Gülnar xanım
Elmi
araşdırma
XIX əsr İstanbulunda "Gülnar xanım" kimi tanınan türkoloq, klassik rus ədəbiyyatı nümunələrinin türkcəyə
orijinaldan ilk tərcüməçisi
Olqa Sergeyevna Lebedevanın (1852-1913?, doğum tarixi bəzi mənbələrdə
1854-cü il kimi də
göstərilir, ölüm
tarixinə gəldikdə
isə, 1909-cu ildən
tutmuş, 1930-cu illərin
əvvəlinə qədər
fərqli rəqəmlər
səsləndirilir. Həyatda
olması ilə bağlı mətbuatda gedən ən son məlumat 1913-cü ilə
aiddir - V.Q.) adını
ilk dəfə 1986-cı ildə,
Kazanda elmi ezamiyyətdə olduğum
zaman tatar kitabının
məşhur tədqiqatçısı,
akademik Əbrar Kərimullindən eşitmişdim.
Kitabşünas alim təxminən,
on il əvvəl maraqlı
ədəbi şəxsiyyət
barəsində "Asiya
və Afrika xalqları"
jurnalında çıxmış
məqaləsinin (1977, № 3) ottiskini
də mənə hədiyyə etmişdi.
"Sufrajistka, (qadınlara seçki hüququ tələb edən - V.Q.)
şərqşünasların beynəlxalq konqreslərinin
iştirakçısı, tatar xalqının maariflənməsi uğrunda
mübariz, Türkiyədə
rus ədəbiyyatının
təbliğatçısı, Rusiya və digər ölkələrdə
müsəlman qadınlarının
azadlığa çıxmasının
qızğın tərəfdarı"
- Gülnar xanım haqda ilk elmi araşdırmanın müəllifi
Əbrar Kərimullin onun çoxcəhətli fəaliyyətinin əsas
parametrlərini belə
müəyyənləşdirmişdi. Aradan ötən onilliklər ərzində
türk, tatar və rus alimlərinin
çoxsaylı tədqiqatları
filoloq, yazıçı,
tərcüməçi, ədəbiyyat
tarixçisi, ictimai xadim kimi tanınan
türk dostu rus qadınının portretinə yeni ştrixlər
əlavə etməyə
imkan yaratmışdır.
Olqa Lebedeva - Gülnar xanım tərcümə
və filoloji araşdırmaları ilə
rus ədəbiyyatını
Türkiyədə tanıtmaq
işinin pionerlərindən
olmuşdu. İki imperiyanın yaxın qonşuluğuna, Osmanlıda
xeyli sayda Rusiya köçməninin
yaşamasına baxmayaraq
rus ədəbiyyatından
tək-tük əsərlər
XIX əsr boyu türkcəyə əsasən
fransız dilindən çevrilmişdi. Vəziyyət
"Mizan" qəzetinin
naşiri, Dağıstan
əsilli Murad Mizançının
(1854-1917) məşhur "Ağıldan bəla"
pyesini orijinaldan türk dilinə çevirdiyi 1884-cü ilə
qədər belə davam etmişdi. Bir neçə il sonra rus-türk ədəbi-mədəni
əlaqələri sahəsində
fəaliyyətə başlayan
Gülnar xanım isə bu sahədə
bir məktəb yaradacaq qədər mühüm işlər görmüşdü.
Qızlıq familiyası Barşeva
olan Olqa Kazan quberniyasında, zadəgan
ailəsində doğulmuşdu.
Atası rus ordusunun polkovniki idi. Kiçik yaşdan yerli əhali, xüsusən də, həmyaşıdları
ilə sıx ünsiyyət nəticəsində
tatar danışıq
dilini kifayət qədər yaxşı öyrənmişdi. Lebedova
familiyası 1883-1886 və
1899-1903-cü illər Kazan şəhər başçısı
olan ikinci ərinin soyadından götürülüb. Avropa
qaynaqlarında "knyaginya"
- Olqa de Lebedeff kimi təqdim edilir. Əslində əri kamerger çini daşısa da, knyaz deyildi. "Gülnar" təxəllüsünü
isə hələ Kazanda olarkən tatar qız adlarından təsirlənib
götürmüşdü.
