Məhəmməd Füzulinin "Su qəsidəsi"nin iki beytinin şərhi
Bu məqalə Məhəmməd
Füzuli irsini doğru oxumağın, qavramağın, öyrənməyin,
təhlil və təbliğ etməyin bir yolu, üsulu,
örnəyidir.
1. Qəsidə janrının
özəllikləri
"Qəsidə" sözü
ərəbcədir, "qasada"
kökündəndir, "bir
şeyə niyyət etmək", "yaxınlaşmaq",
"qəsd", "niyyət",
"istəmək" mənalarını
daşıyır, qəsidə
yazan şairin məqsədi bir şəxsiyyəti öymək,
qarşılığında yardım istəməkdir
- bu, çox zaman belədir, təbii ki, istisnalar da var.
Qəsidə bir ədəbi
janr olaraq ərəb ədəbiyyatında
ortaya çıxmış,
sonra fars, oradan da türk ədəbiyyatına keçmişdir,
tutumu qəzəldən
böyükdür, doqquz
beytlik qəsidə də, yüz beytlik qəsidə də yazılmışdır,
üslubu təntənəlidir,
qəzəl kimi qafiyələnir (aa, ba,
ca..., qəsidənin növlərinin
qafiyələnməsi isə
məsnəvi biçiminə
uyğundur: aa, bb, cc, dd...).
Qəsidənin ilk (mukaffa) beytinə
mətlə (başlanğıc),
son beytinə məqtə
deyilir, məzmunca, formaca ən gözəl beyt şah beyt ("beytül-qasid") adlanır,
şairin təxəllüsü
çox zaman qəsidənin
sonunda olur, bu, tac beytdir.
Bir qəsidə, əsasən,
dörd bölməyə
ayrılır:
a) Nəsib/təşbib - giriş, şair bu bölmədə sevgidən, sevgilinin gözəlliyindən danışır,
ilin fəsillərini,
bağın gözəlliyini,
bayramın sevincini təsvir edir (nəsib), başqa mövzulara da yer verir (təşbib);
b) Mədhiyyə - qəsidənin
nəsib / təşbib
bölməsi bitir, bir keçid beyti yazılır (girizgah / qaçış
yeri), sonra mədhiyyəyə yer verilir, şair qəsidəsini təqdim edəcəyi insanın igidliyini, cəsarətini,
ədalətini, səxavətini,
mərhəmətini mübaliğəli
biçimdə tərifləyir;
c) Fəxriyyə - şair bu bölmədə şeirini, sənətini öyür, dəyərinin
bilinmədiyini deyir;
d) Dua - şair bu son hissədə qəsidə yazdığı
insana uzun, xeyirli, bərəkətli
ömür verməsi,
sərvətini artırması,
dövlətini gücləndirməsi
üçün Allaha
dua edir, halını, ehtiyacını
dilə gətirir, yardım istəyir;
Qəsidə əruz vəznində
yazılır, giriş
bölməsindəki mövzuya
görə adlandırılır,
məsələn, bahariyyə,
şitaiyyə (qışın
təsviri), bayramiyyə
... Qəsidələrə rədiflərinə görə
də ad verilir - "Su qəsidəsi", "Sünbül
qəsidəsi", "Sözüm
qəsidəsi", "Gül qəsidəsi", qəsidənin
rədifi olmasa, qafiyələrin son hərfi
ad kimi seçilir - raiyyə, mimiyyə, vaviyyə, şiniyyə...
Qəzəldən istifadə
olunmuş qəsidələr
də var, elə qəsidələr də yazılmışdır ki, giriş
(nəsib, təşbib)
bölməsi yoxdur.
Qəsidənin mövzularına görə
bu növləri var:
- tövhid - Allahın varlıq və birliyini tanıdır;
- münacat - şair Allaha yalvarır, günahlarının bağışlanması,
əsəri yazması
üçün yardım
istəyir;
- nət - şair Allah Rəsuluna, dörd xəlifəyə sevgisini
bildirir;
- mədhiyyə - padşah/soltan, dövlət böyükləri, önəmli
şəxsiyyətlər öyülür;
- cülusiyyə - şair padşahın taxta çıxmasını qutlayır;
- həcviyyə - şair bir şəxsi tənqid edir;
- az olsa da, başqa
mövzularda yazılmış
qəsidələr də
var;
Şairin
divanındakı şeirlər
sıralanarkən qəsidələr
ilk sıraya yerləşdirilir:
tövhid, münacat, nət, mədhiyyə... Qəsidələrin başlığına
təriflənən şəxsin
adı, ünvanı yazılır - "Qəside
dər nəti - həzrəti - fəxri - kainat".
