Azərbaycanın gücü
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
çıxış etdi.
Tehran ƏLİŞANOĞLU
COP29-da Azərbaycan Prezidentinin çıxışı məni
heyran etdi. Yığcam, məzmunlu, aydın, məramlı, sərrast, çox-hədəfli,
korrekt, dürüst, hökmlü, əmin...
Bu bizim Prezidentimizdir! Azərbaycan Prezidenti
İlham Əliyev. Dinləyən:
196 ölkədən 72 000 insan,
80 dövlət başçısı
- prezident, vitse-prezident,
baş nazir olmaqla. Bugünlərdə bütün
dünyanın COP29-a diqqətini
saya alsaq, dinləyən: bütün
dünya, Yer kürəsi... "Beləliklə,
dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!" (Yazıda bütün sitatlar Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin çıxışındandır
- "Azərbaycan" qəzeti,
13 noyabr 2024-cü il)
Əvvəllər də qeydə almışam: Prezident Sözü də ədəbiyyatdır. Mötəbər
Ədəbiyyat, nəyi,
necə, nə zaman...
- yerində söyləməyin
Ədəbiyyatı. COP29 elan olunandan, il boyu düşünmüşdüm, bu balaca Azərbaycanımızın
bapbalaca Azərbaycan ədəbiyyatı o böyüklükdə
dünyanın İqlim
dəyişkənliyinə nə qatqı verə bilər axı, verə bilərmi nəsə?! Payımı-cavabımı Prezident
çıxışından aldım; aydın məramlı, çox-məzmunlu,
sərrast-hədəfli, hökmlü-əmin...
Aldım
da qürrələndim. Biz, ey ədəbiyyat adamları, yazıçılar,
şairlər, tüm
qələm əhli!
O ki, səhər-axşam dünya,
dünya deyib dururuq, buyurun, Dünya bizi bu yerdən, bu kürsüdən eşidir. Nə güman eyləmisən; Özümüzü, Sözümüzü,
Azərbaycanımızı tanıtmağın indi bircə adı, bir ustadı var: Müstəqil Azərbaycanın
Prezidenti, Qalib Ali Baş Komandan, Sözünün sahibi Müzəffər siyasi lider İlham Əliyev. Dünya bizi buradan, bu ali
məqamdan tanıyır...
Yaşın o yaşa çatır,
damarlarında o qan -
Dönüb keçən yüzilin
yetmişlərinə baxsan.
Bundan sonra sən böyük tarix yaradacaqsan!
Azərbaycan Prezidenti çıxışına
ənənəvi qonaqpərvərliklə
başladı. Tüm
iştirakçıları salamlamaqla, "COP29-a aparan
yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə
və BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Katibliyinə",
"Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti,
əziz qardaşım
Əlahəzrət Şeyx
Məhəmməd bin Zayed Əl
Nəhyanı və onun bütün komandasına", "Ötən
ilin dekabrında təxminən 200 ölkənin
yekdil qərarı ilə Azərbaycana COP29-a
ev sahibliyi etmək şərəfi verildiyinə" görə
təşəkkürlərini bildirdi: "Biz bu qərarı ölkəmizə
olan hörmətin əlaməti, beynəlxalq
arenada oynadığımız
fəal rolun dəyərləndirilməsi kimi
görürük".
Bu sadəcə etiket deyil, həm də çox böyük effekt idi. Prezident genişürəkliklə gələnlərə:
gəzin, görün,
öyrənin, tanıyın
Azərbaycanı! - dedi.
Və bu yerdə tüm
dünyaya kim olduğumuzu xatırlatmağı
lazım bildi. Biz o xalq, o ölkə, o dövlətik ki: "Dörd
il öncə İkinci
Qarabağ müharibəsində
tarixi Qələbəni
qeyd etdik"; o ölkə, o dövlət,
o millətik ki: "Azərbaycanın
beynəlxalq səviyyədə
tanınmış ərazisinin
20 faizinin Ermənistan
tərəfindən 30 illik
işğalına, etnik
təmizləməyə və
bir milyon azərbaycanlının öz
doğma torpaqlarından
qovulmasına baxmayaraq,
biz özünü təmin
edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü
ölkəni qura bildik".
Azərbaycan dövləti dörd
il əvvəl 44 günlük
Vətən müharibəsində
və il öncə bir günlük anti-terror əməliyyatında tam müstəqilliyini,
suverenliyini bərpa etməklə, adını-şərəfini,
şöhrətini-şanını özünə qaytardı.
Amma təkcə öz
adımızı-sanımızı yox ki, eləcə də BMT-nin nam-nişanını; Prezidentin
qırmızı xətlə
çizdiyi kimi,
"BMT-nin Nizamnaməsinə,
beynəlxalq hüquqa
və BMT-nin Təhlükəsizlik Şurasının
30 il kağız üzərində
qalmış qətnamələrinə"
haqq qazandırdıq:
"Biz həmin qətnamələri
özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq..."