1877-1878-ci
il Rusiya-Osmanlı müharibəsində
əsir düşən
türk zabitləri ilə təmas nəticəsində tatar dili ilə yanaşı,
Osmanlı türkcəsi
sahəsində də
biliklərini təkmilləşdirmiş,
çağdaş türk
ədəbiyyatının bəzi
nümunələri ilə
tanış olmuşdu.
Olqa-Gülnar xanım
poliqlot sayılırdı
- tatar, türk, ərəb və fars dilləri ilə yanaşı, yunan, fransız, italyan, ingilis və alman dillərini də bilirdi.
Əksər mənbələrdə onun Kazan Universitetinin tarix-filologiya fakültəsini
bitirdiyi iddia olunur. Lakin 1880-ci illərdə
Bestujev kursları kimi xüsusi qadın tədris müəssisələri istisna
edilərsə, Rusiya imperiyasında qadınların
rəsmi ali təhsil alması imkan xaricində idi. Qadınların universitetlərə daxil olmalarına yalnız
1905-ci ildə icazə
verilmişdi. Odur ki, Kazanda məşğələlərə,
sadəcə, azad dinləyici kimi qatıldığını düşünmək
üçün daha çox əsas var.
Görkəmli tatar maarifçisi
Qəyyum Nəsiri
(1825-1902) ilə tanışlıq
onun yalnız tatar deyil, digər
Şərq dilləri
ilə də peşəkar səviyyədə
məşğul olmasına
şərait yaratmışdı.
Bədii tərcümə
sahəsində ilk addımı
da müəlliminin təşviqi
ilə atmışdı
- Nəsirinin farscadan tatar dilinə çevirdiyi məşhur
didaktik ədəbiyyat
nümunəsini - Keykabusun
(Ünsür əl-Məəlli)
"Qabusnamə"sini ixtisarla
ruscaya tərcümə
etmişdi. 1886-cı ildə
universitet mətbəəsində
çap olunan əsər şərqşünas-
tərcüməçi kimi
Olqa Lebedevanı elmi-ədəbi dairələrdə
tanıtmışdı.
Universitet
alimləri və tatar maarifçilərinin
iştirakı ilə
Kazanda fəaliyyət
göstərən Arxeologiya,
etnoqrafiya və tarix cəmiyyəti ilə əməkdaşlıq
nəticəsində Olqa
Lebedeva XIX əsr tatar mədəniyyətinin
Şihabətdin Mərcani,
Məhəmməd Qali
Mahmudov, Əbdürrəhman
İlyasi kimi nümayəndələri ilə
yaxından tanış
olub sıx ünsiyyət və yaradıcılıq əlaqələri
saxlamağa başlamışdı.
Rusiya türkologiyasının tarixçisi
akademik A.İ.Kononov
özünün "Vətən
türkoloqlarının biobiblioqrafik
lüğəti" əsərində
Olqa Lebedevanın İstanbula ilk dəfə
1881-ci ildə gəldiyini
yazır. "Tolstoy və
Şərq" kitabının
müəllifi A.İ.Şifman da eyni fikirdədir: "...rus müəlliflərin əsərlərinin
türkcəyə tərcüməsi
ilə bağlı geniş plan hazırlayan Olqa Lebedeva Osmanlı
hökumətindən nəşrlərlə
bağlı icazə almaq üçün Konstantinopola gəldi. Amma burada xanımı dərin məyusluq gözləyirdi - türk məmurları onun simasında gizli rus casusu gördülər
və Puşkindən
tərcümələrin çapının
qarşısını qətiyyətlə
aldılar". Şifman
da bu hadisənin
1881-ci ildə baş verdiyini güman edir. Yalnız onu demək lazımdır ki, son illərdə
türk tədqiqatçıları
Rusiya və Osmanlı arxivlərindəki
sənədləri araşdırıb
göstərilən tarixin
doğru olmadığını
aşkara çıxarıblar.
Odur ki, Gülnar xanımın İstanbula ilk gəlişi
ölkəsində artıq
türkoloq və tərcüməçi kimi
tanındığı 1890-cı il olaraq qəbul edilir. Bir il əvvəl İsveçin paytaxtı
Stokholm şəhərində
şərqşünasların VIII beynəlxalq konqresi keçirilirdi. Xanım Lebedeva da öz hesabına elmi foruma qatılmışdı.