2. Ərəb
ədəbiyyatında qəsidə
Qəsidə ərəb ədəbiyyatında
ortaya çıxmış
bir şeir biçimidir. Deyə bilərik ki, cahiliyyə dövrü ərəb ədəbiyyatının ən
önəmli janrı
qəsidədir. Şairlər
qəsidələr yazır,
ildə bir neçə dəfə
"Ukaz" adlanan yerdə toplanır, şeir/qəsidə yarışmaları keçirir,
seçilən qəsidələri
qızıl suyu ilə yazıb Məkkənin qapısına
/ Kəbənin qapısına,
divarına asır, bu yolla qalibləri
xalqa elan edir, onları mükafatlandırırdılar.
Bu qəsidələrin mövzusu
qəbilə həyatı,
sevgi, ayrılıq, igidlik, kədərdir, sonrakı dönəmlərdə
saray həyatı, böyük adamların tərifi qəsidənin mövzuları sırasına
yerləşdi.
Ərəb ədəbiyyatının ən tanınmış qəsidə ustaları bunlardır: İmrü-ül-Qays,
Tərəfə, Kəb
ibn Zuheyr, Ləbid, Amr
bin Gülsüm, Antərə,
Həssan ibn Sabit, Haris bin Hilliza, Əbu Nuvas, Əbu Təmmam, Buhturi, Mütənəbbi...
Kəb
ibn Zuheyr "əl-Burdə"
qəsidəsini Allah Rəsuluna
həsr etmiş, Elçi bu şeiri çox bəyənmiş, əbasını
("burdə") şairə
bağışlamışdır. Kəb ibn Zuheyrdən altı yüz il sonra yaşamış Şərafəddin əl-Busrinin
"əl-Burdə" qəsidəsi
isə Allah Rəsuluna
yazılmış bütün
şeirləri kölgədə
qoymuşdur, bu qəsidənin "Şəfa" adı da
var - rəvayət edilir
ki, bir tərəfi iflic olmuş əl-Busri bu qəsidəni yazdıqdan
sonra şəfa tapmışdır. Onun şeirinə saysız-hesabsız
nəzirə, şərh,
təştir, təxmis,
təsdis, təsbi, təsmi, təşir yazılmışdır. Bu qəsidənin
çoxsaylı əlyazma
nüsxəsindən bir
neçəsi qızıl
suyu ilə nəqş olunmuş, insanlar bu əsəri
şəfa niyyəti
ilə üzərilərində
gəzdirmişlər.
Əl-Busrinin "əl-Burdə" qəsidəsi on bölmə,
yüz altmış beytdir, latın, italyan, ispan, fransız, alman, ingilis,
hind, türk, fars dilinə tərcümə
olunmuş, Azərbaycan
alimi Aynur Hüseynova qəsidəni
dissertasiya mövzusu seçmişdir.
3. Fars ədəbiyyatında qəsidə
Fars şairləri Sasanilər
dövründə qəsidə
yazmağa başlayırlar.
Bu dönəmin ən
böyük şairi Rudəkidir, onun "Mədari-mey" qəsidəsi
məşhurdur. Sonrakı
dönəmlərdə Fərruxi,
Əsədi, Unsiri, Fəryabi, Vatvat, Kamal İsfahani, Sədi Şirazi, Hafiz Şirazi...
kimi şairlər qəsidə örnəkləri
ilə fars ədəbiyyatını zənginləşdirmişlər.
4. Türk ədəbiyyatında
qəsidə
XI-XII yüzilliyin ən böyük qəsidə şairi Xaqani Şirvanidir, Nizami Gəncəvi də gözəl qəsidələr
yazmışdır.
XIII yüzillikdə yaşamış
Mövlananın "Divani-Kəbir"ində
üç yüz qəsidə var, onların
çoxu tövhid və münacatdır.
