Şəhidlər ölməz, bayrağım enməz!
Lənkəran Dövlət
Dram Teatrının "Şəhid
bayrağı" tamaşası
haqqında qeydlərim
Bir neçə il öncə
şair-yazıçılardan soruşanda ki, niyə Qarabağ mövzusuna ürəklə üz tutmursunuz? - öz məğlubiyyətimizdən nə
yazaq? - deyə cavab verirdilər. Amma budur, Allahın ədalətiylə, Ali Baş
Komandanımız cənab
İlham Əliyev başda
olmaqla, müzəffər
ordumuz düşmənin
30 ilə qurduğu istehkamları 44 gün ərzində darmadağın
eləyərək, işğalçıları
qutsal torpaqlarımızdan
qovdu və çoxillik ağrı-acılarımıza,
həsrətimizə son qoyub,
bizi cənnət Qarabağımıza qovuşdurdu.
Bu gün məğlubiyyət
kompleksindən çıxan
yazarlarımız Qarabağ
mövzusuna artıq qalib ölkənin nümayəndəsi kimi xüsusi bir coşqu, qürurla üz tutur, ən dürlü janrlarda zəfərimizi tərənnüm və təsvir eləyirlər. Əlbəttə, bu qutsal konunu plakata,
şüara, şablona,
yaxud daha pisi, özünüreklam vasitəsinə, möhtəkirlik
alətinə, hansısa
merkantil maraqların ifadəsinə çevirmək
istəyənlər də
var və buna ancaq təəssüflənmək olar.
Şəhid qanıyla
alver eləmək Allahın hüzurunda günah, toplum qarşısında mənəvi
cinayətdir. Qoy, ürəyində iman işığı, vətən
yanğısı, ədalət
duyğusu olmayanlar özlərində azacıq
da olsa, sorumluluq duysun, bu mövzuya
ümumən yaxın
gəlməsinlər. Amma ən
qutsal dəyərləri
belə piştaxta önünə çıxarmaq
istəyən bu söz dəllallarını
hələ ki Allahın
ədaləti, vicdanın
mühakiməsinə buraxıb,
bu yazımda həqiqi vətənpərvərlik
duyğusuyla yaşayan
və yazanlardan, onların konkret nümayəndəsi kimi Qafar Cəfərlidən, daha dəqiq desəm, onun Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrında səhnələşdirilən
"Şəhid bayrağı"
əsərinin səhnə
təcəssümündən danışmaq istəyirəm.
Öncə, bunu vurğulayım
ki, Qafar Cəfərli
artıq bir neçə ildir Azərbaycan Yazıçılar
Birliyi Lənkəran bölməsinin sədridir
və onun bu görəvə təyinatından sonra bölgədə ədəbi
prosesin canlanması göz qabağındadır.
Bölmənin uzun dönəmdir ki, nəşri
dayandırılan ədəbi-bədii
orqanı "Şəfəq"
dərgisi yenidən işıq üzü görür, bölgə yazarlarının əsərlərindən
ibarət "Cənub
inciləri" antologiyası
dərc olunub, AYB Lənkəran bölməsinin
yaradılmasının 45 illik
yubileyi təntənə
ilə keçirilib.
Bura saysız-hesabsız kitab təqdimatları, yubileylər,
görüşlər, anım
günləri və digər tədbirləri də əlavə eləsək, bölmənin
yeni sədrinin qısa
müddətdə gördüyü
işlərin ən ümumi konturları aydın olar.
AYB Lənkəran bölməsində
görülən işlərdən
danışmaq, əlbəttə,
lazımdır və hətta vacibdir, çünki görülən
işə verilən dəyər başqalarına
da stimul verir və ümumi işin yüksəlişinə
səbəb olur. Amma Lənkəranda ədəbi-bədii
prosesin canlanması ayrıca bir söhbətin mövzusudur
və bizim çaparaq da olsa, bu məsələyə toxunmağımızın səbəbi
odur ki, söz bölmə sədri Qafar Cəfərlinin "Şəhid bayrağı"
pyesinin səhnələşdirilməsindən
gedir, özü də Qarabağ zəfərimizin dördüncü
ildönümünün sevincini
yaşadığımız günlərdə.