Konqresin gedişində
Türkiyə təmsilçisi,
"Tərcümani-həqiqət" qəzetinin naşiri və baş redaktoru, tanınmış
yazıçı-publisist, atası Azərbaycanın
Ağdaş bölgəsindən
olan Əhməd Midhət Əfəndi
(1844-1912, məşhur türk
yazıçısının Azərbaycan kökləri
haqda soydaşı, əslən şamaxılı
Şərif Bilgəxan-Məhəmməd
Şərif Əfəndizadə
(1887-1954) "Akşam" qəzetinin 1944-cü il saylarının
birində "Əhməd
Midhət Əfəndinin
mənşəyinə dair
məlumat" adlı
xatirə yazısında
məlumat vermişdi
- V.Q.) ilə tanışlıq
İstanbuldakı əlaqələrin
yeni, daha səmərəli
mərhələyə daxil
olmasına imkan yaradır. Türk ictimaiyyəti və ziyalıları Gülnar xanım haqda ilk müfəssəl məlumatı
onu yaxından tanıyan, fəaliyyətinə
bələd olan Əhməd Midhətin
"Avropada bir cevelan" adlı səyahət xatirələrindən
almışdılar. Əvvəlcə
təfriqələr halında
"Tərcümani-həqiqət" qəzetində çıxan
yol qeydləri sonradan kitab şəklində
çap olunmuşdu.
1030 səhifəlik nəşrin
təxminən, 600 səhifəsi
Gülnar xanımdan bəhs edirdi. Ona görə də həmkarları yazıçının
populyarlıq qazanmış
kitabını zarafatla
"Gülnarnamə" adlandırmışdılar.
Barələrində müxtəlif söz-söhbətlər yayılmasına
baxmayaraq (aralarındakı
məhəbbət macərası
ilə yanaşı, hətta hər ikisinin casus olması iddiası da irəli sürülmüşdü! - V.Q.) bu rus qadını
Osmanlı ədəbi
mühitində qazandığı
uğurlara görə
ilk növbədə və
hamıdan çox Əhməd Midhətə
borclu idi. Bəlkə də məqsədə doğru
aparan yolda ona rast gəlməsəydi,
fəaliyyəti də
bu qədər uğurlu və məhsuldar alınmayacaqdı.
Əhməd Midhət
Gülnar xanımın
əksər tərcümələri
ilə əlyazması
şəklində tanış
olmuş, zəruri saydığı hallarda üzərində təshihlər
aparmış, İstanbulda
çıxan dörd
kitabına müqəddimə
yazmışdı.
İlk tanışlıqdan və
ədəbiyyatla bağlı
söhətlərdən aralarında
səmimi dostanə münasibət yaranmşdı.
Bu səbəbdən də
Olqa Lebedeva türk həmkarının
təklifi ilə Stokholmdan konqresin yekun mərhələsinin
keçirildiyi Xristianiyaya
(indiki Oslo) getmişdi.
Sonra isə birlikdə
digər Avropa paytaxtlarında olmuşdular.
Dörd həftəlik
Avropa gəzisini başa vuran cütlük 1889-cu ilin oktyabrında Parisdə ayrılmışdı. Amma əlaqələri
kəsilməmiş, məktublar
vasitəsi ilə davam etmişdi. Bəzi tərcümələrinin
əlyazması ilə
tanış olan Əhməd Midhət onu Türkiyəyə dəvət etmişdi. Olqa Lebedeva növbəti
il qışı keçirmək
üçün İstanbula
gəlib əvvəlcə
Əhməd Midhət
Əfəndinin Beyközdəki
yalısında, sonra isə Bəyoğlu məhəlləsində, Təpəbaşı
səmtindəki "De Belle Vua" otelində yerləşmişdi. Kifayət
qədər məhsuldar
keçən ilk İstanbul səfəri 7 ay çəkmişdi.
1891-ci ilin oktyabrında
yenidən İstanbula
gələn Gülnar
xanım bu dəfə də təxminən, 7 ay -1892-ci ilin
mayında qədər
Osmanlı paytaxtında
yaşamışdı.
Tərcümələrinin çapından
əvvəl o, yüksək
türk cəmiyyəti,
türklərdə ailə
həyatı, qadına
münasibət kimi məsələlərlə maraqlanmışdı.