XIV-XV yüzillikdə qəsidə
yazan şairlər sırasında Aşıq
Paşanın adını
çəkə bilərik,
onun türkcə yazdığı "Qəribnamə"sində
nətlər var, Əhmədinin,
Germiyalı Şeyxinin
- o, türkcə qəsidə
yazmaq ənənəsinin
qurucularından sayılır
- qəsidələri seçilir,
şairin Cem Sultanın qardaşı ikinci Sultan Bəyazidə yazdığı "Kərəm"
adlı qəsidəsi
məşhurdur, Əhməd
Paşa qəzəl, qəsidə ustasıdır,
Necati Bəyin iyirmi altı qəsidəsi var.
XVI yüzil türk ədəbiyyatının qəsidə
ustaları bunlardır:
Baqi, Xəyali Bəy, Nevi, Ruhi, Məhəmməd Füzuli.
Füzulinin divanında
otuz yeddi qəsidə var, onlardan səkkizi tövhid, nət, iyirmi doqquzu mədhiyyədir.
XVII yüzil türk ədəbiyyatının ən
böyük qəsidə
şairi Nəfidir, Saib Təbrizinin, Şərif Səbrinin, Nailinin, Nəbinin də gözəl qəsidələri var.
XVIII yüzil türk ədəbiyyatında qəsidə
janrını Yəhya
Nazim təmsil edir - o ən çox nət yazan şairdir, Nədim, Şeyx Qalib kimi böyük şairlər də qəsidə janrının
ustaları sırasında
yer tuturlar.
XIX yüzillikdə qəsidə
janrı mövqeyini itirir, az yazılır,
daha çox dini mövzuları əhatə edir, Avropa mədəniyyətinin
türk ədəbiyyatına
təsiri artır,
yeni janrlar ortaya çıxır...
5. Nətin özəllikləri
Nət qəsidənin bir növüdür. "Nət"
sözü bir şeyi/şəxsi tərifləmək mənasını
daşıyır, Allah Rəsulunu
tanıdan, təbliğ
edən, sevdirən, ona sayğı bildirən, öyən şeirin adı nətdir, ancaq nət başqa şəxsiyyətlərə də
yazılmışdır.
Demək
olar ki, nət yazmayan divan şairi yoxdur, divan tərtibində
tövhid, münacatdan
sonra nət gəlir - elə divanlar da var ki, nətlə
başlayır. Nət
daha çox nəzmlə yazılır,
ancaq nəsrlə yazılmış nətlər
də var.
Nətlər fərqli janrlarda
yazılır, tutumu, adətən böyük olur, Qurani-Kərim ayələrinə, hədislərə,
Allah Rəsulunun möcüzələrinə
yer verilir, mübaliğələrdən, çarpıcı məcazlardan
istifadə olunur, səlat, salam, dua ilə bitir...
(Qəsidə janrının
özəllikləri bu
qaynaqlar əsasında
yazılmışdır: İpekten
Haluk, Eski türk edebiyyatı nazım şekilleri, Ankara,
1985; İz Mahir, Eski türk edebiyyatında nazım, I cild, İstanbul, 1967; Levend
Agah Sırrı, Divan
edebiyyatı, kelimeler ve remizler, mazmunlar
ve mefhumlar,
İstanbul, 1984; Onan Necmettin Halil, İzahlı divan şiiri
antolojisi, İstanbul, 1989; Soysal
Orhan, Edebi sanatlar ve tanınması,
İstanbul, 1987; Şahiner Necmeddin,
Edebi sanatlar,
İstanbul, 1975; Adem Çalışkan,
Füzulinin su kasidesi ve şerhi,
Ankara, 1999; TDV İslam Ansiklopedisi, Kaside maddesi,
https://islamansiklopedisi.org.tr/kaside; Vəcihə
Feyzullayeva, Füzulinin
qəsidələri, Bakı,
1985; Aynur Hüseynova,
Ərəb poeziyasında
mədhiyyə janrı
və əl-Busrinin yaradıcılığı (avtoreferat),
Bakı, 2008);
6. Məhəmməd Füzulinin
"Su qəsidəsi"
Məhəmməd Füzulinin "Su
qəsidəsi" bir
şah əsərdir,
türkcə yazılmış
ən gözəl nətdir, şairin islami dəyərlərə
bağlılığını, Allah Rəsuluna sevgisini, düşüncəsinin ana qaynağını,
imanının, sənətinin
gücünü göstərir.
"Su qəsidəsi" kimi tanınan nətin əsl adı belədir: "Qəside-i - dər nəti - həzrəti Nəbəvi" ("Həzrət
Nəbinin tərifi ilə bağlı qəsidə").