Məlumat üçün deyim
ki, nə şəhid
mövzusu, nə də dram janrı Qafar Cəfərlinin yaradıcılığında yeni deyil. Onun indiyə
qədər sosial ədalət sorunlarına
həsr olunmuş, maraqlı süjet xətti, oxunaqlı dili və gözlənilməz
finalı ilə diqqəti çəkən
"Qıl körpüsündə
rəqs", "Tanrı
əmanəti" pyesləri
işıq üzü
görüb, eyni zamanda o, müharibə, şəhadət və qazilik mövzusunda "Tanrının göz yaşları" romanının,
bir sıra hekayələrin müəllifidir.
"Şəhid bayrağı"
pyesinin özəlliyi
ondadır ki, burda şəhidlik mövzusu və dram janrı bir araya gəlib
və pyes əsasında hazırlanmış
eyniadlı tamaşanın
Zəfər günümüz
öncəsi Lənkəran
Dövlət Teatrında
uğurlu nümayişi
göstərdi ki, müəllifin
dramaturji cəhdləri
əsassız deyil.
Tamaşaçı auditoriyası tərəfindən həyəcanla
izlənilən tamaşa
haqqında fikirlərimi
sizinlə bölüşməzdən
öncə pyesin mövzu, məzmun və dramaturji özəlliklərindən danışmaq
istəyirəm. "Şəhid
bayrağı" novellavari,
gözlənilməz bir
olay üzərində
qurulub. Amma bu gözlənilməzlik oxucu
diqqəti çəkmək
üçün istifadə
olunan ənənəvi
yazıçı fəndi
olmayıb, gerçək
həyat faktının
özündən gəlir,
yəni pyes olmuş əhvalatdan danışır. Şəhid
xəbəri gələn
ordu zabitinin ailəsi - ata-anası, həyat yoldaşı və balaca oğlu ağır sarsıntı keçirir,
amma çox keçmir, o qəfildən
gəlib çıxır
və məlum olur ki, komandiri həqiqətən də şəhid düşmüş
başqası - öz
əsgəri ilə dəyişik salıblar. Dramaturqun mövzu seçimi iki əsas məsələdə
uğurludur. Birincisi budur ki, seçilən həyat faktının özündə artıq dramaturji baxımdan effektiv gözlənilməzlik,
qəfil açılış
amili var. Bu, məsələnin
sənət tərəfidir.
İkincisi odur ki, komandirin cəbhədən
sağ-salamat qayıtması
yaşamaqda olduğumuz
zəfər sevinci ovqatına uyğundur və tamaşaçıda
nikbin ovqat oyadır. Bu nikbinlik hazırda bizə çox lazımdır.
Burda bir dramaturji nüans üzərində
özəl dayanmağa
ehtiyac görürəm.
Pyesin fabulası gerçək həyat faktının gözlənilməzliyindən
doğan peripetiya - səhvlər dramı və onun tamaşaçı
üzərindəki güclü
emosional təsiri üzərində də qurula, pyes komandirin
evə sağ-salamat dönüşü ilə
tamamlana da bilərdi. Əgər bu pyesi mən yazsam, yəqin ki, elə belə də edərdim. Bu barədə fikrimi premyeradan sonra sayın Qafar Cəfərliyə də bildirdim. "Şəhid bayrağı" müəllifinin
bu məsələdə
mövqeyi fərqlidir
və fikrimcə, heç də əsassız deyil. Şəhid olmuş əsgər də azərbaycanlıdır, insandır,
onun da ailəsi, əzizləri var və bu amil Qafar Cəfərlini
vadar eləyib ki, pyesi şəhid əsgərin valideynləri
ilə bağlı hissə ilə tamamlasın, yəni müəllifin insanlığı
burada onun dramaturqluğuna üstün
gəlir. Çünki
şəhid düşmüş
əsgər onun üçün başqası
deyil, bu məsələdə hamı
əsərin əsas qəhrəmanı qədər
doğmadır, hamı
qəhrəmandır, burada
ümumən "başqası"
anlayışı yoxdur.