Bu məqsədlə tarixçi
və dövlət xadimi, müxtəlif hökumət kabinələrində
11 dəfə nazir postu
tutmuş Əhməd
Cövdət Paşanı
(1822-1895) ziyarət etmişdi.
Onun qızı, ilk türk qadın romançısı Fatma Aliyə
xanımla münasibət
qurmuşdu. Dialoq həm də gələcək əməkdaşlıq
baxımından səmərəli
olmuşdu. Bir müddət
sonra Olqa Lebedeva onun "Nisvani-islam" əsərini
qeyd və şərhlərlə fransızcaya
çevirib "Les femmes musulmanes"
adı altında
1896-cı ildə Parisdə
çapdan buraxmışdı.
Aliyə
xanım fransızca gedən söhbətin məzmununu atasına danışanda Paşa bunu mütləq yazıya almağı tapşırmış, həm
də Mabeynə -
Sultan dəftərxanasına məlumat vermişdi. Bir neçə gün sonra Gülnar xanım Cövdət Paşa ailəsini qaldığı otelə
səhər yeməyinə
çağıranda təcrübəli
türk məmuru yenə eyni şəkildə hərəkət
eləmişdi - sarayı
məlumatlandırmışdı. Nəticədə Sultan II Əbdülhəmid
rus qadının məqsəd və missiyasından xəbər
tutub niyyətini xoş qarşılamışdı.
Bir müddət sonra onu qadınlar üçün təsis olunan II dərəcəli
Şəfqət ordeni
ilə təltif etmişdi. Bu münasibətlə
"Sərvəti-fünun" 20 iyun 1891-ci il sayında
"Gülnar xanım,
nami - digər Olqa de Lebedeff" adlı məqalə yayınlamışdı. Gülnar
xanımın yuxarıdakı
"ordenli şəkli"
də ilk dəfə həmin qəzetdə verilmişdi. Beləliklə,
o, ən yüksək
səviyyədə kart-blanş
almış, qarşısında
yaşıl işıq
yandırılmışdı.
Türkiyəyə gəlişindən az
sonra A.S.Puşkinin
"Mərhum İvan Petroviç
Belkinin povestləri"
silsiləsindən "Çovğun"
("Metel") hekayəsi
Gülnar xanımın
tərcüməsində "Kar fırtınası" adı
ilə "Tərcümani-həqiqət"
qəzetinin 1890-cı il saylarında
hissə-hissə dərc
olunmuş, ardınca isə Əhməd Midhətin müqəddiməsi
ilə kitab şəklində
nəşr edilmişdi.
Puşkin nəsrindən
türkcəyə çevirdiyi
ikinci nümunə
1892-ci ildə tamamladığı
"Qaratoxmaq qadın"
("Pikovaya dama")
povesti olmuşdu. Əsər türk oxucusuna "Kağıt oyunu" adı ilə təqdim edilmişdi.
Rus şairinin orijinal poetik yaradıcılığı
da Gülnar xanımın
diqqətindən kənarda
qalmamışdı. Tərcümə
məqsədi ilə onun türk ruhuna, türk qəlbinə ən munis əsərinə -
"Bağçasaray fontanı"
poemasına üz tutmuşdu. Türkiyə rusşünası professor Türkan
Olcayın fikrincə,
yalnız Osmanlı deyil, həm də Krım türkcəsinə çevrilən,
amma nəşr yeri və ili
bilinməyən əsər
böyük ehtimalla Bağçasarayda, "Tərcüman"
mətbəəsində çapa
hazırlanmışdı.
Maraqlıdır ki, Gülnar xanıma
qədər də həmin əsəri türkcə səsləndirmək
təşəbbüsü göstərilmişdi. Karaim maarifçisi,
Kazan Universitetinin məzunu
İosif Erakın
(1832-1896) tərcüməsində poemanın "Göz yaşı çeşməsi"
adlanan, üzərində
Mirzə Kazımbəyin
qeyd və təshihləri olan əlyazma nüsxəsi indi də Tatarıstan
Mərkəzi Dövlət
Arxivində mühafizə
olunmaqdadır. 1886-cı ildə
İosif Erak Puşkindən tərcümələrini
("Göz yaşı
çeşməsi", "Talisman" və b.) bir kitabda toplayaraq Sankt-Peterburqda nəşr etdirmişdi.
Türk
oxucusuna Gülnar xanımın tərcüməsi
vasitəsi ilə tanıdılan digər rus şairi M.Y.Lermontov idi.