Məhəmməd Füzulinin "Su
qəsidəsi" otuz
iki beytdir, əruz vəznində yazılmışdır (failatün,
failatün, failatün,
failün), ilk beş beyt nəsib/təşbib, 6-16-cı beytlər
keçid, 17-29-cu beytlər
mədhiyyə, 30-cu beyt
tac, 31-32-ci beytlər dua
bölməsidir.
Şair
qəsidəsinə "su"
sözünü rədif
seçmiş, "Allah Rəsulu
insanlığın ehtiyacıdır,
aləmlərə rəhmətdir"
mesajı vermişdir,
belə ki, su maddi ehtiyacdır, həyat qaynağıdır,
xeyir, bərəkət,
rəhmətdir, səsi
ruha şəfadır,
varlıqlara, torpağa,
torpaqda bitən hər şeyə can verir, dirildir. Füzuli deyir ki, su maddi dirilik
qaynağıdır, insanın
bir də ruhu - mənəvi dirilik qaynağına, rəhmətə, mərhəmətə,
sevgiyə, hidayətə
- doğru yola ehtiyacı var. Allah Rəsulu
insanlığın bu
mənəvi - ruhi ehtiyacını ödəyən
nemətdir, Allah Onu ən gözəl örnək seçmişdir,
əxlaqı, tövhid,
mərhəmət, ədalət
uğrunda mücadiləsi
insanlığa yol göstərir.
Qəsidənin "su" rədifi
deyir ki, Hz.Məhəmmədin
aləmlərə rəhmət
üçün göndərilməsi
insanlığa mənəvi
su olması, ölmüş, çürümüş,
şirkə bulaşmış,
kölələşmiş, fitrəti pozulmuş ağıla, qəlbə,
vicdana, iradəyə tövhidlə, mərhəmətlə,
ədalətlə, gözəl
əxlaqla şəfa,
can, dirilik verməsidir.
"Su" rədifi deyir ki, maddi su olmasa, varlıqlar,
insan, mənəvi su - Allah Rəsulu, Onun gətirdiyi dəyərlər olmasa, insanlıq ölər.
7.
"Su qəsidəsi"nin
birinci beytinin şərhi:
Saçma, ey göz, əşkdən könlümdəki
odlarə su,
Kim bu dənlü tutuşan odlarə qılmaz çarə su.
(Ey göz(üm),
könlümdəki atəşlərə
göz yaşından
(yaşımdan) su saçma. Belə ki, bu dərəcədə tutuşan atəşlərə/odlara su çarə
qılmaz)
- Allah Rəsulunun sevgisi/həsrəti ilə könlü yanan, acılarla qıvrılan bir Füzuli var, o bu sevginin böyüklüyünü
göstərmək üçün
beytin məna yükünü imkansızlıq
anlayışına yükləyir.
- Şair könlündəki
atəşi söndürməyə
çalışan gözünə
"saçma" deyir,
məhz əmr feili seçir, bu feil təkid,
israr bildirir, imkansızlığı, Füzulinin
halından məmnunluğunu
göstərir, yəni
boşuna çalışırsan,
əməyin əsla nəticə verməyəcək,
ey göz! Əmr feili bu bağlamda bir də çoxluq
mənası daşıyır,
çoxaldır, belə
ki, saçmaq çoxlu
su səpmək - göz yaşı axıtmaqdır, şair göz yaşına deyir ki, nə qədər göz yaşı axıtsan da, göz yaşın sel olsa da, xeyiri
yoxdur.
- Füzuli gözünə
müraciət edir,
"ey göz" deyir, "gözüm"
biçimini seçmir,
mənsubluqdan imtina edir, gözü rəqibə çevirir,
Allah Rəsulunun sevgisi
ilə yanan könlümün odunu niyə söndürməyə
çalışırsan ki! "Ey" çağırış
nidası şairin təkidini gücləndirir,
ey göz, göz yaşı saçma, imkansız/boş işlə məşğul olma!