Tamaşaya quruluş verən
Emil Əsgərov yeni nəsil
rejissorlar arasında özəl yer tutur. Etiraf eləyək
ki, dünya rejissura ənənələri ilə
tərbiyələnən, internet dönəmi yetirmələri
olan bu rejissorlar
klassik ənənələrdən
bir az uzaq
düşüblər. Emil də özünün
modern səciyyəli tamaşaları
ilə seçilir və belə bir rejissorun klassik dram sənəti ənənələrinə sadiq
dramaturqla yaradıcı
əməkdaşlığı, öz metodoloji prinsiplərindən uzaqlaşaraq,
realist psixoloji tamaşa
hazırlaması maraqlı
görünür. Lakin şəhidlik
mövzusu hər cür yeniliyin fövqündə, hər
dürlü "izm"in
dışındadır və
məncə, dramaturqla
rejissor hər şeydən öncə, məhz bu məsələdə
ortaq nöqtəyə
gəliblər. Tamaşa
heyətinin dediyinə
görə, rejissor məşq prosesində, xüsusən də, şəhidin ölüm xəbərinin gəldiyi səhnələrə mizan
verərkən, emosiyalarını
cilovlaya bilməyib hönkürürmüş və
onun bu duyğusallığı
səhnəyə də,
aktyorlardan keçərək
zala da sirayət eləyirdi. Qadın və kişi, uşaq və ya böyük olmasından asılı olmayaraq zalda əyləşənlər az
qala, bütün tamaşanı göz yaşlarına boğulurdular.
Mən bununla zaldakıların ağlamasını
hökmən tamaşanın
uğuru saymaq kimi bayağı bir fikirdən uzağam. Kimsə bu göz yaşlarını
uğur kimi qəbul eləyə bilər, kimsə yox. Mən isə
bir məsələdə
əminəm - "Şəhid
bayrağı"nın premyerasında
Lənkəran Teatrının
zalı, Aristotelin terminləriylə desəm,
əsl katarsis - göz yaşları ilə daxili təmizlənmə, içsəl
saflaşma laboratoriyasına
çevrilmişdi. Zatən,
sənətin, özəlliklə
də teatrın əsas missiyası elə bundan ibarətdir. Sanki hamı bura ürəyini boşaltmağa, dərdini-odunu
tökməyə gəlr.
Füzuli demişkən,
hər gələn qəmli gəlib, şad gedir, yanimizə...
"Şəhid bayrağı"
tamaşasının araya-ərsəyə
gəlməsində Emil Əsgərovla
yanaşı, Lənkəran
Teatrının baş
rejissoru, cavan olmasına baxmayaraq, özünün yetərincə
ciddi rejissor imici ilə tanınan, "Manqurt",
"Cəhənnəm sakinləri",
"Casus" və digər
pyeslərə verdiyi quruluşlarla istər ölkəmizdə, istərsə
də onun hüdudlarından kənarda
ciddi uğurlara imza atan Anar
Babalının da əməyi
qeyd olunmalıdır.
Mənə elə gəlir ki, rəsmi çevrələr də,
sənət çevrəsinin
rəsmiləri də
Anar Babalının istedadına bundan sonra daha böyük
qayğıyla yanaşacaq,
onun öz potensialını gerçəkləşdirməsi
üçün daha geniş şərait yaradacaqlar. Söhbət, şübhəsiz ki, sadəcə,
Lənkəran Teatrı
deyil, ümumən Azərbaycan Teatrı miqyasında qayğıdan
gedir.
Əlbəttə, kim istəsə,
bunu bir nəfərin subyektiv fikri kimi qəbul
eləyə bilər,
amma mən sözümün sorumluluğunu
dərindən duyaraq deyirəm ki, 145-ə yaxın
yaşı olan Lənkəran Teatrı bölgə teatrlarımız
arasında ən qabaqcılı, ən uğurlusu, ən yetkini və ən yenilikçisidir. Azərbaycan milli teatrının
yaranması qədim tarixi və mədəni ənənələri,
özünəməxsus koloriti
olan bu şəhərin
adıyla, yəni
1873-cü ilin martında
səhnələşdirilən "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
tamaşasıyla bağlıdır.
Mərziyyə Davudova,
Fatma Qədri, Barat Şəkinskaya,
Hökümə Qurbanova,
Amaliya Pənahova, Şəfiqə Məmmədova
kimi böyük aktrisalar pleyadasına mənsub Xalq artisti Böyükxanım
Əliyevanın nəfəsi
gəzib dolaşan Lənkəran Teatrına ümumən bütün
"ən"lər yaraşır.