1891-ci ildə onun
"Demon" poemasından ayrı-ayrı parçaları
nəsrə çevirib
daimi müəllifi olduğu "Tərcümani-həqiqət"də
çap etdirmişdi.
Rus şairinin "Mələk",
"Yelkən" kimi
şeirlərinin Mustafa Rəşidlə
birlikdə türkcəyə
tərcüməsi ideyası
da Gülnar xanıma məxsus idi.
Onun yaradıcılığına daha
çox üz tutduğu, məsləhət
aldığı, məktublaşdığı
yazıçı isə
rus ədəbiyyatının
canlı klassiki Lev
Tolstoy olmuşdu. Əslində
türkcəyə çevirdiyi
ilk ədəbi nümunə
də Tolstoy irsinə
aid idi. Hələ Stokholmda tanış olduqları zaman yazıçının
"İlyas" hekayəsinin tərcüməsini fikir söyləmək üçün
Əhməd Midhətə
vermişdi. O isə əlyazmasını əsaslı
şəkildə redaktə
edib kiçik müqəddimə ilə
birlikdə "Tərcümani-həqiqət"
qəzetinin 1891-ci il dekabr
və 1892-ci il yanvar saylarında çap etmişdi. Bunun ardınca Tolstoyun "Ailə səadəti" romanı,
"İki qoca",
"İvan İliçin ölümü", "İnsanları
yaşadan nədir?"
hekayələrinin tərcümələri
meydana çıxmışdı.
Mətbuatda yazıçının
"Sahibkar və işçi" povestinin
tərcüməsi üzərində
iş getdiyi barədə xəbərlər
yayılsa da, indiyə
qədər tərcümənin
taleyi bəlli deyil. 1892-ci il "Tərcümani-həqiqət"
qəzetinin beş sayında dərc edilən "Rus ədəbiyyatı
və Avropa, yaxud ədib Tolstoydan bir mülahizə" məqaləsi
də, çox ehtimal Olqa Lebedeva
və Əhməd Midhət Əfəndinin birgə əməyinin məhsulu kimi meydana çıxmışdı.
A.Şifmanın yazdığına
görə, Gülnar
xanımın rus ədəbiyyatından, xüsusən
də, Tolstoy yaradıcılığından
tərcümələri diqqətlə
qarşılanmış və
1890-cı illər osmanlısı
üçün görünməmiş
tirajla - 40 000 nüsxədə
yayılmışdı. Gülnar
xanım özü də L.N.Tolstoya
məktubunda "tərcümələrin
böyük uğur qazandığını, əl-əl
gəzdiyi"ni bildirmiş,
hətta "Ailə səadəti" romanının
türkcə mətni
əsasında Beyrutda
ərəb variantının
meydana çıxdığını
yazmışdı. Lev Tolstoya
1894-cü ilin sentyabrında
göndərdiyi məktubda
böyük həmvətəninin
Türkiyə ədəbi
dairələrində şöhrət
qazanmasından məmnuniyyətlə
söz açmışdı:
"Mərhəmətli cənab
Lev Nikolayeviç, Şərq
dilləri ilə məşğul olarkən
türk dili və ədəbiyyatını
xüsusilə dərindən
öyrəndim. Bu məqsədlə
bir müddət Konstantinopolda yaşadım,
ədəbiyyat adamları
ilə ünsiyyət
qurdum. Nəticədə
inandım ki, onlar Sizin əsərlərinizi
fransız dilindən tərcümədə böyük
acgözlüklə oxuyurlar".
Osmanlı imperiyasında rus
poeziyası və nəsrinin ilk tədqiqatçı
və tarixçisinin
Gülnar xanım olması da, təbii ki, qəribə görünməməlidir.
Bu sahədə azərbaycanlı
həmkarı, "Rus ədəbiyyatının
ümumi səciyyəsi"
əsərinin müəllifi
Əhməd Ağaoğlunu
bir neçə il qabaqlamışdı. Cildində
yazarı "Madam Gülnar
- Olqa de Lebedeff" kimi göstərilən
"Şair Puşkin:
sənəti, əsərləri"
kitabına böyük
şairin həyat yolu haqda məlumatlarla
birlikdə, "Yevgeni Onegin",
"Poltava", "Kapitan qızı", "Tunc atlı", "Boris Qodunov"
və b. poema, povest və dramlarının, həmçinin
məşhur operaların
librettosuna çevrilən
süjetlərinin qısa
məzmunu, ədəbi-tənqidi
təhlili də daxil edilmişdi.
