdə orta yüzillərin məşhur
bir coğrafi kəşfi - Hindistan-İstanbul
dəniz yolu ticarətinin başlanması
hadisəsi, ikinci beytdə isə yanmış və yanmamış maddələr
haqqındakı fiziki-kimyəvi
bilgilərin ifadəsindən
ortaya çıxan misilsiz lirik-aşiqanə məzmun nə qədər təbii, səmimi və heyrətləndiricidir. Ancaq
bütün bunları
görməyənlər, Füzuli
poetikasını birtərəfli
dəyərləndirənlər də, təəssüf
ki, olmuşdur. Misal üçün, "Füzuli-Hafiz"
monoqrafiyasının müəllifi,
tanınmış türkiyəli
alim H.Mazıoğlu daha çox eşqdən bəhs edən Füzuli qəzəllərinin mövzu
dairəsinin, Hafizə
nisbətən, guya dar və bəsit
olduğu qənaətinə
gəlmişdir. Əslində
isə bu, ilk baxışdan, Füzuli dünyasına yaxından
bələd olmamaqdan irəli gəlir. Füzuli ümmanına dərindən baş vuran, onun eşq
və kədər dalğalarına köksünü
gərən həssas
oxucu yaxşı bilir ki, dünyada, insanlar arasında, ictimai-siyasi sferada, yaxud ailə-məişət
məsələlərində elə bir mövzu
yoxdur ki, şairimizin hansısa bir qəzəlində, yaxud qitə və rübaisində bu və ya başqa
şəkildə toxunulmamış
olsun. Eyni zamanda unutmamalıyıq
ki, "Füzuli sevir,
- Füzuli düşünür
deməkdir. Aşiq Füzuli ilə mütəfəkkir Füzuli
ancaq vəhdət halında alındığı
zaman onu duymaq olur. Füzuli başqa cür dərk edilə bilməz" (M.Cəfər).
Zəkulla BAYRAMLI
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, ¹44.- S.26-27.