- Şair "əşk"
sözünə yer verir, "əşk" göz yaşıdır,
divan ədəbiyyatının ən önəmli obrazlarından biridir, aşiqlər göz yaşının çoxluğu
ilə öyünürlər,
aşiqin göz yaşı axsa, sel toplansa, dəniz
olar, onun göz yaşının rəngi qırmızıdır
("gözümdən qanlu
axar su"), səbəbi həsrətdən,
yuxusuzluqdan qızarmış
göz, sevgilinin al yanaqları, qırmızı
dodaqlarıdır, ağlamaq
aşiqin sərmayəsidir,
o, halından razıdır,
göz yaşları aşiqin sevgilinin yanındakı dəyərini
artırır, "...sevgilinin
gözəllik bağçası
aşiqin göz yaşları ilə suvarılır, gözəlləşir,
bu baxımdan göz yaşı bir bulaqdır. Aşiq göz yaşları ilə sevgilinin həyətini, yolunu, məhəlləsini
sulayır ki, toz olmasın... Aşiqin göz yaşı su, ab, abi-rəvan, səbil, yağmur, boran, sel, seylab,
dəniz, Nil, Dəclə,
Tunca, Ceyhun, Araz, Zəmzəm, bulud, qətreyi-şəbnəm
olur, rəngi qırmızıdır - ləldir,
qan, gül, şərabdır, yuvarlaqlığı,
şəffaflığı ilə incidir, toplananda simabdır. Göz yaşları bir yetim, dilənçi,
üftadə, şaqqa,
qəltandır. Aşiqin
göz yaşlarının
ulduz, kövkəb, nəcm, əxtər, səyyarə, ülkər
olması sevgilinin günəş üzü
görünəndə ulduzların
batması ilə bağlıdır..." (İskender Pala, Ansiklopedik divan şiiri sözlüğü, İstanbul, 2004, s. 142).
- Füzuli bir aşiqdir, aşiqlik onun işidir, könlü Allah Rəsulunun
sevgisi ilə yanır - aşiqlik yanmaqdır, göz yaşı (əşk) istəyir ki, Füzulinin qəlbinin atəşini söndürsün, onu xilas etsin, şair
deyir ki, göz yaşının o sevgi atəşini söndürmək
imkanı yoxdur.
- Aşiq Füzuli "odlarə" deyir, atəşi çoxaldır,
bu odlar Allah Rəsuluna sevgini təmsil edir, göz yaşları insanı sakitləşdirər,
təsəlli edər,
psixoloji yükünü
boşaldar, ancaq Füzuli bu acıdan, atəşdən,
yükdən qurtulmaq istəmir, deyir ki, su maddi atəşi
söndürər, mənim
könlümdəki atəş
mənəvidir - Allah Rəsuluna
sevginin odu, atəşidir, ey göz, sənin o sevgi atəşini söndürmək imkanın
yoxdur, ağlamaqla bu həsrət bitməz.
- Aşiq Füzuli beytin ikinci misrasında
Allah Rəsuluna sevgisini
göstərmək üçün
bu vasitələri seçir: birincisi,
"ki" ("kim") bağlayıcısını
mətnə yerləşdirir,
onun işi aydınlaşdırmaqdır, gözə
bu qədər ağlamağın, şairin
könlündəki odlara
su saçmağın
niyə faydasız olduğunu izah edir, səbəb-nəticə
bağı qurur, ikincisi, "bu dənlü" (bu dərəcədə) deyir,
işarə əvəzliyi
ilə Allah Rəsuluna
sevgisinin alovlandırdığı
atəşin dərəcəsini
göstərir, üçüncüsü,
məhz "tutuşmaq"
("tutuşan") feilini
seçir - şairin könlü söndürülməsi
imkansız olan biçimdə yanır, atəş bütün qəlbini əhatə etmişdir, dördüncüsü,
"od" sözünü ikinci dəfə cəmdə işlədir,
atəşin çoxluğunu
vurğulayır, beşincisi,
"çarə qılmaz"
feilinə ("qılmaz
çarə" biçimində)
yer verir, imkansızlığı bildirir
- bu dərəcədə
tutuşan odlara çarə qılmaq olmaz, ey göz,
özünü öldürmə,
altıncısı, göz
yaşının acizliyini
ifadə edir, yəni bu elə
bir oddur ki, su ilə sönməz,
onun dərmanı
Allah Rəsuludur, yeddincisi,
beytdə bədii təzad var - od və su, odu su
ilə söndürərlər,
ancaq Allah Rəsuluna sevginin Füzulinin könlündə tutuşdurduğu
odların üzərinə
su (göz yaşı) tökdükcə
atəş daha da alovlanır.