Gülnar
xanımın (Gülnar
de Lebedeff) imzası ilə Türkiyədə
işıq üzü
görən irihəcmli
ədəbiyyatşünaslıq əsəri 1895-ci ildə
çap olunmuş 132
səhifəlik "Rus ədəbiyyatı"
monoqrafiyası idi. Kitabın əvvəlində
Puşkinəqədərki rus bədii söz sənəti, onun meydana çıxması,
inkişafı, əsas
janrları və tanınmış nümayəndələri
barəsində müxtəsər
məlumat verilmişdi.
Ardınca isə Antiox Kantemirdən Lev Tolstoya qədər 19 tanınmış ədibin
portret oçerkləri
gəlirdi. Müəllif
rus yazıçılarının
artıq dünya klassikasına çevrilən,
amma hələlik türk dilinə tərcümə olunmayan bir sıra əsərlərinin
qısa məzmununu nağıl etməklə
oxucuların rus ədəbiyyatı ilə
bağlı təsəvvürlərini
genişləndirməyə çalışmışdı.
Rus
qadınının tərcüməçilik
və tədqiqatçılıq
fəaliyyəti ilə
bağlı xəbərlər
Avropaya da çatmış,
adını "köhnə
qitə" şərqşünasları
arasında tanıtmışdı.
Bu haqda Türkiyə Diyanət Vakfının nəşr etdiyi
"İslam Ansiklopedisi"nin "Gülnar xanım" oçerkində deyilir:
"Barəsində mətbuatda
çıxan xəbərlər,
eləcə də sadə türk ailələrindən başqa
Bəyoğlunun seçkin
dairələri ilə
qurduğu təmaslar nəticəsində şöhrəti
və əhatə dairəsi getdikcə genişlənən Gülnar
xanımın fəaliyyəti
Türkiyədəki tərəfdarları
vasitəsi ilə Avropa mətbuatında da özünü büruzə
verməyə gecikməmişdi".
Oçerkin müəllifi
nümunə kimi
"L`Opinion" adlı
Belçika qəzetində
dərc olunan məqaləyə istinad etmiş və "Gülnar xanımın türk dilində də mükəmməl əsərlər yazdığını,
rus ədəbiyyatını
türklərə tanıtdığı
qədər də öz ölkəsində Osmanlı ədəbiyyatına
bələdçilik etmək
vəzifəsinin öhdəsindən
bacarıqla gəldiyini
diqqətə çatdırmış,
Olqa de Lebedeffin çoxcəhətli qabiliyyət
və məziyyətləri
ilə heyrətamiz bir sima olduğunu" vurğulamışdı.
1890-cı
illərin ortalarında
Olqa Lebedeva tatar uşaqları üçün müasir
tipli dünyəvi məktəb açmaq, tatar dilində "Çeşmə" adlı
qəzet nəşr etmək fikrinə düşsə də, rəsmi dairələrin biganə münasibəti nəticəsində niyyətlərinin
heç birini gerçəkləşdirə bilməmişdi. Əksinə,
tatarlar arasında maarifi yaymaq istəyi onun guya gizli şəkildə
islamı qəbul etməsi barədə şübhələrə yol
açmışdı.
VIII Stokholm beynəlxalq konqresinin (1889) ardınca
o, şərqşünasların XI Paris,
(1897), XII Roma (1899), XIII Hamburq (1902), XIV Əlcəzair (1905), XVI Afina
(1912) forumlarının işində
də iştirak etmişdi. Bu mötəbər
elmi məclislərdə
Gülnar xanımın
islamda qadın hüququ, Kazanın işğalı, sufizmin mahiyyəti və digər mövzularda məruzələri dinlənilmişdi.
İslam Şərqində Rusiya və rus mədəniyyəti
haqqında fikirləri
yaymaq, Rusiyada isə imperiya sakinləri olan türk-müsəlman xalqları
haqda obyektiv təsəvvür yaratmaq məqsədi ilə Olqa Lebedeva 1880-ci illərin sonundan xüsusi bir Cəmiyyətin yaradılması
ideyasını ortaya atmışdı. Bu plan yalnız
1900-cü ildə həyata
keçmişdi. Həmin
il çar II Nikolayın
fərmanı ilə
İmperator Şərqşünaslar Cəmiyyəti yaradılmışdı.