O dərəcədə ki, bu Teatra "bölgə" təyinini
qoşmağa adamın
dili gəlmir. İstər repertuar seçimi, istər rejissor işi, istər aktyor oyunu, ümumən teatr sənətinə məxsus istənilən bir cəhətiylə Lənkəran Teatrı, hətta ana teatrımız
Milli Teatrdan belə geri qalmır. "Şəhid bayrağı"
tamaşası da özünün
bütün uğurlu
tərəflərinə görə
maraqlı dramaturji fakturası ilə yanaşı, həm də məhz Lənkəran Teatrının
klassik teatral ənənələri və
müasirlik ruhuna borcludur. Özü də sənət adamı olan, vaxtilə aktyorluq eləyən, bu üzdən sənətkarları
gözəl başa düşən, hər cür lüzumsuz inzibatçılıq və
pedantlıqdan uzaq, demokratik fikirli Laləzar Hüseynovanın
direktorluğa gəlişindən
sonra burada yaradıcı ovqat daha da canlanıb. Teatr hamının qarşılıqlı hörmət
və anlaşma şəraitində birgə
çalışdığı, bir-birinin uğurlarına sevindiyi böyük bir ailəyə, səmimi yaradıcılıq
atmosferinin hökm sürdüyü sənət
məkanına çevrilib.
Böyük Cəfər Cabbarlı
deyirdi ki, dramaturq sənətin ilk pilləsində
dayanır, onun son və əlçatmaz pilləsini aktyor fəth eləyir. Doğrudan da, bütöv
bir tamaşa heyətinin aylarla gördüyü işin yekununu tamaşaçıya
çatdıran aktyor
olur və tamaşanın uğurunda
aktyorların rolu böyükdür. "Şəhid
bayrağı"nın qəhrəmanını
- səhvən şəhid
zənn edilən komandir Poladın obrazını tamaşada gənc aktyor Saleh Əzimzadə oynayır.
Salehi ilk dəfə rejissor
Anar Babalının quruluşunda "Tanrı
quşu gəlmədi"
(Cavid Zeynalov) tamaşasında əsas rollardan birində görmüşəm. Özünün
sözün bütün
anlamlarında səhnə
imkanları ilə o təkcə bu tamaşaların deyil, ümumən Lənkəran
Teatrının qəhrəmanı
kimi formalaşmaqdadır.
Məncə, bu gənc aktyordan kinofilmlər və seriallarda da uğurla istifadə eləmək olar. Proqnoz verməyə
ehtiyat eləsəm də, deyim ki, mən Salehi gələcək
Azərbaycan teatr və kino sənətinin sayılıb-seçilən isimlərindən
biri kimi görürəm. Əlbəttə
ki, Səməd Vurğunun
"birinci addımda lovğalananlar, ikinci addımda yıxılacaqdır"
sözlərini unutmasa,
sevib-seçdiyi sənətə
axıracan sadiq qalsa.
Tamaşada aktyor oyunu baxımından diqqəti
ən çox çəkən Poladın
valideynləri - atası
Fərhadı canlandıran
Əməkdar artist Sücəddin
Mirzəyev və anası Sevdanı oynayan Aynur Əhmədova
oldular. Hər iki aktyoru bundan
öncə "Casus" (dramaturq
Kamal Abdulla, rejissor Anar
Babalı) tamaşasından
tanıyırdım. Onlar
günümüzün reallıqlarına
dair zaldakılara sətiraltı mənalarla
dolu mesajlar göndərir, səciyyəvi
cizgilərə malik obrazlar
yaradırdılar. Teatr
sənəti bizdə
nadir hallarda belə dərinə gedir, belə odla oynayır. "Şəhid
bayrağı" tamaşasında
isə durum başqadır.