Bu bir BMT tədbirində Birləşmiş Millətlərin
üzünə söylənən
aşkar cürətli
bir jest sayılmalı.
O qalib pafos ki, - 30 il hər fürsətdə qarşımıza dığırladılmış
Qarabağ düyünü
ilə çox vaxt dinə bilmirdik,-
bugün bunu biz haqq etmişik:
İstiqlalın yolunda zülüm,
zillət də çəksən,
İstiqlala çatmağa xeyli
həsrət də çəksən,
Sən qalib gələcəksən!
Sən qalib gələcəksən!
Azərbaycan sülh, barış,
əmin-amanlıq istəyən
ölkədir. COP29-un Liderlər
Sammitinin məhz Azərbaycanın Konstitusiya
gününə təsadüf
etməsinin özü
də gərək ki,
ayrıca bir not ola.
"Azərbaycan Şimal
ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu
ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq
iştirakçılar arasında
siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın
başladığı meqalayihələr
artıq Avrasiyanın
enerji və daşımalar yollarını
dəyişib və məhsuldar, çoxtərəfli
əməkdaşlıq formatının
qurulması ilə nəticələnib..."
Sülh,
barış əmin-amanlıq
sözlə olmur, əməldə olur:
"Azərbaycan 120 ölkənin
yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq
qurum olan Qoşulmama Hərəkatına
uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən
60 ölkəni birləşdirən
İslam Əməkdaşlıq Təşkilatının fəal
üzvüdür. Avropa
İttifaqının 10 üzvü
ilə Azərbaycan sazişlər imzalayıb
və Strateji tərəfdaşlıq haqqında
bəyannamələr qəbul
edib..."
Azərbaycan xalqların, millətlərin,
dövlətlərin bir
araya gəldiyi, görüşüb-anlaşdığı mədəniyyət körpüsü,
multikultural ölkədir:
"BMT-nin Sivilizasiyalar
Alyansı ilə birlikdə biz iki ildən bir Bakıda Mədəniyyətlərarası
Forum təşkil edirik.
Multikulturalizm bizim dövlət siyasətimizdir
və həyat tərzimizdir. Azərbaycan
xalqı etnik və dini mənsubiyyətindən
asılı olmayaraq sülh və razılıq şəraitində
bir ailə kimi yaşayır..."
Bu da bir kazus; Yeni Dünya düzəni deyib, müharibələr,
qarşıdurmalar, qan-qadalar
yolu ilə nəhəng dövlətlərin
üz-üzə gəldiyi,
"qılınclar toqquşub
iş görən"
bir fürsətdə
"Yaşıl dünya
naminə!" bəşər
övladı COP29-a yığışıb
Yer kürəmizin sabah taleyini, Sülh üçün iqlim sazişi, böyük Dünyanın
xilası yollarını
məhz günəş
ölkəsi Azərbaycanda
arayır.
"Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir... - Azərbaycan Prezidenti dünyanın işıqlı
sabahına əminliklə
ölkənin Yaşıl
gündəliyini təqdim
edir: - Ötən il
BƏƏ-nin Masdar şirkəti
ilə bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışı...;
Səudiyyə Ərəbistanının
"Acwa Power" şirkəti
ilə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikilişi...; COP29 çərçivəsində
Birləşmiş Krallığın
bp şirkəti ilə
240 meqavatlıq Günəş
enerjisi stansiyasının
dörd il əvvəl
erməni işğalından
azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş...;
2030-cu ilə qədər
təxminən altı
giqavatlıq Günəş,
külək və hidroenerji stansiyalarının
tikilməsi...; 10 giqavatlıq
bərpaolunan enerji layihələri üzrə
müqavilələr və
anlaşma memorandumları...;
bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək Xəzər dənizindən
başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini
nəzərdə tutan
digər mühüm enerji təhlükəsizliyi
layihəsi...
Azərbaycan Prezidenti deyir:
"Lakin yenə də
bu, yalnız başlanğıcdır. Yaşıl
gündəliyimiz, həmçinin
Azərbaycanın müxtəlif
bölgələrini əhatə
edir. Beləliklə, Azərbaycanın Naxçıvan,
Qarabağ və Şərqi Zəngəzur
regionları yaşıl
enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir..."
Alqış Günəş ölkəsinə!
Prezident çıxışı
metaforası, metonimiyası,
məcazları, ahəngi-pafosu
biri-birini tamamlayan bir şeir kimi
səslənir. Amma acı
publisistikası da içində:
"Neftimizin olmasında
bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq
günəşli günün
olmasında bizi suçlamağa bənzəyir...".