İmperatriçə Yekaterina Aleksandrovna Cəmiyyətin
Hamisi, general-leytenant N.K.Şvedov sədri təyin edilmişdi. İdeyanın
müəllifi isə
yalnız fəxri sədrliklə kifayətlənməli
olmuşdu.
Fikrimcə, Olqa Lebedova XX əsrin əvvəlində
çox güman, o
zaman dəbdə olan bəhai əqidəsini qəbul etmiş, yaxud bəhailik ideyalarının güclü
təsiri altına düşmüşdü. Maraqlıdır
ki, yeni dini təlim iddiası ilə meydana çıxan bəhailiyin banisi Bab və İrandakı babilik hərəkatı haqqında ilk dəfə
Lev Tolstoya geniş məlumat verən də o olmuşdu. Bəhailiyin bəşəriyyətin
vəhdəti və dinlərin birliyi ideyasına əsaslanıb,
xristianlıqla islamın
mənəvi ideallarının
yaxınlığı haqda
İncilin və Quranın eyni məzmunlu ayələrindən
ibarət bir kitab tərtib niyyətində olduğunu Tolstoya bildirib fikrini soruşmuşdu. Böyük
filosof-yazıçı ideyanı
təqdir etsə də, sonralar belə bir kitab meydana çıxmamışdı.
Gülnar
xanımın bəhai
dairələri ilə
yaxın əlaqəsi
Bəhaullahın oğlu,
"dinin Mühafizi"
kimi tanınan Əbdülbəhanın (1844-1921) Misirdən Bakıdakı ardıcılı və məslək dostu Mirzə Ələkbər
Məmmədxanov-Naxçıvaniyə
(1865-1920) göndərdiyi tarixsiz
məktubdan (Əbdülbəha
1910-cu ilin sonundan etibarən 6 ay Misirdə yaşadığından həmin
dövrdə yazıldığını
təxmin etmək mümkündür - V.Q.) da aydın
görünür. "Gülnar
Misirdədir, - deyə
Əbdülbəha yazırdı.
- Mən İskəndəriyyəyə
varid olanda teleqram göndərib gəlişim münasibətilə
təbrik etdi. Ona cavab yazdım. Bu xanımın fikirləri bir az dağınıqdır".
Növbəti məktubda isə
Əbdülbəha İskəndəriyyədə
Gülnarla göruşündən
söz açır və rus dilini
yaxşı bilən Mirzə Ələkbərə
görünür, daha
əvvəldən tanıdığı
rus xanımla "işləməyi" təklif
edirdi: "Gülnar İskəndəriyyəyə gəlib
mənimlə görüşdü
və yüngülvari
bir mənəvi hissiyyat təcrübəsi
keçirdi. Hələ
də Kazana qayıtmaq niyyətində
olduğundan indi fikri yalnız həmin məsələ ilə məşğuldur.
Bu qadın əsla rahatlıq nə olduğunu bilmir. Onunla əlaqə saxla. Bəlkə sənin də məsləhətinlə yavaş-yavaş
hər şeyi tam şəkildə dərk edər".
Müasirləri olan türk müəllifləri və
Osmanlı mətbuatı
"türk dostu Gülnar xanımın - Olqa Lebedevanın xidmətlərini yüksək
qiymətləndirmiş, ondan
böyük hörmət
və ehtiramla söz açmışdılar.
Haqqında "fazileyi-müstəşriqədən
Gülnar Hanımefendi",
"müstəşriqi-məşhurə",
"danişvəri-irfanü kəmal", "ekmeli-nisvan",
"kalbinde məhəbbəti-islamiyyə
və Osmaniyyə olan mükəmməl qadın" və bu tipli digər
heyranlıq, məhəbbət
bildirən ifadələr
işlədilmişdi.
Müasir
türk tədqiqatçısı
xanım Türkan Olcay isə onu Rusiyanın Türkiyədə ilk "mədəniyyət
elçisi" adlandırır.
Sarayevo-Bakı
Noyabr, 2024-cü il
Vilayət QULİYEV
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.- S.8-9.