Məhəmməd Füzuli "Su
qəsidəsi"nin ilk beytində
mənanı bu bədii vasitələrə
yükləyir:
- Gözə müraciət
edir, onu şəxsləndirir (təşxis),
adam yerinə qoyur;
- "Ey" nidasını gözə bağlayaraq iltifat sənətindən
istifadə edir, xitabın yönünü
dəyişdirir - Füzulidən
gözə çevirir,
gözün şəxsləndirilmə
imkanını artırır,
imkansızlıq vurğusunu
gücləndirir - göz
yaşı Allah Rəsulunun
sevgisi ilə yanan könlü söndürməz;
- "Ürək", "qəlb"
sözlərini deyil,
"könül" qəlibini
seçir - könül
sevən ürəkdir,
aşiqlərin qəlbidir,
aşiqin dərd ortağıdır, könül
bir quşdur, qidası qəmdir, kədərdir, sevgilinin xəyali ilə hüzura qovuşur, onun nazı ilə özünü itirir, əsla ümidsiz olmaz, könlün səbrini sevgilinin eşqi yağmalamışdır, pərişandır,
dərdlidir, heyrandır,
biçarədir, şikəstədir,
özünə yer
tapa bilmir...
- Füzuli könlündəki
acıları atəşə/oda bənzədir - divan ədəbiyyatında bu məcazın adı açıq istiarədir;
- "Bu dənlü tutuşan odlarə" deyir, təmsili istiarəyə yer verir (kəlmə
qrupu ilə düzələn istiarə),
imkansızlığı vurğulayır.
- Göz yaşını (əşk) odun üzərinə tökülən
suya bənzədir, bu, təşbihi-bəliğdir
(bənzətmə yönü,
bənzətmə ədatı
olmur).
- Od və su bədii
təzaddır.
- "Ey" nidası türkcədir, tərsinə
oxuyanda ərəbcə
olur - "ya", bu, əksi - müfrəddir, sözün
hərfləri sondan önə doğru oxunanda mənalı kəlmə alınır.
- Göz - əşk - su - saçmaq, od - tutuşmaq, sözlərin
məna bağlılığı
tənasüb sənətini
ortaya çıxarır.
- Füzuli könlündəki
atəşi / odu böyütdükcə böyüdür,
mübaliğəyə yer
verir, su atəşi söndürər,
ancaq şairin könlündəki atəşi
söndürməyə gücü/suyu çatmaz, belə ki, bu, sıradan bir atəş deyil, eşq acısıdır,
maddi su mənəvi acını
- Allah Rəsulunun sevgisi/həsrəti ilə tutuşan könlün odunu söndürməz;
8. İkinci beytin şərhi:
Abgundur günbədi - dəvvar rəngi bilməzəm,
Ya mühit olmuş gözümdən günbədi
- dəvvarə su.
Beytin sözləri: ab-su, abgun - su rəngi,
mavi, mavi rəngli, suya bənzər, günbəd
- günbəz, qübbə,
dəvvar - dövr edən, çox dönən / fırlanan, günbədi - dəvvar -
daima dönən qübbə, göy üzü, günbədi
- dəvvar rəngi - göy üzünün rəngi, mühit - əhatə edən çevrə, çəmbər.
- Füzuli mübaliğəyə
yer verir, göz yaşını
da, odları da çoxaldır,
bu yolla Allah Rəsuluna sevgisinin dərəcəsini bildirir.
- Abgundur - bu sözə
sual çaları yüklənmişdir, abgundurmu,
su rəngindədirmi?
Könlündəki odun
istiliyi o qədər çoxdur ki, şair özündə, sözündə
deyil, gördüyünü
dəqiq seçə
bilmir, tərəddüd
edir, Allah Rəsuluna sevgisi halını dəyişdirmişdir.
- Günbədi - dəvvar -
könlündə od qalanan
(qızdırmalı insan
kimi olan) şair göy üzünə baxır, qübbə/günbəz gözünə su rəngində görünür,
hərəkətli göy
üzü niyə su rəngindədir?
- Bilməzəm - şair nəyi bilmir? Göy üzünün niyə su rəngində
olduğunun səbəbini...
- Ya - bölüşdürmə
bağlayıcısına yer
verir, qərarsızdır,
dəqiq bilmir, ona görə də hərəkətdə
olan göy üzünün su rəngində olmasını
iki səbəbə bağlayır.