Bu yerdə Azərbaycan
Prezidenti bir qədər tarixə ekskurs etməli olur. "Dünyada sənaye üsulu ilə ilk neft quyusunun Azərbaycanda, Bakıda 1846-cı ildə
qazıldığı"nı yada salır, yerini də nişan verir; "Dənizdə
ilk neft quyusunun da Azərbaycan neftçiləri
tərəfindən Xəzər
dənizində XX əsrin
ortalarında qazıldığını"
xatırladır. Həm
də fəxarət duyulası məqamlardır,
heç zarafat deyil, "XIX əsrdə qlobal neft hasilatının
yarısı Azərbaycanın
payına düşürdü..."
Amma buradaca Prezident çıxışında qarşısıalınmaz
bir ironiya da sezilir: "Əgər o vaxt bəzi Qərb siyasətçiləri
və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı.
Lakin əgər onlar indi, yəni bu gün də
bizi neft dövləti adlandırırlarsa,
bu, ədalətsizlikdir
və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər
verir..."
Məsələ burasındadır ki, vaxtilə Azərbaycan xalqının sərvətini
bəs demədən daşıyanlar; o sərvətlər
ki, Allahın bizə lütfüdür, Prezidentin
vurğuladığı kimi:
"Bu, Tanrının bəxş
etdiyi hədiyyədir.
Hər bir təbii sərvət - istər neft, qaz, külək, günəş, qızıl,
gümüş və
mis - bunların hamısı
təbii sərvətlərdir.
Ölkələr onların
olmasına görə
günahlandırılmalı... deyillər", amma indi onu bizə
günah, suç bilirlər, "çünki
Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və
yaxşıca təşkil
olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə
çevrildik..."
Biz Qarabağ savaşında qlobal dünyanın bu tərs məntiqini
çox görmüşük;
Prezident ölkəmə
qarşı açılmış
növbəti yaylım
atəşini, ədalətsizlik
kampaniyasını bircə-bircə
təkzib edib susdurur: "Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz
hasilatında isə
0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz
hasilatçısı olan,
Azərbaycandan 30 qat artıq
neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Yaxşı
olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə
artıq neft hasil edən özlərinin qonşuluğundakı
ölkəyə baxsınlar.
Azərbaycanın qlobal
qaz atılmalarındakı
payı cəmi 0,1 faizdir..."
Bəzən böyük dünyanın
cığal oyunları
absurd farsa bənzəyir.
Avropanın Azərbaycan
qazına ehtiyacı
var; "...iki il əvvəl
Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq
bəyannaməsinə imza
atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi
idi. Avropa Komissiyasının sədri
bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi
səbəbindən onlara
bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq.
Əgər yardımımıza
ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq.
Dedik, yaxşı, biz
enerji təhlükəsizliyində
Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda
qazımızı alan
ölkələrin, yəni
Avropa ölkələrinin
sayı iki idi. İndi isə səkkiz ölkə alır..."
Avropa bizdən qaz istəyir və istəməkdə də davam edir: "Azərbaycan qazına çıxışı olan
on ölkədən səkkizi
Avropada yerləşir.
Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci
ilə qədər iki dəfə artıraq..." Eyni zamanda genişürəkliyimizi
bəyənməyən, bu
sövdəni bizə
qaxınc edənlər
də yenə onlardır. Bilsəz, bu bizə nəyin
bahasına başa gəlir?!
Azərbaycan Prezidenti Nöqtələri
yerinə qoyur: "Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə
dərslər vermək
adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir
sıra siyasətçilər,
dövlət nəzarətində
olan QHT-lər, yalan xəbər mediası üçün
fəaliyyət metoduna
çevrilib. Mənim
sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir..."
Kürsüdə Azərbaycan Prezidentidir;
dinləyən: bugünlərdə
Bakı ilə nəfəs alan tüm dünya, Yer kürəsi: "Bir sözlə, mesajım belədir. COP29-un sədri
kimi, əlbəttə,
biz yaşıl keçidin
güclü carçısı
olacağıq və bunu edirik..."
Bu, "Neft ölkəsi"ndən
Küləklər şəhərinə,
Sular diyarına, Eko-dünyaya, Günəş
ölkəsinə adlayan
Azərbaycanın səsidir;
qalib Azərbaycanın
səsi.
Biz aqilik, biz zərgərik,
meyarları dəyişirik,
Ürəkləri əridirik -
əyarları dəyişirik.
Yüz illərlə daş kəsilmiş
qəlibləri dağıdırıq.
Şərqdən Qərbə, Qərbdən
Şərqə
nur selləri axıdırıq...
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.- S.11.