Burada əsas olan zalla gizli
mesajlaşma deyil, tam əksinə, ata və ana obrazlarının
maksimum səmimiyyətlə,
açıq-aşkar ekspressivliklə
təqdimindədir. Onların
öz övladlarına
olan sevgisi, qazi olduğu halda, ikinci dəfə
könüllü olaraq
cəbhəyə yollanan
Poladın həyatı
üçün keçirdikləri
böyük həyəcan,
onun ölüm xəbəri gələrkən
yaşadıqları ağlasığmaz
sarsıntı hər
iki aktyorun ifasında zala inandırıcılıqla, reallıq
ölçüsünü aşmadan, heç bir bayağı patetika, pafosa yol vermədən çatdırılırdı. Dəhşətli xəbəri
eşidən Sevda - Aynur Əhmədova əlindəki sinini qeyri-ixtiyari yerə salır və dili tutulmuş halda döşəməyə
çökür, Fərhad
- Sücəddin Mirzəyevin
anındaca beli bükülürdü. Sücəddin
Mirzəyevin qutsal əmanət kimi səliqə ilə qatlanmış bayrağımız
da əlində avansenaya
çıxması, sonra
da şəhid qanı
tökülmüş bayrağı
bağrına sıxaraq
"şükür ki, oğlumuz
vətən uğrunda,
torpaq uğrunda, xalqımız uğrunda şəhid olub" - deyə tamaşanın əsas ideyasını açıqladığı səhnə
emosional təsir gücüylə xüsusi
seçilir, tamaşaçılar
tərəfindən sürəkli
alqışlarla qarşılanırdı.
İnanıram ki, o anda
təkcə mənim deyil, çoxlarının
ürəyindən "bayraqları
bayraq yapan üstündəki qandır,
torpaq əgər uğrunda ölən varsa, vətəndir" misraları keçirdi.
Tamaşada yer alan Nəzrin (Məleykə Cəfərova), Rafiq (Allahverən
Babayev), Teymur (Miraslan Ağayev), Zeynəb (Təranə Fərəcova),
Nəbi (Buludxan Buludov), hətta uşaq obrazı Mətinin ifaçısı
Zeynal Məmmədzadə
belə dramaturji mətnin imkan verdiyi qədər tapşırılan işin
öhdəsindən gəlməyə
çalışırdılar. Sadəcə, balaca Mətinin stolun üstünə çıxaraq,
yumruqlarını düyünləyərək
vətənpərvərlik şüarı deməsi bir qədər ifrata varmaq, aşırı patriotizm təsiri bağışladı.
Bütün təqdirə və
tənqidəlayiq tərəfləri
ilə "Şəhid
bayrağı" maraqla,
həyəcanla izlənilir,
bir saat on dəqiqə çəkən
tamaşanın nə
vaxt bitməsindən zalın xəbəri olmurdu. Tamaşanın ən ilginc yönlərindən biri o
idi ki, şəhidlərin
ölməzliyi ideyası
burada sadəcə ruhən deyil, cismən də öz təsdiqini tapır, şəhid zənn edilən döyüşçü doğrudan
da, sağ-salamat öz
ata-anası, ailə-uşağının
yanına qayıdırdı.
Tamaşada diqqəti çəkən və çox ağrılı məqamlardan biri də Qafar Cəfərlinin
zala ötürdüyü
bir sıra mesajlarıydı ki, bunların
arasında evin tək övladının
cəbhəyə aparılmasına
etiraz önəmli yer tutur. Doğrudan
da, özünün tək
övladını itirən
ata-ananın həyatı
ömürləri boyu
bir zindana dönmürmü və bu acını onlara yaşatmağa ixtiyarımız varmı?
"Şəhid bayrağı"
tamaşası dramaturq
Qafar Cəfərli və başda Teatrın direktoru, Azərbaycan Respublikasının
Əməkdar Mədəniyyət
işçisi, Dağıstan
Respublikasının Əməkdar
artisti Laləzar xanım Hüseynova olmaqla, Lənkəran Teatrının vətən,
millət və dövlət qarşısında
öz borcunu dərk etməsi və bu borcdan
irəli gələn mənəvi öhdəlikləri
yerinə yetirmək cəhdinin uğurlu ifadəsidir. Məncə,
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrı bu tamaşa ilə Qafar Cəfərlinin simasında özünün
səciyyəvi dramaturqunu
tapdı. Onların birgə fəaliyyətinin
bundan sonra hələ uzun illər davam edəcəyi və daha uğurlu sonuclar verəcəyinə
inanır, hamıya öz işində uca Allahdan başarılar
diləyirəm.
Əsəd CAHANGİR
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.- S.24-25.