Şeiri yaradan məqamlar
Ədəbi tənqid
Şeiri
yaradan ən gözəl və qəfil məqamlardan biri, sən özün də bilmədən dünyanın
harasındasa baş vermiş hadisəyə reaksiya vermək ehtiyacı, görünməyən
nəyisə hiss etmək
duyğusudur; orta əsrlərdə ana dilində
yazılmış şeirləri
bu duyğuyla oxuduqda, ərəb, fars sözləri lüğətinə də
ehtiyac qalmaz, yəqin ki. Adonisin ərəb, ingilis, fransızdilli mətnlərini
belə bir əlçatmaz nəsnəni
yer üzündə duymaq istəyi ilə oxuduqda o mətnlər qarşında
yelkən kimi açılır. Fikrimizcə,
janrların yaranmasında
da əlçatmazı yerə
endirmək çabası
mövcuddur. Yerlə göy üzü, kosmos arasındakı dəruni rabitə bir gözəl şeiri bu dünyaya
gətirdikdən sonra
axır ki, gerçəkləşir.
Bu mənada, janrlararası
əlaqələr və
xüsusən də, janr transformasiyası hadisəsi daim, arasıkəsilmədən baş
verir. Buna görə də, anadilli poeziyada hər bir güclü mətn, həm özü kimi "impulsiv" mətnlərin
yaranmasına təkan
verir, həm də çox sayda və çox
böyük boşluqlar
yaradır. Ona görə
də böyük Əli bəy Hüseynzadənin: Nə qoydular deyəyim, nə kəsdilər dilimi deyimi / misraları təkcə ictimai-siyasi məna daşımır. Bu misralarda
həm də yuxarıda dediyimiz fikir - maqnit çəkiciliyindən daha
güclü mətnlərin
yaratdığı boşluqlara
işarə var. Bir çox
şair həmin boşluqların içində
"boğula" da bilir.
Səməd Vurğunda Aşıq
Ələsgər, Aşıq
Alı ecazından qətrələr var, Aşıq
Ələsgər anadilli
poetik təfəkkür
anlamında planetin mərkəzində dayanıb
şəfəqlərini hər
yana yayan bir fiqurdur, bu
mənada, Səməd
Vurğun şeiri nə olur-olsun, hansı rejim olur-olsun doğmalıydı.
Aşıq Ədalət
Ələsgərin bir
bütöv zərrəsinin
külə dönənə
qədər yanmasıdır.
Azərbaycan poeziyası
vəznindən asılı
olmayaraq Füzuli eşqinə bürünən,
enerjisini ondan alan mətnlərin konfiqurasiyasıdır. Bu mətnləri
hansı ardıcıllıq
və qaydada düzürsən-düz, həmin
böyük mətnin
içinə rahatca oturur.
Professor Qorxmaz Quliyevin bir məqaləsindən sitata baxaq: "Kommunikasiya prosesində həm məlumatı formalaşdırıb ötürənin,
həm də onu qəbul edib intellektual həzm-rabedən keçirənin
bilgilərindəki boşluqları
doldurmağa hesablanmış
fəaliyyətində dil
əsas rol oynayır. Dilin bu problemi hansı
üsullarla həll etməsinə aydınlıq
gətirmək üçün
Haydeggerin bir məşhur kəlamına
müraciət etmək
yerinə düşər:
"Dil Varlığın
dilidir. Varlıq məndən istifadə edərək dil vasitəsilə danışır.
Mən dildə danışmıram, dil məni danışdırır".
Bununla bağlı mütəfəkkir dediklərindən
belə bir nəticə hasil edir ki, dili strukturlaşdırmaq
qeyri-mümkündür, çünki
dilin özü bütün bu strukturların qaynağıdır.
Dünyanın dərki
dil vasitəsilə gerçəkləşir. Buna görə
də elə bir elm mövcud deyil (mövcud ola bilməz) ki, dilin necə fəaliyyətdə
bulunduğunu izah edə bilsin, çünki biz yalnız
dil vasitəsilə dünyanın necə fəaliyyət göstərdiyini
dərk edirik. Sənətkarın dil vasitəsilə Varlığı
danışdırması onun
oxucu ilə birbaşa kommunikasiyasını
təmin edir".
Aşıq Ələsgərin şeirində
dil necə danışır, biz bu kommunikasiya prosesinə münasibətdə dünyanın
hansı en dairəsindəyik? Bütün
bunları bilmək nə qədər vacibdir? İndi dünyanın
böyük bir kəsimində oxunan (və təhrif edilərək oxunan-!)
"Çərşənbə günündə, çeşmə
başında..." mətləli
qoşmasında böyük
bir hadisə, bir dəfə baş verməsiylə dünyanın müxtəlif
guşələrində daim
təkrarlanan olayın
belə bir intonasiya və ritmlə "danışması",
pərdə/kadr arxasındakı nəfəsini
içinə çəkən
adamın ruhunda cücərən sözlərin
qoşmanın mətninə
sirayət etməsi, qoşmadakı ritmin sürətini yavaşıtması
(yəni: hadisənin aşiqə görə dəhşətini daha dərindən, ilk və
son dəfə hiss etdirmək
naminə - !) bizə məlum olur. Biz bu ikili
məkanı, poetik ərazidəki məkanın
iki hissəyə bölünüb də birinin mübhəmdə saxlanmasından xəbərsizik.
Ümumən istənilən
həqiqi şeir mətnində dilin danışmasına, həm
də hər bir sözü aydınlıqla hecalayıb
danışmasına rəvac
verən elə həmin mətnin ərazisindəki "kadr
arxasıdır". Kadr
arxasından diktə edilənlər ritm və intonasiyanı idarə edir. Dil məni danışdırır,
dil mənimlə danışır, dil mənim əvəzimdə
danışır. Kadr
arxasındakı mühit
nə qədər bilinməzdirsə, zənn
edilən, amma görünməzdirsə (təqribən,
belə: nəyisə,
bəlkə çox lazımlı nəsnəni
bilsəniz də, heç zaman onu dilə gətirmirsiniz, fikrinizdə qalır, ruhunuzu dolaşır, dinmir ki, dinmir...), özünü unutdurandırsa,
şeir bir o qədər güclü təsir edə bilən mühitlər formalaşdırır. Ələsgərin
qoşmasındakı mühit
qoşmanın sözlərini
xatırladan kimi bütün mühitimizi tutur, zəbt edir.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2024.- 15 noyabr, №44.- S.7.