- Ya mühit olmuş
- əhatə etmişdir,
göz(üm) könlümdəki odları
söndürmək üçün
o qədər göz yaşı tökmüşdür
ki, hərəkətdə olan
göy qübbəsi bir dəniz, bir okean olmuş,
göz yaşlarım
səmanı əhatə
etmişdir.
- Ya da hərəkətli göy üzünün su rəngində olması təbiidir, öz boyasıdır, gözlərim yaşlı
olduğu üçün
göy üzünə
baxanda qübbəni göz yaşımın rəngində görürəm.
- Birinci beytlə ikinci beyt arasında
bağ quraq: Füzuli gözə müraciət etdi, dedi ki, göz yaşınla könlümdəki
odları söndürmək
imkanın yoxdur, bu göz yaşları
dəniz/okean olsa, göy üzünü tutsa belə, yenə Allah Rəsuluna sevginin könlündə tutuşdurduğu
odları söndürməsi
mümkün olmayacaq.
Məhəmməd Füzuli "Su
qəsidəsi"nin ikinci
beytinin məna yükünü bu bədii vasitələrə
yükləmişdir:
- Bədii suala yer vermişdir (nəzərdə tutulan bədii sual) - abgundurmu, günbədi-dəvvarədirmi?
Buna divan ədəbiyyatında istifham deyilir, məqsəd sözün təsir gücünü artırmaq, diqqəti çəkməkdir.
- Dönən/hərəkətdə
olan qübbənin rəngi su rəngindədirmi?
Şair "bilmirəm"
deyir, göy üzünün maviliyini dayaq nöqtəsi seçir, göz yaşlarının göy
üzünü əhatə
edəcək qədər
çox olduğunu, çox ağladığını
göstərmək imkanı
qazanmaq üçün
bildiyi şeyə
"bilmirəm" deyir
(hər kəs, o sıradan Füzuli göy üzünün mavi rəngdə olduğunu bilir) - bu, özünü bilməzliyə vurma, bildiyi şeyə bilmirəm demə sənətidir - təcahül
- arif.
- Füzuli göy üzünün su rəngində - mavi olduğunu bilir, ancaq bunu başqa,
daha gözəl bir səbəbə bağlayır: göz yaşları göy üzünü əhatə
etmiş/tutmuş, nəticədə, səma
mavi rəngə boyanmışdır - hüsni-təlil
(gözəl səbəb/daha gözəl səbəb).
- Şair "bilmirəm/cavabımın yüzdə
yüz doğru olduğunu iddia etmirəm" deyir, göy üzünün niyə mavi rəngdə olduğu ilə bağlı açıqladığı səbəbi
şübhəli hala
gətirir (şübhəli
gözəl səbəb),
nəticədə, Allah Rəsulunun
sevgisinin könlündəki
dərəcəsini artırmaq
imkanı qazanır - bu sevgi məni
məst etmişdir, özümdə, sözümdə
deyiləm, dəqiq qərar verə bilmirəm.
- Füzuli çox ağladığını, göz
yaşlarının göy
üzünü tutduğunu
söyləyir - mübaliğənin
yüksək dərəcəsinə
(ğuluvv) yer verir.
- Şair birinci misradakı "günbədi-dəvvar"
birləşməsini ikinci
misranın sonunda da işlədir - daima hərəkətdə olan
göy üzü / qübbə / günbəz
ifadəsinin təkrarının
- məkan böyüklüyünün
işi çoxaltmaqdır:
Füzulinin Allah Rəsuluna
sevgisini, könlündəki
odun/atəşin dərəcəsini, göz
yaşlarını çoxaldır,
imkansızlığı göstərir
- bu göz yaşları dəniz/okean olsa, göy
üzünü tutsa belə, şairin qəlbindəki odları söndürmək imkanı
yoxdur.
- Məhəmməd Füzuli
beytdə göz - ab/su - mühit olmaq/əhatə etmək, göz - günbəz-dəvvar/fırlanan/dönən sıralaması
ilə sözlər arasındakı məna bağı qurmuş, tənasüb yaratmışdır
- tənasüb tarazlığı,
təslimiyyəti ifadə
edir, könlü Allah
Rəsulunun sevgisi ilə odlara tutuşan şair halından razıdır: hüzur, şükür,
halı ilə barış içindədir...
Siracəddin HACI
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, ¹44.- S.22-23.